Ardını oxu...
Rusiyanın İL-76 MD hərbi-nəqliyyat təyyarəsi partlayıb.

“AzPolitika.info” xəbər verir ki, hadisə bu təyyarələrin istehsal olunduğu Ulyanovsk şəhərindəki "Aviastar" müəssisəsində baş verib. 72 tonluq təyyarənin fyüzelyaj bölməsinin sınaqları zamanı partlayış olub, nəticədə təyyarənin korpusu dağılıb. 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qeyd edək ki, son vaxtlar Rusiya və Belarus ərazilərində ukraynalı diversantlar ciddi şəkildə fəallaşıblar. Təyyarənin partladılmasının onlar tərəfindən həyata keçirildiyi istisna olunmur.
Ardını oxu...
“Rusiya Ukraynada hərbi əməliyyatları gücləndirməyə hazırlaşır. Hazırda Baxmuta yeni hücum davam edir, Rusiya hərbçiləri bu istiqamətdə çoxlu güc və vəsait sərf edirlər”.

Bu sözləri NATO Baş katibi Yens Stoltenberq Litvanın LRT telekanalına müsahibəsində deyib.

“Rusiya Ukraynanın müdafiə xəttinə Birinci Dünya müharibəsindən bəri görmədiyimiz sayda qoşun yığır”, - deyə baş katib bildirib.

Stoltenberqin sözlərinə görə, Moskva daim daha böyük müharibəyə və yeni hücum əməliyyatlarına hazırlaşır. Məhz bu məqsədlə ordu səfərbər olunur, silahlar alınır və istehsal olunur.

“Rusiya Federasiyası digər avtoritar rejimlərlə - İran və Şimali Koreya ilə əlaqələri gücləndirir, Belarus isə artıq uzun müddətdir ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü üçün platformaya çevrilib”, - deyə o əlavə edib.
 
Ardını oxu...
Almaniya Ukraynaya iki ədəd hava hücumundan müdafiə sistemi verərək öz paytaxtını hücumlardan qorunmaz halda saxlayıb.

“Report” “Le Monde”yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Rheinmetall” konserninin baş direktoru Armin Papperger bildirib.
Ətraflı
“Berlini müdafiə edə biləcək iki sistemimiz var idi, amma indi onlar Ukraynadadır”, - o deyib.

Onun sözlərinə görə, söhbət “Skynex” hava hücumundan müdafiə sistemindən və konsernin ən son məhsullarından olan özüyeriyən HHM sistemi olan “Skyranger”dən gedir. Almaniyanın paytaxtını qorumaq üçün 4 ədəd belə sistem kifayət edərdi.

Daha əvvəl Ukrayna xarici işlər naziri Dmitro Kulebanın “Rheinmetall”ın rəhbəri ilə görüşdüyü və Kiyev üçün tank, zirehli nəqliyyat vasitələrinin gələcək tədarükünü müzakirə etdiyi bildirimişdi. A.Papperger bu il Ukraynaya 20-25 “Leopard 1” tankı tədarük etməyə hazır olduğunu açıqlamışdı.
 
Ardını oxu...
ABŞ Nümayəndələr Palatasının komitə sədri, respublikaçı konqresmen Maykl Makkol Ukraynaya “F-16” hərbi təyyarələrinin verilməsi üçün Ağ evə təzyiq edəcəklərini deyib.

“AzPolitika.info” xəbər verir ki, Xarici İşlər Komitəsinin sədri və Ukrayna ilə birgə komissiyanın həmsədri olan Makkol “ABC News”-a açıqlamasında Ukraynaya lazımi anda lazımi silahların verilməsinin effekt verdiyini xüsusi vurğulayıb və bu baxımdan “F-16”-ların da istisna təşkil etmədiyini bildirib.

Makkol deyib ki, ABŞ Ukraynaya “F-16”-ları və uzaq mənzilli raketləri “həlledici anda və dönüş nöqtəsində” verə bilər: “Biz onlara istədikləri və doğrudan da istifadə etməyi bacardıqalrı silahları verəndə, onlar qalib gəlirlər. Bunu yubadanda isə məsələ uzanır və Putinin də istədiyi budur”.
Ardını oxu...
Fevralın 26-da Ukraynanın Donetks vilayətinin Avdiivka rayonunda Rusiyanın təyyarəsi vurulub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində deyib.

