Ardını oxu...
Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev tez-tez həm Bakıya, həm də İrəvana səfər edir. Rusiyalı diplomatı dünən prezident İlham Əliyev qəbul edib.
Bakıdakı dünənki görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Ermənistan tərəfinin üzərinə düşən öhdəlikləri icra etməməsi, Soçidə keçirilmiş son görüş və onun nəticələri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
İqor Xovayev bundan əvvəl bölgəyə və Bakıya oktyabr ayının əvvəlində gəlmişdi. Rusiyalı diplomat həmin səfərində sülh sazişinin imzalanması məqsədilə Moskvanın Bakıya və İrəvana təkliflərini gətirmişdi. Nəticə olmadı. Liderlərin Soçi görüşü də məsələləri həll etmədi. İqor Xovayevin budəfəki səfəri də nəticəyə hesablanmayıb. Moskva sadəcə, hər dəfə Xovayev bölgəyə göndərməklə danışıqlar təşəbbüsünü nəzarətdə saxlamağa çalışır. Ancaq Brüssel və Vaşinqton da boş dayanmayıb. İqor Xovayevdən sonra bölgəyə ABŞ və Avropa İttifaqının nümayəndələri gələcəklər.
Elxan ŞAHİNOĞLU - DİA.AZ
 
 
Ardını oxu...
KTMT yaranandan bu günə qədər yalnız Qazaxıstanda baş verən hadisələrə qatılmaq xaric, demək olar ki, heç bir xüsusi işə yaramayıb. KTMT üzvləri ha Moskvada toplansın, ha İrəvanda, toplananların yerini dəyişəndə cəm dəyişmir.
Sərhəddə atışmalar adi hal aldığı kimi, artıq Qarabağda da hər gün atəşkəsin pozulması adiləşib. Bu məsələnin adiləşməsi heç də yaxşı şeylərdən xəbər vermir. Şuşa istiqamətində belə atəşkəs pozulub. Bir müddət əvvəl Şuşa şəhərinin üzərində erməni dronunun uçması halı yaşanmışdı. Məsələ ondadır ki, bu xəbər Azərbaycan mətbuatında, demək olar, yer almadı. Bunu anlamaq da olar. Çünki təkcə bu xəbər ciddi sorğu-suala səbəb olacaqdı.
Ruslar dolayı yolla verdikləri mesajları ilə yanaşı, sahədə də işlər görür. Nəzarətləri altındakı bölgədə erməniləri atıcı silahlarla silahlandırırlar. Ağır silahlar gətirmələri ciddi səs-küyə səbəb ola bilər. Ancaq Laçın dəhlizinə Azərbaycanın nəzarət edə bilməməsi onların əl-qolunu açıb və istədikləri kimi davranırlar. Rusların nəzarəti altındakı bölgə, demək olar ki, militar ərazidir. Əminliklə demək olar ki, ərazidə yaşayan əhali formal olaraq dünyaya göstərilmək üçün varlar.
Müharibə iki ildən çoxdur bitib, ancaq irəliləyişlərin hamısı güc yolu ilə baş verib. Azərbaycan öz vətəndaşı hesab etdiyi ermənilərlə yalnız qeyri-rəsmi görüşlər keçirə bilib. Ancaq bu görüşlər faktiki olaraq vəziyyətin dəyişməsi üçün heç bir rola malik deyil. Əgər olsaydı, bunun real nəticələrini, işartılarını bu günə qədər görə bilərdik.
Azərbaycanın real olaraq güvənə biləcəyi tək güc Türkiyədir. Biz nə qədər də desək, Türkiyə 100 il sonra Cənubi Qafqaza girə bildi, gerçəkci olsaq, bu da reallığı əks etdirmir. Belə ki, 1918-ci ildə indiki adla Türkiyə Cənubi Qafqazı ilhaq etmək üçün girmişdi və bu proses təxminən 5 aya yaxın davam etdi. İndiki halda Türkiyə yalnız Azərbaycana daxil ola bilib. Bunu Cənubi Qafqaz adalandırmağımız da düzgün olmaz. Uzun zamandır ki, Türkiyə ilə Ermənistan arasında normallaşmanın olacağı barədə danışıqlar gedir, ancaq hələ də baş tutmur. Yəni Türkiyənin Ermənistana təsir və ya təzyiq gücü yoxdur. Türkiyə Ermənistanı yalnız təhdid edə bilər. Eynən Azərbaycan kimi. Azərbaycan da Ermənistana yalnız hərbi yolla təzyiq edə bilir, təhdidlər yağdırır. Məsələ ondadır ki, Ermənistana təzyiq edə biləcək dövlətlər – Rusiya, İran və Fransanın heç biri Azərbaycanın yanında deyil, əksinə qarşısındadır. Prosesin çıxmaza girməsinin səbəblərindən biri də məhz budur...
 
