Zelenski: Ukrayna 2024-cü ildə daha çox silah istehsal etməyə hazırlaşır
Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü gündəlik müraciətində qarşıdan gələn 2024-cü ilə nəzər salaraq deyib ki, Ukrayna “gələn il daha çox silah istehsal etməyə hazırlaşır”.

“Biz tərəfdaşlarımızla hər bir Ukrayna əsgərinə, bütün xalqımıza, dövlətimizə lazım olan həll yolları üzərində işləyirik”, Zelenski bildirib.

İlin son günündə Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 49 pilotsuz təyyarəsindən 21-ni vurduğunu bildirib.

Ukrayna həmçinin şənbə günü Kyivdə Rusiyanın dron hücumunu dəf edib.

Ukrayna rəsmilərinin bildirdiyinə görə, şənbə günü Rusiyanın son silsilə hava hücumlarında iki raketin Xarkivin mərkəzinə zərbə endirməsi nəticəsində azı 21 nəfər yaralanıb.

“Rusiya pilotsuz təyyarələrinin gecə Xarkivə hücumu nəticəsində şəhərin mərkəzindəki binalara zərər dəyib. Bunlar hərbi obyektlər deyil, kafelər, yaşayış binaları və ofislərdir”, Xarkiv meri İqor Terexov Telegram kanalında yazıb. “Yeni il ərəfəsində ruslar şəhərimizi qorxutmaq istəyirlər, amma biz qorxmuruq”, o bildirib.

Rusiyanın Xarkivə hücumları şənbə günü səhər saatlarında Ukrayna hərbi hava qüvvələrinin Rusiyanın Ukrayna ilə sərhədi yaxınlığında yerləşən Belqorod şəhərinə zərbələr endirməsindən sonra baş verib.

Rusiya Müdafiə Nazirliyi şənbə günü Ukraynanın Belqoroda endirdiyi zərbələr nəticəsində üçü uşaq olmaqla, azı 21 nəfərin öldüyünü və azı 110 nəfərin yaralandığını bildirib.

Rusiya Ukraynanın Belqoroda hücumları ilə bağlı şənbə günü BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyib və Ukraynanın kaset bombalarından istifadə etdiyini iddia edib. Rusiya bununla bağlı heç bir əlavə məlumat verməyib və Associated Press agentliyi bu iddiaları təsdiq edə bilməyib.

“Bu cinayət cəzasız qalmayacaq”, Rusiya Müdafiə Nazirliyinin sosial şəbəkədə yaydığı bəyanatda deyilir.

BMT Təhlükəsizlik Şurası Ukrayna və BMT-yə üzv olan 30 digər ölkənin müraciəti əsasında cümə günü iclas keçirib. Təhlükəsizlik Şurasının üzvləri Rusiyanın hücumunu pisləyib.
 

Dünyapress TV

Xəbər lenti