Ardını oxu...
Azərbaycan əsilli, rusiyalı milyarder Fərhad Əhmədovun evində və obyektlərində axtarışlar aparılır.

APA-nın əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən milyarderin Göyçayda yerləşən villasında və ona məxsus obyektlərdə axtarışlar keçirilib.

Lakin onun saxlanılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Ardını oxu...
Bir müddət əvvəl xalq artisti Həsən Ağasoyun 1.5 illik mübarizəsi nəticəsində qanunsuz olaraq çıxarıldığı işinə bərpa olunması xəbərindən sonra ikinci sevndirici məlumat Bakıdan gəldi.

Ovqat.com-un etibarlı mənbələrdən əldə etdiyi məlumata əsasən, Polis Akademiyasından məzunu olmuş və Naxçıvan DİN-dəki qanunsuzluqlara, nazir Rəşad İsmayılovun heç bir məntiqə sığmayan idarəetməsinə dözməyərək xidmətdən xaric olunan Şirzad Baxşəli Azərbaycan Respublikası DİN-də işlə təmin edilib.

Bildirilir ki, Şirzad Baxşəli Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə əməliyyat müvəkkili vəzifəsinə təyin olunub.

Xatırladaq ki, polis baş leytenantı Şirzad Baxşəli bir neçə ay bundan əvvəl Naxçıvan MR-in Daxili İşlər naziri Rəşad İsmayılov tərəfindən haqsız yerə "ləkələnərək" işdən azad olunmuşdu.

Şirzad Baxşəlinin Naxçıvan hakimiyyəti nəzdində ən böyük günahı Azərbaycan DİN-nin Polis Akademiyasından məzun olması idi. “Xan” rejiminin fikrincə, Polis Akademiyasından bu diyara göndərilən bütün yeni kadrlar “Bakının agentləri”dir və onlar ən müxtəlif yollarla nəinki Naxçıvandan, hətta polis orqanlarından çıxarılmalıdırlar.

Haqqında danışdığımız baş leytenant da Akademiya məzunu idi, 2019-cu ildə bu təhsil ocağını bitirərək Naxçıvana göndərilmişdi. Ordubad RPŞ-yə polis sahə inspektoru vəzifəsində əmək fəaliyyətinə başlayan Şirzad Baxşəli daha sonra Nazirliyin Cinayət Axtarışı İdarəsinə əməliyyat müvəkkili vəzifəsinə gətirilmişdi. Bu ilin 24 iyun tarixində isə o, Culfa RPŞ-yə polis sahə inspektoru vəzifəsinə təyin olunmuşdu ki, bu da polis zabiti ilə Naxçıvan MR DİN arasındakı ziddiyyətlərin böyüməsinə yol açmışdı.

Məsələ burasındadır ki, polis baş leytenantı Naxçıvanda işlədiyi 3 il müddətində oxuduqları ilə real həyat arasında böyük uçurumları aydın şəkildə sezir və rəislərindən, nazirdən aldığı qanunsuz əmrləri sorğulayırdı. Bu da Muxtar Respublikada onun barəsində şübhələr yaradır və bu gənc hüquqşünasın “xan” rejiminin təməllərini qazmağa çalışması kimi qiymətləndirilirdi. Beləcə, Şirzad Baxşəli də Akademiyanın digər məzunları kimi qısnamalara məruz qalmışdı. Şirzad Baxşəli də bu sıxıcı və dözülməz mühitdən can qurtarmaq təlaşına düşmüşdü.

Özünün Nazirlikdən Culfa rayonuna sahə inspektoru vəzifəsinə göndərilməsinin də cəzalandırma məqsədi daşıdığına inanan gənc polis zabiti çarəni işdən ayrılmaqda görmüşdü. Di gəl ki, hələ də quldarlıq quruluşu ənənələrindən xilas olmayan Naxçıvanda Şirzad Baxşəlinin öz iş hüququndan istifadə etmək xülyasına düşməsi anormallıq kimi başa düşülmüşdü. Naxçıvanın yazılmamış qanunlarına əsasən, Şirzad Baxşəli yalnız bir halda işdən azad oluna bilərdi: quldarların istədiyi təqdirdə, özü də şəxsi işi ləkələnərək.

Maraqlıdır ki, Naxçıvan MR DİN-ə istefa ərizəsini verəndə ona bu diyarda hələ də Çar Rusiyasından qalma “Təhkimçilik hüququ”nun keçərli olduğu xatırladılmış və ərizəsi qəbul edilməmişdi. Bu durumda Şirzad Baxşəliyevin qanunlara söykənməkdən başqa yolu qalmamışdı. O, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə istinad edərək, avqust ayının axırlarında işdən çıxmaq barədə ərizə yazıb rəsmən Naxçıvan MR DİN-nin Kadrlar İdarəsinə göndərmişdi.

