XERSONDAN QAÇIŞ: HARA QƏDƏR? –
Rusiya Müdafiə naziri Sergey Şoyqunun orduya Xerson vilayətinin sağ sahilindən geri çəkilmək əmrini verməsinin hansı zərurətdən irəli gəldiyi çox düşündürücüdür.

Məsələ ondadır ki, Ukrayna ordusu rusları bu istiqamətdə möhkəm sıxışdırsa da, son bir ayda Xerson vilayətində demək olar, yeni ərazilər azad etməyib. Digər yandan, vilayətin paytaxtı Xerson şəhəri ilə Ukrayna Silahlı Qüvvələrinin (USQ) ən öndəki birləşmələri arasında 20 kilometrə qədər olan böyük məsafə var. Ancaq belə görünür ki, Ukrayna ordusunun başlıca məqsədi heç də yeni ərazilər ələ keçirmək olmayıb. Əsas məqsəd rusların Xerson vilayətində yerləşdirilmiş 30 minlik qoşununu tədricən məhv etmək olub. Yəni, istəniliridi ki, ruslar bu bataqlıqda daha çox texnika və canlı qüvvə qoysunlar. Nəticədə, ruslar uzun sürən hazırlıq prosesindən sonra, nəhayət, geri çəkilmək barədə yekun qərar verdilər.

Artıq bir aydır ki, Rusiyanın Xersondan çəkilməsi barədə istər rusiyalı hərbi müxbirlər, istərsə də ukraynalı analitiklər tez-tez söhbət salırdılar.

Bəzi analitiklər deyirlər ki, ordu generalı Sergey Surovikin geri çəkilməklə yanaşı, yeni taktikaya əl atmaq istəyir və onun məqsədi həm də Ukrayna ordusuna qarşı hansısa hiyləgər tələ qurmaqdır. Bu versiya qətiyyən istisna edilməməlidir. Heç şübhəsiz ki, Ukrayna hərbi komandanlığı rusların nə edəcəklərini bilməmiş deyil və real vəziyyəti düzgün dəyərləndirib lazımı tədbirlər görəcək. Artıq səkkiz aydır ki, Vladimir Putinin və onun generallarının gedişləri, manevrləri USQ tərəfindən yaxşı öyrənilib.

Hər halda, Rusiya baş verənlərin yeni bir uğursuzluq kimi təqdim edilməməsi üçün bir aydır ki, müəyyən manipulyativ gedişlərlə öz ictimaiyyətini psixoloji cəhətdən bu hadisəyə hazılayırdı.

Bəs, hərbi baxımdan sağ sahildə qalmaq niyə məqsəduyğun hesab edilməyib? Əlbəttə, uzun müddət yalnız su yolu ilə kommunikasiya qurulması hədsiz dərəcədə müşküldür. Həmçinin Ukrayna ordusunun intensiv hücumları rus əsgərlərini taqətdən salırdı. Ordunun təchizatsız və sağlam arxa cəbhə olmadan duruş gətirə bilməyəcəyi faktdır, inadkarlıq göstərməyə dəyməzdi.

Rusiya ordusu artıq üçüncü dəfədir ki, geriyə çəkilmə əməliyyatı aparır və onlar öncəki iki əməliyyat nəticəsində bunu tam təhlükəsiz şəkildə yerinə yetirmə bacarığı nümayiş etdirə bilməyiblər və nəticədə xeyil canlı qüvvə və texnika itiriblər.

Çox böyük ehtimalla, Xersondan çəkilmənin əsl səbəbi Rusiya ordusunun uzun cəbhə boyu döyüşmək imkanından məhrum olması ilə bağlıdır. Onlar min kilometrlik cəbhə xəttini mümkün qədər daraltmağa çalışırlar. İndi Vladimir Putin dərk edir ki, onun “dastanlara sığmayan” əzəmətli və qorxulu ordusu haqqında danışılanlar yalnız gurultulu PR kampaniyasıdır və bu ordu mövcud şərtlərə adekvat cavab vermir. Yəqin ki, Kreml bütün bunları nəzərə alıb, Rusiya ordusunun döyüş qabiliyyətinə uyğun taktiki plan əsasında fəaliyyət göstərməyə çalışacaq.

Aydındır ki, Rusiya müharibədən öncə qarşısına qoyduğu strateji məqsədlərə nail olmayıb. Denasifikasiya, demilitarizasiya terminləri ortadan birdəfəlik qaldırılıb. Putin fikirləşir ki, zaman keçdikcə Rusiya əhalisi onun söylədiklərini unudacaq. Müharibənin ilk dövrlərində hücumlar səmərə verməyəndən sonra Putin deyirdi ki, narahatlığa əsas yoxdur, “hər şey plan üzrə gedir”. Rusiya dövlət başçısından soruşulmalıdır ki, cənab Prezident, Kiyev, Xarkov, Çerniqov ətrafındakı iri yaşayış məntəqələrini və nəhayət, Xerson vilayətini ələ keçirib, sonra oraları tərk etmək də həmin plana daxildirmi?

