Ardını oxu...
Müharibənin çox ağır proses olduğunu anlatmağa gərək yoxdur.
Elə bir regionda yaşayırıq ki, müharibələr qaçınılmazdır. Müharibələr hər nə qədər ağrılı, acılı olsa da, cəmiyyətlərin inkişafı üçün ən gözəl vasitə olur. Hər müharibədən sonra dünya yeni mərhələyə qədəm qoyur. Sülhün müharibəyə hazırlıq mərhələsi olduğunu düşünənlərdənəm. Əbədi və daimi sülh olmur, ancaq müharibələr əbədidir, daimidir, hər kəs görüb, görür, görəcək… Bu, müharibəni sevdiyim anlamına gəlmir, əslində, müharibələr iyrəndirir, ruhumla, vücudumla iyrənirəm, lakin reallıqlara da kor ola bilmərəm.
Hər dəfə müharibənin ilk gününü xatırlayanda fərqli hadisələr yada düşür. Unutduğum hekayələr gəlir ağlıma. Bunlar isə hər dəfə daha da dərinlərə aparır məni.
26 sentyabr. Gecə maşından düşürdüm. Evə getməyə 2 kilometrə yaxın yol var. O vaxt taksi və maşının rast gəlmə ehtimalı olmadığı üçün ağır bel çantalarımı şəllənib piyada gedirəm. Yolda çox fərqli düşüncələrə dalıram. Uşaqlığımı xatırlayıram. Dəmiryol xəttinin üstü ilə ayaqyalın getməyimizi yadıma düşür. Ayağıma nələr batmamışdı… Ancaq getməliydim. Hər nə qədər məcburi köçkün deyildiksə də, qaçırdıq axı. Qaçqın olurduq. Hər gün qaçqın gəlir, qohum, qonşu, tanış-bilişin ölüm, itkin xəbəri alınır. Hər dəfə ah, hər dəfə nalə, hər dəfə fəryad. Sağ qalmaq instinkti. Qaçırsan, gizlənirsən. Yolda kəndimizdən bir neçə nəfərin əsir götürüldüyünü demişdilər, nə atadan xəbər var, nə ana və qucağındakı körpə uşaqdan. Geri qalırsan, üstünə qışqırırlar. İrəli getməyə güc yox, ayaqlar yalın, dəmiryol xəttinin taxtalarının, kol-kosun tikanları uşaq ayağının altına girmək uğrunda sanki yarışa giriblər. Ayaqlar da arsızlaşmışdı. İnsan nələrə qatlaşarmış, nələrə dözərmiş…
Yolun böyük hissəsini getmişdim. Birdən maşın işğı görürdüm. Üzbəüz gəldiyi üçün heç sevinmədim də. Maşın yaxınlaşdıqca sürətinin azaldığını görürdüm. Bir anlıq düşündüm ki, yəqin, kimdirsə tanıdı, aparıb evə qoyacaq. Əslində, bu həmin an üçün elə gözəl olardı.
Maşın saxladı. Sürücü pəncərədən üzümə baxdı, bu bir neçə saniyə belə davam etdi. Uzun zaman idi görüşməsək də, salamsız, kəlamsız dedi ki, hə, gecənin bu vaxtı gəlirsənsə, demək ki, olacaq. Gülmək tutdu. Hər dəfə cəbhə bölgəsinə gedəndə o qədər: “Sən gəlmisənsə, mütləq nəsə olacaq”, – deyirdilər ki, özümü qara pişik kimi hiss edirdim. Maşın məndən bir qədər uzaqlaşdı, sonra geri döndüyünü hiss elədim. Yanımdan ötüb keçdi, sonra arxa-arxaya sürdü. Sürücü bu dəfə başını pəncərədən çıxarıb dedi:
“Mən camaatın, televizorda danışanların heç birinə inanmıram, sənin axşam gəlişlərin mənə bəs edir. Bu dəfə ağır bel çantası ilə gəlmisən, özü də gecə”...
Müharibənin ilk günü insanların danışıqlarına qulaq verəndə bir anlıq 2016-cı ilin Aprel döyüşləri yadıma düşdü. Bir cəmiyyət, eyni adamlar nə qədər dəyişərmiş. Aprel döyüşlərinin ilk saatları insanlar bir araya gələndə ancaq Xocalıdan danışırdı. Hər topa dayanmış insanlardan bu sözü eşidirdim: “Bizi Xocalının gününə salacaqlar”. Qorxu, inamsızlıq, məğlubluq sindromu, güvənsizlik. Bunları hər eşitdikcə deyirdim, kaş bu döyüşlər bir həftədən çox çəkməsin, ən əsası da kiçik də olsa, qələbə olsun. Yaxşı ki elə də oldu. Bir də onu anladım ki, Xocalı soyqırımı ilə bağlı təbliğat tamamilə əks effekt verib. Ancaq ağlaşma, ancaq sızlamaq, zorlanma səhnələrinin canlandırılması, uşaqların süngüyə keçirilməsi, qulaq, baş kəsməklə bağlı hadisələrin danışdırılması…
27 sentyabr? Bir yerdə belə Xocalı adını tutan görmədim, eşitmədim. Demək ki, o kiçik qələbə çox böyük iş görübmüş. İnam, etibar, güvən və qürurun geri dönüşü. O geri dönüş insanlara başqa cür təsir etmişdi. Əsgərindən tutmuş, fəhləsinə qədər – hər kəs qarışqa kimi işləyirdi. Əmr olmadan, tələb olmadan bir amal üçün. Təbii ki, millətin genetikası da öz sözünü deyirdi. Qan həmişə bu milləti başqa cür motivasiya edib.
Müharibədən heç kim sağ qayıtmır. Şəhidlərə rəhmət, qayıdanlara isə möhkəm olmağı diləyirəm…
Səxavət Məmməd
www.yenicag.az
 
Ardını oxu...
"ABŞ Ermənistanda mövcud hakimiyyəti qorumaq istəyirsə, bu ölkənin Rusiyanın orbitindən çıxmaq üçün strateji plan həyata keçirirsə, ilk növbədə Yerevanı Azərbaycanla sülh müqaviləsinin bağlanmasına sövq etməlidir".