Məcəllənin həmin maddəsinə əsasən, işçi öz mükəlləfiyyətlərinə son vermək istədiyi təqdirdə yazılı şəkildə işəgötürənə müraciət edə bilər. İşəgötürənin isə 1 ay ərzində onun ərizəsinə müsbət cavab verməmək hüququ yoxdur. Hətta işəgötürən razılaşmasa belə, işçi 1 aydan sonra avtomatik istefa vermiş sayılır.

Ağlı hüquqi dövlətlərə gedən polis zabitinin bu təşəbbüsü təbii ki, Naxçıvan MR DİN-də aşağılayıcı ironiya ilə qarşılanmış, ona bildirilmişdir ki, istəyirsən raketə min, kosmosa çıx, biz səni xoşluqla işdən azad etməyəcəyik.

Qanunvericilikdə nəzərdə tutulan 1 aylıq məcburi əmək müddəti bitdikdən sonra da işdən çıxarılmadığını görən Şirzad Baxşəli özünü avtomatik olaraq istefaya göndərildiyi məntiqindən hərəkət edərək işə gəlməməyə başlamışdı. 4 günlük “tətil”dən sonra bu gənc adamın köhnə hamama təzə tas gətirdiyini, bununla da quldarlıq qaydalarına üsyan etdiyini düşünən Naxçıvan MR DİN rəsmiləri onu nazirliyə çağırıb nə Naxçıvanın qədim Roma qədər azad, nə də Şirzad Baxşəlinin Spartak olduğunu polis zabitinin diqqətinə çatdırmışdılar. Asi polisin xoşluqla başa düşmədiyini görüncə isə barəsində qərar verilmişdi: şəxsi işinə xidmətə yararsız maddəsi yazılaraq işdən azad olunsun.

Naxçıvanın hələ də generallığa tamarzı naziri Rəşad İsmayılov bu qərarı verərkən, əlbəttə ki, Şirzad Baxşəlinin üzünə polis orqanlarını bağladığına inanırdı. Çünki bu zamanadək belə olmuşdu. Hər il işdən çıxarılan Polis Akademiyasının məzunları Bakıda və digər rayonlarda iş tapa bilmədiklərindən ya “Bolt” taksisi işlətmiş, ya da bazarda qaşıq satmışdılar. 5 il min bir əzab-əziyyətlə Polis Akademiyasını bitirib tikintilərdə fəhlə işləyən “asi polislər” də az deyil. Görünür, Naxçıvan quldarlığında “Spartak”lıq eşqinə düşən Şirzad Baxşəlini də eyni tale gözlədiyinə inanan Rəşad İsmayılov əslində onun mənən qətlinə fərman vermişdi.

Aldığımız məlumat təsdiqlənərsə, aydın olacaq ki, Bakıda artıq Naxçıvan “Gestapo”sunun qərarları keçmir. Xüsusilə də özünü nazir hesab edən (onun nazirliyinə “xan” həzrətləri fərman verib, Prezident İlham Əliyevin isə bunu təsdiqləyib-təsdiqləmədiyi bəlli deyil) Rəşad İsmayılovun imzaladığı sənədlərin boş kağız parçası qədər dəyərinin olmadığı ortaya çıxır.

İnformasıya mənbəmizin fikrincə, Azərbaycan DİN-nin bu qərarı həm də “öz övladlarına” sahib çıxmasıdır. Polis Akademiyasının bütün məzunları da özlərini məhz belə adlandırır və “xan”ın onlara bəslədiyi ögey münasibətin səbəbini Naxçıvanla Bakı arasındakı ziddiyyətdə axtarırlar. Bizim vasitəmizlə Azərbaycan Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazova ünvanladıqları çox saylı müraciətlərində də bunu vurğulayıblar: “Cənab nazir, lütfən, Naxçıvanda hər gün min bir təhqirə məruz qalan övladlarınıza sahib çıxın”.

Azərbaycan DİN-in Naxçıvandakı mənəvi övladı isə təkcə Şirzad Baxşəli deyil. Bu il 30-a yaxın polis zabitinin ləkələnərək işdən atıldığı bildirilir. Onlardan bəzilərinin siyahısı:



1. Cəhri polis bölməsindən bas-leytenant Samir (familiyasını dəqiqləşdirə bilmədik);

2. Sədərək rayon polis söbəsinin cinayət axtariş bölməsinin reisi polis kapitanı Səfa (familiyasını dəqiqləşdirə bilmədik);

3. Naxçıvan şəhər 1 nömrəli polis bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahmar Əliyev;

4. Şərur polis idarəsindən Çərkəz Əkbərov;

5. Yenə eyni bölmənin polis kapitanı Cəlil Agayev;

6. Babək rayon polis idarəsindən polis baş leytenantı Mətin (familiyasını dəqiqləşdirə bilmədik). Məlumata görə, Mətin bəyi yola gətirmək üçün ona yağlı vəzifə - təhqiqatçı işi və yüksək maaş təklif olunub;

7. Babək rayonu Polis İdarəsindən Elvin Ələsgərov;

8. Naxçıvan şəhər 1 nömrəli Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı İbrahim Abdullayev;

9. Kəngərli rayon polis şöbəsinin sahə inspektoru polis baş leytenantı Tuncay Əliyev;

10. Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşı Elvin Cəfərli və s.