Ardını oxu...
Serbiya Prezidenti Aleksandr Vuçiç son çıxışında bildirib ki, “Biz sülhü və sabitliyi qoruyub saxlayacağıq, lakin serb xalqı bilməlidir ki, Serbiya dövləti beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinə və Qərb tərəfdaşlarının Ukrayna və digər ərazilərdəki vəziyyətdən danışarkən istinad etdiyi hər şeyə uyğun olaraq onların arxasında dayanır”.

Serbiya prezidentinin belə bir açıqlama verməsi təsadüfi deyil. Məsələ ondadır ki, Kosova hökuməti avtomobil nömrələri üçün yeni qeydiyyat nişanı (RKS – Kosova Respublikası) tələbi irəli sürüb. Hökumət israrla serb əsilli vətəndaşlardan yeni dəyişikliklərə riayət etməyi tələb edir. Hətta Kosova hakimiyyəti Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarını serblərin yaşadığı şimal ərazilərinə də göndərib.

Vuçiç ehtimal serb-alban silahlı toqquşmasından çəkinir, lakin bununla belə rəsmi Belqradın mövqeyindən əl çəkməyəcəyi mesajını verir. Bunu onun “Kimsə serb xalqını qovmağı, xalqımızı öldürə və yaralaya biləcəyini düşünürsə, mənim işim bütün ciddilik və qətiyyətlə dəfələrlə dediklərimi onlara xatırlatmaqdır. Bəzilərindən fərqli olaraq, mən bunun nə demək olduğunu bilirəm – biz xalqımızın yanında olacağıq və onları çətinlikdə qoymayacağıq” sözləri də təsdiq edir.

SON 10 İLİN ƏN BÖYÜK GƏRGİNLİYİ

Serbiya Kosova ilə son 10 ilin ən böyük gərginliyini yaşayır. Belə ki, Kosovo noyabrın 21-dən etibarən ərazisinə daxil olacaq Serbiya nömrə nişanlı avtomobillərə cərimənin tətbiqi ilə bağlı qərar qəbul edib. Kosova hakimiyyəti Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarını serblərin yaşadığı yerlərə göndərib. Hökumət israrla serb əsilli vətəndaşlardan yeni dəyişikliklərə riayət etməyi tələb edir.

Serbiya prezidenti noyabrın 21-də Brüsseldə Kosova tərəfi ilə görüş keçiriləcəyini bildirsə də, görünür, tərəflər ortaq məxrəcə gələ bilməyiblər.

Prinsip etibarilə Serbiya və Kosova arasında vəziyyət bu ilin avqust ayında da gərginləşmiş, Kosovanın əsasən serblər yaşayan Kosovska-Mitrovitsa şəhərində atəş səsləri eşidilmişdi. Bu mənada tərəflər arasında gərginliyin yenidən artması istisna deyil.

QƏRB SERBİYANI CƏZALANDIRIR

Son bir il ərzində ikinci dəfədir Serbiya və Kosova arasında gərginliyin artması təsadüfi deyil. Məsələ ondadır ki, Rusiya-Ukrayna müharibəsi fonunda Serbiya Qərbin Kremlə tətbiq etdiyi sanksiyalara qoşulmayıb.

Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən Serbiyaya hazırda güclü təzyiq göstərir. Görünür, Kosova və Serbiya arasında gərginliyin vaxtaşırı gərginləşməsi də Qərbin Belqrada xəbərdarlığıdır.