Teref.az Gundem.az-a istinadən xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə bildirib. Ekspert ABŞ-Ermənistan əlaqələrinin Yerevanda ümidlər yaratdığını deyib:

"Əgər, Vaşinqton Yerevana dəstək siyasəti və Rusiyaya qarşı ikinci Gürcüstan ssenarisini tətbiq edəcəksə, müsbət nəticə olmayacaq. Ermənistanın Təhlükəsizlik katibi Armen Qriqoryan ABŞ-a səfər edir. İkitərəfli yüksək səviyyədə səfərlərin təşkili Ermənistanda yeni "ümidlər" yaradır və Azərbaycanla hərbi qarşıdurmaya gətirəcəyi gözlənilir. Ermənistanın Azərbaycanla hərbi qarşıdurması isə bu ölkədə Rusiyanın mövqeyini getdikcə zəiflədəcək və bu hərbi qarşıdurma həm Moskvanın həm də ABŞ -maraqlarina xidmət edir. İtirən Ermənistan olacaq. Qazanan isə, Azərbaycan olacaq".

Ekspert ABŞ-ın siyasətinin düzgün olmadığını ifadə edib:

"Bundan əlavə, regionda sülh istiqamətində proses dayanır. Vaşinqtonun Ermənistan siyasəti heç də Azərbaycanla münasibətlərin normallaşması prosesinə xidmət etmir".
 
Ardını oxu...
Bu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtona səfəri başlayıb. Rəsmi mənbələrə görə, o, ABŞ paytaxtında bir sıra vacib görüşlər keçirəcək. Görüşlərdə hansı məsələlərin müzakirə olunacağı açıqlanmır. Lakin aydındır ki, onlar əsasən Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması probleminə həsr olunacaq.

Bu səfər həm də ona görə diqqətəlayiqdir ki, Armen Qriqoryan təkcə Ermənistan Təhlükəsizlik Şurasının katibi deyil. Media onu haqlı olaraq Nikol Paşinyanın ən yaxın adamlarından biri, ölkə baş nazirinin xarici siyasət məsələləri üzrə “danışan başı” hesab edir.

Bir neçə gün əvvəl BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci sessiyasında çıxış edən Nikol Paşinyan bəyan etmişdi ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasından başlamalıdır: “Artıq demişik ki, biz bu addımı atmağa hazırıq, lakin Azərbaycan analoji şəkildə reaksiya verməyib”.

Paşinyan İrəvana qayıdanda isə Twitter-də yazıb:

“BMT-dəki çıxışımda sadə bir sual verdim: Azərbaycan Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıyırmı? Əgər belədirsə, biz sülh müqaviləsi bağlamağa davam edə bilərik. Təəssüf ki, müsbət reaksiya yoxdur. Sual budur: niyə?”

Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da son aylar eyni mövqeyi nümayiş etdirir. O, iyulun 29-da “Armenpress”ə müsahibəsində “Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur” deyib və qeyd edib ki, sərhədlərin toxunulmazlığı prinsipi ikitərəfli səviyyədə rəsmi sənədlərdə öz əksini tapmalıdır.

Hadisələr maraqlı axarda davam edir və nəticədə tərəflər qəfil yerlərini dəyişirlər: Azərbaycan 30 il ərzində Ermənistanı münaqişənin ərazi bütövlüyü prinsipi əsasında həllinə dair sənəd imzalamağa çağırıb və hər dəfə ələ salınaraq rədd cavabı alıb. Bu gün isə Ermənistanın özü şikayət edir ki, Azərbaycan onun oxşar rəftarına kifayət qədər çevik reaksiya vermir.

“Sual nədədir?” – Paşinyan soruşur. Sual isə ilk növbədə ondadır ki, qəfil mövqe dəyişikliyi nümayiş etdirən Ermənistan nə dərəcədə səmimidir. Məsələn, Ermənistan Təhlükəsizlik Şurasının rəsmi saytında “baş nazirin danışan başı” sayılan cənab Qriqoryanın doğum yerinin bu günə qədər də “Artsax Respublikası” kimi göstərilməsi onu heç narahat etmir? Yeri gəlmişkən, Qriqoryan 1983-cü ildə anadan olub. O zaman isə belə bir “respublika” hətta tanınmamış formada mövcud deyildi və Azərbaycan Respublikasının tərkibində yalnız Dağlıq Qarabağ Muxtar Vilayəti vardı. Yaxud, Azərbaycan Ermənistan Təhlükəsizlik Şurası katibinin qonşu ölkənin ərazi bütövlüyünün tanınması ilə bağlı sözlərini necə qəbul etməlidir? Yada salaq ki, ərazi bütövlüyünün tanınması kimi səs-küylü bəyanatla çıxış edən dövlət xadimi cəmi bir ay sonra gizli şəkildə Azərbaycanın Ermənistanla münaqişəsinə səbəb olan rayonlarından birinə səfər edir və orada toplantı keçirir? Deməli, Qriqoryanın bəyanatı məhz Azərbaycanın diplomatik departamentinin vurğuladığı kimi qəbul edilməlidir: “Ermənistan rəsmisinin Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən növbəti görüşündən dərhal sonra atdığı məqsədyönlü qeyri-qanuni addım nəinki görüş zamanı əldə olunmuş razılaşmalara kölgə salır, həm də erməni tərəfinin normallaşma prosesində qeyri-səmimiliyini açıq şəkildə nümayiş etdirir… Bu, Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmaması, suverenlik və dövlət sərhədlərinin toxunulmazlığı prinsiplərini qəbul etməsi barədə bəyanatlarının səmimiyyətdən uzaq olduğunu göstərir”.

Cənab Qriqoryanın ABŞ-a səfəri ərəfəsində Azərbaycanın teleqram kanallarından birində onun ofisinin fotosu yerləşdirilib. Təhlükəsizlik Şurasının katibi həmin fotoda Azərbaycan ərazilərinin Ermənistanın tərkibində göstərildiyi böyük xəritənin fonunda poz verir, küncdə isə “Arsax Respublikasının dövlətçilik atributlarının” təsvirləri var. “Foto 44 günlük müharibədən əvvəl çəkilib…” deyə şəkilin qeydində oxuyuruq. Maraqlıdır, Paşinyanın Ermənistanın 29800 kv.km.-lik xəritəsi ilə bağlı açıqlamasından sonra Qriqoryan öz kabinetindəki xəritəni dəyişibmi?! Axı hər gün bu xəritəyə baxmaq və paralel olaraq 29800 kv.km. ərazi ilə bağlı danışıqlar aparmaq mümkün deyil! Onu ofisdə görməmək mümkün deyil”.

