Avqustun 21-i saat 03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-cı il təvəllüdlü Günay Zülfüqarovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, azyaşlı oğlunun isə xəsarət alması faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb.
Polis əməkdaşları anasını kəsici alətlə qətlə, qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Zülfüqarlı Əlfüqar Mahir oğlunu saxlayaraq istintaqa təhvil verib.
Bu, övladın valideyni öldürməsi ilə bağlı yayılan ilk cinayət xəbəri deyil. Son aylarda bu tip məlumatları demək olar ki, tez-tez oxuyuruq. Təəssüf doğuran məqam isə bundan ibarətdir ki, cinayət hadisəsini törədənlərin əksəriyyəti yeniyetmə olur. Bunu yeniyetmələrin kriminal aləmə meyilli olması ilə əlaqələndirənlər də var. Bir çoxları belə düşünürlər ki, yeniyetmələrin cinayətə meyilli olmasının əsas səbəbi kriminal aləmlə maraqlanmaq, "kriminal avtoritet"olmaq istəyidir.
DİA.AZ-ın məlumatına görə, psixoloq Gülnar Orucova Cebhe.info-ya açıqlamasında bildirib ki, son zamanlar ailə üzvlərinə qarşı törədilən cinayət sayı yad şəxslərə qarşı törədilən cinayət sayından daha da çox olur:
"Cinayətlərin sayının statistikasına nəzər yetirsək görərik ki, artım var. Əvvəllər yad insanlara qarşı cinayət hadisələri daha çox baş verirdisə, son illər yaxın qohumlara qarşı da cinayət törədilir. Son iki il ərzində "oğul anasını öldürdü", "oğul atasını öldürdü" kimi xəbərləri çox oxuyuruq. Ümumiyyətlə, heç bir halda bir insanın digər insanın həyatına qıymasına haqq qazandırmaq olmaz. İstər “namus üstündə”, istər başqa səbəblərdən olsun, buna haqq qazandırmaq düzgün deyil və digərlərini cinayətə təşviq etməkdir.
Övladın onu dünyaya gətirən, böyüdüb-başa çatdıran insanın canına qıyması doğru sayılmaz. Bir məqama diqqət çəkmək istəyirdim. Analar öz övladlarını mərhəmətli böyütməyə çalışsınlar. Biz nə qədər övladımızı mərhəmətli böyüdürüksə, o mərhəmət bizə də yansıyır. Övladımıza şiddət göstəririksə, bir müddət sonra o kini, nifrəti bizə qarşı göstərməyə başlayır".
Psixoloqun sözlərinə görə, yeniyetmələrin kriminal aləmə meyilli olmasında valideynlər qədər məktəblərdəki sistem də günahkardır:
"Son dönəmin yeniyetmələrinə baxın. Yeniyetmələr sanki özlərini kriminal aləmin üzvləri kimi, avtoritet kimi göstərirlər, bəzən o avtoritetlərin sözlərindən istifadə edirlər, onların döymələrini bədənlərinə vurdururlar. Bu, doğru tərbiyə metodu deyil. Valideyn buna heç bir reaksiya vermirsə, bunun da fəsadları olur. Valideyn olaraq övladımızı nəzarətdə saxlamalıyıq. Bu məsələdə həm də məktəblər günahkardır.
Məktəblər çətin tərbiyə olunan uşaqları gizlədir, onların törətdiyi əməli ört-basdır etməyə çalışırlar. Niyə ört-basdır edirsiniz? Hüquq-mühafizə orqanlarına bildirmək lazımdır və o yeniyetmə üçün tədbir görülməlidir. Amma biz onu gizlətməyə çalışırıq. Yalnız iş böyüyəndə polisə müraciət edirik. Rəhbərlər "məktəbimizin adına xələl gələr" düşünürlər, bir də görürlər ki, yeniyetmə artıq cinayət törədib".
Psixoloq qeyd edib ki, namus üstündə törədilən cinayət hadisələrinə haqq qazandırmaq digər insanları da cinayətə təşviq etməkdir:
"Heç bir oğulun ananı “namus üstündə” öldürməsi doğru deyil. Ondan imtina edə bilərsən, sevməyə bilərsən, ananla görüşməyə, əlaqəni kəsə bilərsən və yaxud ananı doğru yola çəkə bilərsən. Mən sosial şəbəklərdə rəyləri oxuyuram, yazırlar ki, düz edib. Namus üstündə bir insanı öldürməyə haqq verirlər. Belə deyildikcə digər insanları da aqressivləşdirir, cinayətə təşviq edirsiniz.
Biz niyə geriyə inkişaf edirik? Azərbaycanda həyat yoldaşı olmayan bir insanın ikinci bir şəxslə münasibət qurmasına, ailə qurmasına, dostluq etməsinə əxlaqsızlıq kimi baxırlar. Amma bu belə deyil. Heç nəyin təsdiqi olmadan bir insanın həyatına qıymaq doğru deyil. Təsdiqi olsa da, bu, cinayətə haqq qazandırmır".