Çünki Kosova indiki məqamda Belqradla qarşı-qarşıya gələcək gücə sahib deyil. Qərb bu məsələdə Kosovaya açıq şəkildə dəstək verir. Belqrad isə proseslərin gərginləşməsində maraqlı deyil. Çünki Kosovanın təkbətək müharibədə Serbiyaya qalib gələ bilməyəcəyi kimi, rəsmi Belqrad da Kosovaya hərbi müdaxilə edə bilməz.

NÖVBƏTİ SERB-ALBAN SAVAŞI OLA BİLƏRMİ?

İndiki məqamda Serbiyanın Kosova ilə müharibə etməsi real deyil. Təbii ki, kiçik insidentlər ola bilər, lakin bunun lokal müharibə sferasına keçməsi inandırıcı sayılmır.

Birincisi, bunun qarşısını alan əsas faktor Serbiyanın Avropa Birliyinə üzvlük məsələsidir. Belqradın Kosovaya ehtimal müharibə elanı Avropa Birliyinə üzvlük prosesini sonlandıra bilər.

İkincisi, hazırda Kosovada NATO-nun sülhməramlı qüvvələri mövcuddur və ora hər hansı genişmiqyaslı hücum həmin qüvvələrlə qarşı-qarşıya gəlmək deməkdir. Təsadüfi deyil ki, Kosovanın şimalında stabilliyə hər hansı təhlükə yaranacağı təqdirdə NATO müdaxilə etməyə hazır olduğunu bildirib. Təkcə NATO-nun Kosovadakı qüvvələri belə Serbiya ordusunu dayandırmağa kifayət edir. Bu isə sözügedən ərazidə müharibə ehtimalını azaldır.

Politoloq Turan Rzayev
Hurriyyet.Az
 
Ardını oxu...
Rusiya Qarabağda 2025-ci ilə hazırlaşır. Obrazlı desək, toxumları səpib, cücərməsi üçün işlər görür.
Ermənistanda hərbi bazası ilə olan Rusiya bu bölgədə varlığını davam etdirmək üçün strateji planlamada müharibədən sonra Qarabağa yerləşdi. Rusiya Qarabağdan, dolayısı ilə bölgədən çıxmaq istəmir. Rusiyanın fəaliyyəti onu deməyə əsas verir ki, planları yaxın vədəli, yəni 2025-ci ilin noyabrına qədər deyil.
Rusiyanın Ukraynadakı hərbi əməliyyatları olmasaydı, bəlkə də, Qarabağda şəxsi heyətin sayını iki-üç qat artıra bilərdi. Rusiya Qarabağdakı bu boşluğu ərazidə yaşayan ermənilərlə kompensasiya edir.
Azərbaycan bir gün hərbi güc vasitəsini işə salsa, lokal yox, genişmiqyaslı hərbi əməliyyatlara start versə, həmin erməni hərbi dəstələri qarşılıq verəcəklər. Rəsmi Bakı onları hər nə qədər qeyri-qanuni hərbi dəstə adlandırsa da, nizami ordu səviyyəsinə gəliblər. Ruslarla birgə çoxlu sayda hərbi təlimər də keçiblər.
Bir anlıq düşünək, Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara start verdi, yüksəkliklərin Azərbaycan tərəfində olması, şəxsi heyətin sayı və ordunun döyüş qabiliyyəti onu deməyə əsas verir ki, qısa zamanda Azərbaycan ordusu istəyinə çata bilər. Bu zaman Rusiya hansı addımı ata bilər?
Güc strategiyası:
Rusiya Xəzər dənizindən, şimal sərhədimizdən hansısa çəkindirmə əməliyyatlarına əl ata bilər. Azərbaycan Hərbi Dəniz Qüvvələri hansı səviyyədədir? Gəmilərin köhnəliyi çox şeydən xəbər verir.
Mülki strategiya:
Məsələnin mülki strategiyası isə ruslaşdırmadır. Rusiya Abxaziya, Osetiya, Luqansk, Donetskə necə yanaşırsa, Qarabağa da elə yanaşır. Aylar öncə Ağdərədə rus icması yaradılmışdı. Rus yaşamayan yerdə rus icmasının yaradılması nəyə xidmət edirsə, iranlı yaşamayan yerdə də konsulluq açmaq ona xidmət edir. Bundan başqa, Xankəndidə rus mərkəzi də açdılar. Rusiyanın ənənəvi siyasətinin bütün elementlərini Qarabağda görə bilərik.
2025-ci ildə bu məsələ yenidən gündəmə gələcək. Bu zaman Azərbaycan Rusiyaya təklif götürə bilər ki, ərazidə təkcə Rusiya sülhməramlıları olmasın, onlarla yanaşı Türkiyə, Pakistan, yaxud başqa bir ölkə də olsun. Ümumiyyətlə, Azərbaycan Rusiyanın da olmamasını istəyə bilər. Hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında siyasi böhran 2025-ci ilə yaxınlaşanda baş verəcək.
Hər halda, Azərbaycan birtərəfli qaydada 10 noyabr bəyanatını pozmuş olsa, Rusiya Azərbaycana ciddi təzyiqlər edə bilər. 2025-ci ilə qədər Azərbaycan tərəfi bəzi məsələlərdə lokal əməliyyatlarla Rusiya və Qarabağdakı ermənilərə cavab verə bilər, bu, gözləniləndir. Ancaq birdəfəlik Rusiya sülhməramlılarının çıxarılması və Laçın dəhlizinin nəzarətə götürülməsi çətin işdir.
Rəsmi Bakı da bunları görməlidir və özünü 2025-ci ilə hazırlamalıdır. Həmin müddətə Azərbaycanın bu yöndə bir neçə versiyalı plan və proqramları hazır olmalıdır. Hətta Azərbaycan indidən bəyan etməlidir ki, hansı şərtləri olacaq, o şərtləri yerinə yetirilməsə, cavabları necə olacaq.
Azərbaycan Qarabağdakı ermənilərlə yaxınlaşmaq üçün addımlar atmalıdır. Məsələ ondadır ki, istər Qarabağ ermənilərinin, istərsə də Azərbaycanın bəyanatları yaxınlaşdırıcı yox, uzaqlaşdırıcıdır.
 