Və bu qeyddəki sonuncu ifadə Paşinyanın “niyə?” sualına açıq cavab kimi səslənə bilər:

“Azərbaycanın sərt mövqeyinin səbəbi də budur. Ermənistan Azərbaycana olan ərazi iddiasından əl çəkməlidir. Əks halda təzyiqlər həm birbaşa, həm də vasitəçilərin köməyi ilə davam edəcək”.
 
 

Ardını oxu...
Komitə sədri: “Xalqın narazılığının səbəblərini araşdırmaq vacibdir”

Ekspert: “Bir çox hallarda dərmanların qiymətini azaltmaq mümkündür”

Paytaxtda hər addımbaşı apteklərin olması, boş qalmaması bu biznesin gəlirli olmasından xəbər verir. Hər kəsin zaman-zaman və kiminsə ömrü boyu davamlı olaraq dərmana ehtiyacı var. Ölkəyə dərman vasitələrinin əksəriyyəti xaricdən gətirilir və bu il idxalın həcmi artıb. Belə ki, bu ilin yanvar-avqust aylarında Azərbaycana 432 milyon 151,98 min dollarlıq (artım 12,3%) 19 min 65,98 ton (artım 26,2%) əczaçılıq məhsulları idxal edilib. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında qeyd edilib. Hesabat dövründə əczaçılıq məhsullarının payı Azərbaycana bütün mal idxalının 4,87%-ni təşkil edib.

İndi hər şey bahalaşır və dərmanlar da istisna deyil. Əksər hallarda əhalinin gəlirləri hələ də yerində sayır. Ancaq çoxları üçün dərmanların mövcudluğu həyat keyfiyyəti, bəzən isə ümumiyyətlə ölüm-qalım məsələsidir. Vətəndaşları ölkədə satılan əczaçılıq məhsullarının keyfiyyəti və ehtiyac duyulan dərmanların çox vaxt tapılmaması da narahat edir.

“Anamda qlaukoma var və həkim göz təzyiqini aşağı salmaq üçün ona “Betoptik” damcıları təyin edib. Amma onları tapmaq çox çətindir. Sonuncu dəfə bunun üçün şəhərin yarısını gəzməli oldum. Analoqları almağa çalışdıq, amma heç bir faydası olmadı. Və beləliklə, yeri gəlmişkən, bu gün bir çox belə dərman var, amma sabah yoxa çıxır. Xəstələr nə etməlidir? Qiymətlərə gəlincə, bir çox dərmanlar bahalaşıb. Belə ki, “ACC Long” keçən il 3,8 manat idi, indi isə 7 manata yaxındır”, - Bakı sakini Tamara Əliyeva deyir.

“İnsanlar yeməyə getdikcə daha çox pul xərcləyir və bəzən lazımi dərmanları almağa belə pulları olmur. Hər kəs dərhal bütöv bir paket ala bilmir, hissə-hissə alır. Hələ bəzi qıt dərmanlar üçün apteklər qiymətləri şişirdirlər. Ona böyrəklərin fəaliyyətini yaxşılaşdıran dərman lazım idi, sonuncu dəfə qutusu 50 manata alınıb. Sonra heç yerdə tapa bilmədilər və nəhayət bir aptekdə qarşıladılar, qiymətdən - 120 manatdan dəhşətə gəldilər. Razıyam ki, qiymət qalxa bilər, amma bu qədər məbləğdə deyil”, - AYNA-nın digər həmsöhbəti qeyd edib.

Bir neçə gün əvvəl Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov əhalinin dərmanların keyfiyyətindən və qiymətindən narazı olduğunu, ölkədə dərmanların qiymətlərinin hətta Türkiyə ilə müqayisədə kifayət qədər baha olduğunu bildirmişdi. Onun sözlərinə görə, dərmanların qiyməti, keyfiyyəti və mövcudluğu ilə bağlı xeyli problemlər var. Əmiraslanov bu məsələni aidiyyəti idarələrlə müzakirə edəcəyinə söz verib və hesab edir ki, payız sessiyasında bu məsələ ilə bağlı dinləmələrin keçirilməsi zəruridir.

Komitə sədri Hesablama Palatası tərəfindən Səhiyyə Nazirliyində bu işlə məşğul olan strukturda artıq yoxlamalar aparıldığını bildirib və bunu komitə ilə müzakirə etməyi təklif edib: “Apteklərin nümayəndələrini, bu sahədə çalışan insanları dəvət edib dinləmək lazımdır. Xalqın narazılığının səbəblərini araşdırmaq vacibdir”.

Dayanıqlı İnkişaf Araşdırmaları Mərkəzinin sədri Nəriman Ağayev vəziyyəti AYNA-ya şərh edərkən əczaçılıq biznesinin mürəkkəb sistem olduğunu vurğulayıb.

“İstənilən klinikaya gedin, həmişə çoxlu xəstə olur. Pis ekologiya və qida, stress - bütün bunlar daha çox insan sağlamlığına mənfi təsir göstərir. Müvafiq olaraq, müxtəlif dərmanlara ehtiyac da artır. Xalqın ödəmə qabiliyyətinin yüksək olması vacibdir”, - deyə Ağayev vurğulayır.

Qiymətlərə gəldikdə isə ekspert deyib ki, tələb təklifi müəyyən edir: “Kim ölkədə inflyasiya baş verir desin, dollar və avro demək olar ki, eyni səviyyədə qalır. Sahibkar əlbəttə ki, pul qazanmalıdır, lakin bir çox hallarda dərmanların qiymətini azaltmaq mümkündür. Əsas odur ki, dərman problemlərinin müzakirəsi zamanı heç kimin maraqlarına lobbiçilik olunmasın”.

