Rusiyanın Ukraynanın müxtəlif şəhərlərini kütləvi raket atəşinə tutması nəticəsində beş nəfər ölüb, 129 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (FHDX) mətbuat xidməti məlumat yayıb.
“Ukraynaya hücum nəticəsində ümumilikdə 5 nəfər ölüb, daha 119 nəfər yaralanıb”, – mətbuat xidməti teleqramda qeyd edib.
Bildirilib ki, paytaxt Kiyevdə yanğınların söndürülməsi hələ də davam edir. Habelə Xarkovda qəzalı vəziyyətdə olan tikililərin sökülməsi davam edir. FHDX açıqlayıb ki, kütləvi atəş nəticəsində yerlərdə 500-dən çox xilasedici və 111 texnika cəlb edilib.
Xatırladaq ki, yanvarın 2-də Rusiya ordusu Ukraynaya 99 ədəd müxtəlif tipli raket atıb ki, onlardan cəmi 72-sini zərərsizləşdirmək mümkün olub. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının sözlərinə görə, rusiyalılar mülki və kritik infrastruktura, sənaye və hərbi obyektlərə həmlə ediblər. Zərbələrin çoxu paytaxtın payına düşüb.
Qeyd edək ki, son beş gündə Rusiyanın Ukraynaya, xüsusən də onun paytaxtına ikinci kütləvi hücumudur. Daha öncə işğalçı qüvvələr dekabrın 29-da Kiyev, Xarkov, Dnepr, Odessa, Lvov, Zaporojyeyə aramsız hücumlar həyata keçiriblər. Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamasına əsasən, həmin gün 39 nəfər ölüb. Daha sonra həmin zərbələrin qurbanlarının sayı artıb. Sadəcə Kiyevdə 28 nəfər həlak olub. Həmin gün Rusiya Ukraynanın üzərinə 158 dron və müxtəlif tipli raket göndərib. HHM onlardan 114-nü məhv edə bilib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, həmin hücumda Rusiya öz arsenalındakı bütün növ silahdan istifadə edib.