 
 
Ardını oxu...
Araşdırmalar göstərir ki, bizim bəzi dövlət qurumlarında qəribə tendensiyalar yaranıb.
Bu tendensiya həm də daha çox özəl sektordan dövlət qurumuna transfer olan bəzi İT mütəxəssislərimizlə bağlı olur.
Onlar qurum rəhbərini inandırmağa çalışır ki, qurumun datalarını saxlamaq və emal etmək üçün iki data mərkəzi olmalıdır, biri dövlət qurumunun özündə, digəri isə Hökumət Buludunda .
TEREF.AZ yazır ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Daha sonra Osman Gündüz deyir:
Hansı ki, bu yanaşma ilə yekunda bir dövlət qurumunun az qala 4 data mərkəzi yaranmış olur :
- dövlət qurumunun özündə olan əsas və ehtiyat data mərkəzləri
- dövlət qurumunun AzİnTelecomda, G-cloudun əsas (Bakı ş) və ehtiyat (Yevlax ş) mərkəzlərində yerləşən data mərkəzlər
Prezidentin fərmanlarında isə bu məsələlərə optimallaşma və səmərəlilik baxımından yanaşma tətbiq olunaraq ölkə üzrə vahid bir Hökumət Buludu infratrukturu , G-Cloud yaradılması nəzərdə tutulurdu.
Görünən isə odur ki, hələlik dövlətə məxsus dataların saxlanılması və emalı sektorunda tam əksi baş verir, nəinki xərclər optimallaşır, əksinə daha da artır.
İkinci tendensiya ondan ibarətdir ki, dövlət qurumlarına transfer olan bəzi "aytişniklərimiz" İKT-nin spesifikliyini nəzərə alaraq bu sahə üzrə satınalmaların birbaşa reallaşdırılmasının vacibliyinə qurum rəhbərini inandıra bilirlər.
Yəni, əgər dövlət qurumunda digər sahələrdə tenderlər keçirilirsə, qəribədir ki, bir çoxlarında İKT sahəsində alqı-satqı prosesləri tendersiz reallaşır.
Təbii ki, bu həm də Antiinhisar Dövlət Xidmətinin hələlik öz gücünü və prinsipiallığını yetətincə göstərə bilməməsi ilə bağlıdır.
Eyni zaman İKT layihələrə rəy verən ASAN da bu proseslərdə yetərincə fəal deyil.
Antiinhisar Dövlət Xidmətimiz hələ də təbii və süni inhisarçıların, dövlət satınalmalarını reallaşdıranların çəkindiyi və ehtiyat etdiyi, "dişli" bir tənzimləyici quruma çevrilə bilməyib.
Teref.az
 