“Dərmanların mövcudluğu ilə bağlı heç bir çətinlik yoxdur, amma hələ də bizdə qeydiyyatdan keçməyənlər var. Keyfiyyətə gəlincə, mən razıyam ki, problemlər var. Bir çox insanlar xaricdən gətirilən dərmanların burada satılanlardan daha təsirli olduğunu görür. Mütləq sifarişçinin, yəni Azərbaycana dərman gətirən şəxsin nümayəndəsi olmalıdır və o, gətirdiyinin keyfiyyətinə də cavabdeh olmalıdır. Hesab edirəm ki, Səhiyyə Nazirliyi bu məsələyə nəzarət etməməlidir. Bu, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Nəzarəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin işidir və həm də ictimai nəzarət olmalıdır. Təbii ki, biz problemi həll etməliyik, çünki əhalinin sağlamlığı hər şeydən üstündür”, - deyə Ağayev fikrini tamamlayıb.

Müəllif: Elya Belskaya
 
 
 
Ardını oxu...
Bu gün Avropa Birliyinin 3-cü böyük iqtisadiyyatına sahib İtaliyada seçkilərdir, sorğulara görə Giorgia Meloni-nin başçılıq etdiyi sağ yönümlü koalisiya seçkiləri udmağa çox yaxındır. Bu baş versə 1945-ci ildən sonra ilk dəfə İtaliyada sağ (sağ/mərkəz yox, məhz sağ) siyasi qüvvə hökumət formalaşdıracaq. Meloni-nin koalisiyasında Berluskoni və Salvini kimi siyasətçilər də yer alıb.
Keçən həftə daim "solda" duran İsveçdə də sağ/sağ mərkəz seçkiləri uddu. Yəni, dünyada "sol/psevdo-liberal" cərəyan sönür, sağ/mərkəz önə çıxır və bu gözlənilən idi.
Sağ/Sol siyasi qüvvələrin siyasətdə bir-birini əvəz etməsi çox önəmlidir - sol hakimiyyətdə çox olanda azadlıqları boğur, etatizm artır, dövlətin iqtisadiyyata müdaxilələri eybəcər hal alır, sonra sağ gələndə çəki-düzən verir, balans yaradır, sağ da hakimiyyətdə çox qalanda sol kimi eyni səhvləri, amma başqa bucaqdan təkrarlayır, sonra sol gəlib dəngəni qurur. Bu mənada fərqli ideologiyaların bir-birini əvəz etməsi siyasi "təmizlik" prosesi kimi çox önəmlidir.
Bizdə isə hələ ki, ideoloji siyasi proses yoxdur, biz yaratmağa cəhd etdikcə həm hakimiyyətin, həm də klassik müxalifətin ciddi müqaviməti ilə üzləşirik, çünki hər iki tərəf ideoloji olaraq içiboşdur. Məsələn, hansısa siyasətçi çıxıb həm sosial yardımların artırılmasını, həm də vergilərin azalmasını tələb edirsə (hər iki təklifi əsaslandırmadan), deməli savadsız populistdir, və ya YAP dövlətin iqtisadiyyatda əsas rol almasının vacibliyini deyərək həm də öz nizamnaməsinə "sağ-mərkəz" yönümlü olduğunu yazırsa, deməli bu işləri bilmir.
Siyasəti ideoloji çərçivə salmaq həm də ona görə vacibdir ki, vətəndaşın siyasi kimliyi formalaşsın, özünü ərtaf ölkələrin azarkeşi kimi aparmasın, bu çox önəmlidir, dövlətin gələcəyi üçün həyati əhəmiyyətlidir...
Natiq Cəfərli
Teref.az
 
 
 
Ardını oxu...
Son iki yüz il ərzində tarixi Azərbaycan ərazisində gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz dədə-baba ocaqlarından zorla köçürülmüş, onlara qarşı ardıcıl şəkildə həyata keçirilən etnik təmizləmə və deportasiya siyasətinin qurbanları olmuşlar. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edən erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın qan yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə qanlı iz buraxmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış,yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandakı öz dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.
XX əsrin 90-cı illərinin əvvəllərində sosializm ictimai-siyasi quruluşunun dərin iflası və SSRİ kimi nəhəng bir dövlətin süqutu digər postsovet ölkələri ilə yanaşı, Azərbaycanda da siyasi xaos, iqtisadi iflic və sosial kollaps vəziyyətinin yaranması ilə nəticələnmişdi. Üstəlik həmin vaxt Azərbaycanın hərbi təcavüzə məruz qalması - erməni millətçilərinin soyqırımı və işğal siyasəti nəticəsində ölkə ərazisinin 20 faizinin işğalı, bir milyon azərbaycanlının öz yer-yurdundan didərgin düşməsi vəziyyətin son dərəcə ağırlaşmasına səbəb olmuşdu. Bütün bu çətinliklərə baxmayaraq, 90-cı illərin ortalarından etibarən ölkəmiz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında tədricən dirçəlməyə və taleyüklü problemlərin həlli istiqamətində inamlı addımlar atmağa başladı.
Ümummilli liderin layiqli varisi, davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.
Ali Baş Komandan, Prezident İlham Əliyev ötən 18 il ərzində millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı.
Sentyabrın 27-də saat 6 radələrindən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmrilə Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının təmas xəttində sıx məskunlaşma olan kəndləri ilə yanaşı, cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrinin mülki infrastruktur obyektlərini ballistik raketlərlə, fosforlu və kasetli bombalarla, klaster silahlarla atəşə tutaraq mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə başladı.
44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu. Rəşadətli ordumuzun iradəsi və əzmi nəticəsində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı, 8 noyabr isə Azərbaycan tarixinə Qələbə günü kimi düşdü. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu.
Dövlət başçımız tərəfindən Vətən müharibəsində şəhid olmuş igid vətən oğullarının xatirələrinə, onların ailələrinə, qazilərimizə və vətən müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşılır. Prezident tərəfindən şəhid ailələrinin və qazilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində müxtəlif qərarlar, sərəncamlar qəbul edilmiş və adiyyatı orqanlara tapşırıqlar verilmişdir. Vitse-prezident Mehriban xanım Əliyeva da şəhid ailələrinə, qazilərimizə xüsusi diqqət və qayğı ilə yanaşır. Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev fondu tərəfindən xeyli sayda qazimiz xarici ölkələrdə müalicə olunaraq yenidən öz sağlamlıqlarına qovuşublar.
Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, doğma Qarabağ tezliklə cənnətə çevriləcək. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması da bunu deməyə əsas verir.

