Xəbər verdiyimiz kimi, hazırda ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataş təhlükəsizlik narahatlığı ilə bağlı İnsan Haqları üzrə Monitorinq Qrupuna müraciət edib.
O, həyatına və ailəsinin təhlükəsizliyinə ciddi təhdidlər olduğunu bildirib. Jurnalist qrupun üzvləri, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Çingiz Qənizadəyə ünvanladığı müraciətində Azərbaycanda apardığı araşdırmalardan sonra təzyiq, təhdid və böhtanlarla üzləşdiyini qeyd edib.
Onun sözlərinə görə, Gəncə şəhərində baş verən qanunsuz tibbi müdaxilə və ölüm hadisəsini araşdırdığı üçün, adları konkret hallanan şəxslər tərəfindən davamlı təzyiqlərə məruz qalır.
Monitorinq Qrupunun bu istiqamətdə göstərəcəyi təşəbbüs ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, həmin müraciətlə hələ tanış deyil:
Onun sözlərinə görə, kömək edəcəklər:
“Müraciətdən mənim xəbərim yoxdur. Nə vaxt müraciət edib? ABŞ-də fəaliyyət göstərərək bizə qarşı olan təşkilatlar deyirlər Azərbaycanda insan haqları pozulur. İndi biz özümüz müraciət edirik ki, bəs necə olur, Azərbaycandan gələn insana qarşı belə bir münasibət var? Məsələ ilə bağlı hələ tam məlumatım yoxdur, lakin araşdırıb dəstəyimizi əsirgəməyəcək.
Bu məsələ ilə maraqlanacağıq və əlimizdən gələn köməyi göstərəcəyik. Bu yaxınlarda estetik cərrahlarla bağlı da tədbirlər görüldü. Mən inanmıram ki, bu məsələ ilə əlaqədar kimsə onun ailəsinə zərər verə bilsin. Təbii ki, biz də onun tərəfini tutacağıq və kömək edəcəyik”.