Ardını oxu...
Oktyabrın 21-də Soçidə Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüş doğrudan da Azərbaycan-Ermənistan arasında gedən sülh danışıqlarını əngəlləyib. Belə nəticəyə gəlmək üçün ötən iki həftə ərzində Ermənistanın siyasi rəhbərliyindən verilən açıqlamalara diqqət etmək kifayətdir. Baş nazir Nikol Paşinyanın nitqində Putinin əsas tezislərini görmək mümkündür.

Xatırladaq ki, Soçi görüşündən üç gün əvvəl keçirilən Valday forumunda Kreml rəhbəri bildirmişdi ki, Qarabağın statusu məsələsi təxirə salınmalıdır, bölgədəki Rusiya sülhməramlılarının mandatı qeyri-müəyyən vaxta qədər uzadılmalıdır.

Soçi görüşündən sonra Ermənistan rəsmiləri bildirdilər ki, Azərbaycan prezidenti Rusiyanın təklif etdiyi sülh şərtlərini rədd edib. Habelə sülhməramlıların yeni statusu, Qarabağla bağlı Putinin müzakirəyə təqdim etdiyi məsələlərə də skeptik yanaşıb. Yada salaq ki, Kreml rəhbəri ilə masaya oturan kimi İlham Əliyev bildirdi ki, Qarabağ münaqişəsi iki il əvvəl bitib, bu barədə müzakirə açmağa ehtiyac yoxdur.

İlham Əliyevi qıcıqlandıran təkcə bu mövzular deyil, Moskvanın Qarabağda Azərbaycanın suverenliyinə qarşı bu dəfə daha açıq şəkildə apardığı destruktiv siyasətdir. Milyarder Ruben Vardanyanın Xankəndinə göndərilməsi, rus mediasında onun təbliğatının aparılması, habelə Xankəndində Azərbaycana qarşı təşkil edilən mitinq, Laçın dəhlizindən silah-sursatın daşınması, üstəlik, Ermənistan rəhbərliyinin bu prosesə açıq dəstəyi rəsmi Bakını hövsələdən çıxarıb. Noyabrın 8-də İlham Əliyev Şuşada bəyan etdi ki, qarşı tərəfə 2 ay vaxt verib, ilin sonuna qədər sülh şərtləri qəbul edilməzsə, Azərbaycan güc tətbiq edəcək.

Nikol Paşinyan isə prezident Əliyevin bu çıxışını Qarabağda yaşayan ermənilərə qarşı “soyqırım” hədəsi kimi təqdim edib, habelə Azərbaycanın Qarabağa hücuma hazırlaşdığı barədə xəbərdarlıq edib.

Paşinyan bu ritorikanı davam etdirir, indi onun nitqində Putinin Vaday tezislərinin bütün əsas elementlərini görmək mümkündür. Putin demişdi: “Əgər erməni xalqı, rəhbərliyi hesab edirlərsə ki, Qarabağın öz xüsusiyyətləri var və bu xüsusiyyətlər gələcək sülh müqaviləsində nəzərə alınmalı, danışılmalıdır, bu da mümkündür. Sözsüz ki, bunu Azərbaycanla razılaşdırmaq lazımdır ki, razılaşmalar digər tərəf üçün də məqbul olsun”.

Baş nazir N.Paşinyan isə noyabrın 16-da parlamentdə hökumət saatında deyib:

“Detallı sülh sazişi bizə çətinliklər yarada bilər. Ermənistanın Azərbaycanla münasibətləri Qarabağ məsələsindən ayırmağa razılaşması heç də İrəvanın Qarabağ ermənilərinin təhlükəsizlik və hüquqlarından imtinası anlamına gəlmir. Bu problemi həll ediriksə, əlbəttə, Ermənistan Respublikası Azərbaycanla ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında çərçivə sülh sazişini imzalamağa hazırdır”.