Aynur Xəlilova – siyasi şəhrçi
Teref.az
 
 



Ardını oxu...
Teref.az olaraq Elnur Rehimoglu Abdullayevin sosial şəbəkələrdə paylaşdığı Ağdam RİH sabiq başçısı N. Sadqovun məqaləsini təqdim edirik:
Hörmətli oxucular, son günlər İran dövlətinin baş bilənləri tərəfindən Azərbaycan xalqının iradəsinin və dövlətimizin apardığı siyasətin əleyhinə qəbuledilməz bəyanatları və çıxışları müşahidə olunur. Qırmızı xətti qara xətlə, qara xətti qırmızı xətlə qarışdırırlar. Mənə elə gəlir ki, İran hökumətinin vəzifəli şəxsləri özləri belə nə istədiklərini anlamırlar. İranda yaşayan minlərlə Azərbaycanlıların hiddətindən qorxmaq istəmirlər. İnanıram ki, İran dövlətinin din xadimləri və dövlət məmurları əvvəl - axır Azərbaycanın haqq işinə dəstək verəcəklər. Bunun üçün onlar İranda yaşayan azərbaycanlıların azacıq da olsa, səslərini eşitməlidirlər.
Mən hesab edirəm ki, İranın dövlət məmurlarının narahat edən əsas səbəb, Azərbaycan dövlətinin davamlı inkişaf etməsi və İranda yaşayan azərilərin “Müstəqil Cənubi Azərbaycan” dövləti yaratmaq arzularından qorxmasıdır. Lakin bütün hallarda, ədalət və həqiqət həmişə qələbə çalacaq bu bəşəriyyətin qanunudur.
Mən 2012-ci ildə İranın din xadimləri və diplomatları ilə əlaqədar olan bir hadisəni oxucuların diqqətinə çatdırmaq istərdim.
2012-ci ildə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı işlədiyim dövrdə rayonumuzda, “Dini etiqadlar azadlığı " mövzusu ilə bağlı geniş miqyaslı rayonlararası müşavirə keçirilirdi. Müşavirədə 10-a yaxın dövlətin diplomatları və din xadimləri iştirak edirdi. Müşavirə öz işini bitirdikdən sonra mən qonaqları çay süfrəsinə dəvət etdim. Qonaqlar çay süfrəsinə əyləşdikdən sonra gördüm ki, Türk diplomatının oturduğu yer giriş qapısının yanına düşüb. Mən istəməzdim ki, Türk diplomatın oturduğu yer onun üçün narahatçılıq yaratsın. Ona görə də mən onu öz yanımda oturmağa dəvət etdim və bildirdim ki Türk diplomatı həmişə yuxarı başda oturmağa layiqdir.
Çay süfrəsinin arxasında eyni zamanda da İran dövlətinin iki nümayəndəsi oturmuşdu. Mən bildiyimə görə, bu cür tədbirlərdə həm din xadimləri həm də diplomatlar iştirak edirlər. Hiss etdim ki, Türkiyəli nümayəndəni yanımda oturtmağım İran diplomatının xoşuna gəlmədi. Elə bu vaxt İran din xadimlərindən biri yarızarafat, yarıciddi şəkildə mənə dedi ki, "Ağayi başçı, müsafirlər arasında ayrı seçkiliyə yol vermək yaxşı iş deyil bu qəbahətdir, yuxarı başa bizi də dəvət edə bilərdiniz".
Sözün düzü, ona cavab verməməyi düşündüm, sonra xasiyyətim məni məcbur etdi ki, danışmalıyam. Üzümü iranlılara tutaraq dedim ki, hörmətli qonaqlar, əslinə qalsa siz düz deyirsiniz , müsafirlər arasında ayrı seçkiliyə yol vermək düzgün deyil. Ancaq biz türklərlə əkiz qardaşlarıq, biz bir-birimizin ağrısını duyuruq, hər birimiz o ağrını özümüzünkü hesab edirik. Biz türkləri ona görə sevirik ki, türklər Azərbaycan xalqının düşmənini öz düşmənləri hesab edərək, Ermənistanı işğalçı təcavüzkar bir ölkə kimi tanıyır və onunla heç bir diplomatik münasibət qurmur. Lakin İran dövləti Ermənistanı uşaq kimi qucağına alıb, onun nazı ilə oynayır maddi və mənəvi dayaq durur.
Həmçinin İran nümayəndələrinə bildirdim ki, İmam Rzanın qəbri İran dövlətinin ərazisindədir və İran əhalisinin əsas inanc yerlərindən biridir. İmam Rza buyurmuşdur: "Zalıma arxa duranın özü, zalımdan də pisdir". İndi siz özünüz fikirləşin Ermənistan dövləti Azərbaycan torpaqlarının böyük hissəsini işğal edib, Azərbaycan vətəndaşlarını qətlə yetirib, Azərbaycanın məscidlərində donuz saxlayıblar. İran dövləti əslinə baxanda bu hərəkətlərlə bizi alçaldır bunun müqabilində biz İran diplomatlarına əl çalıb yuxarı başa keçirəcəyimizi fikirləşirsiz? Mən onlara dedim: Sız bilməlisiniz ki, biz İran dövlətinin iç- üzünü bilirik və eyni zamanda bilirik ki, İran dövləti İmam Rzanın dediyi kimi, ZALIM bir dövlətdir.
Mən sözümü bitirib- bitirməz iranlı nümayəndələr otağı tərk edib getdilər və onlar üçün ayrılmış avtobusa mindilər.
Azərbaycan Respublikası XİN-nın nümayəndəsi mənə təklif etdi ki, gedib onların könlünü alım və yenidən çay süfrəsinə dəvət edim. Mən isə ona dedim ki, nə olur olsun onları geri dəvət etməyəcəm, ancaq siz istəsəniz dəvət edə bilərsiniz.
Bir sözlə, XİN-nin nümayəndəsi iranlıları yenidən çay süfrəsinə dəvət etdi ki, diplomatik qalmaqal yaranmasın.
Bu dəfə onlar özlərini əvvəlkindən fərqli olaraq, iddialı aparmadılar və özünü günahkar iş başında yaxalanmış balaca uçaq kimi apararaq axıra qədər susdular.
Ağdam RİH sabiq başçısı N. Sadıqov
Teref.az
 
 
 
Ardını oxu...
Ekspert: “Azərbaycan Qazaxıstandan lazımi miqdarda buğda idxal edə bilməz”

Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi (KTN) respublikadan taxıl və unun ixracına qoyulan məhdudiyyətləri aradan qaldırıb. KTN-in rəhbəri Yerbol Karaşukeyevin müvafiq əmri sentyabrın 14-dən qüvvəyə minib.

