BMT-nin 2011-ci ildə qəbul etdiyi qərarla 11 oktyabr Beynəlxalq Qızlar Günü kimi qəbul olunsa da, ilk dəfə 2012-ci ildə qeyd olunub. Azərbaycanda hər il qızların məktəbdən yayındırılması, erkən nikaha məcbur edilməsi kimi hallarla rastlaşmaq olar.
Feminist fəal Lalə Mahmudova deyir ki, Azərbaycanda da bir çox patriaxal ölkələrdə olduğu kimi qızlar müəyyən yaşa çatdıqdan sonra yox, elə doğulandan həyata oğlan uşaqlarından geridə başlayırlar.
Onun sözlərinə görə, bəzən selektiv abortların nəticəsində onlar heç doğulmurlar:
“Bu da insanların gender normalarına bağlılıqları ilə əlaqədardır. Ölkədə oğlan uşaqlarının qızlara nisbətən üstünlüyə malik olmasına səbəb bir çox gender rollarıdır.
Qızlar daha çox itaətkar böyüdülür. Deyirlər, sözəbaxan, üzüyola olsunlar. Belə olmaq sosiallaşdırılır.
Qızların ev işlərində bacarıqlı olmaları onların təhsillərindən, liderlik bacarıqlarından, iş və ya biznes qurmaq maraqlarından üstün tutulur. Bu normalar sonradan digər bütün sosial institutlarda öz əksini tapır”.
Lalə Mahmudova deyir ki, qızların təhsilə cəlb olunması ilə bağlı problemlər regionlarda daha çoxdur. Onun sözlərinə görə, dünyada 5 qızdan biri orta məktəbi qurtarmır. 10 qızdan 4-ü isə tam orta məktəbi qurtarmır ki, bu da Azərbaycana aiddir.
"Bu gün regionlarda qızların təhsilə cəlb olunması çox aşağı səviyyədədir. Şəhərdə də bu problemlər var, amma regionlarda daha pisdir. Qanunvericilik sərt şəkildə tətbiq olunsa, nəticələr olardı. Regionlarda təhsil sistemində özbaşınalıqlar olur.
Bir qaçqın düşərgəsində olmuşdum, orada çoxlu məktəblər var idi. Bu məktəblərin bəzilərində uşaq sayı az olduğu üçün dərs keçilmirdi, uşaqların digər məktəbə keçməsinə də icazə verilmirdi. Görün bürökratiya nə səviyyədədir ki, məktəb heyəti maaş almaq üçün uşaqların sənədlərini vermirdilər ki, onlar digər məktəbdə təhsil alsınlar” – deyə o, bildirib.
L.Mahmudovanın fikrincə, ən böyük problemlərdən biri də məişət zorakılığıdır.
"Bütün yaş qrupları zorakılğa məruz qalır, amma əsasən 15-19 yaşlı qızların hər dördündən biri fiziki zorakılığa məruz qalır. Eyni zamanda, ölkədə erkən nikahla bağlı açıq danışılmır. Bəlkə də Azərbaycanda müəyyən institutlar pərdə arxasında hansısa işləri görürlər, amma açıq danışmırlar. Amma nə qədər açıq danışılsa, problemin üzərinə düşərlər. Uşaqların Hüquqlarının Müdafiəsi günündə parlamentdə bu istiqamətdə bir təklif var idi, parlamentin sədri məsələni yönləndirmək istədi ki, bu təklif bu formada həyata keçsə, Azərbaycanın adı beynəlxalq hesabatlarda mənfi hallanar. Bu, açıq danışılmadıqca, qızlar zorakılığa məruz qalırlar, təhsildən yayındırılırlar. Azərbaycanda dövlət institutlarında olanlar patriaxal olduqları üçün qızlar və qadınlarla bağlı problemlər əsas problem kimi görülmür. Gedib soruşsanız, deyəcəklər, əsas problem Qarabağ problemidir, təhlükəsizlik problemidir”.
Abzas Media məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etsə də, qeyd olunan məsələlərlə bağlı suallarımız cavablandırılmayıb.
Baş Prokurorluq erkən nikaha cəlb olunan qızlarla bağlı sorğumuza, Daxili İşlər Nazirliyi isə yetkinlik yaşına çatmayan qızlarla cinsi münasibətdə olmaq halları ilə bağlı indiyə qədər açılan cinayət işləri üzrə suallarımıza cavab verməyib.