Azərbaycanda bahalı dərmana son?
“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında Tərəfdaşlıq və Birgə İştirak Müqaviləsi imzalanıb.

İmzalanmış müqaviləyə əsasən, Pirallahı Sənaye Parkının ərazisində qabaqcıl texnologiyalara əsaslanan, illik istehsal gücü ilkin mərhələdə 35 milyon qutu təşkil edəcək yeni zavod tikiləcək. Layihə reallaşdıqdan sonra ölkədə bir sıra əczaçılıq məhsullarına tələbat yerli istehsal hesabına ödəniləcək, idxaldan asılılıq azaldılacaq.

Zavodda 42 ad altında müxtəlif doza və qablaşdırma olmaqla ümumi 100 növ məhsulun istehsalı nəzərdə tutulub. Layihənin ilkin investisiya dəyəri 35 milyon dollar təşkil edir və layihə çərçivəsində 100-dən artıq daimi iş yeri yaradılacaq. Ölkəmizdə dərmanların qiyməti digər ölkələrlə müqayisədə daha bahadır. Xüsusilə, cari ilin əvvəlindən qiymətlər nəzərəçarpacaq qədər bahalaşıb. Satışda süni qiymət artımları da müşahidə olunur.

Maraqlıdır, yeni layihə dərmanların qiymətini ucuzlaşdıracaqmı?

DİA.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında tibb sahəsi üzrə ekspert, farmokoloq Aydın Əliyev bildirib ki, bu addımın atılmasının əhəmiyyəti böyükdür:

"Bu sahədə də birliyimizin yaranması diqqətəlayiq haldır. Türkiyənin neçə illərdir dərman zavodları var və bu sahə üzrə mütəxəssislər yetişdirib. Təbii ki, bu səbəbdən də onlarla əməkdaşlıq etməyimiz xeyir verəcək. 90-cı illərin əvvəlindən belə təklif vermişdik ki, Farmokologiya üzrə Elmi Tədqiqat İnstitutu yaradılmalıdır. Bu institut olmasa, zavodların işləməsi zəif olacaq. Zavodlar maddəni xaricdən alıb burada istehsal edəcək.

Bu birinci mərhələ üçün ola bilər. Amma elmimizin inkişafı, iş yerlərinin açılması, flora-fauna təsərrüfatının inkişafının elmi əsasları olmalıdır. Elmi əsasları da Farmokologiya üzrə Elmi Tədqiqat İnstitutu verə bilər. Bu isə dünya bazarına çıxmaq üçün şəraitdir, milyonlar deməkdir".

Onun sözlərinə görə, zavodları idarə edən Farmokologiya üzrə Elmi Tədqiqat İnstitutunun açılması da şərtdir:

"Dərmanlara milyonlarla pul xərcləyib xaricilərin cibini doldururuq. Amma biz özümüzü də dərmanla təmin edə, xarici bazara çıxa bilərik. Bu sahədə zəif də deyilik. Savadlı əczaçı alimlərimiz çoxdur. Farmokologiya üzrə alimlərimiz var. Bu alimlərin hər bir maddi varlıqlarımızdır. Amma onların işi boş yerə gedir, təsərrüfatda tətbiq olunmur. Zavodlar açılanda mütləq onu idarə edən elmi idarə edən Farmokologiya üzrə Elmi Tədqiqat İnstitutu açılmalıdır".

Farmokoloq qeyd edib ki, layihə dərmanların ucuz qiymətə satılması prosesini də şərtləndirəcək:

"Dərmanı özümüz istehsal edəndə həm tərkibinə cavabdehliyi özümüz daşıyacağıq, həm də dərmanların qiyməti ucuzlaşacaq. Özümüz istehsal etsək, qiymətlər yuxarı ola da bilməz. Əhaliyə dərman sahəsində iki məsələ lazımdır: keyfiyyətli və ucuz olması. Özümüzə ucuz, xaric üçün baha satılmalıdır. Dərman istehsalı ilə məşğul olan bütün ölkələrdə strategiya bu cürdür".

Dünyapress TV

Xəbər lenti