Baş nazir Qarabağın statusu məsələsinin niyə təhlükəsizlik və hüquq məsələsinə çevrildiyini də dolayısı ilə qeyd edib: “Bizim status məsələsini deyil, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının təminatı məsələsini irəli sürməyimizin səbəbi Rusiyanın mövqeyini qəbul etməyimizdir”.

Rusiyanın təkliflərinə gəlincə, Paşinyan deyir ki, bu məsələdə hakimiyyətin mövqeyi müxalifətlə, Qarabağda səslənən mövqelərlə oxşardır və Ermənistan bu təklifə daha öncə razılaşıb. Təklif isə belədir: Qarabağ məsələsini qeyri-müəyyən müddətə təxirə salmaq.

“Hakimiyyət bu razılaşmanı çoxdan, 2021-ci ilin yanvarından qəbul edib. Ancaq korrektlik səbəbindən bu haqda danışmırdı. Rusiya Federasiyası prezidentinə minnətdaram ki, bizə mövzunu izah etmək imkanı verdi”.

Ermənistan rəhbərliyinin “dabanının altına daş qoyan” digər ölkə Minsk Qrupunun üzvü Fransadır. Noyabrın 15-də Fransa Senatında bütün fraksiyaların yekdilliklə qəbul etdiyi qətnamədə BMT nizamnaməsinə və beynəlxalq hüquqa zidd olan tələblər yer alıb:

– Azərbaycan Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməlidir;

– Fransa hökuməti Dağlıq Qarabağda humanitar büro açmalıdır;

– “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyi tanınmalıdır;

– Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələr yerləşdirilməlidir.

Əlbəttə, bu qətnamə tövsiyə xarakterlidir, onun hüquqi qüvvəyə minməsi üçün prezident E.Makron onu təsdiqləməlidir. Amma sənədin Senatda-Fransa siyasi elitasının əhəmiyyətli hissəsində belə dəstək qazanması Ermənistan rəhbərliyinə Azərbaycanla danışıqlarda mövqeyini sərtləşdirmək üçün əlavə stimul verir.

Paşinyan bununla kifayətlənmir, Rusiyadan da birmənalı dəstək almaq üçün onun qarşısına yeni şərtlər qoyur:

“Ümid edirəm ki, KTMT-nin noyabrın 23-də İrəvanda keçiriləcək sammitində Rusiyanın başçılıq etdiyi bu hərbi blok Ermənistanın mövqeyini aydın dəstəkləyəcək, Azərbaycan silahlı qüvvələrindən 2021-ci ilin mayında tutduğu mövqelərdən, Ermənistan ərazisindən çıxmasını tələb edəcək. KTMT bizə aydın dəstək verməliydi… Biz indi KTMT-Azərbaycanla müharibəyə təhrik etmək istəmirik. Ermənistan vətəndaşlarının KTMT-yə münasibəti və əlaqələrimizin gələcəyi məhz bu məsələyə bağlı olacaq”.

Xatırladaq ki, Rusiya prezidenti V.Putin noyabrın 23-də İrəvana səfərə gedəcək və KTMT-nin sözügedən sammitində iştirak edəcək. Bu səfər, əlbəttə, Ermənistana dəstək, eyni zamanda Paşinyana təzyiq, Qərbə açıq mesajdır. Baş nazir isə mövqelərini möhkəmləndirmək, Azərbaycan üzərində əlavə təzyiq yaratmaq üçün Putinin “zəif yerindən” yapışıb. Çünki 44 günlük müharibədən sonra baş verən hərbi qarşıdurmalar zamanı KTMT Ermənistana açıq dəstək nümayiş etdirməyib.

