"Nə vaxt baş ağrılarım olur, çox yatıram, onda həkimə gedirəm. Həkim də baxır deyir ki, hamiləsən..." -
"Nə vaxt baş ağrılarım olur, çox yatıram, onda həkimə gedirəm. Həkim də baxır deyir ki, hamiləsən..." - Çoxuşaqlı ana

Quba sakini, 6 uşaq anası, hazırda 7-ci uşağının doğulmasını gözləyən Qahirə İbrahimova çoxuşaqlı ana olmağı könüllü seçməyib, o, sadəcə hamiləlikdən qorunmağın yollarını bilmir.

“Qorunma vasitələrini bilmirəm. İstərdim gedim həkimə, nəsə etsinlər ki, mən bir də həkimlərə düşməyim”, - 33 yaşlı Qahirə İbrahimova BBC-yə deyir.

O deyir ki, hamilə qaldıqdan sonra abort etməyə maddi imkanı çatmadığından hər dəfə doğmalı olur.

Qubada yaşayan 34 yaşlı Qahirə İbrahimova 2014-cü ildə ailə qurub. O deyir ki, hamı onu tez-tez uşaq doğduğu üçün qınayır, ancaq onun xəstəxanaya profilaktik məqsədlərlə getməyə heç vaxt maddi “imkanı olmayıb”.

BBC-yə danışan mütəxəsislər hesab edirlər ki, Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırması haqqında qanun qəbul edilsə, Qahirə İbrahimova da ucqar yerlərdə yaşayan bir çox qadın kimi arzuolunmaz hamiləlikdən əziyyət çəkməz.

Sözügedən qanun isə hələ qəbul edilməyib.

Səhiyyə Nazirliyinin müəssisəsi olan İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisi Afət Məmmədova deyir ki, qanun qəbul olunsa, reproduktiv sağlamlıqla bağlı məsələlər “daha tez həllini tapar və qadınların uşaqlıqdaxili vasitələrə, o cümlədən, kontraseptivlərə çatımlılığı artar”.

Deputat Məlahət İbrahimqızı bu qanunun indiyədək nə üçün qəbul olunmaması ilə bağlı sualına “bu qanun təcili, “pojarnı” deyildi” deyə cavab verib.

Ailə, Qadın, Uşaq Problemləri İnstitutundan bildiriblər ki, qurumun qanun layihəsinin qəbulunu sürətləndirilməsini istəmək “səlahiyyəti yoxdur, yalnız bölgələrdə maarifləndirmə aparmaq imkanları var”.

BMT-nin Azərbaycanda cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə saziş qurumlarının tövsiyələrinin icra vəziyyətinin qiymətləndirilməsi sənədində deyilir ki, “sənəd Milli Məclisdə təqdim olunarkən opponentlər hesab ediblər ki, qanun layihəsində əks olunmuş süni mayalanma, surroqat analıq və sperma donorları “milli mentalitetə” ziddir”.

“Bu uşağı doğsan..."

BBC müxbirlərinin Azərbaycanın ucqar kəndlərdə söhbətləşdiyi bir çox qadın nəinki ailə planlaşdırması və ya reproduktiv sağlamlıqla bağlı məlumatlıdır, onlar heç profilaktik məqsədlərlə də ginekoloqa getmirlər.

Onlar məsləhət almaq üçün yaşadıqları yerdə nəinki həkim və heç tibb bacısı da tapa bilmədiklərini deyirlər: “Ancaq hamiləsənsə, həkimə gedirsən, qalan bütün hallarda, ağrıdan ölmürsənsə, evdə birtəhər özünü müalicə edirsən, ya da ki, kənddə başı çıxan kimsə sənə kömək etməyə çalışır” – söhbət etdiyimiz qadınlardan biri bizə deyir.

Quba sakini Qahirə İbrahimova da deyir ki, onun adi vaxtlarda, sadəcə tibbi müayinə üçün həkimə getmək kimi təcrübəsi yoxdur. O, həkimə yalnız hamilə olmasından şübhələndikdə gedə bilir.

