“Buna çox inamım yoxdur, amma əgər Putin müharibəni bitirmək istəyirsə, hər şeydən əvvəl əsirlərin mübadiləsi baş tutmalıdır”.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi görüşün nəticələrinə dair birgə mətbuat konfransı zamanı bildirib.
O, ikinci məsələnin isə Ukraynanın hansı tərəflərdən təhlükəsizliyinə dair zəmanət ala biləcəyinin bəlli edilməli olduğunu qeyd edib.
Zelenski Rusiya ordusu və işğalından qorxmadıqlarını, lakin təhlükəsizlik zəmanətinin daha çox insanın ölməməsi üçün vacib olduğunu vurğulayıb.
Bundan əlavə, Ukrayna lideri ABŞ və bəzi Avropa ölkələrinin Ukraynanın NATO-ya daxil olmasına qarşı olduqlarını, lazım olan dəstəyi ala bilmədiklərini də əlavə edərək, bu halda Ukraynada ABŞ və Avropa ölkələrinin ordularının yerləşdirilməsini təklif edib.