Bundan əlavə, Naxçıvanda fəaliyyət göstərən digər polislər də əslində heç bir hüquqa malik deyillər. Bir çoxları amansız istismara məruz qalır, aşağılanırlar. Odur ki, təkcə Naxçıvandan baş götürüb qaçanlar yox, həm də orda qalanlar bu zülmdən qurtarılmalıdır. Bunun yolu isə Naxçıvan MR DİN-in tamamilə ləğv olunmasından, yerində Azərbaycan DİN-in Naxçıvan Baş İdarəsinin yaradılmasından keçir. Bunu isə yalnız Azərbaycan Prezidenti həyata keçirə bilər.

Ovqat.com
 
 
 
Ardını oxu...
Son illər şikayət olunan, müəllim və professor heyətinin narazı salındığı ali təhsil müəssisələrindən biri də Azərbaycan Texniki Universitetidir.
Bunu mətbuata göndərilmiş və dərc edilmiş məqalələrin məzmunundan da müəyyənləşdirmək olar, məlumatda deyilir.

TEREF.AZ yazır ki, bu barədə Faktinfo.az saytına məlumat verən mənbə bildirir ki, son aylarda bir neçə ali təhsil müəssisəsi rektorunun vəzifədən kənarlaşdırılması onlarda müəyyən əminlik yaradıb. Aylar əvvəl AzTU-da qarşılaşdıqları haqsızlıqlarla bağlı ölkə rəhbərliyinə ünvanladıqları şikayət məktublarını yenidən təkrarlamaq fikrindədirlər.
Sayta verilən məlumatda o da bildirilir ki, ölkə rəhbərinə ünvanlanacaq müraciətin surəti bir sıra media quruluşlarına da göndəriləcək.

Qeyd edək ki, Ədalət Vəliyev AzTU-ya rektor təyin edildikdən bir neçə ay sonra universitetdə kafedra müdirləri, dekanlar, prorektorlar yenilənib, orada müəyyən struktur dəyişiklikləri həyata keçirilib. Bu müddət ərzində rektoru universitetin profilini dəyişməkdə, ora iqtisadçıları gətirməkdə ittiham edənlər bu aspektdə saytlara məqalələr də göndəriblər.
 
 
 
Ardını oxu...
Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Cəlil Baxşıyev vəzifəsindən azad edilib.

TEREF.AZ “Report”a istinadən xəbər verir ki, o, öz ərizəsi ilə işdən çıxıb.

62 yaşlı C.Baxşıyev uzun illər Lerik RİH-də çalışıb. O, 1995-ci ildən RİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 2007-ci ilin iyun ayından isə RİH başçısının birinci müavini vəzifəsində işləyib.

TEREF.AZ yazır ki, AzToday.az-ın əldə etdiyi məlumata görə, Cəlil Baxşiyevin işdən çıxarılmasının səbəbi yol verdiyi maxinasiyalar olub. İddialara görə, uzun müddət Lerikdə əsas söz sahibi olan Cəlil Baxşıyev məktəblər üçün nəzərdə tutulan mebellər başda olmaqla digər məmulatları ünvana çatdırmayıb. Həmçinin, Lerikin Zuvand zonasında milyonluq “9 qardaş” adlı istirahət mərkəzinə sahib olan Cəlil Baxşıyevin başqa maxinasiyaları da Lerikin yeni icra başçısı Əkbər Abbasovun apardığı yoxlamalar nəticəsində üzə çıxıb. Yoxlamaların nəticələrinin hüquq-mühafizə orqanlarına verilib-verilməyəcəyi hələlik bilinmir…
 
Ardını oxu...
"Hər bir azərbaycanlı kimi şikayətim AZAL-dan, yerli hava yolu şirkətindəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Bulud Fətullayev adlı istifadəçi giley edir.
Ardını oxu...
Daha sonra narazı vətəndaş yazır: "Bu səfərki şikayətim aviabiletlərin bahalılığndan deyil, personalın onlara əmanət olunan əşyalara bivec yanaşmalarındandır. Üzərində “Fragile” etiketi olan bir çamadana bu cür münasibət göstərilirsə etiketi olmayanları siz düşünün.
Ardını oxu...
Şikayətimi bildirdim və mənə verilən cavab belədir: əvvəllər çamadanlar yenisiylə əvəz olunsa da indi artıq təmirə yollanılır və uzun müddət təmirdə qalır, nə siz özünüzü yorun nə də bizi.

İndiyədək yetəri qədər şikayət bölüşülüb , müqayəisələr edilib, xidmətin sıfırlığından və meşə qanunlarından danışılıb bu barədə üzərinə əlavə edəcəyim hər hansısa bir cümləni havaya sovurmuş kimi qəbul edirəm".

Ardını oxu...
Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Ardını oxu...
 