“İmkansızlıqdan. Nə vaxt baş ağrılarım olur, çox yatıram, onda həkimə gedirəm. Həkim də baxır deyir ki, hamiləsən, uşaq da ikiaylıqdır, ya da üçaylıqdır, onda da yoldaşım qoymur tələf etməyə ki, günahdır. Bundan əvvəlki uşağı doğanda mənə xəstəxanada dedilər ki, yazıqsan, gətir spiral qoyaq sənə, çünki vəziyyətin ağırdır. Resept yazdılar ki, get bunu aptekdən al. 60 manat idi spiral qoymağın qiyməti. Ona da imkanım olmadı. Gəldim evə, dedim ayın axırı gedərəm. Sonra da bu uşaq boynuma düşdü”, - Qahirə İbrahimova deyir.

İndi 6 uşaq anası olan Qahirə İbrahimovanın ilk övladı ana bətnində altıaylıq ikən tələf olub. 2015-ci ildə ikinci övladı sağlam, sonrakı oğlu isə autizmlə dünyaya göz açıb. Dördüncü doğuşda körpə qısa müddət sonra vəfat edib. Beşinci doğuşda qızı salamat qalıb, amma onun da sağlamlığında problem olub. Əməliyyat edilsə də, uşaqda əlillik qalıb.

“Xalça-palazımızı satdıq, qızımı aparıb əməliyyat etdirdik, ancaq ayaqlarında qüsur qaldı. Bir addım atır, yıxılır. Əlildir indi”, - Qahirə xanım deyir.

Sonradan Qahirə İbrahimovanın daha üç uşağı doğulub: 6-cı övladı Yusif, onun ardınca isə qızları Lətifə və Həyat.

“Xəstə uşağı əməliyyat etdirməyə kredit götürmüşdük. Evdə ondan başqa 5 uşaq var. Bunun ərzağı var. Qışda odunum yoxdur ki, peç qalayım. Uşaqlar ölür soyuqdan. Toku da qoşmuşam 45 manat yazıb. Heç bir yerdən gəlir də yoxdur. Çətindir. Getmək olmur həkimə. Burdan Qusara maşınlar 30-40 manata aparırlar”, - o vaxtlı-vaxtında həkimə gedə bilməməsinin səbəblərini sadalayır.

Qahirə xanım deyir ki, indiyədək iki dəfə evdə özbaşına medikamentoz aborta, yəni, dərman içərək “uşaq salmağa” cəhd edib və hər ikisində də onu Qusara – xəstəxanaya “zorla çatdırıblar”.

“Evdə ucuz olduğu üçün dərman içib, uşağı salmaq istədim, ancaq olmadı. Uşaq düşmədi. Təcili yardım məni güclə Qusara - balnisaya çatdırdı. Həmişə elə olur, uşaq gəlir dayanır ağızda, düşmür. Qanaxma götürür məni. Həkim də deyir ki, sən dərman atma, xəstəxanaya çatdıra bilməzlər, ölərsən. İndi bu uşağa görə (qarnını göstərir - müəl.) getmişdim həkimə, Qubanın həkimi Qusarla danışdı. Dörd aylıqdır deyə, götürmək təhlükəlidir”, - Qahirə İbrahimova danışır.

Gənc ana reproduktiv sağlamlıq və ailə planlaşdırmasının nə olduğunu bilmədiyini deyir. O bu barədə heç vaxt heç kimdən məlumat almadığını bildirir.

“Milli mentalitetə zidd” qanun qəbul olunarsa...

Səhiyyə Nazirliyinin müəssisəsi olan İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Afət Məmmədova təəssüflənir ki, Azərbaycanda “reproduktiv sağlamlıqla bağlı qanun çoxdan hazırlansa da, hələ qəbul olunmayıb”.

“Neçə illərdir bu qanun layihəsinin qəbulunu saxlayırlar, yaz sessiyası gələndə deyirlər ki, payız sessiyasında, payız sessiyasında da yenə başqa vaxta uzadırlar. Həmin bu soruşduğunuz məqamlar orada öz əksini tapıb. O qanun qəbul olunmayıb deyə istinad edə bilmirəm. Ancaq bilirəm ki, orda aztəminatlı ailələrə kontraseptivlərin verilməsi, uşaqlıq daxili vasitələrin təmin olunması nəzərdə tutulub”.

