Beşlərin davamlı şans gətirdiyi Elşən Salahovun fəaliyyətinin reallığı 5-ə nə dərəcədə layiqdir? Ümumiyyətlə onun həyatında mühüm yer tutan 5-in haqqını verə bilirmi?
"DogruXeber.az" olaraq bu sualların cavabına yerli mətbuatda cavab axtardıq.
"Elşən Salahov həbsin bir addımlığında: İcra başçısını prezidentin qəzəbinə düçar edən hansı əməli olub?" başlığı altında "cümhuriyyet.az" yazır ki, "Buna səbəb Xəzər rayonunun ən böyük qəsəbəsi sayılan Binədə son 4-5 ildə həyata keçirilən çoxsaylı qanunsuz tikililərdir. Hamısı müxtəlif məmurlara, iş adamlarına məxsus olan qanunsuz villalar o qədər genişlənib ki, artıq strateji obyekt olan hava limanı ərazisinə qədər “gəlib çıxıb”. İcra başçısının öz tamahı ucbatından dövlətin strateji obyekti üçün təhlükə yaratması, ali hakimiyyətin qəzəbinə səbəb olub. Məhz bundan sonra Xəzər rayonunda təftiş kompaniyasına start verilib. Aparılan ilkin araşdırmalar nəticəsində hava limanına yaxın ərazilərdə 60-a yaxın qanunsuz villa aşkar eidilib. Məlum olub ki, bu villaların heç birinin tikintisi üçün rəsmi icazəsi olmayıb və bunların hamısı Elşən Salahovun “xeyir-duası” ilə inşa edilib."
"Elşən Salahovun qohumları ilə bağlı ilginc iddialar - Xəzər rayonunda nə baş verir?" başlığı altında "reportyor.info" yazır ki, "Elşən Salahovun Arif adlı yaxın qohumu və onun Yaşar adlı dostu rayon ərazisindəki inşaat işlərinə bu və ya digər formada müdaxilə edir.
Xəzər Rayon İcra Hakimiyyətində heç bir vəzifə tutmayan adıçəkilən şəxslər onların razılığı olmadan inşaat işlərinin aparılmasını qadağan edib. İddia olunur ki, Arif və Yaşar adlı şəxslər onlarla razılaşmayan vətəndaşlara tikinti aparmağa imkan vermir.
Bundan başqa, onlar qeyri-qanuni tikintilərə də rəvac verir. Hətta bunun müqabilində alınan konkret məbləğlər də açılanıb. Bildirilir ki, onların qanunsuz hərəkətləri barədə yerli icra hakimiyyətinə müraciətlər edilsə də, heç bir nəticəsi olmayıb."
"Elşən Salahov Prezidentin sərəncamını niyə icra etmir? - ilginc fakt" başlığı altında "dia.az" yazır ki, "Buzovna qayalarını zəbt edən tikililərin sökülməsi üçün dövlət başçısının verdiyi tapşırıqdan 3 ilə yaxın vaxt ötür. Amma bu tapşırıq tam yerinə yetirilməyib. Yada salaq ki, 2024-cü ilin mayında Buzovna qayalığına təbiət abidəsi statusu verilib.
2022-ci ilin iyun ayında Prezidentin sərəncamına əsasən, qayalıqların üzərində tikilmiş qeyri-qanuni tikililər sökülməli idi, ancaq yalnız onun bir hissəsi söküldü.
Prezidentin sərəncamının qulaqardına vurulması səbəbindən haqlı olaraq ciddi şübhələr də ortaya çıxmaqdadır və iddia olunur ki, artıq Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahov həmin obyektin sahibləri ilə anlaşıb və onlarla "bazarlıq etdiyindən" sökülmə qərarından da vaz keçilib."
Həmçinin, "reportyor.info"nun daha bir məlumatında bildirilir ki," Elşən Salahov Samir adlı yaxın adamı vasitəsilə Xəzərdə əməlli-başlı torpaq biznesi qurub.
İddialara görə, artıq rayonda satılmayan yer qalmayıb və artıq səkilərin satılmasına başlanılıb.Qeyd edək ki, qanunsuz tikili Binə qəsəbəsi Ə.İsazadə küçəsində aparılır."