 

 
Astaradakı əksər fermer kimi 46 yaşlı Azər Rzayevin də başı naringi yığımına qarışıb. Niləşə kənd sakini deyir ki, gözünü açandan bu işlə məşğul olur. Amma təsərrüfata çəkdiyi əziyyətin bəhrəsini götürmək ona hər zaman qismət olmur.

 

Azər Rrzayevin sözlərinə görə, quru sərhədlərinin bağlanması onların təsərrüfatına çox təsir edib. Bu səbəbdən dərmanları qonşu İrandan gətirməyə də imkan yoxdur.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmliyə görə də fermerlərin əsas çətinliyini dərmanların baha olmasıdır. Bahalığın səbəbləri isə bir neçədir:

2018-ci ildə Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib.

Proqramın məqsədi ölkədə sitrus meyvələrinə olan tələbatın daha dolğun ödənilməsi, istehsal edilmiş məhsulların ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin və maddi rifahının yüksəldilməsi üçün sitrus meyvəçiliyinin inkişafını stimullaşdırmaqdan ibarətdir.

Ekspert hesab edir ki, dövlət proqramında nəzərdə tutulan tədbirlərin əksəriyyətinə əməl olunmur.

Azər Rzayev narıngi bağının ona atasından qaldığını deyir. Övladlarının isə

gələcəkdə bu işlə məşğul olacağına ümidi yoxdur

 

XalqXeber.Az
Ardını oxu...
Milli Məclis hökumətə Fransa ilə bağlı çağırış edib. Fransa hökuməti Senatın Azərbaycana qarşı qətnaməsinin icrasına başlayarsa, Azərbaycan hökuməti Milli Məclisin çağırışının praktiki icrasına start verə bilər:
1. Fransanın mümkün vasitəçiliyindən tamamilə imtina edəcək;
2. Siyasi və iqtisadi münasibətlərə yenidən baxacaq: diplomatik münasibətlərin kəsilməsi istisna deyil;
3. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə icra edilən istənilən layihədə iştirakına imkan verməyəcək;
4. Fransa şirkətlərinin Azərbaycanla enerji sektorunda əməkdaşlığına yenidən baxacaq: “Total” və digər şirkətlər bazardan çıxarıla bilər;
5. Fransanın hərbi cinayətlərini, islamofibiya və türkofobiya siyasətini Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkilatında müzakirəyə çıxaracaq;
Bu, Senatın qəbul etdiyi qətnamənin Fransa hökuməti tərəfindən mümkün icrasına qarşı Bakının əks-həmləsidir.
Fransanın qətnamənin icrasına başlayacağı, xüsusilə Avropanın enerji ehtiyacları fonunda çətin görünür. Müzakirələrdə iştirak edən Fransa xarici işlər naziri də qətnamənin icrasının mümkünlüyü ilə bağlı sualı cavablandırmaqdan imtina etdi. Bu baxımdan, Azərbaycanın əks-addımlarına ehtiyac yaranacağı gözləntisi də azdır. Lakin Fransanın vasitəçilik cəhdlərinə imkan verilməyəcəyi ehtimalı böyükdür, hətta belə bir situasiya yaransa belə, bu formal xarakter daşıyacaq.
 