“Beləliklə, Qazaxıstanın kənd təsərrüfatı istehsalçıları buğda və unu məhdudiyyətsiz xaricə sata biləcəklər”, - deyə nazirliyin mətbuat xidmətindən bildirilib.

Əvvəllər respublika hökuməti məhdudiyyətlərin sentyabrın 10-dan qaldırılmasının planlaşdırıldığını açıqlasa da, görünür, onlar tələsmək qərarına gəliblər. Taxıl bazarında gərginlik tədricən səngiyib və taxıl çatışmazlığı indi keçmişdə qalıb.

Yeri gəlmişkən, dənli bitkilərin ixracının azaldılması ilə bağlı qərarın özü qonşu ölkənin Kənd Təsərrüfatı Nazirliyinin bu il iyulun 8-dən sentyabrın 30-dək olan dövrü üçün sərəncamı ilə verilib. Taxıl ixracı üçün kvotalar 550 min tondan, un 370 min tondan çox deyildi.

Məhdudiyyətlər Qazaxıstan hökumətinin Rusiya Federasiyasının Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə ixracına qadağa qoyması ilə əlaqədar ölkədə taxılın mövcudluğu ilə bağlı narahatlığının olması ilə əlaqədar olub. Lakin dünya bazarında vəziyyətin sabitləşməsindən və Qazaxıstanda taxıl məhsuldarlığı ilə bağlı müsbət proqnozlardan sonra kvotanın ləğvi qərara alınıb. Bu hadisələrin fonunda Qazaxıstanın buğda ixracını məhdudlaşdırmaq barədə iyul qərarı ilə bağlı ölkəmizdəki informasiya ajiotajını xatırlayırıq.

O zaman ayrı-ayrı, həddən artıq emosional ictimai xadimlər bizim üçün çörək qıtlığını proqnozlaşdırsalar da, bu, baş vermədi. Axı Qazaxıstan unu və buğdasının respublikamıza tədarükü cüzidir və strateji əhəmiyyətli dənli bitkilərin idxalında aslan payı Rusiyanın payına düşür.

Bu il hər iki taxıl anbarı - Qazaxıstan və Rusiya taxıl sahəsindən bol məhsul gözləyir. Ancaq Rusiya buğdasına gəldikdə, artan tədarük qiymətlərin daha da ucuzlaşmasına gətirəcəyinə görə, bu, bizim üçün əhəmiyyətli bir haldır. Belə bir vəziyyətdə qazax taxılının məhsulu arxa plana keçir.

“Qazaxıstan Taxıl İttifaqı” Hüquqi Şəxslər Assosiasiyasının (QTİ) rəsmi nümayəndəsi Yevgeni Karabanovun sözlərinə görə, Azərbaycan Qazaxıstan buğdasının idxalının artırılması ilə bağlı müraciət alıb, lakin söhbət əsasən qiymətlərdən gedir.

“Bu il Rusiya öz tarixində rekord buğda məhsulu toplayır və təbii ki, Qazaxıstanla müqayisədə rahat və ucuz logistikaya görə Rusiya taxılının alınması üçün Azərbaycana çox cəlbedici təkliflər olacaq. Ona görə də hesab edirəm ki, Azərbaycan ilk növbədə Rusiya Federasiyasından taxıl idxal edəcək”, - deyə o bildirib.

Bu il Qazaxıstanda yalnız buğdanın məhsulu təxminən 16 milyon ton ola bilər, ixrac potensialı isə 9 milyon tona yüksələcək, ona görə də Qazaxıstan taxılının idxalı məsələsində respublikamızın fəallığı başadüşüləndir - Rusiya idxalına alternativdir.

Bu istiqamətdə aparılan işlərin artıq müəyyən nəticələr verdiyini idxalın artması ilə bağlı məlumatlar da sübut edir. Rəsmi statistikaya görə, təkcə 2021-2022-ci ilin sentyabr-fevral aylarında Qazaxıstan bizim istiqamətdə ixracı demək olar ki, dörd dəfə artıraraq 128,3 min tona çatdırıb. Eyni zamanda, bu kənd təsərrüfatı mövsümündə Rusiyadan ixrac əvvəlki ilə müqayisədə 730 min tona qədər azalıb.

Yeri gəlmişkən, son on ildə Azərbaycana buğda ixracında tarixi maksimuma 2012-ci ildə nail olunub - o zaman respublikamıza Qazaxıstan taxılının tədarükü bir milyon ton təşkil edib, sonra isə kəskin şəkildə azalıb və son beş ildə 300 min tondan artıq artım olmayıb.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmlinin AYNA-ya dediyinə görə, Qazaxıstandan buğda idxalının əvvəlki həcminin xeyli böyük olması onunla izah olunur ki, 7-8 il əvvəl Qazaxıstan 26 milyon ton taxıl istehsal edirdi: “Lakin son illər məhsulun miqdarı 10 milyon tona yaxın azalıb və respublikanın o qədər də yüksək ixrac potensialı yoxdur”.

“Azərbaycan Qazaxıstandan lazımi miqdarda buğda idxal edə bilməz. Biz oradan ildə 200-300 min tona qədər idxal edə bilərik, illik idxal tələbi 1,5 milyon tondur. Azərbaycan bazarı möhkəm şəkildə Rusiya buğdasının idxalına bağlıdır”, - deyə həmsöhbətimiz bildirib.