Sənədin nə zamanı qəbul olunacağı haqda qanunverici orqanın təmsilçiləri BBC-yə “bu yaz sessiyasında qanun layihəsinin Milli Məclisə çıxarılacağını” deyiblər.

Reproduktiv sağlamlıq və ailə planlaşdırması nədir?

İSİM-in həkim-metodisti Afət Məmmədova deyir ki, reproduktiv sağlamlıq ümumi sağlamlığın, ailə planlaşdırması da onun hissəsidir.

O deyir ki, əvvəllər həm Bakıda, həm də bir çox iqtisadi bölgədə ailə planlaşdırması mərkəzləri olub.

“Hər bir cütlük müraciət edə bilərdi və orada onlara həmin bu prinsipləri izah edirdilər, uşaqlar arasında düzgün fasiləni necə seçmək lazımdır, intervallar hansı üsullarla gözlənilməlidir və sair. Təssüf ki, son illərdə ailə planlaşdırması mərkəzlərinin fəaliyyəti elə də qabarıq deyil, nəinki 90-ci illərdə və 2000-ci illərin əvvəllərində. Ancaq daha sonra ailə həkimi institutu qurulmağa başlayanda reproduktiv sağlamlıq və ailə planlaşdırması barədə təlimlər Azərbaycanda işləyən bütün mama-ginekoloq və mamalar üçün keçirildi. Həmçinin bu təlimlər bütün ailə həkimlərinə və tibb bacılarına da keçirilmişdi”.

Afət Məmmədova deyir ki, doğuşdan növbəti hamiləliyə qədər mütləq fasilə vermək lazımdır: “Bu fasilələrdən nə qədər məlumatlıdırlar qadınlarımız, xüsusən bölgələrdə yaşayanlar? Özünüz bilirsiniz ki, bizim yazılmamış qaydalara görə uşaqlar dalbadal olsa, ana hisdən-pasdan o qədər tez ayrılar, uşaqlar da birgə böyüyər. ÜST-ün tövsiyəsi isə deyir ki, mütləq doğuşlar arasında 2 ildən az olmayan fasilə lazımdır ki, ana öz orqanizmini bərpa etsin və təkrar hamiləliyini fəsadsız keçirsin, həmçinin uşaq sağlam doğulsun”.

“Sosial, tibbi və psixoloji tərəfləri ilə bağlı məlumatlar çatımlı deyil”

Azərbaycanda 21 ildir fəaliyyət göstərən Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin 5 prioritet mövzusundan biri reproduktiv sağlamlıqla bağlıdır.

Təşkilatın rəhbəri Şəhla İsmayıla görə, Azərbaycanda “ən çətin və davamlı olaraq ən çox iş görülməli sahə” bu məsələ olduğundan bir QHT kimi hər zaman onu diqqətdə saxlamağa çalışırlar.

“Ölkədə bu sahədə görüləsi həddindən artıq çox iş var. Çox pis göstəricilərimiz var. O cümlədən selektiv abortlar üzrə biz dünyada birinci yerdəyik. Bu, o deməkdir ki, dünyada ana bətnində qız uşağıdır deyə, dölün amansızcasına tələf edilməsinə imza atan ölkəyik”.

Şəhla İsmayıl hesab edir ki, ölkədə Reproduktiv sağlamlığın sosial, tibbi və psixoloji tərəfləri ilə bağlı məlumatlar çatımlı deyil.

“Ölkə televiziyalarında reproduktiv sağlamlıqla bağlı bir veriliş yoxdur. Bir peşəkar nəşr yoxdur ki, dövlət tərəfindən idarə olunsun və bu məlumatlar orada çap olunsun. Evdə oturan xanımlar üçün gedəcək yer yoxdursa, söhbət həkimdən yox, maariflənmədən gedir, profilaktikadan gedir. Nəyinsə qarşısının alınması üçün müəyyən məlumatların əldə olunmasından gedir. İstər hökumət tərəfindən, istər QHT-lər tərəfindən”, - müsahibimiz əlavə edir.