Ardını oxu...
Ötən il Prezident İlham Əliyev tərəfindən Binəqədi rayon Məhkəməsinə hakim təyin olunan Tağıyev Vüsal Adıgözəl oğlu hələ “ili çıxmamış” siftəsini femidanı zorlamaqla başladı. Dövlətin etimad göstərdiyi bu yeni hakim qanunu elə “mindi” ki, misli bərabəri yoxdur. Ona görə kimlər hüquq-məhkəmə sistemində islahatlar aparıldığına inanırsa, ya sadəlövhdür, ya da qırmızı yalanlar danışmağa bir növ adətkardır. Çünki Vüsal Tağıyev kimi hakimlərlə olsa-olsa, yalnız ədalətin, femidanın deqradasiyasının “islahatı” mümkündür.
Bəs, soruşacaqsınız ki, hakim Vüsal Tağıyev nə edib? Bax, buna “cinayətə yol verib” də söyləmək olar. Söhbət 165 ailənin, 165 talenin, yüzlərlə insanın, vətəndaşın ümidlərinin üstündən xətt çəkməkdən gedir. Söhbət onları heçə saymaq, hüquqlarını ayaqlar altına atmaqdan, qanunlara, Cinayət Məcəlləsinə tüpürməkdən gedir. Bəli, hakim məhz CM-nə tüpürdü! Özü də bir dələduza, fırıldaqçıya, illərdir vətəndaşları qapı-qapı süründürən, qapılarda qoyan, kirayələrdə yaşamağa məhkum edən, min bir əziyyətlə, borc-xərclə əldə edib mənzil sahibi olmaq istəyənləri aldadan bir tikinti mafiozuna qurban verdi. Hərçənd indiyə qədər həbs edilən heç bir tikinti firmasının rəhbəri tezliklə azadlığa buraxılmamışdı. Ölkədə onlarla MTK adı çəkmək olar ki, bura “GEN” MMC, “Muray” MMC, “Oskar” və s. Daxildir, heç birinin sahibi azadlıqda gəzmir, hərəsinə azı 10-13 il həbs cəzası verilib, üstəlik, dələduzluğa görə əfvə də düşə bilmirlər. Amma hakim Vüsal Tağıyev “ilkə” imza ataraq xalqı, haqqı pozulan, ev-eşiksiz qalan, pulu yeyilən xalqı deyil, dələduzu müdafiə etdi, ona qahmar çıxdı. Görəsən, nəyin müqabilində bu qərarı çıxardı?
Reportyor.info məlumat verir ki, söhbət “Sahil – s İnşaat” MTK-nın sahiblərindən biri olan Pənah Kərimovun ev dustaqlığına buraxılması qərarından gedir. Hakim 165 ailəni aldatmış tikinti fırıldaqçısını evə buraxıb ki, get, dincəl. V.Tağıyev yəqin ki, ürəyindən bu fikir keçdiyi üçün, yaxud qanunlara istinadə edərək bu qərarı çıxarmayıb. Onun bu məsələdə marağı olmasa, əsla Pənah Kərimovu ev dustaqlığına buraxmazdı. Maraqlıdır, Pənah Kərimov onunla sövdələşməyə necə gedib, hakimə nə qədər verib? Bu qərarı çıxaranda hakimin vicdanı heç sızıldamadımı?
165 ailəni “ev dustağı” edən bir fırıldaqçını aylar sonra həbsdən azad edib ev dustaqlığına göndər, sonra da məhkəmə zalından çıxıb öz komfort mənzilinə get, bu, heç bir əndazəyə sığışmır. Bəli, Pənah Kərimov Tale Alaverdiyevlə birlikdə bu qanunsuz hərəkətləri görmüşdülər, onlar Yeni Günəşlidə “Sahil s İnşaat” MTK olaraq bina tikməyə başlamışdılar, alıcılar da böyük ümid və sevinclə müqavilələr bağlayıb mənzil sahibi olacağı günü gözləyirdilər. Lakin 2016-cı ildən bəri gah tikinti yubanmağa başladı, gah yarımçıq saxlandı, gah vətəndaşları süründürdülər, nəhayət, məlum oldu ki, Pənah Kərimovla Tale Alaverdiyev 165 ailəyə kələk gələrək bir mənzili 3-4 adama satıbmışlar.
Bu cinayətin üstü açılandan sonra vətəndaşlar müraciətlər yazmağa, aksiyalar keçirməyə, Prezidentə, Baş Porkurorluğa məktublar göndərməyə başladılar. Onların aylarla davam edən etirazlarından sonra axır ki, cinayət işi açıldı, adıçəkilən dələduz şəxslər həbs olundular. Vətəndaşlar isə onlara dəyən zərərin ödənilməsini, məhkəmədə bu məsələlərin aydınlaşacağını gözləyirdilər, eyni zamanda, kollektiv şəkildə bir addım ataraq öz imkanları daxilində sözügedən binada yarımçıq qalan işləri yavaş-yavaş görməyə başlamışdılar. Sakinlərin ümumu fikri bundan ibarətdir ki, mənzillər düzgün bölüşdürülsün, aldadılan payçıların ev məsələsi öz aralarında həllini tapsın. Ancaq bu tərəfdən hakim Vüsal Tağıyev şirkətin əsas quldurlarından olan Pənah Kərimovu dörd divarlı hücrəyə göndərmək əvəzinə, ev dustaqlığına buraxır.
Artıq bu qərarla bağlı tikinti şirkətinin qurbanları Prezident İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlamağa hazırlaşırlar. Onlar ötən il təyin olunan hakimin bu ədalətsiz, qanunsuz qərarına etiraz bildirir, V.Tağıyevin fəaliyyətinin araşdırılmasını xahiş edirlər. Müraciətdə deyilir ki, məhkəmənin qərarından apelyasiya şikayəti veriləcək və Pənah Kərimov haqqında çıxarılan ev dustaqlığının geri oxunması tələb olunacaq. Əgər apelyasiya qərarı qüvvədə saxlasa, Ali Məhkəməyə, ən yüksək instansiya da protesti təmin etməsə, o halda Avropa Məhkəməsinə müraciət ediləcək. Sakinlərin sözlərinə görə, Ədliyyə Nazirliyi və Ali Məhkəmə hakimlərin fəaliyyətinə diqqət yetirməli, qərarlarının obyektiv olub-olmadığını araşdırmalıdırlar. Vətəndaşlar nazir Fikrət Məmmədovdan xahiş edirlər ki, Pənah Kərimov barəsində qərarın hansı əsasla verildiyini hakim Vüsal Tağıyevdən izahatı istənilsin.
Axı dələduzluqla tutulan, 178-ci maddə ilə haqqında cinayət işi başlanmış, vətəndaşlara dəymiş zərəri ödəməmiş bir şəxs barəsində hansı arqumentlə ev dustaqlığı qərarı çıxarıla bilər? Belə görünür ki, qanun şah deyil, Pənah Kərimov “şah”dır. Əks təqdirdə hansısa maraqların qarşılığında hakim onu həbsdən evə göndərməzdi. Faktiki 165 ailə nağd və ya kreditlə aldığı mənzillərinə sahiblənə bilmir. Səbəb isə çox sadə dələduzluq faktıdır – bir mənzil müqavilələrlə bir neçə nəfərə satılıb. İndi nə ev, nə pul var, nə bina tikilib başa çatır, üstəgəl, cinayət törətmiş şəxslərdən birini də azadlığa buraxırlar. O zaman hakim Baş Prokurorluğun apardığı istintaqı, cinayət işini tamamilə şübhə altına alıb, heçə endirib, bundan öncə çıxarılmış qərarları da “vozdux” hesab edərək öz bildiyini edib. İndi Baş Prokurorluq da qərardan əminliklə protest verə bilər. Çünki Pənah Kərimov haqda aparılan araşdırma nəticəsində dələduzluq əməli sübuta yetirilib, amma heç bir əsas olmadan məhkəmə onu azad edir. Sakinlər ümid edirlər ki, Prezident Administrasiyası, Baş Prokurorluq və Ədliyyə Nazirliyi bu məsələni diqqətdə saxlayacaqlar. Sakinlər PA və Ədliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirəcəklərini də bildiriblər.

