Teref.az-ın poştuna daxil olmuş 1-ci dərəcəli Qarabağ qazisi Məğrur Bədəlsoyun şikayət məktubunu təqdim edirik. Məğrur Bədəlsoy məktubunda yazır:
3 il qabaq Azərbaycan Beynəlxalq Bankının (ABB) Nizami filialındakı bank hesabıma avro ilə köçürülən pulun bank kartına keçirilməsindən imtina edilib. Gah bankda avronun olmadığı, gah avro ilə xidmət göstərən bankomatın olmadığı bəhanə edilib. Bəs onda niyə karthaqqı adına 10 manat alınıb ? Bu kartdan pul götürmək mümkün deyilsə, niyə 10 manata satılıb? Niyə hesaba köçürülən puldan anında 0.5 faiz tutulub? Hətta milli valyuta ilə pulu götürmək istəyəndə bankın inhisarçı mövqeyindən yararlanaraq Mərkəzi Bankın rəsmi kursu ilə yox, ən aşağı alış kursu ilə müştərinin öz avrosu özünə təklif edilib? Pulu qanunsuz olaraq hissə - hissə verən ABB-nin Nizami filialı hər götürəndə əlavə faiz də tutub. Ümumiyyətlə, bankın müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və vaxtında pulu verməməsindən müştəriyə minlərlə manat ziyan dəyib . Təsəvvür edin, avronun kursu manata nisbətdə 2,09 olması hara, sonradan 1.69 həddinə düşməsi hara ? ABB-nin Nizami filialı 29.12.2000-ci ildə 1-ci dərəcəli Qarabağ qazisini dörd saat növbədə gözlədəndən sonra limit həddini aşma bəhanəsi ilə valyuta satmaqdan imtina etməsi də əlil – istehlakçı hüquqlarının kobud pozuntusudur. Həmin pozuntu baş verəndə ABB-dən zəng edib, tədbir görüləcəyini, hətta 1-ci dərəcəli Qarabağ qazisinə 10 manata kart satanda söz verilən faiz əlavələrinin tutulmayacağına söz veriblər . Lakin bu söz elə söz olaraq qalıb. Əksinə, milli valyuta ilə daxil olan vəsaitdən də faiz tutulmağa başlanıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqlarının qorunmasını təmin edən dövlət xidməti kimi məhkəməyə müraciət etməli olduğu halda, bu hüquqdan yararlanmağı əlil-istehlakçının özünə məsləhət görüb. Bir ildir aidiyyatı üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsinə “ pozulmuş əlil – istehlakçı hüquqlarının bərpası və dəyən maddi-mənəvi ziyanın ödənilməsi” tələbi ilə qaldırılan iddianın “taleyindən” soraq yoxdur. Hakim Həqiqət Əhmədovanın qərardadı geri qaytarmasından vahid məhkəmə portalından xəbər tutmuşam və yeni iddia ərizəsini məhkəməyə təqdim etmişəm. Yenə də iddiam qanunsuz olaraq eyni hakimə verilib və yenə də qəbul edilən qərardad rəsmi və ya qeyri-rəsmi qaydada təqdim edilməyib . Ümumiyyətlə, qərardadın özünün qəbul edilməsi şübhə altındadır. Nədən bir ildir şikayət edirəm, hələ də qərardadların verilməsinə nail ola bilmirəm. İndicə elektron poçtuma Nizami rayon məhkəməsinin sədri İlham Kərimlinin 31.03.2023 tarixli “müraciətə cavab”ını aldım. Məhkəmə sədri Məhkəmə Hüquq Şurasından 16.03.2023 -cü ildə Nizami məhkəməsinə daxil olan müraciətə (əslində şikayət edilib və qanunla şikayətin barəsində şikayət edilən quruma və ya vəzifəli şəxsə göndərilməsi qadağandır -M. B. ) saxta cavab verib ki, hər iki qərardad aidiyyat qaydalarının pozulması “əsası” ilə geri qaytarılıb və hazırkı iddia ilə Nəsimi və ya Nərimanov rayon məhkəmələrinə müraciət etmək izah edilməklə , qərardadlar elektron kabinetdə yerləşdirilmişdir. Bu cavab məhkəməyə hüquqdan , Mülki Prosessual Məcəllədən dərs keçməyə əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 36-cı (“İDDİAÇININ SEÇMƏSİNƏ GÖRƏ AİDİYYAT”) maddəsinin 9-cu bəndinə görə, İSTEHLAKÇININ HÜQUQUNUN MÜDAFİƏSİ HAQQINDA İDDİALAR İDDİAÇININ YAŞADIĞI YERƏ GÖRƏ , yaxud MÜQAVİLƏNİN BAĞLANDIĞI VƏ YA İCRA EDİLDİYİ YERƏ GÖRƏ VERİLƏ BİLƏR. 