O deyir ki, yalnız internetə girişi olanlar nələrsə tapa bilər, bu məqamda isə “ən vacib problemlərdən biri - Azərbaycan dilində vacib məlumatların olmaması məsələsi ortaya çıxır”.

“Reproduktiv sağlamlıq dölün ana bətnində olduğu dövrü və hamiləlikdən sonrakı dövrü əhatə edir. Bu, çox geniş bir mövzudur. Bura ana-uşaq ölümlərindən, uşaq dünyaya gətirilməsindən əlavə, süd vəzi xəstəlikləri, əmizdirmə məsələsi, aidiyyatı xəstəliklər, patalogiyalar daxildir, bütövlükdə fiziologiyanı bilmək, məlumatlandırma daxildir. Ailə planlaşdırması da sözsüz ki, bunun tərkibindədir, ancaq biz onu dar çərçivədə götürürük, ancaq qadınlara aid olduğunu götürürük. Ancaq axı, bu, həm kişilərə, həm də qadınlara aid olan məsələdir”.

Şəhla İsmayıl iddia edir ki, ölkədə bu sahədə məktəblər səviyyəsində də bu məsələlər tədris olunmur.

“Biz konsultasiya formasında 8-10-cu sinif qızları üçün təlimlər təşkil etmişik. Bakının bütün kəndlərinin məktəblərində ginekoloq və androloqları aparıb maarifləndirmə aparmışıq. Görmüşük ki, nəinki uşaq dünyaya gətirmək barədə, qızların ümumiyyətlə aybaşı ilə əlaqəli mövzulardan, elementar gigiyenik məsələlərdən xəbəri yoxdur. Ailələrdə bu mövzuda danışmaq tabudur. Abır-həya bəhanəsi ilə uşaqlara qətiyyən məlumat verilmir, məktəblərdə də tədris olunmur. Ona görə də mütəşəkkil işə ehtiyac var. Bu məsələ Azərbaycanda ən təzadlı mövzulardandır”, - o əlavə edir.

Hamiləlikdən qorunma vasitələrindən istifadə: Azərbaycan statistikası nə deyir?

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Afət Məmmədova deyir ki, Azərbaycanda müasir konratseptiv vasitələrdən reproduktiv yaşda olan qadınların cəmi 14 faizi istifadə edir. Mütəxəssis bunun “çox aşağı faiz” olduğunu düşünür.

“İnkişaf etmiş ölkələrdə qadınların 50 faizi, elə ölkələr var ki, hətta 70 faizi müasir konratseptiv üsullardan istifadə edir”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanda uşaqlıqdaxili spiralı olan qadınların sayı hər min nəfərə 4,5 nəfər olub.

Məlumatlarda, həmçinin bildirilir ki, ölkədə eyni ildə 11,4 min qadın və ya hər min qadından 4,4 nəfəri hormonal kontrasepsiyadan istifadə edib.

Cəmi 10,4 min qadın baryer kontraseptivdən (prezervativlər, diafraqmalar, uşaqlıq boynu kolpakları) istifadə edərkən, 5,4 min qadın isə kimyəvi kontrasepsiyaya üz tutub. Bu isə müvafiq olaraq hər min qadına 4 və 2,1 nəfər deməkdir.

İndiyədək hamiləlikdən qorunma vasitəsi kimi 62 qadın sterilizasiya üzrə cərrahiyyə əməliyyatlarına müraciət edib, bu isə hər yüz min qadına 2,4 qadın deməkdir.

“Bu işin başında mütləq maarifləndirmə durmalıdır”

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəsi də tövsiyə edir ki, ailə planlaşdırması ilə bağlı və reproduktiv tibbi maarifləndirmə qızlar və oğlanlar arasında geniş aparılsın, xüsüsi ilə cinsi yolla yoluxan HİV və AİDS xəstəliklərinin aradan qaldırılmasına diqqət yetrilsin.

