Bakıda tanınmış klinika xəstələri qanunsuz əməliyyat edir? -
Bu yaxınlarda yerli mediada Azərbaycanın Xalq artistlərindən birinin gəlinin səhhətində ciddi problem yaranması barədə məlumat yayılmışdı.

TEREF.AZ bildirir ki, hadisə ilə bağlı Qaynarinfo-ya maraqlı informasiya daxil olub.

Məlumata görə, etik səbəblərdən adını açıqlamadığımız xəstə "Laser Beauty” Klinikasının (LB Clinik) "Neapol” filialında estetik əməliyyat olunaraq evə buraxıldıqdan sonra - gecə saatlarında səhhəti qəfil pisləşib və komaya düşüb. Yaxınları xəstəni təcili Mərkəzi Gömrük Hospitalına aparıblar. Xəstə sözügedən hospitalda 10 gün koma vəziyyətində qalıb. Şükür ki, xəstə Gömrük Hospitalının həkimləri tərəfindən xilas oluna bilib.

Amma məlumatda diqqət çəkən məqam odur ki, xəstənin ilkin əməliyyat olunduğu "Laser Beauty" Klinikasının "Neapol” filialının estetik əməliyyatların aparılması üçün uyğun lisenziyaya malik olmadığı bildirilir.

Maraqlıdır ki, Səhiyyə Nazirliyi də bu məlumatı təsdiq edib. Nazirlikdən Qaynarinfo-ya verilən açıqlamaya görə, "Neapol” filialına yalnız ambulator cərrahiyyə əməliyyatlarının aparılması üçün lisenziya verilib:

"Klinikada ancaq kiçik cərrahi, o cümlədən estetik müdaxilələrə icazə verilir. Amma böyük plastik cərrahiyyə və yaxud ümumi cərrahiyyə işləri görülə, estetik əməliyyatlar da oluna bilməz. Bir də ki, baxır əməliyyatın növünə. Hansısa yüngül işlər görülə bilər, amma məsələn, burun əməliyyatı, üzdə müəyyən dəyişikliklər və s. bunlar oluna bilməz. Bunların hər biri stasionar xidmət tələb edir, filialda isə ancaq ambulator cərrahiyyə var".

"Laser Beauty Klinikası”nın "Neapol” filialının baş həkimi Natəvan Əmirova Qaynarinfo-ya açıqlamasında xalq artistinin gəlini ilə bağlı məlumatı təsdiqləməyib. Lisenziya ilə bağlı sualın cavabında isə deyib ki, rəhbərlik etdiyi filialın ümumi tibb fəaliyyət göstərməsinə lisenziyası var. Onun iddiasına görə, lisenziyanın əlavəsində cərrahiyyə əməliyyatları aparılmasına icazə var:

"Bu məlumatlar Səhiyyə Nazirliyinin saytında da var və onu rahat şəkildə əldə etmək mümkündür. "Laser Beauty" Klinikasının "Neapol” filialının cərrahi əməliyyat etmək üçün hüququ və tam olaraq bunun üçün bütün şəraiti var. Lisenziya verilməzdən öncə Səhiyyə Nazirliyinin əməkdaşları bizim klinikada olublar, yoxlama aparıblar və ondan sonra klinikaya lisenziya verilib. Bununla yanaşı lisenziyanın əlavəsi də alınıb. Lisenziyanın əlavəsində də qeyd edilib ki, cərrahi xidmətlər göstərmək üçün bizim hər bir şəraitimiz var".

Səhiyyə Nazirliyinin açıqlamasını Natəvan Əmirovanın diqqətinə çatdırdıqda isə baş həkim bildirib ki, cərrahi əməliyyat növləri heç bir lisenziyanın əlavəsində göstərilmir:

"Sadəcə, cərrahiyyə xidməti yazılır. Nazirlər Kabinetinin qərarı var. Həmin qərarın hazırlanmasında şəxsən özüm iştirak etmişəm. Ya icazən var, ya da yoxdur, vəssalam. Hansı əməliyyatlar aparıla biləcəyi barədə qeyd isə nə "Sağlamlığın qorunması haqqında” Qanunda, nə Nazirlər Kabinetinin hər hansı qərarında, nə də Səhiyyə Nazirliyinin əmrində var”.

Göründüyü kimi, tənzimləyici qurum olan Səhiyyə Nazirliyi adıçəkilən klinikanın uyğun lisenziyaya malik olmadığını deyir, klinika isə bunun əksini iddia edir. Mövzunu diqqətdə saxlayacağıq.

Qeyd edək ki, "Laser Beauty Clinic"-in Bakı şəhərində 5 filialı mövcuddur. Klinika şəbəkəsinin direktoru Rəna Soltanovadır.
 

Dünyapress TV

Xəbər lenti