İnsan bədəni nə qədər istiyə tab gətirə bilər?
James Gallagher
Bəzən sizə elə gəlir ki, dünya yanır.

İtaliyada Avropanın cənubunu yaxıb yandıran isti hava dağlasına “Cəhənnəm həftəsi” adını veriblər.

Çin və ABŞ-da 50C-dən yuxarı istilər qeydə alınıb. ABŞ xətəxanalarında xəstələri sərinləşdirə bilmək üçün içinə buz doldurulmuş meyit torbalarından istifadə olundu. İngiltərə bu günə qədərki ən isti iyun ayını keçirdi.

2022-də İngiltərədə istilik ilk dəfə 40C-dən yuxarı qalxmışdı. Ötən ilki istilik dalğasının Avropada ümumən 60 min nəfərin ölümünə səbəb olduğu bildirilir.
Belə bir vəziyyətdə, BMT-nin “qlobal qaynama” adlandıra biləcəyimiz yeni bir dövrə girdiyimizlə bağlı xəbərdarlarlıqları da kifayət qədər yerindədir.

İngiltərənin Meteorologiya İdarəsinin professoru Lizzie Kendon deyir ki, "məncə, artıq uzaq bir gələcəkdən danışmadığımızı başa düşməyimiz çox önəmlidir. Biz həqiqətən də istiləşməni bu anda görürük”.
Bəs bu iqlim dəyişikliyi bizim bədənimiz və sağlamlığmız üçün nə deməkdir?

Mən isti havalarda tərləmiş it kimi oluram, amma indi istilik dalğası ilə əlaqəli bir eksperimentə qoşulmq dəvətini qəbul etmişəm.

Cənubi Galler Universitetinin professoru Damian Bailey mənə tipik bir istilik dalğası təcrübəsi yaşatmaq istəyir. 21C istilikdən başlayıb, yavaş-yavaş 35C-yə, sonra isə İngiltərənin bu günə qədər gördüyü ən yüksək istiliyə- 40,3C-yə kimi qalxacağıq.

Professor Bailey mənə "titrəyəcəksiniz və bədən fiziologiyanız kəskin şəkildə dəyişəcək”, deyə xəbərdarlıq edir.

O, məni istiliyin idarə edildiyi yerə aparır. Bu, bir otaq böyüklüyündə olan istiliyin, nəmin və oksigen səviyyəsinin texnologiya yolu ilə tamamilə idarə edilə bildiyi bir sahədir.

Bundan əvvəl soyuq havanın təsirlərini anlamaq üçün də bu otaqdan istifadə etmişdim.

Lakin parlayan polad divarlar, ağır qapı, içəridəki avadanlıq bu gün məni bambaşqa yerə aparacaq. Sanki bişəcəyim sobaya baxıram.

Əvvəlcə kifayət qədər rahat bir 21C ilə başlayırıq. Professor Bailey mənə tamamilə soyunmalı olduğumla bağlı təlimat verir.

Heyrətlə qaşlarımı qaldıranda isə o, necə tərlədiyimi və çəki itirməyimi ölçmək istədiyini izah edir.
Sonra isə cildimin, daxili orqanlarımın temperaturunu, ürək döyüntülərimi və təzyiqimi ölçən müxtəlif alətlər bədənimə yerləşdirilir. Ağzıma taxılan böyük alət nəfəsimi analiz edir, ultrasəs isə boynumdakı damarlardan beynimə nə qədər qan getdiyini ölçür.

"Təzyiq yaxşıdır, nəbziniz əladır, bu dəqiqə bütün fizioloji göstəriciləriniz mənə yetərincə sağlam olduğunuzu söyləyir”, professor Bailey deyir.

Sürətlə beyin funksiyalarını ölçən bir test də edirik. 30 kəlimədən ibarət siyahını əzbərləyirəm. Temperatur sürətlə yüksəlir.

Bədənimin təkcə bəsit bir hədəfi var: Ürək, ağciyər, qaraciyər və digər orqanlarımın temperaturunu 37C ətrafında saxlaya bilmək.

Professor Bailey-nin sözlərinə görə, "beyindəki termostat, yəni temperaturu tənzimləyən hipotalamus davamlı olaraq istiliyi izləyir və bunu saxlamaq üçün lazimi siqnalları göndərir”.

Otağın temperaturu 35C olanda bəzi ölçülər aparmaq üçün qısa bir fasilə veririk. İçəri artıq istidir, amma hələ ki, narahatlıq yaradacaq qədər deyil. Hələ də stulumda rahatca otururam. Amma məsələn, bu temperaturda məşq etmək istəməzdim.

Bədənimdəki bəzi dəyişikliklər indidən aydın formada görünür. Professor Bailey də, mən də əməlli-başlı qızarmışıq. O da mənimlə buradakı otaqda qalıb və temperaturu o da hiss edir.

Qızarmağıma səbəb dərimin səthinə yaxın qan damarlarının qanımın soyumasını təmin etmək məqsədi ilə genişlənməsidir. Həmçinin, tərləyirəm. Bol-bol olmasa da, par-par yanıram və tər buxarlaşdıqca məni sərinlədir.

Hədəfimizdəki 40,3C-yə doğru yüksəldikcə ətrafımdakı istinin məni "döydüyünü" hiss edirəm.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-08_1691512886_1.jpg
Professor Bailey bildirir ki, "istiliyin təsiri xətii olaraq yox, həndəsi silsilə ilə artır. 5 dərəcə selsi insana xüsusi bir fərq kimi gəlməyə bilər, amma fiziologiya baxımından həqiqətən çox daha böyük bir fərq yaradır”.

