Nazirin balaları bu məktəbdə oxusa: SİNİFDƏ İLANLAR DOLAŞIR... - ƏMRULLAYEVƏ XOŞ GƏLƏRMİ?
Zaqatalanın əksər yaşayış məntəqələrində müasir məktəblər inşa olunaraq şagird və müəllimlərin istifadəsinə verilib. Lakin rayonun ucqar Kəpənəkçi kənd tam orta məktəbi mövcud olan gündən bu yana nə təmir edilir nə yenisi tikilir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, artıq şagird və valideynlər dilə gəlib. Çünki məktəbin binasında sağ-salamat bir yer qalmayıb desək yanılmarıq.

Şəkillərdən də gördüyünüz kimi bu pəncərələri sınıq, taxta parçaları ilə qapadılan, suvağı tökülən, damı bərbad vəziyyətdə olan məktəb binası Kəpənəkçi kəndində şəhid Sərdar Kərimov adını daşıyır.

Ötən əsrin 60-cı illərində inşa edilən Kəpənəçki kənd tam orta məktəbində hazırda 160 şagird təhsil alır, 40-a yaxın pedaqoji və texniki heyət çalışır. Sakinlərin sözlərinə görə ötən müddətdə bu təhsil ocağında heç bir təmir-bərpa işləri aparılmayıb. Məktəbin xarici ilə yanaşı daxili də qəzalı vəziyyətdədir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1745515818_1.jpg
Dərs saatı başa çatdığından şagirdlərə yaxınlaşıb daxildəki vəziyyətlə maraqlanırıq.

Bizim.Media-ya danışan 8-ci sinif şagirdi Kamilə Hacıyevanın arzuları böyükdür. O, da televiziya ekranlarında gördüyü, dostlarının bəhs etdiyi bütün şəraiti olan məktəbdə təhsil almaq arzusundadır.

“Mən də digər məktəblilər kimi yeni, keyfiyyətli, müasir standartlara cavab verən məktəbdə təhsil almaq istəyirəm. Fizika, kimya və digər fənnlərdən də yaxşı oxumaq istəyirəm. Gözəl dərs avadanlığı olan sinif otağında oturmaq istəyirəm. Təhsilimi mükəmməl etmək istəyirəm.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1745515818_2.jpg
Müəllimlərimə dərindən təşəkkür etmək istəyirəm ki, onlar bizim təhsilimiz üçün mükəmməl şəkildə əziyyət çəkirlər, oxumağımız üçün əllərindən gələni edirlər. Tək arzum bu məktəbin yenilənməsidir”, - deyə şagird bütün Kəpənəkçi kənd sakinlərinin arzularını dilə gətirib.

Qeyd edək ki, kənd məktəbi şəhid Sərdar Kərimovun adını daşıyır. Şəhid bacısı Gülnar Qurbanova deyir ki, onun da övladları bu təhsil ocağında oxuyub. Qardaşının adını daşıyan bu təhsil ocağını belə vəziyyətdə görmək şəhid bacısı kimi ona təsir edir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1745515819_3.jpg
“Müəllimlərimizdən çox razıyıq. Çətin şəraitə baxmayaraq onlar bütün imkanlardan istifadə edib övladlarımıza savad, bilik verirlər. Amma məktəbin heç elektrik xətləri belə yoxdur. Bu səbəbdən şagirdlər kompüter və digər müasir texnologiyadan istifadə edə bilmirlər”- deyə şəhid bacısı qeyd edib.

Digər kənd sakini Saniyə İsayeva isə yaz gələndə sinif otaqlarında böcək, siçan və siçovulların, bəzən də ilanların peyda olmasından narahatlığını ifadə edib.

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirildi ki, şəhid Sərdar Kərimov adına Kəpənəkçi kənd tam orta məktəbinin vəziyyəti barədə məlumatlıdırlar. Təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə aidiyyəti üzrə müraciət edilib. Təhsil müəssisəslərinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1745515819_4.jpg
Regional idarədən verilən məlumata əsasən son iki il ərzində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan 100-dən çox məktəbdə cari, 1 məktəbdə isə əsaslı təmir işləri aparılıb və 8 məktəb binası sökülərək yenidən tikilib. 2024-2025-ci tədris ili üzrə 4 məktəbin sökülərək yenidən tikilməsi və 90-dan çox təhsil müəssisəsində təmir işlərinin aparılması nəzərdə tutulur.
 

Dünyapress TV

Xəbər lenti