Qabriela Ramos: “Gənc insanların 80 faizi fiziki işlə məşğul olmurlar”
“Tarixi konfrans oldu, çünki COVID-19 pandemiyasından sonra keçirildi. Bu, müzakirələrin axarını dəyişmişdi. İdmanın nə dərəcədə vacib vasitə olması müzakirə olundu”.

Oxu.Az xəbər verir ki, bunu YUNESKO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin VII Beynəlxalq Konfransı - MINEPS VII-nin yekunlarına həsr olunan edilmiş mətbuat konfransında deyib.

O, vəzifəli şəxslərin, idmançıların öz təcrübələrini bölüşdüklərini deyib:

“Uzun müddət işləmişdik və gözləntilərimiz böyük idi. "Fir for Life" Alyansını qəbul etdik. Azərbaycan idman naziri Fərid Qayıbov bütün nazirlərə müraciət etdi. Onların hər biri gender bərabərliyi, idmanda qadına qarşı zorakılıq əleyhinə mübarizədə ortaq məxrəcə gəldilər. Özəl sektorun nümayəndələri fondlar, idmançılar iştirak etdi. Onlar öz təcrübələrini bölüşdülər. Gənc insanların 80 faizi bütün dünyada minimal dərəcədə belə, fiziki işlə məşğul olmurlar. Azərbaycan bununla bağlı bütün dünyaya müraciət etdi”.

Q.Ramos “Fit for Life” Alyansı müzakirələrində İran və bir sıra digər ölkələrin bəzi etirazlarının olmasına münasibət bildirib:
“Bəzi bəndlərdə fikir ayrılıqları ola bilər. Geniş anlayış vermişik. Gender bərabərliyi, LGBTQ və digər bəzi mövzularda onlar başqa terminologiya istədilər. Bununla bağlı razılıq əldə olundu. Onlar fərqli fikirlərə malikdirlər, amma sənəd konsensusla qəbul olundu. Nəticə sənədində özlüyündə heç bir dəyişiklik olmadı. Tək İran yox, müxtəlif ölkələr dəyişikliklər təklif etdilər. Biz müxtəlif yanaşmalara baxmayaraq, bir körpü yaratdıq. Ümumi razılıq əldə edildi”.

YUNESKO rəsmisi Azərbaycan və Bakı barədə təəssüratlarını bölüşüb:

“Mən 5 gündür, buradayam. Xəstələnmişəm. Çox yaxşı bir həkimim oldu. Təşkilatçılıq yüksək səviyyədə idi. Bakı böyük tədbirlərin təşkili üçün çox gözəldir. Hər şey yerində, vaxtında, düzgündür. Təşkilatçılıq dünya səviyyəsində oldu. Burada tarixi irs var, İpək Yolu buradan keçir. Azərbaycan Odlar Yurdudur, Atəşgah heyrətamiz idi. Müxtəlif mədəniyyətlərin, dinlərin bir yerdə mövcudluğunu görmək çox gözəldir. Mən Bakıda xalça belə toxundum. Ancaq bizə çox yemək yedirirsiniz, (gülür - red.) dayanmadan yeyirik”.

Faiq Tahirov

Dünyapress TV

Xəbər lenti