
İki insan arasında münasibətlər ciddiləşəndə, sevgi, qayğı və gələcək barədə arzularla yanaşı, daha praktik məsələlər barədə söhbətlər başlayır: kirayəni necə ödəyəcəyik, kim bazarlıq edəcək, nəyə pul yığacağıq. Və bu zaman tez-tez mübahisələr yaranır. Niyə? Çünki hər kəsin pula baxışı fərqlidir. Biri qənaəti sevir, digəri xərcləməyi. Biri hesab edir ki, bütün gəlirlər ümumi büdcəyə getməlidir, digəri isə şəxsi payını saxlamaq istəyir. Nəticədə, ən möhkəm cütlüklər belə maliyyə məsələlərinə görə dalaşa bilər. Son illər Azərbaycanda boşanmaların artmasının səbəblərindən biri də, təəssüf ki, maliyyə mübahisələridir.
Amma gəlin etiraf edək: pul çatışmazlığı problemi təkcə gənc ailələrin yox, ümumiyyətlə hamının dərdidir – tələbədən tutmuş, təqaüdçüyə qədər. Büdcə planlaşdırma bacarığı təkcə faydalı vərdiş deyil, həm də mənəvi rahatlığın və sağlam münasibətlərin açarıdır.
Dünyada hazırda “tez varlanmağın” yollarını öyrədən dərslər və kitablara maraq artıb. “7 günə düşün və varlan” kimi kitablar isti qutab kimi satılır. Amma sual budur: bu kitabları oxuyub, həqiqətən varlanan neçə nəfər olub? Çox güman ki, əsasən həmin kitabların müəllifləri.
Əslində isə məsələ mütləq şəkildə yoxsulluqdan getmir. Ölçüyəgəlməz sərvət arzulamaq əvəzinə, əlində olan pulu səmərəli xərcləməyi öyrənmək daha məqsədəuyğundur. Bu bacarıq qazanc qədər vacibdir. Çünki bəzən normal gəliri olan insanlar belə, kimin nə qədər xərclədiyinə, nəyi almadığına və maaşın hara yoxa çıxdığına görə mübahisə edirlər.
Xoş xəbər odur ki, ailə büdcəsini qalmaqalsız və məhrumiyyətsiz də idarə etmək olar. Bunun sirri isə dürüstlükdə, qarşılıqlı hörmətdə və bir az da yaradıcılıqdadır.
Ailə büdcəsi nədir?
Büdcə – azadlığın zindanı yox, sizi düzgün yoldan sapmamağa və maliyyə dalanına dirənməməyə kömək edən naviqatordur. Üç əsas suala cavab verir: nə qədər gəlir var, nə qədər xərclənir və ən önəmlisi – hara xərclənir. Planlama bacarığı məhdudiyyət yox, rahatlığın yoludur.
Bəs niyə bizdə alınmır?
Çünki hər kəsin öz vərdişləri və düşüncə tərzi var. Kimi uşaqlıqdan hər qəpiyin qədrini bilir, kimi isə “pul xərcləmək üçündür” mühitində böyüyüb. Biri hesab edir ki, bütün gəlirlər ortaq büdcəyə getməlidir, digəri isə şəxsi maliyyə sərhədini qorumaq istəyir. Dialoq olmadan isə mümkün deyil.
Fərqli tərzlər: ailəvi maliyyə modeli seçirik
1. “Ailə yığım kassa” modeli
Bütün gəlirlər ümumi büdcəyə daxil olur, bütün xərclər ortaqdır. Əsas şərt – tam şəffaflıq. Komanda kimi düşünənlər üçün idealdır.
Məsləhət: Üç “kassa” yaradın: ehtiyaclar, zövqlər və gözlənilməz hallar üçün.
2. “Zərflər” və ya elektron qovluqlar
Pul xərcləmə kateqoriyalara bölünür: ərzaq, nəqliyyat, geyim, istirahət. Pul bitdisə – kino ləğv olunur. Bu üsul ittihamlardan qaçmağa və şəxsi sərbəstlik hissini qorumağa kömək edir.