Reportyor.info
Ardını oxu...
Səhiyyə Nazirliyi “Qiymətləri Tarif Şurası müəyyən edir” deyir; iqtisadçı: “Tarif Şurasının gətirdiyi qaydalar nəinki qiymətlərin bahalaşmasına, hətta keyfiyyətin aşağı düşməsinə səbəb oldu”
Azərbaycanda son bir neçə ayda bir sıra dərmanlar 4-5 dəfə bahalaşıb. Kəskin qiymət artımı əsasən qiyməti Tarif Şurası tərəfindən tənzimlənməyən, o cümlədən Rusiya və Ukraynadan gətirilən dərmanlarda müşahidə olunur. Eyni zamanda nisbətən ucuz, lakin keyfiyyətli dərmanlar yoxa çıxıb, əvəzinə daha bahalı analoqları satılmağa başlayıb.

Ekspertlərə görə, Türkiyədən alınan dərmanlarla Azərbaycanda satılan eyni tərkibli dərmanlar arasında, Rusiyadan gətirilən dərmanlar arasında təxminən 8 dəfə qiymət fərqi var. Əvəzində daha bahalı əvəzedicilər təklif olunur ki, bu da əhali arasında narazılıq yaradır. Öskürək əleyhinə dərmanlar və antibiotiklər də azı 40-50 faiz bahalaşıb. Qlükoza və fizioloji məhlul Ukraynadan gətirildiyi üçün müəyyən çətinliklər yaranıb. Apteklərdə satıcılar depolarda yodun məhdud miqdarda verilməsindən şikayətlənirdilər, amma yodun qiyməti qalxan kimi qıtlıq dərhal aradan qalxdı.

“5-HOK” dərmanına tələbat yüksək olsa da, son aylar tədarük edilməyib. Bu dərmanın əvəzinə oxşar dərmanlar baha qiymətə gətirilir. Betoptik göz damcılarına da ciddi tələbat var, lakin hər aptekdə yoxdur. Elə dərmanlar var ki, 6-7 dəfə bahalaşıb. Nəqliyyat xərclərini və vergiləri nəzərə alsaq belə, qiymətlərin bu qədər kəskin artması yenə də ola bilməz. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin yanvar-avqust aylarında Azərbaycana 432 milyon 151,98 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz çoxdur.

Səhiyyə nazirinin müavini Rasim İsmayılov yerli mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda dərmanların qiymətini Tarif Şurası müəyyən edir. T. İsmayılov bildirib ki, yerli dərman preparatlarının istehsalı sahəsində də xeyli iş aparılır. İsmayılovun sözlərinə görə, “Diamed Co” və “R-Pharm” adlı iki şirkət artıq yerli istehsal qurub. Ələt Azad İqtisadi Zonasında İsrail şirkəti ilə birgə açılacaq yeni istehsal müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu istiqamətdə İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq güclənir. Yeni investorların cəlb edilməsi ilə dərman istehsalının artırılması və idxaldan asılılığın aradan qaldırılması nəzərdə tutulur. Bununla belə, Azərbaycanda dərman preparatlarının idxalını kimin monopoliyaya alması ilə bağlı sualın cavabı açıq qalır.