“Bu qələbəni yaxınlaşdıran hər kəsə təşəkkür edirəm, müvəqqəti işğal olunmuş ərazilərdə insanlarımıza kömək edən hər kəsə minnətdaram. İndi döyüşdə olan hər kəsə eşq olsun! Yeri gəlmişkən, mən bu gün Avdiivka yaxınlığında düşmənin daha bir təyyarəsini vuran 110-cu ayrı mexanikləşdirilmiş briqadanın uşaqlarına xüsusi minnətdaram”, - dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, Hərbi Hava Qüvvələri Komandanlığı və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı vurulan təyyarə ilə bağlı hələlik məlumat verməyib.
 
Ardını oxu...
Fevralın 20-dən fevralın 22-dək Baxmut istiqamətində Vaqner özəl hərbi şirkətinin 200-ə yaxın muzdlusu, fevralın 22-dən 24-dək isə Verxnetoretski rayonunda 30-dək səfərbər edilmiş hərbçilər məhv edilib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının müntəzəm xülasəsində bildirilib.

Məlumata görə, muzdluların meyitləri ekspertizadan sonra yük maşınları ilə Rusiyaya aparılıb.

Qeyd edək ki, “Vaqner” ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda “Putinin aşpazı” kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət yaraqlı qruplaşmasıdır.

2014-cü ildən qruplaşma Ukraynanın işğal altındakı bölgələrində, daha sonra isə Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərir. 2017-ci ilin iyun ayında “Vaqner” ÖHŞ ABŞ-ın sanksiya siyahısına daxil edilib. 2021-ci ilin dekabrında Avropa İttifaqı (Aİ) qruplaşmanı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə, Suriya və Liviyada sabitliyi, habelə insan haqlarını kobud şəkildə pozmaqda ittiham edərək ÖHŞ-yə sanksiyalar tətbiq edib. 2022-ci ilin martın 8-də, yəni Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Yaponiya da qruplaşmaya qarşı sanksiyalar tətbiq edib. BMT və Fransa “Vaqner” muzdlularını Mərkəzi Afrika Respublikasında zorlama və quldurluqda ittiham edir.

Qrup ağır texnika, artilleriya və hərbi aviasiya ilə silahlanıb.
Ardını oxu...
Ukraynadakı hərbi əməliyyatlar zamanı rus qoşunlarının irəliləməsi digər məsələlərlə yanaşı, Kiyevin Qərb ölkələrindən hansı uzaqmənzilli silahlar alacağından asılı olacaq.

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

O, bazar günü “Moskva. Kreml. Putin” “Rossiya-24” telekanalında bu barədə danışıb.

Belə ki, Şoyqu Qərbin Ukraynaya uzunmənzilli sistemlər tədarük etməsinin Rusiyanın öz sərhədlərindən təhdidləri daha da sıxışdıracağı ilə bağlı danışıb.

Daha əvvəl Putin müharibənin bir illiyi ilə bağlı Federal Məclisə göndərdiyi mesajda demişdi: “Ukraynaya nə qədər çox uzaqmənzilli Qərb sistemləri gəlsə, biz təhlükəni sərhədlərimizdən bir o qədər uzaqlaşdırmağa məcbur olacağıq. Bu təbiidir".

İndi isə Şoyqunun sözləri göstərir ki, Rusiya Ukraynaya verilən silahlarla mübarizənin getdikcə daha da çətinləşəcəyini etiraf edir.
Ardını oxu...
Artıq bir ildir Rusiyanın Ukraynaya qarşı irimiqyaslı, səbəbsiz işğalı davam edir. On minlərlə insan öldürülüb, milyonlarla insan evindən didərgin düşüb, milyardlarla dollarlıq ziyan vurulub. Müharibənin sonu görünmür.


AzadlıqRadiosunun rus xidmətinin müxbiri Mark Krutov hərbi təhlilçi, ABŞ-də yerləşən Xarici Siyasət Araşdırmaları İnstitutunun aparıcı əməkdaşı Rob Li (Rob Lee) ilə müharibənin gedişatı, ona təsir edə biləcək faktorlar haqda danışıb.

Rob Li deyir ki, bir il öncə müharibə başlananda onun qısa çəkəcəyini, ancaq Rusiyanın daha məhdud məqsədləri olduğunu düşünüb. Müharibənin indiyədək uzanmasının səbəblərinə gəlincə, təhlilçi Rusiya rəhbərliyinin ayrı dünyada yaşadığını, yerdəki faktlardan xəbəri olmadığını deyir.