Məsləhət: Özünü idarə etməyi sevənlər üçün uyğundur.
3. “Hər kəsə ehtiyacına görə”
Biri çox qazanır, digəri ev təsərrüfatı ilə məşğuldur. Əsas odur ki, razılığa gəlin və incikliyi yığmayın.
Məsləhət: Maliyyə məsələlərini vaxtaşırı müzakirə edin, “partlayış” anını gözləməyin. Ayda bir dəfə “maliyyə görüşü” təyin edin.
4. Büdcəni ayırın
Hər kəs öz xərclərinə cavabdehdir. Adətən, bərabər qazanan və şəxsi sərbəstliyi qiymətləndirən cütlüklər bu variantı seçir.
Necə qənaət etməli, amma zövqlə də yaşamalı?
Qənaət – yoxsulluq rejimi yox, ağıllı yanaşmadır. Bir neçə sadə məsləhət:
Marketə ac getməyin və siyahısız yollanmayın (əks halda lazım olmayan çox şey alacaqsız). Qiymətləri müqayisə edin, endirimlərdən çəkinməyin. Keyfiyyətli əşya alın – onlar daha uzunömürlüdür. “İstəyirəm”lə “lazımdır” arasındakı fərqi bilin. Böyük alış-verişləri əvvəlcədən planlaşdırın – emosional qərarların sayı azalacaq.
Bir az da psixologiya
Niyə biz pula görə dalaşırıq?
1. Fərqli maliyyə vərdişləri. Kimsə hər qəpiyin sayıldığı ailədə, kimsə maliyyə azadlığı atmosferində yaşayıb. Bu vərdişlər bizimlə qalır, ümumi mətbəxdə görüşür və... maliyyə münaqişəsi başlayır.
2. Bərabər olmayan gəlir. Biri çox qazanır və daha çox hüququnun olduğunu düşünür, digəri özünü asılı və ya əzilmiş hiss edir. Bu da narazılıq və gərginlik yaradır.
3. Gizli xərclər. Partnyorlardan biri xəbərsiz pul xərcləyəndə bu, satqınlıq kimi qəbul edilir. Bu da narazılıq və etimadsızlıq yaradır.
4. Qaydaların olmaması. Cütlük bir yerdə yaşayır, amma kimin nəyə pul xərcləyəcəyi, nəyə pul yığdığı və çətin vaxtda nə etmək lazım olduğunu müzakirə etməyib. Nəticədə, narazılıq.
Münaqişədən necə yayınmaq olar?
- Pulları mütəmadi müzakirə edin – ittiham kimi deyil, tərəfdaş kimi.
- Kimin nəyə cavabdeh olduğunu razılaşın. Ortaq hədəflər müəyyənləşdirin – bu, sizi yaxınlaşdıracaq.
- Bir-birinizin şəxsi xərclərinə hörmət edin. Ən əsası, maliyyə narazılığını içinizdə saxlamayın – bu emosional gərginliyə çevriləcək.
Büdcəni necə daha effektiv idarə etməli?
Ailə büdcəsini “xərc mərkəzləri” üzrə təhlil etmək çox xeyirlidir və bəzən maraqlı nəticələr verir. Ailə üzvlərinin hər biri əslində ayrıca xərc mərkəzidir. Üzvlərin hər birinin büdcədən aldığı payı müəyyən edin. Ola bilsin, ailə xərclərinin böyük hissəsi bir nəfərin payına düşür – bu, məsələn, uşağın təhsili ola bilər və pis hal deyil.
Məsələn: Əgər nəqliyyat və ya ərzaq xərclərinin büdcənin proporsional olmayan hissəsini tutduğunu müəyyən etsəniz, bu, vərdişləri dəyişmək üçün səbəbdir. Məsələn, ictimai nəqliyyata keçmək və ya qida planlaşdırmasını həyata keçirmək. Bu, artıq xərcləri azaltmaqla yanaşı, büdcəni daha şəffaf və idarəolunan edəcək.
