Məhkəməsinin hakimi Maarif Kazımov 30 ildir yaşanılan, çıxarışı olan evin sökülməsi haqqında qərar verir, sonradan ona məlum olur ki, sökülməli olan mücərrəd ev başqa kəndə aiddir...
“TezadlarTV”-nin YouTube üzərindən yayımlanan kanalı yeni bir layihəyə imza atıb. Bildiyiniz kimi, qəzetimizə, saytımıza və televiziyamıza müxtəlif bölgələrdən çoxsaylı şikayətlər gəlir. Onları araşdırandan sonra qəzetimizdə və ya saytımızda araşdırma yazıları dərc edilir. Lazım olanda, şikayətçini efirə də dəvət edirik. Amma şəhərə nisbətən, uzaq bölgələrdə yaşayan insanların Bakıya gəlib bizim televiziyamızın qonağı olması bir az çətindir. Ona görə də qərara gəldik ki, televiziyamızın səyyar kameraları vasitəsi ilə bizi dəvət edən şikayətçilərin yanına gedək və elə yerindəcə onların qanuni problemini dinləyək. Artıq bu qəbildən bir neçə bölgədən çəkilişlər həyata keçirmişik və problemlər qarşılıqlı anlaşma şəraitində həllini tapıb. Beləliklə, bununla da şikayətçilərin bölgədən paytaxta gələrək idarə və ya müəssisələri gəzməsinə, nazirliklərdəkiləri, eləcə də Prezident Administrasiyasındakıları narahat etməyinə əsas və zərurət qalmır.
Növbəti belə çəkiliş mayın 10-da Gədəbəy də oldu. Azərbaycanın bu dilbər guşəsindən, daha doğrusu, rayonun Əlinağlar kəndindən olan Niyazi Məmmədov əvvəlcə redaksiyamızda olmuşdu, sonra razılaşdıq ki, qanuni sənədlərini hazırlasın ki, yerində çəkiliş aparanda şikayətin məzmununun əsaslılığı problem yaratmasın. Bu günlərdə isə zəng edərək, onun mövcud problemini televiziya vasitəsilə aidiyyəti qurumların diqqətinə çatdırmağımız üçün bizi rayona dəvət etdi. Dəvəti qəbul edib, mayın 10-da Gədəbəy rayonunun Əlinağlar kəndinə yola düşdüm. Düzünü deyim ki, ilk dəfədir Gədəbəy rayonunda, xüsusilə belə səfalı bir kənddə olurdum.
***
Niyazi Məmmədovun evinin qarşısından Şəmkir çayı axır, ətraf isə uca meşəli dağlarla əhatə olunub. Olduqca gözəl bir mənzərə idi. Amma belə gözəl mənzərədə Niyazi Məmmədova bəzi işbazlar yaşamağa imkan vermirlər. Belə ki, hazırkı evdə N.Məmmədov ailəsi ilə birlikdə düz 30 ildir yaşayır. Amma Oqtay Əliyev adlı sahibkar iddia edir ki, bu ərazilər ona məxsusdur və Niyazi Məmmədov ərazidən köçməlidir. Hara? Bax bu sual olaraq qalır.
Sonradan hakimə məlum olub ki, sökülməsi haqqında qərar verdiyi ev Əlinağlar kəndinin yox, Bilan kəndinin ərazisinə düşür. Gülməlidir, deyilmi!
Məlumat üçün bildirim ki, Oqtay Əliyev Gədəbəyin Bilan kəndindəndir. Şəmkir çayının iki dağın arasından keçən hissəsində restoran tikib. Olsun! Amma o bu restoranın əhatə dairəsini və gələnlərin istirahətini bir az da genişləndirmək üçün ətrafdakı tikililəri sökdürmək qərarına gəlib. Ona görə də Niyazi Məmmədovun evinin sökülməsi üçün Gədəbəy Rayon Məhkəməsinə müraciət edib. Maraqıdır ki, hakim Maarif Kazımov 30 illik, özü də tam qanuni əsaslarla sənədi və çıxarışı olan evin sökülməsi haqqında qərar verib. Sonradan hakimə məlum olub ki, sökülməsi haqqında qərar verdiyi ev Əlinağlar kəndinin yox, Bilan kəndinin ərazisinə düşür. Gülməlidir, deyilmi! Və 3 gündən sonra hakim M.Kazımov verdiyi qərarı dərhal dəyişərək, Əlinağılar kəndində, özü də hansısa adı bəlli olmayan bir yarımçıq tikilinin sökülməsi haqqında qərar verir. Yəqin ki, bunu izah etməyə ehtiyac yoxdur ki, Rayon məhkəməsinin qərarını yalnız Apellyasiya Məhkəməsi dəyişə bilər. Amma Gədəbəy Rayon Məhkəməsinin hakimi Maarif Kazımov Gəncə Apellyasiya Məhkəməsinin funksiyasını mənimsəyərək, bu gün verdiyi qərarı 3 gündən sonra da dəyişdirir. İcraçılar hadisə yerinə gələndə isə məlum olur ki, burada ümumiyyətlə, sökülməli olan yarımçıq tikili də yoxdur. Təsəvvür edin, hakim sökülməsinə qərar verdiyi evin ünvanını belə bilmir. Əslində isə M.Kazımov N.Məmmədovun 30 il yaşadığı evin sökülməsini nəzərdə tutub. Amma və lakin...
Gəlin görək bu barədə şikayətçi Niyazi Məmmədov nə deyir?
