Alimlər belə qənaətə gəliblər ki, 2025-ci ildə pik nöqtəsinə çatacağı gözlənilən Günəş partlayışları əslində bir il əvvəl baş verə bilər.
ABŞ-ın Milli Atmosfer Tədqiqatları Mərkəzinin tədqiqatçıları hesab edirlər ki, ulduzdakı fəaliyyətlər 6-12 ay ərzində sözdə "günəş maksimumu"na çatacaq.
Son zamanlar Günəşdə partlayışlar intensivləşir. Bu o deməkdir ki, Yer daha tez-tez plazma axınlarına məruz qalır.
Alimlər ulduzdakı partlayışların sonrakı dövrdə daha da artacağını və pik həddə çatacağını bildirirlər. Çünki Günəş hazırda hərəkət mərhələsindədir.
Ulduz hər 11 ildən bir sakit və ya fırtınalı dövrü tamamlayır, yeni bir dövrə başlayır. Məlumdur ki, Günəş 2019-cu ildə 25-ci dövrünə qədəm qoyub. Bu dövrələrdən sakit olanı, yəni ulduzdakı partlayışların və ləkələrin minimum səviyyəyə endiyi dövrlər "günəş minimumu” adlanır. Günəş ləkələrinin artdığı və partlayışların tez-tez baş verdiyi fazalara "günəş maksimumu” deyilir.
İndiyə qədər Günəşin 2025-ci ildə yeni "günəş maksimum fazası"na çatacağı düşünülürdü. Astronomlar 2025-ci ildə ulduzda şiddətli partlayışların baş verə biləcəyi barədə xəbərdarlıq edirdilər.
Bu partlayışlar nəticəsində kosmosa atılan radioaktiv zərrəciklər Yerə çatdıqda və planeti qalxan kimi əhatə edən maqnit sahəsi ilə qarşılıqlı əlaqədə olduqda buna Günəş fırtınası deyilir.
Şiddətli Günəş fırtınaları naviqasiya, GPS və radio rabitə sistemlərini zədələyərək, onların işini poza, orbitdə olan peykləri sıradan çıxara və astronavtların həyatını təhlükəyə ata bilər.
"Frontiers in Astronomy and Space Sciences” elmi jurnalında dərc olunan yeni araşdırma, "günəş maksimumu"nun gözləniləndən bir il əvvəl gələ biləcəyini ortaya qoyub. Bu o deməkdir ki, Günəş alovları və buna görə də tufanlar 6-12 ay ərzində pik həddinə çata bilər.
Tədqiqatçıların proqnozu Günəşdə "halo dövrü" adlanan maqnit aktivliyinə əsaslanır. Günəş əslində 22 illik maqnit fəaliyyəti dövrünə malikdir. Buna "halo dövrü" deyilir.
Ulduzun hər iki yarımkürəsində 55 dərəcə enlikdə maqnit halqalarının əmələ gəlməsi "halo dövrü" üçün böyük əhəmiyyət kəsb edir. Çünki Günəş öz dövrlərindən keçdikcə bu halqalar da ekvatora çatdıqda yerlərini dəyişir və bir-birini yox edir.
Günəşdə sonuncu belə hadisə 2021-ci ilin dekabrında baş verib. Yeni araşdırmada komanda "günəş maksimumu"nun nə vaxt baş verəcəyini hesablamağa çalışıb. Tapıntılar göstərir ki, 6-12 ay ərzində Günəş aktivliyi bu nöqtəyə çatacaq.\\Qaynarinfo