Nazarbayevin qadın qohumunun cinayət dosyesi – Adam oğurluğu, mənimsəmə...
Mayın 4-də Astana məhkəməsi Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı oğlunun keçmiş arvadı Gülmira Satıbaldını özbaşınalıqda və adam oğurluğunda təqsirli bilinərək əmlakı müsadirə olunmadan 7 il müddətinə azadlıqdan məhrum edib. Bundan başqa, Satıbaldı Qazaxıstanın dövlət mükafatı - “Kurmet” ordenindən də məhrum ediləcək.

Bu iş üzrə ikinci təqsirləndirilən Satıbaldı Madi Batırşayevin sürücüsü də 7 il, üçüncü müttəhim, adam oğurluğunun səbəbkarı Rəşid Utebekov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

İş üzrə zərərçəkənlər iki sahibkardı - “Galanz bottlers” ASC-nin təsisçisi Tursenqali Alaguzov və “Maxi Bottlers” LLP-nin keçmiş sahibi Aygül Mekeşevadır. Onların məhkəmə prosesi martın ortalarından başlamışdı.

Gülmira Satıbaldı 2022-ci il martın 16-da tutularaq Astanada müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Korrupsiyaya Qarşı Mübarizə Agentliyi ona və bir sıra digər şəxslərə qarşı biznes obyektlərinin qanunsuz zəbt edilməsi ittihamı ilə istintaq başlayıb. 2023-cü ilin yanvarında məlum oldu ki, Satıbaldı adam oğurluğu və özbaşınalıqda ittiham olunur. İstintaqın məlumatına görə, Satıbaldı böyük içki şirkətlərinin səhmlərini ələ keçirməyə çalışıb, Mekeşevanı qaçırıb və uşaqlarını öldürməklə hədələyib. Onlara dəyən zərərin məbləği 6 milyard tengedən çox olub. Aprel ayında Satıbaldı və Mekeşeva istintaqla əməkdaşlığa gedərək günahlarını qismən etiraf ediblər.

Gülmira Satıbaldı əvvəllər Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldı ilə evli olub. “Forbes” nəşri 2018-ci ildə onu Qazaxıstanın ən nüfuzlu iş adamları siyahısına daxil edib, onun sərvəti 163 milyon dollar dəyərində qiymətləndirilib. Kayrat Satıbaldı dövlət qulluğunda çalışıb, paytaxt merinin müavini olub, milli şirkətlərdə rəhbər vəzifələr tutub. O, 2022-ci ilin martında saxlanılıb və sentyabrda məhkəmə onu əmlakı müsadirə olunmaqla və 10 il müddətinə dövlət qulluğunda işləmək hüququndan məhrum edilməklə 6 il müddətinə cəzaya məhkum edib. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə və “Kazaktelekom” ASC-nin vəsaitlərini xüsusilə külli miqdarda mənimsəməkdə təqsirli bilinib.

Dünyapress TV

Xəbər lenti