İtaliya Baş naziri Corciya Meloni birlikdə yaşadığı və uşağının atası olan sevgilisi Andrea Cambrunodan ayrılıb.
Meloni bu qərarına Cambrunonun pərdəarxası görüntülərinin yayılmasından sonra yaranan qalmaqal səbəb olub.
Meloninin təxminən 10 ildir birlikdə olduğu və yeddi yaşlı qızının atası Andrea Cambruno aparıcısı olduğu televiziya proqramının pərdəarxası görüntüləri yayıldıqdan sonra son günlərin ən çox danışılan adı olub.
Bu görüntülərdə Cambruno studiyada qadın jurnalistə qarşı narahatedici hərəkətlər edir, ondan uzaq olmağa çalışan qadının saçlarına toxunur, “Niyə səni daha əvvəl tanımadım?” - deyə söyləyir. Həmçinin tez-tez onun ayaqlarına toxunur və nalayiq ifadələr işlədir.
Başqa bir pərdəarxası səs yazısında isə Andrea Cambruno bir qadın həmkarına - “Sevgilin varmı?” - sualını verir və sonra ona əxlaqsız təklif edir. Eyni zamanda, bu səs yazısında o, kanaldan biri ilə münasibətinin olduğunu və bunu hamının bildiyini də dilə gətirir.
Meloninin sevgilisinin bu video və audio yazıları televiziya proqramında yayımlanıb və ölkədə böyük müzakirə mövzusuna çevrilib. Corciya Meloni bu qalmaqalla bağlı sosial media hesabında açıqlama verib. “Andrea Cambruno ilə təxminən 10 ildir davam edən münasibətim burada bitdi”, - deyə o qeyd edib.
Meloni, həmçinin Cambruno ilə yollarının əslində bir müddətdir ayrıldığını və indi artıq bunu rəsmi şəkildə həyata keçirməyin zamanının gəldiyini vurğulayıb. Mənbə: Haber Global