Bildiyimiz kimi, bu yaxınlarda işğal edilmiş ərazilərdə keçirilən saxta referendumun nəticələrinə görə, Xerson artıq Rusiyaya məxsus ərazi sayılır. Deməli, Rusiya ordusu “öz vətən torpağından” qaçır? Bəlkə, Ukraynanın dörd vilayətinin Rusiyaya birləşdirilməsini təntənəli bayram şənliyi ilə qeyd edən zaman Qızıl meydana yığılmış “vətənpərvər kütlə” qarşısında Putinin “ura! ura!” qışqırması da həmin planın tərkib hissəsidir? İndi o vilayətlər bir-bir əldən çıxır axı! Bütün bunlar tarixdə məzhəkə kimi yadda qalacaq...

Əlbəttə, işğalçılığa və avantürist siyasətə haqq qazandırmaq üçün Kreml istənilən cildə girir. Qaldı ki, ordunun minlərlə itki verib geri çəkilməsinə, bunun da “çox vacib və ağıllı addım” olduğunu müxtəlif yollarla izah etməyə çalışacaqlar və deyəcəklər ki, müharibədə hər şey olar, biz hələ təzə başlamışıq...
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-11_1668190367_2.png
Xerson vilayəti ona görə işğal olunmuşdu ki, ruslar öz planlarına görə, bu istiqamətdən hücuma keçib Nikolayevi və Odessanı zəbt edəcəkdilər. Beləlkilə, Rusiya ilə oyuncaq Dnestryanı Respublikası arasında birbaşa quru yolu yaranacaq və Ukraynanın Qara dənizə çıxışı tam bağlanacaqdı. Bu, Rusiyanın cənub istiqaməti ilə bağlı strateji planı idi və ordunun qarşısında həmin planın həyata keçirilməsi tapşırığı qoyulmuşdu. Rusiya generallarının sözügedən tapşırığın reallığa nə dərəcədə uyğun gəlib-gəlməməsini dilə gətirmələri mümkünsüz idi, onların buna cürətləri çatmazdı. Şoyqunun generallarının vəziyyəti necə təhlil etməsi və hansı qərarlar vermələri çox zaman ciddi önəm daşımır. Çünki onlar ancaq Kremlin əmrlərini yerinə yetirirlər. Onların öz müstəqil mövqeyi ola bilməz. Yuxarıdan gələn tapşırıqların hərbi cəhətdən düzgün olub-olmaması müzakirə edilmir. Rusiyada müharibə ilə bağlı strateji və hətta taktiki qərarları silahlı qüvvələr komandanlığı vermir, onların işi dinməzcə göstərişləri yerinə yetirməkdir. Putin yalnız vəziyyət ən kritik həddə çatandan sonra qərar vermək ixtiyarını generallara həvalə edir. Özü isə xarakterinə uyğun olaraq həmişəki kimi gözdən itir.

Rus hərbçilər bir şeyi yaxşı bilirlər - geri çəkilməyi. Rusiya ordusu bundan sonra öz mövqelərindən növbəti dəfə geri çəkilə bilər. Hazırda Luqansk vilayətində cəbhədən xeyli arxada “Vaqner xətti” adlandırılan istehkam qurğuları tikilir. Donetsk vilayətində geriyə çəkilmək ölümə bərabərdir. Zaporojye istiqamətindən geri çəkilmək isə Ukraynanın Krım sərhədlərinə qədər irəliləməsinə səbəb olacaq. Bəzi məlumatlara görə ruslar artıq Ukrayna ilə Krım sərhədi boyunca da müdafiə xətləri yaradırlar.

Rusiyanın hələ ki, resursu var, lakin bu, əbədi deyil, onlar imkanlar tam əriyib qurtarana qədər döyüşməkdə davam edəcəklər. Cəbhədə uğur əldə edə bilməyən və sınıb tökülən rus ordusunun uzun müddət müharibə aparmaq imkanı getdikcə zəifləyir. Şübhə yoxdur ki, Putin bunu görür və o, “işlər şuluqlaşdıqca” yeni səfərbərlik dalğasına start verəcək. Kreml bundan sonra Ukraynanı strateji cəhətdən iflic etmək üçün böyük şəhərləri elektrik enerjisi ilə təchiz edən infrastrukturlara, vacib kommunikasiya xətlərinə, Dnepr çayı üzərindəki körpülərə, administrativ binalara raket zərbələri endirilməsi əmrini verəcək.

Putin bütün gücü ilə beyninə yerləşdirdiyi maksimum planı yerinə yetirməyə cəhd göstərəcək. Amma o, istədiyinə nail ola bilməyəcəyini anlayarsa, o zaman taktikanı dəyişəcək və ordunun tam haldan düşməməsi üçün məcburən yavaş-yavaş tutduğu mövqelərdən geri çəkiləcək.

Hərb sənətində belə bir qayda var: Əgər hansısa ərazini əlində tuta bilmirsənsə, onun saxlanmasına enerji sərf edilməsindən vaz keçməlisən. Putinin minimum planı Luqansk və Donetsk vilayətlərini alınmaz qalaya çevirməkdir. Ona görə də Rusiya rəsmi təbliğat maşını cəmiyyətin şüurunu Putinin planlarına uyğun formada elə tənzimləməyə çalışacaq ki, ölkə daxilində müharibə əleyhinə kütləvi etirazlar baş qaldırmasın. Yoxsa, hər şey cığırından çıxar və Rusiyanın qanlı tarixi bir daha təkrarlana bilər. Yekun sonluq isə Kremldə əyləşən “Çar”ın acınacaqlı aqibəti ilə nəticələnər.

Vaqif Nəsibov

“AzPolitika.info”
 
 
 

Dünyapress TV

Xəbər lenti