- Hakim Maarif Kazımova, Füzuli Mirzəquliyevə və Gəncə Apellyasiya Məhkəməsinin hakimi Rəhman Muradova Allah heç kimin işini salmasın. Bunların əlində imkan olsa, Günəş planeti haqqında qərar çıxardarlar ki, niyə bizi isidir? Ancaq bunların hamısı qanunu bilməməkdən irəli gəlmir. Sadəcə, belə qərarlar maddi marağa bağlıdır. Hakim Maarif Kazımov mənimlə söhbətində açıqca bildirdi ki, “...mən Oqtay Əliyevdən müəyyən hesab almışam. Həmin hesabı mənə qaytar, qərarı sənin xeyrinə verim”. Görün bu ədalət təmsilçisi olan bir insana yaraşarmı? Bu adam hakimdir, yoxsa bazarkom? Sonradan öyrənirəm ki, Oqtay Əliyev mənim evimin sökülməsi üçün Maarif Kazımovla “danışıb” və... Görəsən, yeni ədliyyə naziri Fərid Əhmədovun bundan xəbəri varmı? Belə hakimlər hüquq və ədalət, həmçinin dövlətimiz adına ləkə deyilmi? Soruşanda ki, Maarif müəllim, sən əvvəl qərarı Bilan kəndindəki tikiliyə vermisən, sonra isə qərarı dəyişdirib Əlinağılar kəndinin ərazisinə vermisən, özü də əvvəl evə, indi yarımçıq tikiliyə. Yerini göstərə bilərsənmi o tikilinin? Soruşuram ki, niyə belə etmisən? Cavab verir ki, yəqin qərar verəndən sonra torpaq sürüşməsi olub... Deyirəm ki, ay Maarif müəllim, torpaq 1 metr, 5 metr, 10 metr, 50 metr sürüşər, daha 2 km. yox dəəə. Amma bu sözlərin Maarif Kazımova heç bir dəxli yoxdur. Bax belə qanunsuz qərarlara görə 2 ildir mən məhkəmələrdə qalmışam. Ailəmiz 2 ildir səksəkə içində yaşayır. Çünki Maarif Kazımovun, Füzuli Mirzəquliyevin və Rəhman Muradovun qanunsuz çıxardıqları qərarlarına görə mən 2 ildir zülm çəkirəm. Ona görə sizi dəvət eləmişəm ki, mənim müraciətimi canlı olaraq çəkib hörmətli Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın, Respublikanın Baş Prokuroru cənab Kamran Əliyevin və yeni təyin olunmuş ədliyyə naziri Fərid Əhmədovun diqqətinə çatdırasınız...
***
Göründüyü kimi, Niyazi Məmmədov bəzi hakimlərin maddi marağının qurbanına çevrilərək, əzaba düçar olub. Niyazi Məmmədovdan götürdüyümüz geniş video müsahibə hazırda yayıma hazırlıq prosesindədir. Sadəcə, aidiyyəti qurumlarla bəzi sənədlərin dəqiqləşməsini aparırıq... Tezliklə həmin video müsahibə YouTube kanalımız olan ttv.az (tezadlarTV) televiziyasının efirində olacaq. İnanırıq ki, hansısa maraqları naminə vətəndaşın 30 il yaşadığı qanuni evinin sökülməsinə qərar verən Gədəbəy Rayon Məhkəməsinin hakimləri Maarif Kazımov, Füzuli Mirzəquliyev və Gəncə Apellyasiya Məhkəməsinin hakimi Rəhman Muradov hakim olaraq Azərbaycan Dövlətinin adından çıxardıqları qərarların fərqində olmalıdırlar. Məhz belə hakimlərin elə qərarlarının hesabına Azərbaycan dövləti bəzən Avropa Məhkəməsinin sanksiyaları ilə üz-üzə qalır.
Və inanırıq ki, bu hakimlər ciddi şəkildə cəzalanacaqlar. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin heç bir razılığı olmadan meşə zolağında fəaliyyət göstərən restorana, həmçinin qanunsuz olaraq Şəmkir çayının üstündə “besetka”lar tikdirdiyinə görə sahibkar Oqtay Əliyev də sorğu-sual ediləcək.
Bundan əlavə, biz hələ həmin restorana, mühafizə otağına gedən işıq xətlərinin haradan qidalanmasını demirik, şikayətçi olduqca digər ciddi faktları da sübut kimi təqdim edib. Buna aid isə “Azərişıq” rəhbərliyinin müdaxiləsinə ehtiyac var. Hansı ki, həmin işıq xətti üzərində çoxsaylı müşahidə kameraları da quraşdırılıb. Gecələr bərq vuran işıqlar da məhz bu xəttdən qidalanır. Bunları da bizə Niyazi Məmmədov həm söylədi, həm də konkret olaraq göstərdi. Görünür Gədəbəy rayonu gözdən, könüldən bir az uzaq olduğu üçün, burada kim nə istəyir, onu da edir. Bütün bu qanunsuzluqlara isə son vermək lazımdır və vacibdir ki, vətəndaşlar dövlətdən narazı qalmasınlar. Bunun da çox sadə bir yolu var: hər kəs qanunlara güvənməli, şəxsi maraqlar naminə başqasına süni problemlər yaşatmamalıdır! Noolub, dünyanın axırıdırmı?!
Yazıda adı çəkilən qurum rəsmilərinin və hakimlərin, o cümlədən sahibkar Oqtay Əliyevin də qanuni əsaslı mövqeyini dinləyib, dərc etməyə hazırıq.