Bundan daha yüksək temperaturu sınamadığımız üçün çox şadam. Alnımı siləndə əlimə su gəlir. İndi isə əvvəldə etdiyimiz testləri yeniləmək vaxtıdır.

Tərli geyimlərimi yerə atıb, qurulanıram və tərəziyə çıxanda heyrətlə öyrənirəm ki, eksperiment boyunca 300 qramdan artıq su itirmişəm.

Dərinin səthinə yaxın olan bütün damarların açılmasının dəyəri də aydın görünür. Ürək döyüntülərim ciddi ölçüdə artıb və 40C olduğunda bədənim 21C-dəkinə nisbətən dəqiqədə bir litr daha artıq qan pompalayıb.

Ürəkdəki bu əlavə yük istilər artdıqca ürək tutmaları və insultların artmasına səbəb olur.

Qan ciddi cəhdlə mənim dərimi soyutmağa çalışdığı üçün, beynimə gedən qandan istifadəyə çalışır, bu isə qısa bir müddətdə yaddaşımın zəifləməsinə səbəb olur.

Lakin bədənim əsas hədəfini- bədənimin daxili temperaturunu 37C tutmağı bacardı.

Professor Bailey “həqiqətən də bədəniniz daxili temperaturunuzu qorumaq üçün çox yaxşı işlədi, amma əlbəttə ki, götürdüyümüz ölçülər 40 dərəcədəki siz ilə 21 dərəcədəki sizin çox fərqli olduğunuzu göstərdi. Və bunların hamısı 1 saatdan az bir müddətdə baş verdi", deyir.

Nəm faktoru nəyə təsir edir?
Mənim təcrübəmdə sadəcə temperatur dəyişdi, lakin nəzərə alınmalı olan başqa bir həyati element isə havadakı-rütubət-nəm səviyyəsidir.

Boğanaq bir havada gecə yatmağa çətinlik çəkirsinizə, bunun səbəbi bədənimizin sərinləşməsini çətinləşdirən nəmdir.

Sərinləmək üçün tərləmək yetərli deyil, yalnız bu tər buxarlaşanda özümüzü sərinləmiş hiss edirik.

Havada rütubət çox olanda üzərimizdəki tərin havaya qarışması çətinləşir.

Damian rütubət səviyyəsini yüzdə 50 səviyyəsində sabit saxladı.

Bundan əvvəl Pensilvaniya Dövlət Universitetinin alimləri rütubət səviyyəsinin

gənclərə təsirini tədqiq etmişdilər.

Tədqiqat qrupundan Rachel Cottle deyir ki, “Onlar bədən temepraturunun sürətlə yüksəlməyə başladığı anı aşkarlamağa fokuslanıblar”.

“Çünki bu, sağlamlıq üçün təhlükə yarada, hətta orqan çatışmazlığına səbəb ola bilər", Cottle bildirir.

Bu təhlükəli an rütubət yüksək olduqda aşağı temperaturda baş verir.

Cottle həmçinin, isti hava dalğalarının təkcə daha tez-tez və davamedici yox, həm də daha rütubətli olduğunu deyir.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-08_1691512923_1.jpg
O, keçən il Hindistan və Pakistana təsir edən həddindən artıq isti hava dalğasında rütubətin yüksək olduğunu xatırladır:

“Bu, gələcəklə bağlı narahatlıq yox, bu günün problemidir”.

İnsanın normal bədən temperatur 37 dərəcə ətrafında olur. Əgər temperaturumuz 40 dərəcəyə yaxınlaşırsa, başımız gicəllənməyə başlayır və huşumuzu itirmə ehtimalımız artır.

Bədənimizin yüksək temperaturda qalması ürək əzələsinə və beyinə zərər verə bilər və bunun, ölümcül nəticələri ola bilər.

Professor Bailey deyir ki, “Bədən temperaturu 41-42 dərəcəyə qalxanda, biz çox açıq problemlər görməyə başlayırıq və bu insanlar müalicə olunmasa, ölə bilər”.

İsti vurma adlanan bu hadisə təxirə salınmaz tibbi kömək tələb edir.

Hər kəsin isti ilə mübarizə üsulu fərqlidir, lakin qocalıq və xəstəliklər bu gücümüzü zəiflədir.

Bir vaxtlar dəniz kənarında günəşlənərkən zövq aldığımız temperatur yaşlandıqca sağlamlıq üçün risk yarada bilir.

Professor Bailey mənə "Bu gün laboratoriyamdan gülərüzlə ayrılacaqsan. Çünki bütün göstəricilər bu çətin şərtlərə uğurla uyğunlaşdığını göstərir”.

Nə etməli?
İstinin öhdəsindən gəlməyin yollarının çoxu demək olar ki, hamıya məlumdur:

Kölgədə qalın, bol paltar geyinin, spirtli içkilər içməyin, evinizi sərin saxlayın, günün ən isti saatlarında idmanla məşğul olmayın, bol su için.

Profesor Bailey deyir: "Başqa bir nüans isə günəş yanığı almamaqdır. Hətta yüngül bir günəş yanığı belə, bədənimizin temperaturunun tənzimlənməsinə iki həftə təsir edə bilir".
BBC

Dünyapress TV

Xəbər lenti