Son 3 ayda İranın müxtəlif şəhərlərinin 30 məktəbində qızların zəhərlənmələri müəamma olaraq qalır. Zəhərlənənlərin sayı mini keçib. İran rəsmiləri bunun izahını verə bilmirlər, araşdırma aparmaq əvəzinə yenə “xarici düşmənlər” axtarırlar. İran prezidenti İbrahim Rəisi qızların kütləvi zəhərlənməsi ilə bağlı son açıqlamasında zəhərlənmələrə görə ölkəsinin düşmənlərinin məsuliyyət daşıdığını bildirib. Belədirsə, İranın düşmənlərinin bu ölkədə qızları zəhərlənməsində məqsədi nədir? İbrahim Rəisinin bu suala cavabı belədir ki, düşmənlər İranın tərəqqisindən (yəqin tərəqqi dedikdə ağır iqtisadi və sosial durumun xaricində uranın zənginləşdirməsini və pilotsuz uçuş aparatlarının artan istehsalını nəzərdə tutur) narahatdırlar və məktəbli qızları zəhərləməklə məktəblərdə inamsızlıq, ailələrdə narahatlıq yaratmaq cəhdidir. “Düşmənlər İran cəmiyyətinin psixologiyasını hədəfə alıblar” deyən İbrahim Rəisi xarici mərkəzlərin İranda üsyan və xaos yaratmaq istədiklərini bildirib. İran prezidentinin bu əzbərçi açıqlaması məsələyə aydınlıq gətirmir. İbrahim Rəisi İranın düşmənləri dedikdə böyük ehtimalla əsas iki dövləti – ABŞ və İsraili nəzərdə tutub. Əlbəttə, bu iki dövlət İranda rejim dəyişikliyini arzulayır. Bunun üçün rejimə alternativ qüvvələri açıq və gizli yollarla dəstəkləyə bilərlər. Əgər minlərlə məktəbli qızın zəhərlənməsinin arxasında ABŞ və İsrail dayanırsa, demək bununla İbrahim Rəisi düşmənlərinin İranda at oynatdığını etiraf etmiş olur. Çünki İran qapalı ölkə olmasına rəğmən, düşmənlərin kəşfiyyat strukturları 30 şəhərdə “zəhərləmə əməliyyatı” həyata keçirib və Tehran bunun qarşısını ala bilməyib. Fikrimcə, zəhərlənmənin arxasında “xarici düşmən” amili şişirdilib. Həqiqətən İsrail kəşfiyyatı İranın nüvə obyektlərində çalışan alimləri zərərsizləşdirir, ABŞ və Səudiyyə Ərəbistanı isə rejimə alternativ qüvvələrlə təmasdadır. Ancaq ölkədə kütləvi zəhərlənmə həyata keçirmənin İsrail, ABŞ və Səudiyyə Ərəbistanı üçün bir anlamı yoxdur. Kütləvi zəhərlənmələr İranda rejim içərisində daxili rəqabətin işarətinə oxşayır. İbrahim Rəisi deyib ki, “xarici düşmənlər ölkədə xaos yaratmaq istəyirlər”. Ötən ilin sentyabrında iranlı xanım Məhsa Əmini Tehranda əxlaq polisi tərəfindən döyüldükdən sonra xəstəxanda vəfat etdi və həmin gündən başlayaraq İranda etirazlar səngiməyib. İranda xaosa bu hadisə səbəb olub. Məgər Məhsa Əmininin ölümünə səbəb olan xaosu “xarici düşmənlər” yaradıb? Elxan Şahinoğlu Teref.az