Yeni dərs ilinin yaxınlaşması məktəblilərin ənənəvi problemlərdən olan qida mövzusunu gündəmə gətirib. Hər il baş verən məktəbli zəhərlənmələri bu mövzunun olduqca həssas olduğunu sübut edir.
Bufetlərdə bir çox qida və içkilərin satılmasına qanunla icazə verilməsə də, bəzi məktəblər buna əməl etmir.
Dəfələrlə bir çox məktəblərdə bu kimi qanunsuz faktlar aşkarlanıb. Hər il davam edən bu qanunsuzluqların isə birdəfəlik qarşısını almaq, əfsus ki, mümkün deyil. Günahın məktəb rəhbərliyində, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində yaxud kimdə olması isə kifayət qədər mübahisəli mövzudur.
Məsələyə tək məktəb deyil, ümumi təhsil müəssisələri çərçivəsində baxmaq doğru olar. Çünki təhsil müəssisəsinə gəlib elmi-dünyagörüşünü zənginləşdirən bir uşaq, niyə sağlığa zərərli qida üçün pul ödəməlidir?
Bəs, qanunla icazə verilməyən qida və içkilərin məktəb bufetlərində satışına niyə göz yumulur?
DİA.AZ bildirir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elmin Nurinin sözlərinə görə aşkarlanan neqativliklər sosial xarakterli olur.
Buna da direktorların sui-istifadəçiliyi, bufetlərin qanunsuz şəkildə icarəyə verilməsi, antisanitariya, gigyenik qaydaların pozulması və s. hallar aiddir:
“Bir neçə il əvvəl Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi ilə birgə 53 ümumtəhsil müəsisəsində monitorinqlər apardı. Çox təəsüf olsun ki, həmin monitorinqin nəticəsi o qədər də ürəkaçan olmadı, bir çox neqativ hallar ortaya çıxdı. Ancaq ən əsas problem məktəb bufetlərində Nazirlər Kabinetinin hazırladığı siyahıya əsasən qidaların olmaması idi. Yəni, nəzərdə tutulmuş siyahıda orta ümumtəhsil müəsisələrdində 16 adda qidanın qadağası və iaşə qaydalarına riayət edilməsi ilə bağlı bəyanata zidd olaraq, məktəbdə satışı qadağan olunmuş ərzaq və içki məmulatları aşkara çıxarılıb.
Qanunla sosiska, kolbasa, yumurta, süd məmulatları qadağan olunub. Yuxarıda qeyd etdiyimiz 53 məktəbdə aşkarlanan pozuntu Bakı şəhəri üzrə məktəblərdə keçirilib. Bəzi orta məktəblərdə qadağan olunmuş qidalar, vaxtı keçmiş məhsullar, yaxud da cipsi kimi zərərli qidalar məktəblilərə satılır. Məsələn, cips yeyən şagirdin beyninin dərs prosesinə fokuslana bilməsi mümkün deyil. Bu gün məktəb bufetlərində satılan qidalar təkcə fiziki sağlamlıq üçün deyil, həm də zehni sağlamlıq üçün nəzərdə tutulur.
Məsələn, tərkibində ət olan peraşki və digər məhsullar ona görə qadağan olunur ki, onlar qanın hərəkət mexanizminə çox ciddi təsir göstərir. Qan dövranı düzgün getməyən şagird dərsə adaptasiya ola bilmir. Bu gün dünya məktəblərində bu hallara ciddi riayət edilir. Orta ümumtəhsil məktəblərində yaxşı olar ki, meyvə və meyvə şirələrinin satışı çoxaldılsın”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə açıqlamasında bildirib ki, ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı təsdiqlənsə də buna çox vaxt əməl olunmur:
“Məktəblərdə satılan bəzi qida və içkilər insanlarda ciddi xəstəliklərin yaranmasına səbəb olur. Mədə-bağırsaq və mədə xərçəngi yaradır. Qida Təhlükəsizliyi Agentliyi isə qidanın təhlükəsizliyinə önəm verir. Yəni, sən onu yediyin, içdiyin yerdə ölməyəcəksən. Keyfiyyət məsələsi isə bir çox ölkələrdə olduğu kimi arxa planda qalıb.”
Eyyub Hüseynov onu da vurğulayıb ki, bizdə də zərərli olduğu sübut olunmuş qida və içkilərin qadağan olunmaması ölümün cavanlaşmasına da səbəb olur.
“Bunların nəticəsidir ki Azərbaycan uzunömürlülər üzrə ümumdünya səhiyyə təşkilatınının siyahısında 198 ölkə arasina 115-ci yerdədir. Bu isə heç də ürəkaçan məqam deyil”.