Gəncədə adına küçə saxlanılan Ayna Sultanovaya rəğbət və ehtiramın səbəbi nədir ?
Əgər sual olunsa ki, Gəncədə ən çox kim türk qanı axıdıb və bunun qarşılığında mükafatlandırılıb ?
Heç şübhəsiz ki, məlumatlı tarixçilər Həmid Sultanovun adını çəkəcək.
Sovet tarixində bolşevik, görkəmli inqilabçı, Azərbaycan SSR-nin ilk Daxili İşlər Komissarı kimi tanıdılan Həmid Sultanov Gəncə şəhərində minlərlə günahsız insanın amansızca qətlə yetirilməsində, işgəncələrə məruz qalmasında məsul şəxslərin başında gələnlərdən biri idi.
Genetik bağlılığı ilə hətta ruslara xidmət etmiş Nəsib Sultana bağlı olan Həmid Sultanovun Gəncəyə qarşı nifrətinin səbəbini anlamaq heçdə çətin olmamalıdır. Vaxtı ilə bu "görkəmli inqilabçının" Tovuz şəhərinin mərkəzində bir büstü qoyulmuşdu və son illərə qədər həmin büst öz mövcudluğunu qorumaqda idi. Görünür ki, şəhər rəhbərliyini kimsə başa salıb ki, bu adam heykəli qoyulmağa yox, yıxılmağa layiq olanlardan biridir. Əməllərinə layiq mükafatını ərmağan ediblər. Artıq onun heykəli orada yoxdur.
1920-ci il aprel işğalı zamanı onun oynadığı rolu yazmış olduğu məqalələrindən oxumaq yetərlidir. Yazmış olduğu "Müsavat hakimiyyətinin son dəqiqələri" adlı xatirələrində qeyd edir ki - " Parlaman təxminən gecə saat 11-12-də dağıldı. Biz Bünyadzadə Dadaşı və başqa yoldaşları həbsxanadan azad etdik və Azərbaycan İnqilab və Bakı İnqilab Komitəsi heyətini elan etdik. Gecə ikən bütün şəhərdə qızıl bayraqlar asıldı. Şəhər əhalisi axşam Müsavat bayraqlarını( 3 rəngli Azərbaycan bayrağı) asaraq yatdıqları halda, 28 apreldə səhər durarkən qızıl inqilab bayrağı gördü: Gecə, bütün qəzalarda inqilab komitələrinin təşkili haqqında qəza təşkilatlarına təklif verildi. Səhər zirehli qatarla Mikoyan və Musabəyov( həyat yoldaşı Ayna Sultanovanın qardaşı) yoldaşlar Bakıya gəldilər. Qızıl Ordu isə iki gündən sonra gəldi".
Elə bu yazısından onun əsl kimliyini anlamaq bəs edir.
Həmid Sultanov Azərbaycan SSR Xalq Daxili İşlər Komissarı olaraq 1920-ci il Gəncə üsyanının yatırılmasında xidmətlərinə görə "Qırmızı bayraq" ordeni ilə mükafatlandırılıb. Azərbaycandan bu ordeni alan ilk şəxsdir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-10_1696436395_2.jpg
Ayna Sultanova isə Həmid Sultanovun həyat yoldaşı, digər bolşevik Qəzənfər Musabəyovun isə bacısıdır. Mahiyyət olaraq nə həyat yoldaşından, nədə ki, qardaşından fərqli olmayıb. İlk inqilabçı qadın kimi təqdim olunan Ayna Sultanova öz həyat yoldaşı və qardaşı kimi Stepan Şaumyanın silahdaşlarından biri idi və eyni maraqlardan çıxış edirdi. Heç şübhəsiz ki, 1918-ci il mart qırğınları zərrə qədər narahat etmədiyi adamlardan biri Gəncədə bu gün adına küçə olan, hətta küçənin başında, şəhərin görkəmli yerində xatirə lövhəsi qorunan Ayna Sultanova idi.
Ən maraqlısı isə budur ki, Ayna Sultanovanın xatirə lövhəsi Gəncədə Azərbaycan Cümhuriyyəti Milli Şurasının və hökümətinin fəaliyyət göstərdiyi binaya tərəf baxır. Belə bir yerdə Nəsib bəyin, Fətəli Xanın, Həsən bəyin adına küçə olması doğru deyilmi ?
Ayna Sultanovaya aidiyyatı olmayan şəhərdə, Gəncə üsyanının, istiqlal şəhidlərinin qanı ilə yoğrulmuş bu məkanda onun adına küçənin saxlanılması çox utancvericidir.
Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri
Ceyhun Nabi
Teref.az
 

Dünyapress TV

Xəbər lenti