TEREF.AZ yazır ki, təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl yaranmış vəziyyəti Pressklub.az-a şərh edərkən bildirib ki, Rusiyadan, Fransadan aldığı dəstəkdən sonra Nikol Paşinyan daha ürəkli və sərt danışır. “Bu da onu göstərir ki, sülh məsələsi arxa plandadır”, – o əlavə edib. Ekspert vurğulayır ki, Paşinyan artıq müqavilədən yox, Rusiya variantı olan “çərçivə sazişi”ndən danışır. “Çərçivə sazişi isə sülh müqaviləsi deyil, bu istiqamətdə əməkdaşlığın necə baş tutacağına dair tərəflərin razılığını müəyyən edən sənəddir. Çərçivə sazişinin şərtləri yekun və detallı deyil”, – təhlilçi Paşinyandan sitat gətirir.

“Yəni, Qarabağ məsələsinin yekun nöqtəsi vurulmur, gələcək illərə saxlanılır və o vaxta qədər də Xankəndidə Vardanyan rəhbərlik edir. Bəli, ermənilər və havadarları prosesi bu istiqamətdə aparmaq xəttini götürüblər. Məlum olur ki, separatçı rejim nəzarət etdikləri ərazidə referendum keçirib, idarəetmə sistemini dəyişməyi planlaşdırırlar. Referendumun gələn ilin yazında keçirilməsi nəzərdə tutulmasına baxmayaraq, qərara alınıb ki, bu ilin dekabrın 20-22-də bu iş həyata keçirilsin. Məqsəd prezident idarəetmə sistemini ləğv edib, fövqəladə şura yaratmaq və Rusiya tərəfindən “göndərilmiş, öyrədilmiş ünsür” Ruben Vardanyanı da fövqəladə şuranın sədri təyin etməkdir. Belə olan halda qondarma rejimin parlamenti də fəaliyyətini dayandırır və bütün hakimiyyət Ruben Vardanyanın, yəni Rusiyanın tam əlinə keçir. Rusiya da iki ildir yerləşdiyi Qarabağ ərazisində nə siyasəti aparıbsa, onu daha da dərinləşdirəcək. Yəni, münaqişəyə yekun nöqtənin qoyulması uzanacaq”,-İlham İsmayıl vurğulayıb.

Ekspert əlavə edir ki, müəyyən mənada proses və mövcud səhnə bizim üçün aydındır. O hesab edir ki, Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə mövcud status-kvonun seçki, referendum yolu ilə dəyişdirilməsi 10 noyabr razılaşmasına zidd olduğunu öncədən qarşı tərəfə bildirməliyik:

“Amma Fransanın cəhdləri, Rusiyanın planları, ABŞ senatoru Bob Menendesin 907-ci düzəlişlə bağlı hətta Ağ Ev administrasiyasına qarşı belə çılğın etirazları bizim indiyədək apardığımız siyasətə mane ola bilməz. Yəni, bizim siyasət Qarabağ münaqişəsinin bitdiyini və qalan işlərin bizim daxili işimiz olduğunu davam etdirmək siyasətidir. Bir şərtlə! Bizə qarşı olan planların yeni çalarlarını, detallarını nəzərə alıb çevikliklə əks siyasətimizi sərt şəkildə ortaya qoymaqla. Bizə qarşı planların reallaşmasını gözləyib, sonra hərəkətə keçməməliyik. Biz preventiv addımlar atmalıyıq. İstiqamət isə birbaşa Xankəndi olmalıdır. Xankəndidə humanitar ofisi Fransanın deyil, özümüzün açmalıyıq. Yerli erməni əhaliyə perspektivdə Azərbaycan vətəndaşı olaraq daha yaxşı yaşayacaqlarını bildirməliyik ki, bizim düşmənçilik ritorikamızı bəhanə gətirməsin. Paralel olaraq, Laçın yolunda sərhəd nəzarətimizin yaranacağını, erməni silahlı qüvvələrin ən qısa zaman çərçivəsində çıxarılacağını, əks halda, hərbi yolla çıxaracağımızı elan etməliyik. Başqa təsir vasitələrimiz də var və növbəti mərhələlərdə bir-birinin ardınca bunları gündəmə gətirməliyik. 2025-ci il üçün fundamental fərqli siyasətimizin əsası indi qoyulmalıdır ki, Fransa, Rusiya kimi havadarlar Qarabağ problemində yekun nöqtənin zamanını başqa beşilliklərə daşıya bilməsinlər”.

