Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 7 ay əvvəl - 2022-ci il sentyabrın 9-da 1 yaşlı Yusifin anası tərəfindən öldürülməsiylə bağlı cinayət işi üzrə məhkəmə araşdırmaları başlayıb. Bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Bizimyol.infi xəbər verir ki, 1 yaşlı oğlunu öldürməkdə ittiham olunan Nərgiz Bağıyevanın 21 yaşı var. Aprelin 10-da prokuror ittiham aktını elan edərkən məlum olub ki, Yusif 2021-ci ildə qeyri-rəsmi nikahdan anadan olub. İttihamda yazılıb ki, uşağa gündəlik qayğı tələb olunduğundan, həmçinin anasının həyatında olan başqa kişi ilə görüşməsinə mane olduğuna görə Nərgiz Bağıyeva 1 yaşlı körpəni öldürmək qərarına gəlib. Bu məqsədlə o, sentyabrın 9-da uşağın yeməyinə hidrogen peroksid (perekis) qataraq, ona verib. Özü isə süd almaq üçün mağazaya gedib ki, qayıdana qədər uşaq ölsün. Təxminən 20-25 dəqiqə uşaq bezi alıb geri qayıdanda isə uşağın ölmədiyini, lakin ağzından köpük gəldini və onun ağladığını görüb. Nərgiz Bağıyeva daha sonra uşağı boğub. Ardınca isə onu götürüb və o zaman görüşdüyü Xəlil adlı şəxsin işlədiyi balıqçı mağazasına gedib. Onlar birlikdə uşağı xəstəxanaya aparıb, uşağın vəziyyətinin pis olduğunu deyiblər. Xəstəxanada həkimlər uşağın artıq öldüyünü bildiriblər.
Məhkəmədə prokuror ittiham aktını elan edəndən sonra hakim Əli Məmmədov Nərgiz Bağıyevaya müraciət edərək, özünü təqsirli bilib-bilmədiyini soruşub. O, özünü təqsirli bilsə də, ifadə vermək istəməyib. Lakin məhkəməyə ərizə təqdim edib. Orada yazıb ki, əməlindən çox peşmandır. Özü uşaq evində böyüyüb, ana qayğısından məhrum olub.
Nərgiz Bağıyevanın atası 2011-ci ildə vəfat edib, bunu istintaqa ifadəsində göstərib. Lakin anası sağdır - Leyla Bağıyeva. Yeri gəlmişkən, zərərçəkmişin – ölən körpənin hüquqi varisi qismində də Leyla Bağıyeva tanınıb. Çünki uşağa o baxırmış. Hadisə vaxtı Leyla Bağıyeva işdə olub.
Nərgiz Bağıyeva məhkəmədə ifadə vermək istəmədiyinə görə onun istintaqdakı ifadəsi elan edilib. Orada göstərib ki, ailə vəziyyətləri ağırdır. Anası Hövsan qəsəbəsində kafedə qabyuyan işləyir. 2021-ci ildə tanış olduğu Ziya adlı narkotik istifadəçisi onun bəkarətini pozub və hamilə qalıb. Lakin həmin şəxs uşağa sahib çıxmaq istəməyib.
Nərgiz Bağıyevanın sözlərinə görə, anası Leyla Bağıyeva da əvvəllər uşağı istəmirdi. Lakin sonradan ona çox bağlanmışdı, Yusifi çox istəyirdi. Onun sözlərinə görə, oğlunu uşaq evinə vermək istəsə də, anası razılaşmırdı.
“Uşağa baxdığıma görə özümə baxa bilmirdim, öz qayğıma qala bilmirdim”, - oğlunu öldürmək qərarına gəlməsini belə izah edib.
Nərgiz Bağıyevanın sözlərinə görə, o, sonradan Xəlil adlı balıqçı ilə tanış olub, onunla görüşməyə başlayıb. Uşağa görə onunla da görüşə bilmirmiş.
Hadisə gününə gəlincə, o göstərib ki, Yusifin yeməyinə perekis qatıb, onu boğandan və körpənin vəziyyəti pisləşəndən sonra uşağı götürüb Xəlilin balıqçı mağazasına aparıb. Ona törətdiyi əməl haqda heç nə deməsə də, uşağın vəziyyətinin pis olduğunu bildirib. Onlar birlikdə uşağı xəstəxanaya aparıb. Lakin orada uşağın artıq öldüyünü deyiblər.
Məhkəmədə uşağın nənəsi və zərərçəkmişin hüquqi varisi Leyla Bağıyeva da ifadə verib: “Mən kafedə qabyuyan işləyirdim, o uşağı qab yuya-yuya saxlayırdım. Həmin gün də uşaq mənim yanımda olub. Gəlib dedi ki, təkəm, darıxıram, ver, aparım baxım. O uşaq iki saatın badına getdi...”
Anasının sözlərinə görə, Nərgiz Bağıyeva qohum-qonşuların yanında uşağı öldürəcəyini, yaxud da uşaq evinə verəcəyini əvvəldən deyirmiş. Ona görə də uşağı etibar edib, çox vaxt onun yanında qoymurdu: Ona görə də uşağı onun yanında qoymurdum. Axırıncı dəfə saqqızımı oğurladı, uşağı apardı. O da belə oldu...”
Qızının psixi problemləri olduğunu deyən Leyla Bağıyevanın sözlərinə görə, Nərgizə qarşı təcavüzlə əlaqədar vaxtilə hüquq-mühafizə orqanlarına şikayət olunsa da, rüşvət müqabilində məsələ ört-basdır edilib: “O vaxt Elçin müəllimin cibinə pul basdılar, ört-basdır elədilər...”
Bu cinayət işi üzrə məhkəmə araşdırmaları iyunun 12-də davam edəcək.
Nərgiz Bağıyevaya Cinayət Məcəlləsinin 120.2.4. (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Azərbaycan qanunlarına əsasən, qadınlara ömürlük həbs cəzası təyin olunmur.