Bəs uşaqların maliyyə tərbiyəsi necə olmalıdır?
Maliyyə tərbiyəsi – uşaqların böyüməsinin vacib hissəsidir. Bu, diş fırçalamaq kimidir: erkən başlamasan, sonradan çətin olar. Uşağı pulla davranmağı öyrədirik – demək, ona 20 yaşında idman ayaqqabısını kreditə götürməkdən qoruyuruq. Bəs nə vaxt və necə başlamalıyıq?
3–5 yaş: Pul – sehrbazlıq deyil
Bu yaşda uşaqlar başa düşməyə başlayır ki, pul sadəcə böyükləri narahat edən kağız parçası deyil. Onlara izah edin ki, pul vacib ehtiyacları almaq üçündür, hər istədiyini yox. Uşaqlarla “mağaza” oyunu oynayın – qoy, oyuncaq alsın və satsın. Əsas odur ki, bunu iqtisadiyyat dərsinə çevirməyin.
6–9 yaş: İlk cib xərcliyi və ilk məsuliyyət
Bu dövr uşağa həftəlik bir neçə qəpik və ya kağız pul vermək üçün ən münasib zamandır. Qoy həmin pulu necə xərcləyəcəyinə özü qərar versin. Pulun sadəcə pay kimi yox, qərarvermə motivasiyası kimi təqdim olunması çox vacibdir. Qoy uşaq “xərclədim – qalmadı”nın necə işlədiyini hiss etsin.
10–13 yaş: Xərclərin planlaşdırılması
Artıq “məqsəd”, “yığım”, “paylama” kimi anlayışları uşağa başa salmaq vaxtıdır. Bu dövrdə uşaqlara qənaətin əsas prinsiplərini öyrətmək olar. Onlara izah edin ki, vacib bir şey üçün pul yığmaq niyə önəmlidir və hər istədiyini dərhal almaq niyə doğru deyil. Birlikdə velosiped, planşet və ya səyahət üçün pul yığın.
14+ yaş: Nəzarət altında müstəqillik
Yeniyetmə dövründə uşaqlar başa düşməyə başlayır ki, pul yalnız “cib xərcliyi” və ya valideyndən alınan vəsait deyil, həm də qazanılan bir dəyərdir. Əgər yeniyetmə telefon, geyim və ya başqa baha əşyalar almaq istəyirsə, onlarla danışın – bu pulları necə yığmaq olar? Büdcə və yığım prinsiplərini izah edin. Həmçinin, uşaq üçün valideyn hesabına bağlı bank kartı açmaq olar. Valideyn bu kartı tətbiq vasitəsilə idarə edə, limit qoya və hesabı izləyə bilər. Və əlbəttə, uşağa reallığı anlatmaq vaxtıdır: pul cibdə bitib-tükənən şeydir və onu qazanmaq və idarə etməyi öyrənmək lazımdır.
Valideynlər üçün bir neçə məsləhət
Özünüz nümunə olun. Uşaqlar böyüklərə baxıb öyrənir. Onlara büdcə planlaşdırdığınızı, böyük alış-verişlərə necə qənaət etdiyinizi və pul yığdığınızı göstərin. Ailə büdcəsi barədə sadə dildə danışın.
- Çətinlikləri gizlətməyin. Maddi sıxıntılar həyatın bir hissəsidir və uşağın da bunu bilməsi faydalıdır.
- Düzgün qərarlara görə onları mütləq tərifləyin.
- Uşağa istəyin və ehtiyacın fərqini öyrədin. İzah edin ki, bəzən istədiyini dərhal almaq olmur və pul xərcləyərkən düşünmək lazımdır.
Və sonda
Pul — sadəcə alətdir. “Ailə büdcəsi” isə nəzarət və məhdudiyyət deyil, ortaq gələcək deməkdir. O, yalnız hesablamanı deyil, razılaşmağı, dinləməyi və güzəştə getməyi də öyrədir. Uşaqlar da bunu görə-görə başa düşürlər: pulu idarə etmək mümkündür və bunu birlikdə etmək daha yaxşıdır.