Son günlər sosial şəbəkələrdə yayılan Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin 4-cü sinfinin müəllimi Yaqut Ağamalıyevaya valideynlərin qızıl əşyalar hədiyyə etməsini özündə əks etdirən görüntülər müzakirələrə səbəb olub.
Xırdalan şəhər 9 saylı tam orta məktəbdə də oxşar hadisə yaşanıb. Belə ki, “Əlifba” bayramında müəllimə qızıl bilərzik hədiyyə edilib.
Cəmiyyət isə bu cür davranışın müəllim nüfuzuna xələl gətirdiyini və belə halların yolverilməz olduğunu düşünür.
DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış hüquqşünas Ələsgər Əhmədoğlu bildirib ki, bu, sırf valideynlərin şəxsi təşəbbüsü əsasında baş verib. Ortada heç bir məcburiyyət yoxdur və şagirdlər müəllimlərinə son dəfə xatirə hədiyyəsi bağışlayıblarsa, məsələnin bu qədər ciddi müzakirəsi əhəmiyyətsizdir:
"Rüşvət və ya hədiyyə məsələləri işə görə dəyişir. Müəllim tələbəyə, şagirdə bilgi verir və və buna görə şagird ona hər hansı haqq ödəmir, çünki təhsil dövlət hesabına verilir və müəllimin əmək haqqını da dövlət ödəyir. Bu baxımdan, sözügedən məsələdə hər hansı asılılıq yoxdur. Əgər müəllimə valideynlər hörmət edirsə, yaxud maddi dəyəri olan hədiyyə verirsə, bu müəllimin illərlə çəkdiyi zəhmətin haqqıdır, ona görə bu məsələni çox böyütmək lazım deyil.
Əgər müəllim bu hədiyyəni şagirdə qiymət yazmaq qarşılığında etsəydi, o zaman məsələni müzakirə etmək, müəllimi qınamaq olardı. Amma bu məsələdə iş bitib, şagirdlər müəllimlə vidalaşıb gedərkən ona xatirə hədiyyəsi verirsə, məsələni bu qədər böyüdüb krizis halına niyə gətirirlər, mənə çatmır. Yenə deyirəm, müəllim nəyinsə qarşılığında bunu valideynlərdən tələb etsəydi, o zaman məsələ ciddi müzakirə oluna bilərdi.
Kimsə yığışıb müəllimə qalıcı bir hədiyyə veribsə, bu toplumu bu qədər gərəcək hadisə olmamalıdır. Xüsusən də şagirdlər müəllimlə vidalaşırsa, bundan sonra həmin müəllim onlara bir daha qiymət yazmayacaqsa, şagird tərəfindən içdən gələn davranışdırsa, o zaman bunun belə geniş müzakirəsinə ehtiyac yoxdur".
Ekspert bildirib ki, bu gün cəmiyyətdə müzakirə olunmalı daha ciddi problemlər var və onların fonunda müəllimə hədiyyə alınması çox cılız məsələdir:
"Hesab edirəm ki, müəllimə zinət əşyasının bağışlanması bu gün taksi qiymətlərinin qanunsuz şəkildə yüksəlməsi fonunda çox cılız məsələdir. Çalışıb cəmiyyət onu daha çox ilgiləndirən məsələlərə yönəlməlidir. Bu gün büdcədən milyonları xərcləyib heç bir hesabat verməyənlərdən biz hesab sormuruqsa, hansısa müəllimə qızıl bilərzik, sırğa hədiyyə edilməsinin hesabını sormaq mənasızdır. Müəllimlərin üzərinə kütləvi şəkildə getmək, yüz minlərlə müəllimin əməyini bir hadisəyə görə qiymətləndirmək çox təhlükəlidir".