Salyanda 25 yaşlı qadın qətlə yetirilib.
Belə ki, avqustun 16-da saat 15:00 radələrində Salyan rayonunun Arbatan kəndində 1998-ci il təvəllüdlü Günel Qurban qızı İbrahimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, Qaraş İbrahimov könüllü polisə gələrək təslim olub.
Faktla bağlı araşdırma aparılır. Təəssüf doğuran məqam budur ki, son illər qadın cinayətlərinin sayı artıb. Cari ilin yanvar-iyun ayları ərzində qadınlara qarşı törədilmiş cinayətlərin sayı 9,0 faiz artıb. 2021-ci ildə 46, 2022-ci ildə isə qəsdən adam öldürmə hadisələri nəticəsində 79 qadın zərər çəkib. Rəqəmlərin artmasının bir çox səbəbləri var.
TEREF.AZ bildirir ki, hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında bu sahədə olan boşluqlardan danışıb:
"Məişət zorakılığına məruz qalan şəxslərin müdafiə mexanizmi çox zəifdir. Mühafizə orderi gec verilir, bəzən məhkəməyə müraciət ediləndə, dövlət rüsumu istənilir. Bu da qanundakı boşluğu göstərir. Qısamüddətli orderi icra hakimiyyətləri verməlidir, lakin QHT nümayəndələri, vəkillər orderlərin alınmasında çətinlik çəkir. İcra hakimiyyətinin rəhbərləri bu orderlərin verilməsindən yayınır.
Hesab edirlər ki, bu rayonun statistikasını korlayır, məşiət zorakılığını açıb-ağartmaq istəmirlər. Polislər də bu yanaşmanı bilirlər. Ona görə də məişət zorakılığı barədə onlara şikayət ediləndə dərhal ciddi tədbirlər görmürlər".
Onun sözlərinə görə, polislər üçün də məişət zorakılığına məruz qalan vətəndaşlarla işləmək üçün prosesual təlimat qaydası yoxdur:
"Ümumiyyətlə, polislərin hansı prosesual qaydada işləməsinə dair təlimat yoxdur. Biz deyirik ki, xüsusi təlimat olmalı və polislər o təlimat əsasında fəsliyyət göstərməlidir. Amma göstərilən fəaliyyətdə çox ciddi yanlışlıqlar var. Məişət zorakılığının qurbanı olan insanlarla, onu törədənlərlə necə rəftar etmək lazımdır- bununla bağlı vahid sənəd yoxdur. Polislər də çox zaman hesab edir ki, bu, məişət məsələsidir, barışdırmağa çalışırlar. Hətta deyərdim ki, bir çox polis müəssisələri bilmir ki, məişət zorakılığının qurbanları üçün sığınacaq var, qurbanların həyatı da təhlükədədirsə, onları dərhal sığınacağa yerləşdirmək lazımdır".
O, sığınacaqların sayının artırlması məsələsinə də toxunub:
"Ölkədə də sığınacaqların sayı həddən artıq azdır. Məişət zorakılığı da artır, ağır faciələlərlə sonlanır. Böyük şəhərlərdə, region mərkəzlərində sığınacaqların sayını artırmaq lazımdır ki, şəxslər öldürülmədən sığınacağı yatırılsın. Birincisi, məişət zorakılığı ilə mübarizə üzrə polislərin fəaliyyəti üçün təlimat hazırlanmalıdır, mühafizə orderlərinin verilməsi prosesi sadələşdirilməlidir, əlçatan olmalıdır, sığınacaqların sayı artırılmalıdır. Hökumət məişət zorakılığı ilə mübarizə sahəsində çalışan ictimai təşkilatların genişlənməsinə dəstək verməlidir. Təəssüf ki, bunu çox görmürük".
Ə.Mustafayevin fikrincə, psixoloqlar da bu məsələdə yardıma açıq olmalıdır:
"Sığınacaqlarda psixoloqlar var. Ora yerləşdirsələr, qurbanların reabilitasiyası aparıla bilər. Ya da heç olmasa, yardım mərkəzləri yaratmaq lazımdır. Buna çoxdan ehtiyac var. Xaricdə belə bir təcrübə var ki, bir dəfə zorakılıq törədən şəxs qeydiyyata alınır, onunla da polislər, psixoloqlar davamlı işləyir. Qurbanlar öz yerində, amma zorakılığa məruz qalan şəxslərlə də psixoloqlar, polislər müntəzəm olaraq işləməlidir. Bunun üçün də dövlət tərəfindən addım atılmalıdır ".