“Müharibənin indiki məqamda istənilən vaxt bitəcəyini düşünmürəm. Rusiya buna çox şey sərf edib. Bu qədər ağır itkilər verib. Onlar hansısa məqsədə çatmaq istəyirlər. Ancaq Rusiyanın indiki məqamda nədən razı qalacağı mənə aydın deyil. Hərbi vəziyyət düzələndə onlar daha çox şey istəyirlər. Onlar Donbasın hamısını, daha artığını istəyirlər. Onlar Ukraynadan daha çox güzəşt istəyirlər”, – Li vurğulayıb.

Donbasın Xersondan fərqi
Ukraynanın şərqi Donbas vilayətində hərbi vəziyyətlə bağlı təhlilçi qeyd edir ki, bağlanğıcda Ukraynanın orada müdafiə mövqeləri güclü idi. Çünki Donbasda müharibənin qızışacağını həmişə gözləyirdilər. Digər yerlərdə hazırlıqlı olmasalar da, Donbasda müdafiəyə hazır idilər.

“Xerson və Xarkovda Ukraynanın uğurlu hücumlarına baxanda görürük ki, Rusiya qüvvələri orada sadəcə zəif idilər. Onların müdafiəsi yaxşı deyildi, cəbhə xəttində qüvvə nisbəti çox yaxşı deyildi. Ona görə də Ukrayna zəif nöqtə taparaq bundan istifadə elədi”, – deyən təhlilçi indi cəbhə xəttindəki vəziyyəti belə təsvir edir: hücum edən tərəf müdafiəni yarmaq üçün müəyyən üstünlüklərə malik olmalıdır. Bu, artilleriyanın, sursatın sayında, keyfiyyətində ola bilər. Ancaq problem ondadır ki, indi tərəflərin heç biri belə bir üstünlüyə malik deyil ki, cəbhənin bir hissəsində xətti yarsın və bundan istifadə eləsin.

“Digər böyük problem ondadır ki, tərəflər xeyli sayda səfərbər olunmuş əsgərlərə bel bağlayırlar. Ukrayna tərəfdə bu əsgərlərin əhvalı yüksəkdir, vuruşmaq istəyirlər, ancaq onlara təlim keçmək vaxt aparır. Kiməsə özünü müdafiə etmək təlimi keçmək hücum təlimindən daha asandır.

Beləliklə də, hər iki tərəfin hətta yetərincə canlı qüvvəsi olsa belə, bunu hücum qüvvəsinə çevirməyi çətindir…”, – təhlilçi vurğulayır.

Hücum qüvvələri
Rusiya aylardır Baxmut şəhərini ələ keçirməyə çalışır. Vuhledarda uğursuz əməliyyat aparıldığı deyilir. Rob Li qeyd edir ki, Rusiyanın hücum qüvvələri – dəniz piyadaları, desantçılar, spestnazlar (xüsusi qüvvələr) ümumi qüvvənin az hissəsini təşkil edir. Bir də elit Vaqner muzdlu döyüşçüləri var. Bu bölmələr əməliyyatlara effektli şəkildə başçılıq edə bilər, amma Rusiya ordusunun əsas hissəsi hazırda hücumu effektli gerçəkləşdirə bilmir.

“Ukrayna hücuma keçən ilkin qüvvələri əldən salsa və sonrakı bölmələr hücumu davam etdirə bilməsələr, bu, Rusiya tərəfi üçün problem olar”, – deyən Li Ukraynanın da Xerson hücumunu təkrarlaya bilmədiyini söyləyir, çünki Xerson baha başa gəlib: “Hətta çoxlu uğur qazansan belə, irəlilədikcə itkin çox olursa, bu, hücumların sayını azaldır”.

Ukrayna böyük hücuma hazırlaşır
Təhlilçinin sözlərinə görə, Birləşmiş Ştatlar ukraynalıların növbəti altı ay ərzində uğur qazanmasını istəyir. Buna görə də Ukrayna kiçik, bədəli ağır hücumlara getmir, daha yüksək nəticələr verəcək variantlara fokuslanır, resurs yığır, Rusiyanın xətlərində zəif nöqtələr axtarır ki, hücuma keçərək daha çox ərazi ələ keçirə bilsin.