36.13 maddəsində bu Məcəllənin 36.1-36.12 maddələrində nəzərdə tutulmuş məhkəməni seçmək hüququnun İDDİAÇIYA MƏXSUS OLMASI yazılıb. Bəs niyə Nizami məhkəməsi iddiaçıya məxsus hüququ mənimsəyib, onu Nəsimi və Nərimanov məhkəmələrini seçməyə məcbur edir və bu məcburiyyət qərardadını da vermir? Yəqin məhkəmə sədri və hakim(lər)i çaşıb, “yaşayış yeri” nin qeydiyyat yeri ilə dəyişik salır(lar). Bəs iddianın bağlandığı və ya icra edildiyi yer nəyi göstərir ? Belə çıxır, Kəlbəcərdə qeydiyyatda olmaqla Bakıda yaşayan şəxsin Bakıda istehlakçı hüququ pozulanda Kəlbəcər məhkəməsinə müraciət etməlidir? Absurd deyilmi? Eyni zamanda cavabdehi Azərbaycan Beynəlxalq Bankı” ASC kimi qəbul edib, olduğu yer üzrə Nəsimi məhkəməsinə müraciət etməyi məsləhət görmək də məhkəmənin saxtalığını, banka vəkilliyini ortaya qoyur. Cavabdeh Beynəlxalq Bankın Nizami rayonunda (metronun Qara Qarayev stansiyasının yaxınlığında) yerləşən Nizami filialıdır və MPM-in 35.2 maddəsinə görə, hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinə qarşı iddia müəssisənin ünvanının olduğu yerə görə verilir. Tutaq ki, Həqiqət Əhmədova qeyri-prosessual basqıdan özünü də, iki qərardadını da itirib, bəs sədr İlham Kərimliyə nə gəlib? Niyə qanunu, Məcəlləni yox, qanunsuzluğu, saxtalığı müdafiə edir? Hətta hər iki eyni iddiaya eyni hakimin “baxması” bir yana , qərardadların verilməməsini də iddiaçının olmayan elektron kabinetinin “boynuna qoyur” ! (?) İstənilən halda məhkəmə aktları MPM-in 135- ci maddəsinə əsasən sifarişli poçt vasitəsilə verilməlidir. MPM-in 135.6 və 135.7 maddələrini bir daha oxumaq məhkəmə aktlarını itirən hakimlərə məsləhət görülür. Elektron kabinet oldu- olmadı məhkəmə aktı rəsmi qaydada verilməlidir və sms-bildirişlə bildirilməlidir. Kiminsə elektron kabinetinin olması, hələ o kabinetdən lazımi qaydada yararlana bilməsi anlamına gəlmir. Bir də kabinetdə yerləşdirilmə vaxtı da bilinmir axı! Qərardad qəbul edilibsə, onun verilməsindən niyə imtina edilir? Qərardadla iddia ərizəsi və əlavə olunan sənədlər iddiaçıya geri qaytarılıbsa, hanı bu qaytarılan ərizə və sənədlər? Onlar da kabinetdədir? Məhkəmə hüquq qoruyur, yoxsa hüquqa qadağa qoyur? “Kapitalbank”ın Nizami filialına qarşı 8 ildir qaldırılan iddianı qoca rüşvət hakimi Fikrət Mirzəyev, 4 ildir qaldırılan iddianı “rüşvət təcrübəsi gənc” Ülkər Yusifova” , bir ildir “sütül” Qumru Əliyeva (Nizami Telefon Qovşağına da) necə itiribsə nə yeni məhkəmə sədri tapa bilir, nə Məhkəmə Hüquq Şurası. Vallah, ritorik səslənir :Nizami məhkəməsi banklara vəkillik edir bəyəm? Məğrur Bədəlsoy P.S.Nizami məhkəməsinin hakimi Nigar Qədirli 7 aydır 1-ci dərəcəli Qarabağ qazisinin qanunsuz həbsdə saxlanılaraq evində “protokol qaydasında” axtarış aparılmasını , qiymətli əşyaların oğurlanmasını legitim edən 05.09.2022 tarixli qərarından apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə göndərmir. Hər halda Bakı Apellyasiya Məhkəməsi, birbaşa elektron qaydada da edilməsinə baxmayaraq, şikayətin daxil olmadığını bildirir 6 aydır. ..Görəsən, bu qərar və şikayət elektron kabinetdə niyə yerləşdirilməyib? Məhkəmə sədri buna necə cavab verir? Teref.az olaraq şikayətdə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq! Teref.az