Azərbaycanda əhali ucuz qiymətə özünə xəstəlik alır - FAKT BUDUR!
Azərbaycanda əhali ucuz qiymətə özünə xəstəlik alır
Azərbaycan kərə yağı və süddən hazırlanmış digər yağların idxalını 21% azaldıb.

Bu gün daxili bazarda satışda bir çox yağlar var ki, onların sırasında yerli kərə yağları azlıq təşkil edir. Ümumilikdə isə satışda olan kərə yağlarının qiyməti o qədər yüksəkdir ki, vətəndaşlar mənfi təsirlərinin olduğunu bilsələr belə, məcbur qalıb ucuz bitki yağları almağa üstünlük verirlər. Yəni “Kərəm”, “ Kalinka”, yaxud digər palma, soya tərkibli yağlar bazarda ən çox alınan yağlar sırasındadır.

Bu gün idxal olunan kərə yağlarının 21 faiz azalmasının səbəbi alıcılıq qabliyyətinin azalması ilə bağlıdır?

teref.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Akir Nəsirli Cebhe.info-ya bildirdi ki, Azərbaycana idxal olunan kərə yağlarının qiyməti kifayət qədər baha olur və daxili bazarda əhalinin alıcılıq qabiliyyəti çox aşağıdır:

“Bu, insanların real gəlirlərinin azalması ilə bağlıdır. Ona görə də kərə yağının idxalının azalması təbiidir. Daxildə sanki kərə yağının satış qabiliyyəti aşağı düşüb. Ona görə də anbarlarda kifayət qədər kərə yağı qalıb. Ölkədə əhali yağ alır, ancaq aldığı yağ ölkə daxilində hazırlanmış zərərlənmiş yağlardır. Ucuz, qarışıq bitki yağlarıdır. Statistikaya baxsaq, ölkəyə bitki yağı adı altında palma çərdəkləri yağının idxalı genişlənib.

Palmanın iki növ yağı var. Birincisi, palmanın lətindən, meyvə hissəsindən hazırlanır. O qidalanmaq üçün yararlıdır. Ancaq palmanın çərdəklərindən alınan yağlar isə qida üçün yararlı deyil. O yağların ərimə temperaturu orqanizmin daxili temperaturundan yüksəkdir, yaxud ona bərabədir. Adi kərə yağının ərimə temperaturu 33-34 dərəcədir. İnsan orqanizmində isə 40 dərəcəyə yaxındır. Palma çərdəkləri yağının ərimə temperaturu isə 40 dərəcədən yuxarıdır. Bu, orqanizmdə gec həll olunur, palma çərdəklərindən alınan yağların molekulları kifayət qədər böyükdür.

Orqanizmə də heç bir fayda da vermir. Sağlamlığı olmayan insanlarda bu yağlar həzm oluna bilmir. Sitoplazmadakı yağlar toplanaraq müxtəlif problemlər, şişmanlık, artık çəki yaradır. Azərbaycanda artıq çəkidən əziyyət insanların sayı artır. Bu, palma və digər bitkilərin orqanizmdə qida üçün nəzərdə tutulmayan, aldıqları yağların kərə yağı adı satılmasından irəli gəlir. Həmin yağları texnologiya ilə kərə yağına bənzər formaya salmaq olur, həm dad vurmaq olur və kərə yağndan heç nə ilə fərqlənmir.

Sonra da həmin yağlar ucuz başa gəldiyinə görə kərə yağı kimi satışa çıxarırlar. Normal, idxal olunan kərə yağının qiyməti 20-25 manata başa gəlirsə, ölkə daxilində istehsal olunan palma yağının kilosu maksimum 8-12-13 manata satılır. Əhali də imkanına görə bu yağları almalı olur”.

Ekspert deyir ki, əgər maye yağlar həqiqətən də qarğıdalı, günəbaxan, zeytun yağıdırsa onun istifadəsi daha səmərəlidir:

“Ancaq bitki yağları əslində iki məqsədlə istifadə üçün nəzərdə tutulur. Əsasən salatlarla bağlı nəzərdə tutulub. Biz isə onu əsasən xörəyi qızardarkən istifadə edirik. Bu tamamilə yalnış düşüncədir. Əslində biz qızartma xörəklər üçün də kərə yağdan istifadə etməliyik.

Çünki bitki yağı qızartma zamanı karbohidrogen çubuqlarından bir hissəsi sınır, o trans yağa çevrilir. Ancaq kərə yağı qızardılanda trans yağa çevrilmək təhlükəsi yoxdur”.

Ekspertin sözlərinə görə, ilk növbədə bu məsələyə dövlət nəzarəti olmalıdır:

“Məsələn, AQTA ilə birlikdə müəyyən layihə həyata keçirib təhlükəsizlik sistemi qurulmalıdır. Bu sahədə problemlər çoxdur. Ölkə daxilində ətlik-südlük heyvandarlıq genişləndirilməlidir. Hazırda işğaldan azad edilmiş ərazilər heyvandarlıq üçün münbit bir zonadır. O zonada heyvandarlığın inkişafına hökumət təkan verməlidir. Biz nə etsək də, xaricdən kərə yağı ucuz gəlməyəcək.

Ancaq ölkə daxilində kərə yağının maya dəyəri 15 manata başa gələ bilər. Məsələn, bizim o qədər geniş imkanlarımız, süd verən heyvanlarımız, fermalarımız yoxdur ki, bu qədər tələbatı ödəsin. Sovet dövründə də ölkədə yağ problemi olub. O zaman daha çox bizdən pambıq planı tələb edirdilər, heyvandarlığı artırmaq imkanlarımız yox idi. Ancaq indi onu bizdən tələb edən yoxdur.

Biz pambıq kimi məhsullar deyil, çıxış yolu kimi heyvandarlığı genişləndirməliyik. Daxildə ərzaq buğdası istehsalından vacib olan heyvandarlığın inkişafıdır ki, bu insanların sağlamlığına zəmanətdir. Hazırda ölkədə əhalidə olan xəstəliklərin 80-90 fazini orqanizmə zərərli, satışda olan yağlar yaradır”.
 
 
 

Dünyapress TV

Xəbər lenti