Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general Valeri Zalujnı hesab edir ki, bütün Ukrayna üzrə hərbi komissarların vəzifələrindən azad edilməsi səhv qərar olub.
“AzPolitika.info” xəbər verir ki, V.Zalujnı dekabrın 18-də yerli jurnalistlərə açıqalmasında Ukraynada səfərbərliyin lazım olan səviyyədə keçirilməməsindən narazılığını bildirib: “Səfərbərlik məsələlərinə gəlincə, onu gücləndirmək yox, əvvəlki hədlərə, çərçivəyə qaytarmaq lazımdır”.
General vurğulayıb ki, indi bu, cəbhə xəttində döyüşən əsgərlər üçün problemdir, onları kimsə əvəz etməlidir: "Onu (səfərbərlik prosesini) əvvəllər işlədiyi çərçivəyə qaytarmaq lazımdır".
Regional hərbi komissarların işdən çıxarılmasının səfərbərliyin səmərəliliyinə necə təsir etdiyini soruşduqda, baş komandan “onlar peşəkar idilər, bunu necə edəcəklərini bilirdilər, amma indi onlar yoxdurlar”, - deyə cavab verib.
Xatırladaq ki, Prezident Volodimir Zelenski avqustun 11-də korrupsiya faktları səbəbindən Ukraynadakı bütün hərbi komissarlıq rəislərini işdən azad edib. Onların yerinə isə əsasən cəbhədə döyüşmüş hərbçilər təyin olunub.