Azərbaycanda 4 manata da ət var:
Bu ilin yanvar-mart aylarında Azərbaycan 11 min 367 ton ət idxal edib.

Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 19 milyon 259 min ABŞ dolları olub.

Bu, həcm baxımından ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 206 ton (24 % ), dəyər baxımından isə 3 milyon 585 min ABŞ dolları (22,8 %) çoxdur.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,5 %-ini təşkil edib.

Qeyd edək ki, I rübdə ölkədə diri çəkidə 138,3 min ton ət istehsal edilib.

Xatırladaq ki, son vaxtlar ölkədə ətin qiymətində kəskin bahalaşma özünü göstərir. Bu gün bazarlarda mal ətinin qiyməti təxminən 14 manat, qoyun ətinin qiyməti isə 17 manat təşkil edir. Ölkəmizə isə ət idxalı 24 faiz artsa da, həmin ətin əsasən hansı ölkələrdən gətirildiyi, qəssablar, marketlər, yaxud restoranlarda satışa çıxarıldığı məlum deyil.

Vətəndaşlar isə əsasən təzə ət almağa üstünlük verir və belə olduğu təqdirdə idxal ətlərindən harada istifadə edilir?

TEREF.AZ-ın məlumatına görə, “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov bununla bağlı Cebhe.info-ya bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Azərbaycan ən çox ət yeyən ölkələrin siyahısında yer almayıb:

“Azərbaycanda Amerikadan təxminən 50 faiz az ət yeyilir. Bununla belə, ölkədə daim ətin qiymətinin artdığını görürük. Azərbaycan hökuməti effektiv siyasət aparsa, xaricdən ət idxalı artar və qiymət daha da aşağı düşər. Lakin biz ətin qiymətinin aşağı düşməsini gözləmirik. Xaricdən gətirilən həmin ətlər əsasən ölkəmizdə kolbasa, sosiska istehsalına yönəlir. Birmənalı şəkildə çox hallarda açıq satışa çıxarılmır. Əsasən sənaye üsulu ilə ət məhsulları istehsal edən müəssisələrə yönəlir. Demək olar ki, Azərbaycanda fəaliyyət göstərən kolbasa, sosiska istehsal edən müəssisələrin 80 faizindən çoxu xarici ətdən istifadə edir. Xüsusilə də Hindistan və digər ölkələrdən idxal edilir. Həmin ətlər əksər hallarda camış əti olur.

Camış əti əslində təhlükəli ət deyil. Xeyli ucuz qiymətə başa gəlir. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda yaşlı heyvanların əti aşağı qiymətə olur. Məsələn, ölkəmizdə yaşlı heyvanların əti 4 manata qədər ola bilir. Yerli kolbasa istehsalçıları bəzən bu ətdən də istifadə edə bilirlər. Belə ətlər ət məmulatları istehsal edən yerlərə göndərilir”.
 

Dünyapress TV

Xəbər lenti