“Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində imtahanlarda tələbə və valideynlərdən rüşvət alınıb, imtahanda cavablar telefon və dəftərlərdən köçürülür”.
Bu şikayətlə kollecin hüquqşünası Aynurə Muradova müraciət edib. Onun sözlərinə görə, bu hal dəfələrlə baş verib: “Bu görüntüləri 25 yanvar səhər saat 09:42-də çəkmişəm. Həmin an imtahan gedirdi. Mən birinci mərtəbədə olan vəziyyəti çəkə bildim.
Eyni anda ikinci mərtəbədə də imtahan var idi. Görüntülərdən də göründüyü kimi, tələbələr cavablar üçün telefona baxırlar. Hüquqşünas olsam da, rəhbərlik məni imtanlara nəzarət etməyə qoymur. Direktor Vilayət İsmayılov, tədris işləri üzrə müavin Teymuraz Əfəndiyev, tərbiyə işləri üzrə müavin Sevinc Həmzəyeva kolleci şəxsi bizneslərinə çeviriblər. Onu da deyim ki, Teymuraz Əfəndiyev 2014-cü ildə korrupsiya ilə əlaqədar Sosial İqtisad Kollecindən işdən çıxarılıb”.
4 ildir bu kollecdə çalışdığını deyən A. Muradovanın iddiasına əsasən, bu vəziyyəti şikayət etdiyi üçün rəhbərlik onunla ədavət aparır: “Mənim İqtisad universitetinə şikayətimdən bəri aylardır bəzi işçiləri öyrədib üstümə hücum edirlər. Əl altından ərizə yığıblar ki, guya onları təhqir etmişəm”.
İddialarla bağlı Qida Sənayesi Kolleci ilə əlaqə saxladıq. Kollecin direktoru Vilayət İsmayılovun sözlərinə görə, deyilənlər tamamilə böhtandır: “Yazılı imtahan çətin olduğuna görə, humanist yanaşaraq biletlər paylandıqdan sonra tələbələrə 3 dəqiqə vaxt verilir ki, yaddaşlarını bərpa etsinlər. Həmin anı çəkərək yalandan istifadə ediblər. Onun davamı da var ki, artıq imtahana başlayanda telefonlar hamısı yığışdırılıb”.