Pakistanda hərbi konvoya intiharçı hücumu olub - Təfərrüat
Pakistan bazar ertəsi ölkənin şimal-qərb bölgəsində hərbi konvoyu hədəf alan intiharçı bomba hücumu nəticəsində iki mülki vətəndaşın öldüyünü təsdiqləyib.

Hərbi qüvvələrin media kanalının bildirdiyinə görə, bazar günü Xayber-Paxtunxva vilayətindəki qarnizon bölgəsi Bannuda törədilən hücum zamanı yeddi mülki şəxs və üç əsgər yaralanıb.

Ordunun bəyanatında "motosikletdə olan intiharçının konvoyun yaxınlığında özünü partlatdığı" bildirilib və əlavə edilib ki, hücumdan sonra "bölgədə digər terrorçuların məhv edilməsi üçün" axtarış əməliyyatı aparılır.

İntiharçının Əfqanıstanın hakim İslamçı Taliban hərəkatının yaxın müttəfiqi kimi tanınan və dövlətə qarşı olan Hafiz Gül Bahadurun silahlı qruplaşması ilə əlaqəli Əfqanıstan vətəndaşı olduğu müəyyən edilib.

Keçən gecə açıqlanan hərbi bəyanatda eləcə də deyilib ki, Əfqanıstan sərhəd yaxınlığındakı Cənubi Vəziristan rayonunda “kəşfiyyata əsaslanan” reyd nəticəsində səkkiz “terrorçu” öldürülüb.

Bazar günü keçirilən reydin hədəfi müntəzəm olaraq təhlükəsizlik qüvvələrinə qarşı hücumlar həyata keçirən qadağan olunmuş “Tehrik-i-Taliban Pakistan” və ya TTP kimi tanınan qruplaşmanın sığınacağı olub.

Pakistanın bildirdiyinə görə, Əfqanıstandakı sığınacaqlardan fəaliyyət göstərən “Tehrik-i-Taliban Pakistan” və digər qruplaşmaların qaçaq militantları Talibanın iki il əvvəl qonşu ölkədə hakimiyyətə qayıtmasından sonra hücumlarını kəskin şəkildə artırıb.

Rəsmilər eyni zamanda Pakistan Talibanı kimi tanınan“Tehrik-i-Taliban Pakistan”la əməkdaşlıq edən əfqan militantların bu il azı 16 intiharçı hücumu həyata keçirdiyini təsdiqləyib.

Zorakılıqlar Pakistan hökumətini ölkədəki təxminən 1,7 milyon sənədsiz əfqan vətəndaşının deportasiya edilməsi üçün ümummilli kampaniya başlatmağa vadar edib.

Rəsmi məlumatlara görə, basqılar nəticəsində sentyabrın ortalarından bəri 400 minə yaxın insan Əfqanıstana qayıtmağa məcbur olub.
amerikaninsesi
 
 
 

Dünyapress TV

Xəbər lenti