Bolqarıstanda silah anbarında partlayış baş verib
Bolqarıstanın cənub-şərqində, Karnobat şəhəri yaxınlığında müxtəlif hərbi materialların saxlanıldığı anbarda partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə Bolqarıstan Teleqraf Agentliyi yerli sakinlərə istinadən məlumat yayıb.

Sakinlər bazar gününə keçən gecə anbar ərazisində bir neçə güclü partlayış baş verdiyini, daha sonra hadisə yerində yanğın başladığını bildiriblər.

Polis də hadisəni təsdiqləyib. Polisdən bildirilib ki, hadisə zamanı zərərçəkənlərin olub-olmaması barədə hələlik məlumat yoxdur. Anbar ərazisi mühasirəyə alınıb. Partlayış və yanğın olan ərazinin təftişi üçün xüsusi ekspertlər qrupu yaradılacaq və onlar 72 saatdan tez olmamaqla hadisə yerini yoxlayacaqlar.

Agentlik qeyd edir ki, anbar bolqar silah alverçisi Emilian Qebrevə məxsusdur. Ötən ilin iyulunda artıq həmin anbarda yanğın olub. Ehtimal ki, bunu kimsə qəsdən törədib, lakin hadisənin təhqiqatı hələ də davam edir.

Hökumətin informasiya xidmətinin məlumatına görə, insidentlə əlaqədar Bolqarıstanın Baş naziri Nikolay Denkov ölkənin hərbi-sənaye kompleksinin dövlət və özəl istehsal müəssisələrinin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülməsinə dair göstəriş verib. Qeyd olunur ki, dövlətə məxsus bütün hərbi-sənaye kompleksi zavodlarında və yaxın ərazilərdə təhlükəsizlik tədbirləri gücləndiriləcək.
 

Dünyapress TV

Xəbər lenti