“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”
“ERTRANS” MMC tikinti şirkətinin rəhbəri Abbasov Elsevər Abbasəli oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə müraciət edən iş adamı “SK Construktion” MMC-nin qeyri-rəsmi rəhbəri Qalib Təhməzovdan şikayətçidir.
Xatırladaq ki, Q.Təhməzov cəmiyyətdə çox tanınan sima olmasa da, qardaşları Fəqan və Zaman haqda mətbuatda çox yazılıb. Məşhur iş adamı olan qardaşlar “Ay İşığı” restoranlar şəbəkəsinin sahibi olsalar da, “yuxarılar”la yaxın bağlantısı olduğu haqda informasiyalar var.
Elsevər Abbasov deyir ki, Fəqan və Zaman Təhməzov qardaşları yüksək səlahiyyətli məmurlarla yaxın əlaqələrindən istifadə edib, qardaşları Qalibi də tikinti sektoruna daxil edə biliblər. Hansı ki, Q.Təhməzovun rəhbərlik etdiyi, rəsmi olaraq direktoru Zülfüqar Həşimov adlı şəxs olan “SK Construktion” MMC hazırda Azərbaycanın işğaldan azad olunan ərazilərində tikinti fəaliyyəti ilə məşğuldur.
Şikayətçi bildirir ki, 2023-cü ilin mart ayında Qalib Təhməzov onunla görüşərək, ortaq iş görməyi təklif edib. Türkiyəli iş adamı Aydın Polatın rəhbərlik etdiyi, əslində isə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin nəzdində olan “Polat Yol Yapı” şirkəti ilə müqavilə bağladığını deyən Q.Təhməzov bildirib ki, “SK Construktion” MMC-nin podratçı şirkət olaraq Qubadlıda asfaltlama istisna olmaqla, yol çəkilməsi işlərini öz üzərinə götürüb. Bu işlərin görülməsi üçün “ERTRANS” MMC-nin texnikasına və işçi heyətinə ehtiyac olduğunu deyən Qalib Təhməzov, müqavilə əsasında Elsevər Abbasova ortaq iş görməyi təklif edib: “Qalib Təhməzov mənə dedi ki, texnikalarını ver, işləyək, sən də qazan, mən də qazanım. Mən razılaşdım və tanıdığım insanları da bu işə cəlb etdim ki, birgə çalışaq. 20 texnika və həmin sayda da işçi qüvvəsi ilə Qubadlıya işləməyə getdik.
“SK Construktion” MMC ilə müqavilə bağlamışdıq. Dedi ki, aprel ayında sizə nəğd şəkildə avans verəcəm, qalan pulu köçürmə edərik. Bir neçə gün sonra gətirib 2 min manat verdi. Ondan sonra 4 ay işləsək də, bir manat da ala bilmədik. Hər dəfə ondan işçilərin zəhmət haqqını tələb edəndə, “bu həftə verəcəm”, “gələn həftə verəcəm” deyə-deyə bizi 4 ay aldatdı. Sonra isə dedi ki, qardaşım Saleh müəllimlə (“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin İdarə Heyətinin sədri Saleh Məmmədov-müəl.) danışıb, deyib ki, narahat olmasın, gələn ay bütün pullar veriləcək, gedib işini görsün. Ona görə, məcbur olub, 20-25 gün də qeyri-rəsmi şəkildə işlədik ki, heç olmasa 4 ayın pulunu alaq, ziyandan qurtaraq”.
E.Abbasov deyir ki, 5-ci ayın sonunda Qalib Təhməzovdan görülən işlərini pulunu tələb etsə də, yenə də müxtəlif bəhanə ilə ödəniş etməkdən imtina edib: “O, indiyə kimi bir manat da pul verməyib. Bu səbəbdən, sentyabr ayında məcbur olub övladıma aldığım mənzili təcili şəkildə dəyər-dəyməzinə satdım. Çünki işçilərdən əlavə, bazarda material satanlara da külli miqdarda borcum yaranmışdı, hamı pulunu tələb edirdi”.
“ERTRANS” MMC-nin rəhbəri deyir ki, “SK Construktion” MMC-nin hazırda ona 170 min manata yaxın borcu var: “Sonra bildim ki, Qalibin mənim kimi, başqa 15-20 nəfərə də borcu var, hər kəsə “atıb”, heç kimin pulunu vermir. Bunu bildikdə, biz “Polat Yol Yapı” şirkətinə müraciət etdik ki, pullarımız verilməyib. Dedilər ki, biz Qalibin ödənişini etmişik, ona borcumuz yoxdur. Qalib isə yalandan deyir ki, almamışam. Amma o pulu alıb, öz şəxsi işlərinə xərcləyib. Üstəlik, hədə-qorxu da gəlir ki, mənə heç kim heç nə edə bilməz, mənim arxam var”.
Elsevər Abbasovun sözlərinə görə, Qalib Təhməzoz işə başlayanda onun gətirdiyi 15 nəfər işçini “SK Construktion” MMC-də rəsmi olaraq işçi kimi qeydiyyata aldırıb, onların hər birinin maaş kartını isə özündə saxlayıb. 2023-cü ilin mart ayından sonra əmək haqqı kimi hər ay onların adına təxminən 600 manat köçürülüb, lakin həmin pulları gedib özü çıxarıb: “Sonra gətirib sənədləri mənə verdi ki, işçilərə qol çəkdir, könüllü olaraq işdən çıxsınlar. Amma kimsə imza atmadı ki, bizim pulları yeyib, niyə imza atmalıyıq?!”
E.Abbasov deyir ki, “SK Construktion” MMC-yə 2023-cü ilin iyul və avqust aylarında “Polat Yol Yapı” şirkətindən vəsait köçürüldüyü haqda məlumat əldə etsələr də, Qabil Təhməz birmənalı olaraq ödəniş etməkdən boyun qaçırıb: “Məlumat aldıq ki, 2023-cü ilin iyul və avqust aylarında “Polat Yol Yapı” şirkəti tərəfindən həqiqətən də ödəniş olunub. Amma o, bizə borcunu ödəmədi.
Beləliklə, quruculuq işlərinə bizim də faydamlz olsun deyə Vətənimizin azad olunmuş torpağında fəxrlə işləsək də, axırda pulumuzu vermədilər”.
“ERTRANS” MMC-nin rəhbəri deyir ki, Qubadlıda çalışdığı 5 ay müddətində nəinki bir manat gəlir götürüb, əksinə, şəxsi cibindən Qalib Təhməzovun ona ödəyəcəyi vəsaitə yaxın pul xərclədiyindən, külli miqdarda zərərə düşüb. O, bu səbəbdən, “SK Construktion” MMC ilə hüquq müstəvisində mübarizə aparmağı düşünür.