Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin təşkilatçılığı ilə Zaqatala şəhərində “Məişət zorakılığı: dövlət və cəmiyyətin ortaq problemi” adlı layihəsi çərçivəsində tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva məişət zorakılığının geniş vüsət alması və bu sahədə maarifləndirilmə işinin aparılmasını önəmli olmasını vurğulayaraq, “Məişət zorakılığı: dövlət və cəmiyyətin ortaq problemi” adlı layihənin Zaqatala şəhərində keçirilməsinin zəruriliyini diqqətə çatdırmışdır. Layihə barəsində ümumi məlumatla çıxış edən təşkilat rəhbəri layihəni maliyyələşdirildiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və təşkilatçılığa görə isə Zaqatala rayon İcra Hakimiyyətinə öz təşəkkürünü bildirmişdir.
Daha sonra layihə üzrə təlimçi-ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov məişət zorakılığının yaranma səbəbləri, məişət zorakılığı üzrə yaranmış nəzəriyyələr, məişət zorakılığının qarşısının alınması istiqamətində dövlətin apardığı islahatlar, məişət zorakılığı barədə daxili və beynəlxalq qanunvericilik və eləcə də təcrübə barədə müzakirə aparmışdır. Tədbir interaktiv formada keçmiş, tədbir iştirakçıları məişət zorakılığının dövlət və cəmiyyətin ortaq problemi kimi yanaşılmasının zəruriliyini vurğulamışlar.