Yüzlərlə vətəndaşın aldadıldığı “lotoreya əməliyyatı” -
"Yardımlaşma kampaniyası” adı altında vətəndaşları aldadaraq onların külli miqdarda pulunu məniməsəməkdə ittiham olunan Tənzilə Kərimova barəsindəki cinayət işinin ibtidai istintaqı bitib.

Qaynarinfo xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Eldar İsmayılov iş üzrə hakim təyin edilib. Məhkəmə prosesinin vaxtı barədə məlumat yoxdur.

Tənzilə Kərimovanın işi üzrə 81 nəfər zərərçəkən var. Onun mənimsədiyi pullar isə milyon manatlarla ölçülür.

Tənzilə Kərimova bu əməlini "WhatsApp”qrupları vasitəsi ilə həyata keçirirmiş. Onun nəzarətində 11 "WhatsApp” qrupu olub.

Zərəçəkənlərdən biri bu barədə media orqanlarına etdiyi müraciətdə bildirib: "Məndə olan məlumata görə, belə qrupların sayı isə 11-dir. Qoşulduğum qrupun adı "Lotoreya 4"dür. Qrupun 3 nəfər admini var. 3 aydır qrupa qoşulmuşam. Amma deyilənə görə, 7 aydır fəaliyyət göstərir. Məni də tanışım dəvət etdi. Dedi ki, belə bir qrup var, 100 manat pul qoyursansa, ayın axırı 500 manat götürürsən. Yəni, qoyduğun pul 3, 5, hətta bəzən 8 qat artaraq özünə qaytarılır.

3 ay ərzində qrup adminlərinin bank hesablarına 2980 manat pul göndərmişəm. Tanıdığı başqa şəxsər də var. Onlar Tənzilə adlı qadına inanaraq verdikləri 23 min, 110 min, hətta 200-300 min manata qədər pullarını geri ala bilmirlər.

Qrupda belə söhbət gedir ki, guya Tənzilə ümumilikdə 5-6 milyona qədər pul mənimsəyib. Elə təkcə mənim tanıdığım qızlardan 300 min manat pul alıb. Bizim "WhatsApp” qrupumuza gün ərzində 10 min manata qədər vəsait gəlirdi. Bəs bu qədər pul hara getdi? Lotoreya adı ilə ölkənin hər yerindən adamlar aldadılıb, aralarında həkimlər, qazilər də var".

Tənzilə Kərimova Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. Bu maddədə 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə turulur.
 

Dünyapress TV

Xəbər lenti