Afət Məmmədova vurğulayır ki, təmsil etdiyi qurum ölkənin bir çox bölgələrində, əsasən məktəblərdə, kollec və universitetlərdə maarifləndirmə ilə məşğuldur: “Söhbətlər aparılır, bukletlər hazırlanır, paylanılır. Yəni, ölkədə əhalinin maarifləndirilməsi gənc yaşlardan başlayaraq və əlbəttə ki, şəxslərin yaşlarına uyğun olan məlumatlar uyğun formada verilir”.

Ailə, Qadın, Uşaq Problemləri Komitəsinin ailə məsələləri şöbəsini müdir müavini Kamila Əliyeva deyir ki, Azərbaycanın 11 bölgələsində qadınlarla işləmək üçün 11 mərkəz var. Bu mərkəzlər - Zaqatala, Goranboy, İsmayıllı, Ağdam, Göygöl, Hacıqabul, Qəbələ, Saatlı, Sabirabad, Şüvəlan və Zərdabda yerləşir.

“Əməkdaşların sayı çox deyil, hər mərkəzdə təxminən 10-a qədər əməkdaşımız var. Bunlar, əsasən, sosial işçilər, pedaqoqlar, psixoloqlardır (hamısında yoxdur). Elə mərkəz var, bu say daha azdır. Üstəlik, bu mərkəzlərdə ginekoloqlar, mamalar və başqa tibb işçiləri yoxdur. Səhiyyə Nazirliyinin qurumu İSİM-dən həkim-metodist cəlb olunur, rayonların öz həkimləri cəlb olunur. Biz maarifləndirici qurumuq. Bizim öhdəliyimiz əsasən və yalnız maarifləndirici tədbirlər keçirməkdir. Həkim kimi məlumatlandırmaları isə həkim-ekspertlər aparır”, - Kamila Əliyeva deyir.

Komitə rəsmisi vurğulayır ki, onlar əsasən gənclər arasında reproduktiv sağlamlıq, ailə planlaşdırması, selektiv abortlarla bağlı təlimlər aparırlar.

O deyir ki, təmsil etdiyi qurumun yalnız təkliflər vermək səlahiyyəti var.

Ancaq Şəhla İsmayıl aparılan maarifləndirmə işlərini yetərli saymır. Üstəlik, onun fikrincə, yoxsul ailələrdə o qədər sosial problem var ki, reproduktiv sağlamlıq haqqında bəlkə heç eşitmək istəməzlər.

“Təsəvvür edin, gəlirsən hansısa bir mövzu ilə - elə olsun reproduktiv sağlamlıq - girisən otağa ki, bir otaqda 8 nəfər yaşayır, yuxarıdan tavandan su damır, ortalıqda ləyənlər qoyulub və sən burada insan haqlarından danışırsan. Görün nə qədər uyğunsuz bir tablodur. ...İnsanlar o qədər acınacaqlı vəziyyətdə yaşayırlar ki, gəlib onlara hansısa reproduktiv sağlamlıqdan təlim vermək onları təhqirdir”.

Ailə planlaşdırılmasında istisna – abort

“Azərbaycanda 2004-cü ildən beynəlxalq təşkilatlar tərəfindən qadınlara verilən kontraseptiv vasitələr dayandırılıb”, - bu barədə Azərbaycanda cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə saziş qurumlarının tövsiyələrinin icra vəziyyətinin qiymətləndirilməsi sənədində (2015-ci il) deyilir.
Sənəddə, həmçinin Azərbaycanda abortların ailə planlaşdırılmasının əsas üsulu kimi istifadə edilməsindən də narahatlıq ifadə edilib.
“Çünki uşaqlıq cərrahi abort zamanı deşilə, cırıla, qanaxma ola bilər. İkincisi isə infeksiya ehtimalıdır. İltihabi proses yaradır ki, bu da sonsuzluğa səbəb ola bilər. Abortlardan sonra uşaqlıqdankənar hamiləlik də həyati təhlükə yaradır. Üstəlik, abort gələcək uşağın – dölün xəstə və azçəkili olma və sair risklərini də artırır. Vaxtında kömək almasa, qadın daxili qanaxmadan ölə bilər. Abortdansa, ailə planlaşdırması üsullarından istifadə etmək tövsiyyə olunur. Bunun da növləri var, çeşidləri var, hər bir cütlük özü üçün fərdi olaraq bu üsullardan birini seçə bilər və doğuşdan iki il keçdikdən sonra o kontraseptiv üsulların istifadəsini dayandırıb istədiyi vaxt hamilə qalaraq, uşaq sahibi ola bilər”.

