Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş reseptə yazılan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.
Bu, Milli Məclisdə müzakirəyə çıxarılan “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna görə, Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər. Dəyişikliyə əsasən isə Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər həm də şəxsi istifadə üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş reseptə yazılan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.
Dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla ölkə ərazisində satışı qadağandır.
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, resept bir növ həmin dərmanların Azərbaycana gətirilməsinə icazə sənədi rolunu oynayacaq. Bəzi vaxtlarda xaricdən gətirilən dərmanlar gömrük orqanları tərəfindən saxlanılır. Bu baxımdan dərmanların resept əsasında ölkəyə gətirilməsi vacib haldır.
Lakin ancaq reseptdə yazılan sayda dərmanın gətirilməsinə icazə vermək düzgün deyil. Yəni xaricdən gətirilən dərman preparatlarına reseptlə məhdudiyyət qoymaq düzgün yanaşma deyil. Dünyanın heç bir ölkəsində bu praktikadan istifadə edilmir. Həm də ki, şəxsi istifadə üçün xaricdən gətirilən dərman preparatları dərman bazarının dövriyyəsinə təsir göstərmir. Çünki elə dərman preparatları var ki, onları vətəndaşlar profilaktik məqsədlə alıb istifadə edirlər. Həkimin buna görə resept yazmasına ehtiyac qalmır. Xaricdən gətirilən dərmanlar arasında vitaminlər çoxluq təşkil edir. Əksəriyyət isə vitamin alan zaman həkimə resept yazdırmır. Belə çıxır, xaricdən vitaminləri gətirməyə qoymayacaqlar ki, resept yoxdur!?”.