Azərbaycan mövcud siyasi üstünlüyünü necə qorumalıdır? -
Bir anlıq düşünək, Rusiya sülhməramlılarının 5 illik fəaliyyət müddəti bitir və hazırkı şərtlər daxilində ərazidən çıxır. Xaos, qarşıdurma, talelərinin necə olacağını bilməyən insanlar. Azərbaycan tərəfinin indiki mərhələdə atdığı addımlar bu baxımdan da çox əhəmiyyətlidir. Həm də gələcəyə yönəlik, Rusiya sülhməramlılarının çıxacağı zaman necə davranacağının təməlləridir.

Azərbaycan tərəfi, xüsusilə Soçi görüşündən dərhal sonra sülhməramlıların fəaliyyətini kəskin tənqid etməyə başladı. Bu tənqidlərdə telekanalların canfəşanlıq etməsi bölgəni tanıyanlara “rəsmi Bakının mövqeyi budur” mesajını verirdi. Rusiya, bəlkə də, Ukraynada bataqlığa batmasaydı, geri addım atmaz, qarşıdurmaya gedərdi. Ancaq ruslar da zaman qazanmaq, açıq qarşıdurmadan yayınmaq üçün güzəştə getməyə məcbur oldu. Düzü, rəsmi Bakının arzuladığı da bu idi. Belə ki, ruslar geri addım atmasa, tək çıxış yolu olaraq sərt güc tətbiqi qalırdı. Nəzərə alsaq ki, Azərbaycan ordusu istər sərhəddə, istərsə də Qarabağda bütün strateji yüksəklikləri əlinə keçirib, bundan sonra atacağı ilk addım da yaşayış məntəqələrini ələ keçirmək olacaqdı. Buna isə beynəlxalq aləmdən gələcək reaksiyaları təxmin etmək çətin deyil. Hazırkı vəziyyət həm Moskva, həm də Azərbaycan üçün ən optimal çıxış yoludur.

Azərbaycan bu günə qədər qeyri-rəsmi formada Qarabağda yaşayan ermənilərlə danışıqlar aparıb. Ancaq əraziyə hansısa adla daxil olmaq vacib idi. Ekologiya ilə bağlı əraziyə daxil olmaq gözlənilməz olmaqla yanaşı, həm də son dərəcə ağıllı addım sayılmalıdır.

Dirənişin nəticəsi olaraq gömrük postlarının qurulması barədə ilkin açıqlama artıq verilib. Üçtərəfli bəyanatda Rusiya gömrüyü ilə bağlı bir cümlənin belə keçməməsi onu deməyə əsas verir ki, ərazidəki gömrük postlarına Azərbaycan gömrükçüləri yerləşə, Rusiya sülhməramlıları isə onların mühafizəsini təşkil edə bilər. Əslində, bunun olması bəyanata zidd deyil. Çünki bəyanatda “maneəsiz” sözü Ermənistandan keçən nəqliyyat yolu barədə yazılıb, Laçın dəhlizi ilə bağlı isə belə bir ifadə yoxdur.

Gömrük postlarının qurulması ilə Azərbaycan giriş və çıxışlarda bütün yükləri yoxlaya biləcək. Bununla arzu edilməyən heç nə Laçın dəhlizi vasitəsi ilə əraziyə keçə bilməyəcək.

Gömrük xidməti müəyyən mənada həm də pasport nəzarəti deməkdir. Hər halda, yük yoxlanarkən o yükün kimə məxsus olması da məlum olmalıdır. Bu o anlama gəlir ki, gömrük xidməti adı altında Azərbaycan sərhəd xidmətini də həyata keçirmiş olacaq. Kor nə istərdi?

Hesab edirəm ki, Azərbaycan tərəfi tutduğu mövqedən qətiyyən geri addım atmamalı, prosesləri sürətləndirmək üçün təzyiqlərini artırmalıdır.

Burada başqa bir məqama da toxunmaq olar. Zamanı gələndə Rusiya tərəfi Azərbaycana deyə bilər ki, arzuladıqlarını həyata keçirdim, sən də müddətin artırılması üçün “hə” de. Azərbaycan tərəfinin 2025-ci ilin may ayına qədər vaxtı var. Bu müddət ərzində bir çox məsələlər həll edilməlidir. Əsas məsələlərdən biri rəsmi Bakının Qarabağdakı erməni əhalini öz tərəfinə çəkməsidir. Azərbaycan, Bakı və Azərbaycan pasportu erməni əhalisinin gözünü qamaşdırmalı, cazibədar olmalıdır.

Bakının cazibədarlığı hündür binaları, bahalı daş üzlüklü divarları, ağacsız, daş döşəməli parkları deyil. Ermənistan tərəfinin, elə rusların da Qarabağdakı ermənilərə ən çox təbliğ etdiyi şeylərdən biri Azərbaycandakı insan haqları, məhkəmə sistemi, ifadə, mətbuat azadlığının vəziyyətidir. Bakı bu məsələdə də özünü cazibədar hala gətirməlidir. İrad və istehzalı suallar olacaq ki, ermənilərə görəmi dəyişəcəyik? Bəli! Suverenliyin təmini üçün hər şeyi etmək lazımdır.

Bundan əlavə, Qarabağa qayıdış sürətlənməli, erməni əhali ilə azərbaycanlılar arasında təmaslar artmalıdır. Azərbaycan vəziyyəti elə bir həddə gətirməlidir ki, nə Ermənistanın, nə də Rusiyanın nəsə deməsinə gərək qalsın.

Bunun üçün güzəştlər, imtiyazlar, güzəştli kredit təklifləri, ən müxtəlif cəlbedici vasitələrdən istifadə etmək olar. Rəsmi Bakı Qarabağ və oradakı erməni əhalisi ilə bağlı məsələdə öz göbəyini özü kəsməlidir. Əgər proses bu şəkildə davam edərsə, güzəşt edəcək, güzəşt etməyə məcbur olacaq tərəf Rusiya yox, Azərbaycan ola bilər.

Azərbaycan hazırda təməlləri atır, toxumları səpir, qalır, bundan sonra onu böyütmək, şaxələndirmək.

Səxavət Məmməd
 
 
 

Dünyapress TV

Xəbər lenti