e77f10a60a2fe99659ac7627a8a03f54.jpg
  

 

Romantik gənclər başqadır. Gənc gərək romantik olsun, amma bir yerə qədər. “Bir yerə qədər” deyəndə, yəni evlənənəcən. Evlənəndən sonra romantik olmaq çətinləşir.

20-ci əsrdə ən böyük romantikimiz şair Mikayıl Müşviq olub, ondan da belə misralar yadigar qalıb: “Yoxdu könlümdə daha qönçə dodaqlar dərdi, indi var ev dərdi, ocaq dərdi, uşaqlar dərdi”.

Bəlkə də bu misraları başqa bir peşman olmuş romantik yazıb, “Yenə o bağ olaydı”nın müəllifinin adından yayıb. Bunu keçək.

Əsas məsələ odur ki, srağagün, yəni 14 fevral – müqəddəs Valentin (sevgililə) günü Bakı şəhərinin mərkəzində belə bir vaqiə qeydə və lentə alınıb. Yol hərəkətinin iştirakçıları görüblər ki, evakuatroun belinə bir təzə, sedan növlü avtomobil yüklənib, bantlanıb, avtomobilin banına bir azman ayı müqəvvası pərçim edilib və bu hədiyyəni maşının böyrünə həkk edilimiş belə bir transparant müşayiət edir: “AYTAC BİZİ HEŞKİM AYIRAMMIJAX”.

Aydın məsələdir ki, bu, adının çəkilməsini istəməyən oğlanın Aytac adlı sevgilisinə Valentin hədiyyəsidir. Bu da heç.

33aytac.jpg (21 KB)

Öncə onu deyək ki, hədiyyə olunacaq avtomobilin banına sarınmış ayı müqəvvası təsadüfi deyil. Bizim ölkədə ayı kuklası romantikliyin atributudur, simvoludur, totemidir. Bunsuz olmur. Son 10 ildə sevən gənclər sevgililərinə toplamda bir neçə milyon ayı kuklası bəxş ediblər. Bəlkə də ayı müqəvvalarını istehsal edən fabrik Azərbaycan üçün ayrıca törəmə firma açıb, məhsulunu yalnız bizə göndərir. Çünki tələbat böyükdür. Hər il meydana nə qədər romantik gənc daxil olur.

Ancaq romantik gəncin ana dilimizin qrammatikasını zəif bilməsi təəssüf doğurur. Evakuatordakı avtomobilin sol böyrünü qapıdan qapıya tutan mesajın mətni aşağıdakı kimi olmalı idi: “Aytac, bizi heç kim ayıra bilməyəcək”.

Hələ orası da var ki, bunu bütün şəhərə görk etdirmək nəyə lazım idi və sevənləri ayırmaq fikrində olanlar hansı əğyarlardır.

Hiss olunur ki, ortada nəsə pərxaşlıq var. Ola bilər, Aytacın “podruqa”ları romantik gəncin gizli yazışmalarını əldə ediblər, yaxud da özləri yazışıb dosye düzəldib və Aytaca, türkün sözü, sunublar, nəticədə ara az bir pozulub. Ona görə də gənc o boyda xərcə girib, maşın alıb, beş-altı yüz manat verib evakuatora yüklətdirib, hansısa ustada maşının böyrünə yazı yazdırıb, beləcə günahını yumaq istəyir.

Əgər deyən olacaqsa ki, evakuatora maşın yüklətdirməyin elə böyük xərci yoxdur, yanılır. Bu maşın 5-6 saat boyunca şəhərin iri prospekt və küçələrində dolaşıb ki, paytaxt əhli belə bir comərd romantiklə eyni şəhərdə yaşadığını bilsin.

Avtomobilin böyründəki “ayırammıyajax”la bitən mesajı usta öz yanından yazmayıbsa, gəncin diktəsi ilə yazıbsa, bundan çıxış edərək bilmək olar ki, romantik gənc şəhər uşağı deyil, J hərfini bol və X-nın müşayiəti ilə işlədən rayonların birindəndir. Əgər o, şəhər uşağı olsaydı, böyük ehtimalla rusdilli olardı və yazını bu cür yazdırardı: “Айтадж, никто не сможет нас разлучить” . Ola bilər, bəy addakı D-ni bilə-bilə ixtisar edər, “Айтаж” kimi saxlayardı.

Yox, romantik gənc yeni çıxan, evlilik təklifi edəndə ictimai yerdə dizinin birini yerə atan avropasayağı gənclərdəndirsə, o zaman mesaj ingiliscə olmalıydı: “Aytaj, no one will be able to separate us”. Düzdür, bunu çox adam başa düşməyəcəkdi, amma avropalı romantik olmağın tələbi belədir. (Bir az o “separate” sözü xətalıdır, yerli patriotlar narazı qala bilər ki, yenə bu, nə separatçılıqdır).

İndi bəziləri deyəcək, görməmişlikdir, bəziləri də dərhal etiraz edəcək ki, yox e, pulu var, edir, sizin yoxdursa, sevgilinizə adi bir gül ala bilmirsinizsə, qısqanmayın.

Hər iki tərəf haqlıdır. Odur, bax, bir aydır barələrində “boşanırlar, barşırlar” söhbəti yayılan, gündə yeddi xəbərə mövzu olan Aysunla ərinin barəsində də belə bir xəbər yayılıb ki, kişi xanıma nəsə alıb. Deyəsən, barışırlar.

Ancaq burası dəqiqdir ki, bu cür hədiyyədən sonra Aytacla sevgilisini bir-birindən ayırmax mümkün olmuyajax. Sadəcə, iki-üç aydan sonra böyük ehtimalla özləri ayrılacaqlar. Düzdür, dizlərinin birini yerə atıb evlilik təklifi edənlərin nə qədərinin evləndikdən sonra boşandığına dair dəqiq statistika yoxdur, amma bu xüsusdakı ümumi statistika göstərir ki, vəziyyət ürəkaçan deyil.

Ona görə də əgər qoy gənclər sonradan evliliyi sürdürə bilməyəcəklərsə, dizlərinin ikisi də yerə gələndən sonra peşman olacaqlarsa, subay vaxtı romantik-romantik səyləməsinlər.

Dünyapress TV

Xəbər lenti