“Rusiyadan da çox şey asılıdır. Onlar hücumları davam etdirsələr, Vuhledar kimi yerlərdə böyük itkilər versələr, Ukrayna isə itki verməsə, Ukrayna yazda hücuma hazır ola bilər. Baxmutda isə başqa ssenari gedir, hər iki tərəf itki verir. Bu Ukraynanın həmin qüvvələrdən daha sonrakı əməliyyatda istifadəsini çətinləşdir”, – təhlilçi bildirir.

Rusiyanın canlı qüvvəsi gerçəkdənmi limitsizdir? Li bu suala “bəli” deyir və bunu Rusiyada səfərbərliklə, 300 min əsgərin səfərbər olunmasıyla izah edir: “Adamlar ikinci dalğadan danışırlar, ancaq məncə, onlar sadəcə səfərbərliyi davam etdirirlər. İtkilərin yerini doldurmaq üçün adamları daim səfərbər edirlər”.

“Rusiyanın səfərbər etməyə yetərincə qüvvəsi var və indiyədək Rusiyada Putinin mövqeyinə təhdid yaradan ciddi reaksiya baş verməyib. Bu halda Putin səfərbərliyi davam etdirə bilər ki, bu da Rusiyaya canlı qüvvədə üstünlük qazandırır”, – Li söyləyir.

Yeni hücum üçün nələr çatışmır
Təhlilçi Ukraynanın yeni hücuma başlaması üçün xeyli şeyin çatışmadığını deyir. Bir məsələ sursatdır. Cəbhənin bəzi yerlərində Rusiya Ukraynadan dəfələrlə çox artilleriya atəşi açır. Digər çətinlik hava qüvvələrində üstünlüyün olmamasıdır. Çünki hücum birgə qüvvələr əməliyyatıdır.

“Ukraynanın əməliyyat üçün yetərincə artilleriya sursatı varmı? Yetərincə dəqiq vuran silahı varmı? Cəbhə xəttindən o yana 20-30 km məsafədə hədəfləri müəyyənləşdirəcək PUA-ları varmı? Bunlar haqqında çox eşitmədiyimiz vacib məsələlərdir”, – Rob Li qeyd edir.

Təhlilçi Rusiya ordusunda adamların rəhbərlərə pis xəbər verə bilmədiyini də qeyd edir:

“Putin pis xəbər eşitmək istəmir və Rusiya generalları da ona yaxşı xəbərlər vermək istəyirlər. Bu o deməkdir ki, Rusiya generalları öz polkovniklərindən yaxşı xəbər eşitmək istəyirlər və bu proses cəbhə xəttinədək davam edir. Bu o deməkdir ki, bəzən adamlar mövqeləri haqda sadəcə yalan danışırlar. Yəni, problemin bir hissəsi yuxarıdan gəlir”.
Ardını oxu...
“Rusiyanın müdafiəsini yarıb döyüş meydanında vəziyyəti dəyişdirəcək briqadalar hazırlayırıq”.
Pressklub.az-ın məlumatına görə, bu sözləri Pentaqonun rəhbəri Ostin CNN-ə müsahibəsində deyib.

Ostin həmçinin əlavə edib: “Biz bir neçə motoatıcı briqada hazırlayır və təchiz edirik. Bu, kifayət qədər əhəmiyyətli potensialdır. Üstəlik, əlavə artilleriya imkanları da var və buna görə də onlar Rusiyanın müdafiəsini yarmaq, manevr etmək qabiliyyətinə malik olacaqlar və düşünürəm ki, bu, fərqli bir ordu, fərqli bir dinamika yaradacaq”.
 
Ardını oxu...
BMT Baş Assambleyası Rusiyanı Ukraynada hərbi əməliyyatları dayandırmağa və qoşunlarını çıxarmağa çağıran qətnamə qəbul edib.


Pressklub.az xəbər verir ki, BMT üzvü olan 193 ölkədən 41-i qətnamənin lehinə, 7-si əleyhinə səs verib.

Ermənistan, Hindistan və İran daxil olmaqla 32 nümayəndə heyəti bitərəf qalıb.

Azərbaycan ənənəsinə sadiq olaraq səsvermədə iştirak etməyib.

Eyni zamanda, BMT Baş Assambleyası Belarusun Ukrayna ilə bağlı anti-Rusiya qətnamə layihəsinə etdiyi düzəlişləri, o cümlədən silah tədarükünün qadağan edilməsini rədd edib və Qərb liderlərinin Minsk razılaşmaları ilə bağlı son bəyanatlarını pisləyən bəyanat verməyə razılaşmayıb.

Dünyapress TV

Xəbər lenti