TEREF.AZ yazır ki, iqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, problemlərin olacağı əvvəldən proqnozlaşdırılırdı: “Əslində ilk gündən Tarif Şurasına bu səlahiyyətlər veriləndən qərarın əleyhinə çıxış edən, bununla bağlı mətbuatda çıxışlarında bunu vurğulayan mütəxəssislərdən biri də mən olmuşam. Çünki bu qərarın belə bir nəticələr doğuracağı öncədən məlum idi. Əgər Azərbaycan özünü bazar iqtisadiyyatı ilə fəaliyyət göstərən ölkə adlandırırsa, dərman preparatlarının qiymət tənzimlənməsinə, dövlət yox, bazar, yəni rəqabət cavab verməli idi. Rəqabətli mühitin yaradılmasına dövlət çalışmalı idi ki, bazarda 10-larla şirkət olsun. Rəqabətli mühit yaransın və qiymətləri bazar tənzimləsin. Tarif Şurasının gətirdiyi qaydalar nəinki qiymətlərin bahalaşmasına, hətta keyfiyyətin aşağı düşməsinə səbəb oldu. Çünki Tarif Şurasının qaydalarına görə dərman preparatlarının adları yox, molekulları və istehsal ölkələrinə görə qiymətləri müəyyənləşir. Nəticə etibarilə də Tarif Şurasının qiymət təyin etdiyi molekulun ən ucuzunu, ən keyfiyyətsizini xaricdən gətirib. Misal üçün, Hindistandan, Asiya ölkələrindən gətirib, daha baha qiymətə satmaq fürsəti yaranıb. Ona görə də bazardan keyfiyyətli, dünyaca tanınmış brendlərin istehsal etdiyi dərmanlar ya yoxa çıxır, ya da çox bahalaşır. Əksəriyyət xaricə gedən qohumundan xahiş edir ki, dərman alıb gətirsin. İstər Türkiyə, istərsə də Avropa ölkəsi olsun, dərmanların bizdən qat-qat ucuz qiymətə olduğunu görürük. Ona görə də Tarif Şurası bu işdən uzaqlaşdırılmalıdır. TŞ-nin tənzimləmə siyasəti ölkədə inhisarçılığı daha da artırdı. Ölkədə bir-iki şirkət var ki, bütün bazarın demək olar ki, 80-90 faizinə nəzarət edir. Bu da TŞ-nin gətirdiyi qaydalara görə inhisarçılığın artmasına səbəb oldu. Ona görə də Tarif Şurasından bu tənzimləmə tamamilə alınmalıdır. Dövlətin borcu tənzimləmədə dərmanların keyfiyyətinə nəzarət etmək, keyfiyyətsiz dərmanların bazarda olmasının qarşısını almaqdır. Yerdə qalan hər şeyi açıqlamaqla, bazarda rəqabəti gücləndirməklə, xarici şirkətlərin bazara daxil olmasına şərait yaratmaqla inhisarçıların deyil, xalqın, vətəndaşların maraqlarına cavab verən yanaşma ilə bu məsələ həllini tapmalıdır. İndiki yanaşma, sistem özünü doğrultmadı. Hər il də davam edir, amma hökumət tutduğu səhv yoldan dönmək istəmir”.

İqtisadçı “bir çox işbazlar ucuz başa gəlsin deyə, bəzi xarici ölkələrdəki istehsalçılarla anlaşmaya gedərək, dərmanın tərkibini bahalı edən maddələrin faizini azaltdırır, onu ikiqat ucuz alır və gətirib ikiqat baha satırlar” iddiasına belə cavab verib: “Səbəbi odur ki, dərmanların molekullarına qiymət qoyulur. Misal üçün, həmin dərman molekulu Fransa, İtaliya, Almaniya istehsalı olan dərmanlar keyfiyyətlidir və bahadır. Azərbaycana nisbətən orada ucuzdur. Azərbaycana gətirəndə daha baha başa gəlir. Amma Hindistan, Nepal, Şri-Lanka istehsalı olan həmin eyni molekul dərmanları daha ucuz olur, amma keyfiyyətsizdir. Bura gətiriləndə daha baha satılır, amma keyfiyyətsizdir. Vətəndaşlar da bundan ikiqat əziyyət çəkirlər”.

Farmakoloq, dosent, professor Aydın Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dərman istehsalı böyük sənayedir və bunun hazırlanmasında alimlər, bioloqlar, mühəndis, baytar, aqronom, kimyaçı-hər kəs iştirak edir: "Bu, yeni iş yerlərinin açılması deməkdir. Təbii ki, bu, dövlətin problemidir və həll olunmalıdır. Rəqabət sistemi qurulmalıdır. Rəqabət olmayanda ayrı-ayrı işbazlar istənilən sahəni ələ alırlar. Yoxsa bir, ya da beş nəfərdən asılı vəziyyətə düşürük. Dərmanın keyfiyyətsizi o deməkdir ki, o dərmanın vaxtı keçib, o dərmanın tərkibində olan ionlar, atomlar, ayrı-ayrı bioloji aktiv maddələr artıq insan bədənində enerjini dəyişdirə bilmir".