Müəllif: Tanya Samsonova
 
Ardını oxu...
Putinin səfərbərlik qərarı və nüvə hədə-qorxusunu Qərb cəmiyyətləri hələ tam anlamağa çalışarkən, Rusiya cəmiyyəti artıq bu qərarın dəhşətini yaşamağa başlayıb.

Real görünən odur ki, dünənə qədər yumşaq divanda oturub, Ukraynada baş verən qətliamlara ya səsini çıxarmayan, ya da Putinin “Z” müharibəsini dəstəkləyən ruslar artıq kütləvi şəkildə ölkədən qaçır. Ukraynanın müharibənin əvvəlində yaşadıqlarını bu gün ruslar öz vətənlərində yaşamağa başlayır – müharibə onların evinə gəlib! Bunun nəticəsidir ki, Finlandiyadan Monqolustana qədər bütün sərhədlər Rusiyadan və səfərbərlikdən qaçmaq istəyənlərin axını ilə üzbəüzdür. İstanbul, İrəvan, Bakı və s. aviareyslərinə bilet qalmayıb, hətta piayda Monqolustan sərhədlərini keçərək, qaçanlar da var. Deyilənə görə, Kreml bu köçün qarşısını almaq üçün ümumiyyətlə, sərhədləri bağlamaq fikrindədir.

Eyni zamanda, ayrı-ayrı şəhərlərdə səfərbərliyə qarşı etiraz aksiyaları başlayıb. Bu aksiyalar hələ kütləvi olmasa da, yaxın gələcəkdə onların kütləviləşəcəyini istisna etmək olmaz. Bütün bunlar o deməkdir ki, özünün səfərbərlik qərarı və nüvə blefi ilə Qərbi və hər cür dəhşətləri yaşamış, qorxu hissini itirmiş Ukraynanı qorxutmaq istəyən Putin, nəticədə daha çox öz vətəndaşlarını qorxuya salıb...

Müdafiə naziri Sergey Şoyqu son çıxışında deyib ki, Rusiya ordusu Ukrayna müharibəsinin gedişində bu günə qədər cəmi 5937 hərbçisini itirib. Ukrayna tərəfi isə guya öz ordusunun yarısını itirib və orada ölən və yaralananların sayı üst-üstə 100 min nəfəri ötüb. Yaxşı, əgər doğrudan da elədirsə, o zaman belə çıxır ki, Rusiya bu müharibədə Ukrayna ordusunu demək olar məhv edib və onun qarşısında təxminən 95 min nəfərlik üstünlük qazanıb. Bəs, belə olan halda, səfərbərliyə və yenidən 300 min nəfərin orduya cəlb edilməsinə nə ehtiyac vardı?

Digər yandan, bu qədər insanı bir neçə gündə orduya cəlb etmək olduqca çətindir. Bunun üçün böyük inzibati resurslar, dəqiq uçot-məlumat sistemi, ərzaq, geyim, soial-iqtisadi və maliyyə təminatı və s. lazımdır. Hələ bu qüvvələrin müasir silahlar, rabitə, hərbi texnika və avadanlıqlarla təminatını demirik. Təkcə onu qeyd etmək kifayətdir ki, bütün Rusiya üzrə hərbi komissarlıqların əksəriyyətində uçot sistemi elektronlaşdırılmayıb və məlumat bazası mükəmməllikdən çox-çox uzaqdır. Ölkədən qaçanlar və qaçmaq istəyənlərin sayı-hesabı yoxdur.

Həmçinin, mütəxəssislərin bildirdiyinə görə, 300 min nəfərlik səfərbərlik elan olunsa da, ümumilikdə Rusiya ərazisindəki hərbi təlim mərkəzlərinin maksimal tutumu 50-60 min nəfər arasındadır. Bu qədər adama həmin mərkəzlərdə təlim keçmək, sonra da onları geyindirmək, yedirmək və normal geyimlə, silah-sursatla təmin edib Ukraynaya göndərmək Rusiyanın indiki imkanları daxilində mümkünsüz görünür.

Nəzərə alsaq ki, yeni səfərbər olunanlar əsasən Rusiyanın mərkəzi və qərb regionlarından toplanacaqlar, o zaman bunun Kreml üçün nə qədər təhlükəli sosial eksperiment olduğunu anlamaq çətin deyil. Çünki ortada Moskva və Sankt-Peterburq kimi həlledici şəhərlərdə əhalinin reaksiyası məsələsi var. Bu, çox riskli eksperimentdir və bu şəhərlərin əhalisinin özünü necə aparacağını heç Kremldə də dəqiq bilmirlər. Çünki bu şəhərlərdən könüllü olaraq Ukraynaya savaşa getmək istəyənlər artıq çoxdan gediblər və onların bir çoxları ya peşmandırlar, ya da ümumiyyətlə geri qayıtmayıblar.

Yerdə qalanlarınsa böyük əksəriyyyəti ya müharibənin əleyhinədir, ya da bu müharibəyə kənardan durub baxmağın tərəfdarıdır, nəinki həyatını riskə atıb, Ukraynada döyüşməyin. Onlar üçün bu, vətən müharibəsi yox, Putinin şəxsi müharibəsidir. Ona görə də səfərbərliyin bəri başdan uğursuzluğa düçar olacağını proqnozlaşdıranlar olduqca çoxdur.

İndi hələ də normal düşünmək qabiliyyətini saxlaya bilən ruslar anlaya bilmirlər ki, əgər səfərbərlik elan ediləcəkdisə və yüz minlərlə insan orduya qatılacaqdısa, bundan bir neçə gün əvvəl həbsxanalardan oğruların, quldurların, qatillərin orduya cəlb edilərək, onsuz da gözdən düşmüş rus ordusunu daha da gözdən salmağın, alçaltmağın nə mənası vardı?

