Naxçıvan sakini Rəsulzadə Mehman Nəriman oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, epilepsiya xəstəsi olsa da, xəstəxana qanunsuz şəkildə ona dərman vermir:
"Mən, Rəsulzadə Mehman Nəriman oğlu, yazaraq sizdən xahiş edirəm, problemimi işıqlandırasınız.
1976-cı ildən epilepsiya xəstəsiyəm. Bir neçə il Moskvada müalicə almışam.
Bakıda rəhmətlik neyrocərrah Elməddin həkimin illərlə müalicəsini götürmüşəm.
Dövlət tərəfindən iynə-dərmanla təmin olunmalıyam, lakin Naxçıvanın Ordubad rayonunda mənə dərman vermirlər.
Ağır ağrılarım olur, iynə-dərman yetərsizliyindən əziyyət çəkirəm. Uzun illərdən sonra dövlət tərəfindən mənə 220 manat pensiya kəsildi. Hal-hazırda xəstəxanada müalicə alıram, dərmanların aylıq pulu 100 manatı keçir. Bizə deyirlər ki, dərmanları versək, pensiya kəsilməlidir. Mən bu qanunu başa düşmürəm, bu nə deməkdir?
Yazılan dərmanların 30 faizini aptekdən almaq olmur, satmırlar, mən nə edim, hardan, necə tapım bu dərmanları?!
15 il Elmlər Akademiyasınada işləmişəm. İndi mənə deyirlər ki, ya acından ölməmək üçün pensiyanı seç, ya da xəstəlikdən ölməmək üçün dərmanları. Hər ikisinin də axırı ölümdür… Bu qədər çarəsizlik olar?!
Ordubad rayonunda 300-ə yaxın epilepsiya xəstəsi var, hamısı da mənim vəziyyətimdədir. Ordubad Rayon Xəstəxanasının köhnə baş həkimi Elmar müəllim başımıza oyun açıb. Xahiş edirik işıqlandırın, bəlkə mənim kimi xəstələrin də səsinə səs verən olar”.