"Elşən Salahovu qorxudan nədir?" başlığı altında" hit.az" yazır ki, "Xəzər Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı həbs edilən qurumun təsərrüfat şöbəsinin müdiri Tural Zeynalovun qısa müddət sonra azadlığa buraxılması ilə bağlı müəmma davam edir.
Xatırladaq ki, əməliyyat 2021-ci ilin mart ayında Baş Prokuroluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən keçirilib. Tural Zeynalov cinayət başında yaxalanıb. O, rüşvət müqabilində qanunsuz olaraq müvafiq tikinti sənədi verərkən qandallanıb.
Aprelin sonlarında məhkəmə qarşısına çıxarılan Tural Zeynalov 200 manat cərimə edilərək azadlığa buraxılıb.
Yeni məlumatlarda iddia olunur ki, keçmiş şöbə müdirinin azadlığa buraxılmasında yerli hakimiyyətin, daha dəqiq desək, Xəzər rayonunun icra başçısı Elşən Salahovun böyük rolu olub. Bu da səbəbsiz deyil. Çünki Tural Zeynalov sənədli evlərə görə sxem-planın verilməsi üçün vətəndaşlardan 3 min manat, sənədsiz evlərin tikintisi üçünsə 5 min manat pul alıb. Bundan başqa, Tural Zeynalov istintaq zamanı Xəzər rayon İcra Hakimiyyətinə təhkim edilən, rayon ərazisində ictimai işlərə cəlb edilməli 575 nəfərdən neçəsinin "ölü can” olduğunu, onlara aid əməkhaqqı kartlarının hansı vəzifəli şəxslərin cibində olduğunu da açıqlayıb.
Onun ifadələri əsasında Xəzər Rayon İcra Hakimiyətinin rəhbərliyi də dindirilib. İddia olunur ki, Tural Zeynalov törətdiyi qanunsuz əməllərin özfəaliyyət olmadığını bildirib. Ən əsası o, "Türkan bulvarı” ərazisinə dair Xəzər Rayon İcra Hakimiyyətindən verilən plan-sxemlərə imza atıb."
Bundan əlavə, rayonun Binə qəsəbəsi, Qala qəsəbəsi, hətta hava limanı ərazisində aparılan qanunsuz tikintilərlə bağlı da portalımızda dəfələrlə məlumatlar yayımlanıb. Lakin, nə Xəzər icra hakimiyyətinin, nə də aidiyyatı üzrə digər (FHN, ƏMDX, ARXKOM) dövlət qurumlarının məsələyə hər hansı bir müdaxiləsi ilə bağlı heç yerdə, heç bir məlumata rast gəlmədik.
Rəsmi sorğularımıza isə ARXKOM xaric bütün aidiyyatı qurumlar ümumiyyətlə susdu. ARXKOM da sanki "iki sevgili arasındakı məktublaşma" kimi "sığallı-tumarlı" cavabı ilə həmişəki kimi "sudan quru çıxmağı" bacardı.
Belə ki, o, "günah məndən getdi" deyərcəsinə, Sabunçu rayonu Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə qanunsuz tikilən 3 mərtəbəli iaşə obyekti, həmçinin Zabrat 1, Balaxanı qəsəbələri və Elşən Mehdiyev küçəsində, eləcə də Suraxanı rayonu 14 iyul küçəsində təsərrüfat təyinatlı ərazidə tikilən yaşayış evləri və sair barəsindəki sorğularımıza verdiyi şablon cavabları kimi, bu dəfə də güya tədbir görülməsi üçün icra hakimiyyətinin üzərinə, bir surətini də redaksiyamıza göndərib, bir addım kənara çəkildi.
Vəssəlam. Bununla da ARXKOM işini bitirmiş hesab etdi.
Sual olunur, ARXKOM, FHN, ƏMDX və Xəzər, Sabunçu, Suraxanı icra hakimiyyətləri hansı qanuni əsasla qeyd etdiyimiz qanunsuz tikintilərə "gözlərini belə sıx yumublar"?!
Əlbəttə qanuni əsas olmadığı üçün, geriyə yalnız bir cavab ehtimalı qalır - hərənin öz payı. Zəhrimara qalmış şəxsi maraqlar təmin olununca kimsənin nə dinməyə dili olmur, nə də görməyə gözü.