Hələ kütləvi etirazları, əhalinin narazılığını və s. bir kənara qoysaq, təkcə Rusiya hakimiyyətinin idarəçilik sisteminin özünün axsaması, yararsızlığı, bacarıqsızlığı və korrupsiyalaşması səfərbərliyi uğurlu şəkildə həyata keçirməyə imkan verməyəcək. Bu idarəçilik sistemi hətta “xüsusi əməliyyat” adlandırılan daha kiçik ölçülü tədbiri batırıbsa, səfərbərlik kimi daha böyük tapşırığın öhdəsindən necə gələcək? Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviçin dediyi kimi, Putin səfərbərlik qərarı ilə, öz tabeçiliyində olanların timsalında, sanki 3-cü sinfin məsələsini həll edə bilməyən şagirdə 11-ci sinfin məsələsini tapşırmış olub...

Putin son müraciətində dünyanı nüvə silahı ilə hədələyərək, bunun blef olmadığını elan etdi. Lakin bir çox politoloqların fikrincə, rus ordusunun dünyada gücünə görə ikinci ordu olması necə blefdirsə, Putinin nüvə hədələri də eyni cür blefdir. Baydenin bu çıxışı “məsuliyyətsiz bəyanat” adlandırması da bundan irəli gəlir. Çünki nüvə silahının tətbiqi şəxsən Putinin məhvi demək ola bilər. Digər yandan, Putin özü deyir ki, Ukrayna Belqorodu və Rusiyanın digər həmsərhəd rayonlarını vurub. O cümlədən Krımı da vuran Ukraynadır. Bəs, niyə o zaman Kreml nüvə silahından istifadə etmədi?

Hazırda hətta Makron və Şolts kimi “gah nala, gah da mıxa vuranlar” belə Putinin son çıxışından və qərarından sonra öz ritorikalarını sərtləşdiriblər. Görünən odur ki, Qərb Putinin şantajları, blef və hədə-qorxuları qarşısında geri çəkilməyəcək. Rusiya ilə nisbətən normal münasibətlər saxlamağa çalışan Türkiyə belə Kremlin “referendum” qərarını pisləyib və Türkiyə XİN bunun məsələnin diplomatik həllinə mənfi təsir göstərəcəyini bəyan edib.

Bir sözlə, səfərbərlik, “referendum” qərarları və nüvə şantajı eskalasiyanı daha da artıracaq. Qərb isə buna cavab olaraq Ukraynaya daha ağır və dəhşətli silahlar verməyə başlayacaq. Çünki Putin özü bunun üçün şərait yaradır və digər yandan da öz vətəndaşlarını toplayaraq, “ət maşını”nın ağzına göndərir. Beləliklə də ölkə iqtisadiyyatını, Rusiyanın beynəlxalq nüfuzunu, daxili sabitliyini, əhalinin gələcəyə, inkişafa olan ümidini məhv etməkdə israrlı olduğunu göstərir. Bu isə o deməkdir ki, Putin Rusiya imperiyasını bərpa etmir, əksinə, onu məhv və dəfn edir...

Elxan Məmmədov

“AzPolitika.info”
 
 
 
Ardını oxu...
Yeni tədris ilinin köhnə problemlərindən biri də siniflərdə müşahidə olunan şagird sıxlığıdır.
Əlbəttə ki, 30-45 nəfərin bir sinifdə oxuması təhsilin keyfiyyətinə təsirsiz ötüşmür. Məsələ ilə bağlı TİA. Az-a danışan təhsil eksperti Nadir İsrafilov bildirib ki, xüsusilə ibtidai siniflərdə bu hal dözülməzdur. Onun sözlərinə görə, belə sıxlıqda sinfidəki hər şagirdlə məşğul olmaq praktik cəhətdən mümkün deyil:
“Sözügedən problemlə bağlı konkret Elm və Təhsil Nazirliyi üzərindən nəsə demək olmur, çünki məsələnin obyektiv və subyektiv səbəbləri var. Bu gün nə qədər məktəblər tikilir. Elə məktəblər var ki, yer baxımından orada əlavə tikili aparmağa imkan yoxdur. Ümumiyyətlə, sıxlıq problemini bütün respublika üçün xarakterik hesab etmək olmaz. Sıxlıq həmin ərazilərdədir ki, orda məskunlaşma çoxdur. Təsəvvür edin, bizim təhsil qanununda siniflər 20 nəfərdən formalaşır. Belə olan halda bir sinifdə 30-45 nəfər şagirdin olması yolverilməzdir.

Misal üçün, lisey, gimnaziya, özəl məktəblərdə təhsil səviyyəsi adı ümumtəhsil məktəblərindən ona görə yüksəkdir ki, həmin məktəblərin müəyyən sərbəstliyi var ki, onlar sinifləri 12-15 nəfərdən komplektləşdirsin. Bu özü bariz nümunədir ki, sıxlıq təhsilin keyfiyyətinə necə təsir göstərir. Problemin qarşısı almaq üçün siniflər bölünə, sinif otaqları çatışmırsa, məktəblər ikinövbəliliyə keçirilə bilər. Hazırda bəzi məktəblərdə bu tətbiq olunsa da, əksər məktəblərdə bu həm valideynlərin həm də müəllimlərin etirazı ilə qarşılanır. Valideynlər istəmirlər ki, uşaqları ikinci növbədə oxusun. Baxın, Sovet dönəmində məktəblərdə sıxlıq məsələsi yox idi, ona görə ki, məktəblər altı günlük və iki növbəli idi. İndi dövr dəyişib. Bəzi məktəblər var ki, elit məktəblər kimi ad çıxarıblar, hanı istəyir ki, uşaqlarını o məktəbə qoysun. Yaxud da heç kimi 100-200 metr kənara getmək istəmir. Əvvəllər həmçinin yaşadığın ərazi üzrə məktəb seçə bilirdin.
Sonra bizim təhsildə demokratikləşmə, humanistləşmə prinsiplərini nəzərə alaraq valideynlərə məktəbi seçmək səlahiyyəti verildi. Bu da özünü doğrultmadı. Çünki belə olan halda əksəriyyət hansısa məktəbi hansısa müəllimi seçəcək. Bu da praktiki cəhətdən problemlər yaradır.
Problemin hazırda ən effektiv həll yolu 30-40 nəfər şagirdin bir sinifdə oxumasındansa, ikinövbəli təhsil sisteminə keçmək lazımdır”.

Aytac

TİA. Az
 

Dünyapress TV

Xəbər lenti