2000-ci ildən bəri Azərbaycanda ən az abort göstəricisi 2000-ci ildə qeydə alınıb: 17,5 min nəfər.
2012-ci ildən isə abortların sayı hər il artan xətlə gedib, 2021-ci ildə aborta getmiş qadınların sayı 46, 877 olub. 2021-ci ildə ölkədə 15-49 yaşlı hər 1000 qadından 18-i aborta üz tutub.
„Pajarnı“ olmayan qanun

BBC Azərbaycancanın danışdığı mütəxəssislər sözügedən qanunun qəbulunun ailə planlaşdırılmasına və xüsusilə yoxsul ailələrdə reproduktiv sağlamlığa müsbət təsir edəcəyini, bu sahədə müşahidə edilən bir çox problemin həll olunacağını düşünürlər.
Parlamentdə bu qanun layihəsi bir dəfə müzakirəyə çıxarılıb, amma deputatlar tərəfindən bir sıra tənqidlərlə üzləşib.

Milli Məclisin səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyir ki, o, qanun layihəsinin işçi qrupunun rəhbəri olsa da, elə özünün də razılaşmadığı müddəalar olub.
Millət vəkili onu narazı salan məqamların yalnız birinə toxunub: o və bəzi həmkarları surroqat ana məsələsinə etiraz ediblər.

“Azərbaycanın milli dəyərləri var. Bizim mənəviyyat kodeksimiz var. Azərbaycan xalqının mənəviyyat kodekslərinə, milli dəyərlərinə uyğun gəlməyən məsələləri, öz ailəm üçün razı olmadığım, rəva bilmədiyim maddələri xalq üçün edə bilmərəm. Millət vəkillərində bir neçə maddə ilə bağlı fikir ayrılığı oldu və çoxluq etiraz etdi və tapşırıldı ki, qanun [layihəsi] geri qayıtsın və təkrar işlənsin. Ondan sonra da dövlət proqramı hazırlanırdı, o proqram da hazır olmadığına görə, bunlar da bir-birlərini tamamlamalı idi deyə bu layihə qaldı”.

Deputat deyir ki, daha sonra da parlament seçkiləri və digər daha vacib qanunlar gündəmə gəlib:

“Ailə planlaşdırması ilə bağlı da Əhalinin Sağlamlığı haqqında Qanunda, bir də Ailə Məcəlləsində, eləcə də digər bir sıra qanunlarda ayrı-ayrı maddələr var idi. Yəni, demək istəyirəm ki, təcili, “pojarnı” deyildi bu qanun. Çünki bizdə analığın mühafizəsi ilə bağlı BMT-nin konvensiyası ratifikasiya olunub, ondan irəli gələn məsələlər qanunlarda təsbit olunub. Ona görə bu qanun [layihəsi] qaldı. Ancaq indi inşallah yaxın vaxtlarda buna baxılacaq. Qanun layihəsindən millət vəkillərinin haqlı irad tutduqları, etiraz etdikləri məqamlar çıxarılıb artıq. Yəqin ki, yaz sessiyasında bir daha işçi qrupunda, komitə iclasında baxılacaq, sonra Milli Məclisin rəhbərliyi səviyyəsində iş planına salınacaq”.

Qanun qəbul olunana qədər isə, Qahirə İbrahimova və onunla oxşar vəziyyətdə olan qadınlar bətnindəki uşağın doğulmasını gözləməklə yanaşı, digər övladlarını necə dolandırmağın qayğısını çəkməklə məşğul olacaqlar.

Dünyapress TV

Xəbər lenti