Ailə-məişət təfəkküründən çıxmağın vaxtı catmayıb? -
Azərbaycan əhalisinin 90 faizindən çoxu ailə-məişət təfəkküründədir. Bunu siyasi sferada və cinayətlərin kateqoriyalarına baxanda açıq görmək olur. Ölkə əhalisinin 5 faizi aktiv siyasətlə məşğul olur, 5 faizi siyasətin ətrafında fırlanır, yerdə qalanları isə siyasətə qarışmır. Cinayətlərin 90 faizi də ailə-məişət xarakterlidir. Qınamıram. Bu cəmiyyət vətəndaş müharibəsi görməyib. Vətəndaş müharibəsi görməyən cəmiyyətlərdən bundan artığını da gözləmək olmaz.
Sözü hara gətirirəm? FHN-dəki video qalmaqalına. Yenə cəmiyyətimiz məsələyə ailə-məişət donu geyindirib. Sağa, sola döşəyir. "Qadınlar biabır oldu, ailələri dağılacaq", "kişi yanıxdı, qisasçılıq edir", filan.
İddia olunur ki, videonu çəkən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavinidir.
Bu ölkədə xeyli sayda yanğınlar baş verib. Bu günə qədər o idarədən bir nəfərin işdən çıxarıldığını, haqqında cinayət işi açıldığını görmüşük? Görən, bilən olubsa, bizi də aydınlatsın. Azadlıq metrosunun yanında bina yandı. Neçə bazar, ticarət mərkəzi kül oldu. Söndürülən və ya qabaqlayıcı tədbirlər gördük? Yox!
Görə də bilmərik! Əgər bir idarənin rəis müavini təkcə öz çəkdiklərini deyirəm, çəkilməyənlər görün nə qədərdir, vaxtını belə şeylərə xərcləyirsə, yanğından mühafizəyə vaxt qalar?
Bu təkcə FHN-lə bağlı deyil. Əgər bir idarə, bir qurum, bir məmur, bir jurnalist işini düzgün görmürsə, demək ki, fikri başqa yerdədir və işindən daha önəmli saydığı işlərlə məşğuldur.
Məmurların masalarının üstündə, əl altında və ən çox istifadə edilən cihaz kalkulyatordur. Bütün qurumların maliyyə idarələri olduğu halda rəhbər kalkulyatorda nə iş görür?
Bu ölkədə kimin və ya kimlərinsə vurulmasında həmişə belə şeylərdən istifadə edirlər. Əsas məsələ iş yerində və ən əsası mühüm bir postda olanın belə addımlar atmasıdır. Əxlaq şəxsi keyfiyyətdir. Ancaq o cür postda oturan və oturdulacaq adamın əxlaqına baxmaq vacibdir. Hesab edək ki, o tip videolar başqa ölkələrin xüsusi xidmət orqanlarının əlinə keçir. Nələr etmək olmaz...
Teref.az
 

Dünyapress TV

Xəbər lenti