Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.
Tribunainfo.az Agentlikdən verilən məlumata istinadən xəbər verir ki, tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən “Ovçular ət və ət məhsulları” MMC-nin Hindistandan ölkəmizə idxal etdiyi 27 ton 675 kq mal əti məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Aparılan sınaq nəticəsinə əsasən, ət məhsulunda salmonella bakteriyası aşkarlanıb və məhsulun qida sahəsində normativ sənədin tələblərinə uyğun olmadığı müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq, istehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv olunması və ya utilizasiya edilməsi barədə barədə qərar qəbul olunub. Həmçinin aşkarlanan mal əti məhsulunun istehsal edildiyi müəssisənin məhsullarının ölkəmizə gətirilməsinə müvəqqəti qadağa qoyulub və Hindistanın aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.