Dərman inhisarı Azərbaycan xalqını terror edir:
Azərbaycanda dövlət reyestrinə daxil edilməyən dərmanların satışına qadağa qoyulur. Quru xəbərdir, amma həm də inhisar qoxuyur. Hiss olunur ki, bu sahədə yeni mərhələnin əsası qoyulur. Yəni inhisar dayaqları gücləndirilir. Adətən, yeni qanunlar bu məsələlərə xidmət göstərir.
DİA.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, “Dərman vasitələri haqqında” qanunun 6.5.8-ci maddəsində nəzərdə tutulan dərman vasitələri istisna olmaqla, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrinin ölkə ərazisində topdan və pərakəndə satışı qadağan olunur. Bundan başqa, tibb müəssisələrinin dərman satışı ilə bağlı yeni qadağa müəyyən edilir. Milli Məclisdə müzakirələrdən sonra məsələ üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul olunub.

Dərman satışı ölkədə problemli sahələr arasında xüsusi seçilir. Xaricdən gətirilən məhsulların keyfiyyətinə nəzərət edən mexanizm nəzərə çarpmır. Dərmanların tərkibi dəyişdirilir, təsir qüvvəsi kəskin azalır. Qiymətlərdən heç söz açmağa dəyməz. Hətta bəzən hər hansı dərmanın qiymətinin Türkiyəyə nisbətən bizim ölkədə 10-12 dəfə yüksək olduğu üzə çıxır. Bir növ Azərbaycanda bu işlə məşğul olanlar baş kəsirlər.

“Azərbaycan həkimləri” ictimai birliyinin təsisçisi Aydın Əliyev mətbuata inhisarın böyük problemlər yaratdığını deyib. Onun sözlərinə görə, inhisarçılar hiyləyə əl atır. Yəni onlar dərmanları Hindistandan çox ucuz alırlar, sonra Dubayda baha rəsmiləşdirirlər. Aydın Əliyev deyir ki, bununla qiyməti hətta 10 dəfə artırmağa nail olurlar.

Azərbaycandakı dərman satışı ilə bağlı problemləri görmək üçün mütəxəssis olmağa da ehtiyac yoxdur. İki problem xüsusilə qabarıqdır. Birincisi, qiymətlər çox yüksəkdir. İkincisi, dərmanlar keyfiyyətsizdir. Qanuna dəyişiklik edilsin, problem yoxdur. Amma bu dəyişiklik istehlakçıya nə vəd edir? Qiymətlər aşağı düşəcəkmi? Daha keyfiyyətli dərmanlar almaq mümkün olacaqmı? Müsbət düşünmək olmur. Çünki qanuna dəyişiklik inhisarın bir ələ yığılması təəssüratı yaradır. Sanki heç nə dəyişməyəcək. İnsanlar yenə bahalı dərmanlar alacaqlar. Sonra bu dərmanları istifadə edib sağalmayacaqlar.

Dünyapress TV

Xəbər lenti