Qeyd edək ki, yaxın günlərdə Səhiyyə Nazirliyi ölkədə bir sıra dərmanların qıtlığının yaranması ilə bağlı məsələyə aydınlıq gətirib. Nazirliyin Analitik Ekspertiza Mərkəzindən mediaya bildirilib ki, “Adrenalin - Zdorovye”, “Adrenalin -Darnitsa”, “Penepin” və “Penepin Jr” (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) dövlət qeydiyyatına alınıb. Bildirilib ki, istənilən şirkət bu dərmanları maneəsiz olaraq ölkəyə gətirə bilər: “Bizim laboratoriyada ekspertizadan keçdikdən sonra ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur. O ki qaldı "Niyə apteklərdə yoxdur və niyə gətirilmir" sualına, bu məsələ nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid məsələ deyil. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir".

Afaq MİRAYİQ,
 
Ardını oxu...
Şəmkirin keçmiş icra başçısı, il yarımdır ki, həbsdə olan Alimpaşa Məmmədovun bir sıra əmlaklarının üzərinə həbs qoyulub. Onların arasında özünün və ailə üzvlərinin adına olan biznes obyeklərilə yanaşı, Bakının Nərimanov rayonu ərazisində yerləşən “Sipark” yaşayış kompleksində mənzillər də var.
TEREF.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində bu evlərin hansı yollarla əldə olunmasıyla bağlı araşdırma aparılıb və rüşvət kimi verildiyi müəyyənləşdirilib. Bütün bunlar Alimpaşa Məmmədovla bağlı cinayət işinin materiallarında da öz əksini tapıb. Elə ona görə də bir sıra başqa daşınmaz əmlaklarla yanaşı, həmin mənzillərin də üzərinə həbs qoyulub, məhkəmədən onların da müsadirə olunması istənilib.

Cinayət işinin materiallarında yazılıb ki, Bakının Nərimanov rayonu, Təbriz küçəsində “Svrostroy S.S” MMC-nin inşa etdiyi “Sipark” yaşayış kompleksində sahəsi 103 kvadrat metr olan 231 saylı və 212 kvadrat metr olan 232 saylı mənzilləri 2018-ci ilin avqust ayında sabiq icra başçısı Hüseynli Nicatın adına rəsmiləşdirərək, şirkətin faktiki sahibi Seymur İsayevdən rüşvət kimi alıb. İstintaq bu mənzilləri 677 min manat dəyərləndirib. İttihama əsasən, bu mənzillərin müqabilində Alimpaşa Məmmədov şirkətin sahibinə Şəmkir şəhərində Nizami küçəsi 2 ünvanında torpaq sahəsi ayırıb. Bu şirkətə və onun sahibi Seymur İsayevə himayədarlıq edib.

Həbs edilən icra başçıları arasında sonuncusu olan Alimpaşa Məmmədov Şəmkir rayon İcra Hakimiyyətində keçirilən satınalmalar zamanı şirkətlərin qalib elan edilməsi üçün rüşvət almaqda, rayonun abadlaşdırılması üçün ayrılan vəsaitlərin yeyintisində və s. əməllərdə ittiham edilir. Cinayət işində ümumilikdə 7 milyon manata yaxın mənimsəmə və rüşvətdən söhbət gedir.

İddia olunur ki, o, “Şəmkir-Yeni Göyçə-Dağ Çəyir” avtomobil yolunun çəkilişi üçün satınalma müsabiqəsinin qalibi olmuş idarənin müdirindən 240 min manat pul alıb.

Sabiq icra başçısı həmçinin 2015-2016-cı illərdə icra hakimiyyətinin keçirdiyi satınalmaların qalibi olmuş “Ağstafasutikinti” ASC-nin müdiri Vaqif Məmmədovdan 218 min manat rüşvət almaqda ittiham olunur.

Alimpaşa Məmmədov Bakı-Qazax yolunun 399-cu kilometrliyində yerləşən və 2015-ci ildə Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, faktiki dəyəri 3.4 milyon manat olan “Səbət” ticarət mərkəzini oğlunun və köməkçisinin adına cəmi 40 manata rəsmiləşdirərək mənimsəməkdə də ittiham edilir.

Alimpaşa Məmmədov yeyinti və rüşvətdən əldə etdiyi 6.8 milyon manatı 2017-ci ilin avqustunda oğlu Adil Adilzadənin adına təsis elədiyi “AzFarel” MMC – balıq yetişdirmə və emalı müəssisəsinin yaradılmasına xərcləməkdə təqsirləndirilir. Bu üzdən ona qarşı həm də cinayət yoluyla əldə olunan vəsaitlərin leqallaşdırılması ittihamı irəli sürülüb.

Keçmiş icra başçısı hazırda Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanılır. Onun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyilə baxılır. Məhkəmə prosesi noyabrın 24-də davam edəcək.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında Ağstafa və Yevlax rayonlarının sabiq icra başçılarıyla başlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli, Cəlilabad, Kürdəmir, Şəmkirdə davam edib.
 

Dünyapress TV

Xəbər lenti