“Xan” həzrətləri Naxçıvanın baş nazirini niyə iki il haça-paça vəziyyətdə saxlayıb?
Hə, əziz dostlar, sizə kimdən deyim, kimdən danışım: Naxçıvan MR-ın Baş naziri Səbuhi Məmmədovdan.
Yox, yox, onun hər iki nənəsinin etnik mənsubiyyətindən danışmayacağam. Artıq Azərbaycanda Laçın koridorunda göyə ağ göyərçinlər qaldırıldığına görə Səbuhi müəllimin nənələrinin kimliyinin məsələyə zərrə qədər dəxli yoxdur. Sizə nəql edəcəyim əhvalat onun xan həzrətlərinin gözündə niyə “tapılmaz tikə”, qəhət adam olması ilə əlaqədardır.
Gəlin, mətləbin püf nöqtəsinə girməmişdən əvvəl, Səbuhi Məmmədovun tərcümeyi-halındakı bəzi məqamlarla tanış olaq.
2007-ci ilin yanvar ayından 2017-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsində çalışan Səbuhi Məmmədov Vasif xanın 6 fevral 2017-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin olunur.
Üzərindən il yarım keçəndən sonra 2018-ci il 30 noyabr tarixində isə məşhur Türk reklamlarında deyildiyi kimi Səbuhi Məmmədovun vəzifəsi isə “2-si bir arada” olur. Həmin tarixdə Vasif xanın imzaladığı fərmanla o, həm Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini, həm də Maliyyə naziri vəzifəsini birdən idarə edir. Yəni məşhur ifadə ilə desək, Səbuhi müəllim bir ayağı Maliyyə Nazirliyində, digər ayağı Nazirlər Kabinetində olmaqla haça-paça qalır.
2020-ci il may ayının 23-də isə o, haça-paçalıqdan qurtulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təqdimatına əsasən, onu Naxçıvan Muxtar Respublikasının Baş Naziri vəzifəsinə qoyur. Sözsüz ki, Prezident İlham Əliyevə onu təqdim edən elə Vasif Talıbovun özü olur. Başqa sözlə, Prezident əslində Vasif xanın təqdimatı əsasında elə onun özünə təqdimat yollayır və beləcə Səbuhi Məmmədov Naxçıvan MR-ın Baş naziri olmaq səadətinə qovuşur.
Sual edə bilərsiniz: Səbuhi müəllim hansı uğuru ilə Naxçıvanın tapılmaz tikəsinə çevrilib ki, “xan” həzrətləri əvvəl onu 2 il haça-baça vəziyyətdə saxladıqdan sonra belə mürəkkəb kombinasiya ilə indiki vəzifəsinə gətirib?
Sən demə, Səbuhi müəllim paytaxtdan gələn komissiyaya yaxşı cavab verdiyi üçün “xan” həzrətlərinin gözünə girə bilib. Yaxşı gözə girmə vaqiəsi isə belə baş verib.
Azərbaycan Nazirlər Kabinetinin planlaşdırmasına uyğun olaraq, 2015-2016-ci illərdə Ordubadda su elektrik stansiyası tikiləcəkdi. Bunun üçün Culfada yaradılan su anbarına Arazdan beton kanallarla su çəkiləcəkdi. Uzunluğu 35-40 km. olması planlaşdırılan bu su anbarına toplanan su elekrtik istehsalından sonra yenidən Ordubada doğru axaraq, Araz çayına toküləcəkdi. Nəticədə Naxçıvan həm öz imkanları ilə elektrik istehsal edəcək, həm də kanal ətrafında yerləşən kənd sakinləri təsərrüfatlarını suvarmaq imkanı qazanacaqdı. Təbii ki, bu planın reallaşması üçün həmin su anbarın qarşısında elektrik turbini də qurulacaqdı. Qısası, böyük layihədən söhbət gedir və yəqin ki, Azərbaycan büdcəsindən bu işə külli miqdarda vəsait ayrılır.
Layihənin icrası Talıbovların ailə şirkəti “Gəmiqaya”ya tapşırılır. Şirkət isə Ordubadda 3-4 km. yol çəkdikdən sonra işi buraxır və layihə yarımçıq qalır. Səbəbi mərkəzi büdcədən ayrılan vəsaitin o zamanın MR maliyyə naziri Səbuhinin əmri ilə Naxçıvanın abadlaşdırılmasına xərclənməsi imiş.
“Azərbaycan mərkəz büdcədən ayrılan vəsaiti təyinatı üzrə xərcləməyib. Şəhərdə məhəllələrə 3-4 dəfə asfalt salaraq, divarları boyayaraq ayrılan vəsaiti həzmi-rabedən keçiriblər”, - mənbəmiz belə deyir.
Bildirildiyinə görə, bir neçə ildən sonra layihənin necə icra olunduğunu yoxlamaq üçün paytaxtdan Naxçıvana müfəttişlər gəlir. Azərbaycanın Maliyyə Nazirliyinin göndərdiyi müfəttişlər Culfada nə qədər axtarsalarda, su anbarını tapa bilmirlər. Həmkarları Səbuhi müəllimdən bunun səbəbini soruşurlar. O da təbii ki, pulu Naxçıvan şəhərinin abadlaşdırılmasına xərclədiklərini bildirir. Müfəttişlərin bəs “biz hesabatda nə yazaq” sualına isə Səbuhi Məmmədov maraqlı və həyatını dəyişdirdirən cavab verir: “Pulu bizə ayırmışdınız, biz də vacib bildiyimiz yerə xərcləmişik. Əcəb eləmişik. Gedin, nə yazırsınız, yazın”.
Qaynağımızın dediyinə görə, Səbuhi Məmmədovun paytaxtdan gələn qonaqlara bu cavabı “xan” həzrətlərinin o qədər xoşuna gəlir ki, Baş naziri işdən çıxarıb Səbuhi müəllimi onun yerinə qoyur.

Heydər Oğuz
Teref.az
 
 
 

Dünyapress TV

Xəbər lenti