Qəzza zolağında qısa müddətli atəşkəs elan edilsə, əsir dəyişimi həyata keçirilsə də, İsrail tərəfi ərazidə döyüşlərin davam etdiriləcəyini bildirib.
Hər iki tərəf bir-biri üzərində tam qələbə çalmayana kimi müharibənin dayanmayacağını açıqlayıblar. Lakin Yəməndən Hüsulər, Livanda “Hizbullah” qüvvələri tərəfindən mütəmadi şəkildə hava hücumuna məruz qalmasına baxmayaraq, İsrailin HƏMAS-a qarşı döyüşlərdə üstünlük əldə etdiyi, hətta qalib gələcəyi iddia edilir.
Bunu nə dərəcədə reallığa uyğun hesab etmək olar? Ümumiyyətlə, hazırda bütün dünyada əsas müzakirə mövzusu olan bu müharibə necə nəticələnəcək?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli İsrailin döyüşlərin davam etdiyi müddətdə ciddi uğur qazana bilmədiyini deyib:
“Hələ ki, İsrail ordusu Qəzzada aparılan döyüşlərdə ciddi uğur əldə etməyib. Artıq iki həftədir Qəzza zolağına quru qoşunları yeridilib. HƏMAS-ın sıx yerləşdiyi bölgələri – İndoneziya xəstəxanası, Cəbəliyə düşərgəsi və digər əraziləri İsrail tam nəzarətə götürə bilməyib. Gündüz tanklarla hücum edir, gecə isə öz hüdudlarına geri çəkilirlər. İsrail tərəfi öncə kəskin şəkildə danışıqların və atəşkəsin olmayacağını bildirsə də, daha sonra bunların əksini gördük. Atəşkəs razılaşdırıldı, əsirlər dəyişdirildi. Hətta atəşkəs müddətinin uzadılacağı ilə bağlı söhbətlər gəzir”.
Politoloq bildirib ki, atəşkəs müddətinin uzadılmasına çalışılmasında məqsəd başqadır:
“Hələ ki, İsrailin öncəki ritorikasından geri addım atdığını görürük. Hərbi meydanda ciddi üstünlük əldə edilməyib. Müharibənin ilk günlərindən döyüşlərin bir müddət davam edəcəyini və HƏMAS-ın tam məhv olunacağını dedilər. Lakin bunu mümkünsüz hesab edirəm. Qəzza zolağında 1500 tunel var, İsrail bunlardan cəmi 200-nü tuta bilib. Həmçinin oktyabrın 8-dən bu yana 30 min HƏMAS döyüşçüsündən cəmi 500-nü zərərsizləşdirmək mümkün olub. Qeyri-rəsmi məlumatlara görə isə İsrail ordusunun itkisi 1000-dən çoxdur. Qəzzada quru döyüşləri uzanacağı təqdirdə, İsrail məğlubiyyətə məhkum olacaq. Ona görə, danışıqlar və atəşkəs müddətinin uzadıla biləcəyi güman olunur. İsrail ordusunun ciddi üstünlük qazanmayacağı zamanda biz növbəti atəşkəs və əsir dəyişimlərini görə biləcəyik”.