Turqut
 
 
 
Ardını oxu...
Azərbaycan uzun illərdir, bəlkə də, Fransaya milyonlarla avro pul xərcləyib. Kilsə təmirindən tutmuş, muzey bərpasına qədər hər iş görülüb. Əslində, dövlətlər bu işi görəndə maddi qarşılıq gözləməsə də, qərarlarda buna diqqət etməsini düşünür və buna görə həmin addımları atır.
Təsəvvür edin, 332 senatorun təmsil olunduğu Senatda səsvermədə 296 nəfər iştirak edib. Qətnamənin lehinə 295, əleyhinə isə cəmi 1 nəfər səs verib. Yəni Azərbaycana bir nəfər dəstək verib. Azərbaycanı qoyaq bir kənara, uzun illərdir Türkiyə ilə Fransa arasında da sözdə “soyqırımı” məsələsi üzərindən çəkişmə var. Türkiyə kimi iddialı bir dövlətin belə Fransa Senatında bir neçə nəfəri öz tərəfinə çəkə bilməməsi qəribə görünmür?
Müharibədən sonra Qarabağdakı alay komandirlərinin bir çoxunun Fransa erməniləri olduğunu yazmışdım. Hətta Arayik Arutunyanı belə devirib ora Fransa ermənisi gətirmək istədiklərini qeyd etmişdim. Düzdür, bu məsələdə fransızlar Rusiyaya diş keçirə bilmədilər, ancaq hər halda belə bir niyyətləri var idi.
Başqa bir şey. 10 noyabr bəyanatında Ermənistan ərazisindən keçəcək yollara Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarət edəcəyi açıq yazılıb. Məsələ ondadır ki, fransızlar həmin yolda onların da nəzarət etməli olduqlarını dilə gətirirdilər. Bu məsələdə ruslarla fransızların maraqları üst-üstə düşmürdü. Ancaq Qarabağ məsələsində nədənsə başqa yerdə yola getməyən ölkələr eyni yerə vururlar.
Məsələyə başqa yöndən də baxmaq lazımdır. Qarabağla bağlı rusların planları başqadır. Onlar daha çox sahədə iş görürlər. Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi adlandırıb sahədə isə milyarder etdiklərini əraziyə gətirirlər, ermənilərin yaşaması üçün evlər tikirlər, adını “qanunsuz silahlı dəstə” qoyduqlarımıza təlimlər keçirib nizami ordu halına salırlar.
Sanki Rusiya ilə Fransa ortaq hərəkət edir bu işdə. Biri sahədə möhkəmlənməni təmin edir, digəri isə hüquqi baza yaratmağa çalışır.
Bəziləri deyir ki, fransız mallarını boykot etmək lazımdır. Gülməlidir. Azərbaycanda fransız markalarının dövriyyəsi nə qədərdir ki, boykot etsək, hansı nəticəni verəcək? Bu, kiçiklik sindromu bitmədi də…
Oturub Fransanın törətdiyi qətliamlardan, qanunsuzluqlardan, beynəlxalq hüquqa zidd davranışlardan danışmaq olar. Sözdə asıb-kəsmək də olar. Nə fayda?
Oturub “Nəyi səhv edirik?” sualı ətrafında düşünməliyik. Hansı addımları atsaq, bu vəziyyət dəyişə bilər? Məsələ təkcə Fransa da deyil. Dünyada nə çox Fransa kimi dövlət.
Başa düşdük, lobbiçilik yoxdur, bu günə qədər bacarmamışıq, dövlətin ayırdığı pullar havaya sovrulub. Bundan sonra nə etmək olar? Guya fransız senatlar rüşvət almır?
Milyonlar xərclə cəmi bir senator qazan.
 
Ardını oxu...
Prezidentin daimi narahatlığı Qazaxıstanın həsəd aparmaz geosiyasi mövqeyindən qaynaqlanır

Ukraynada müharibə başlayandan bəri Qazaxıstan Rusiya ilə Qərb arasında çox dar bir ipdən keçdi. Astana Moskvanı strateji tərəfdaş kimi təsvir etməkdə davam edir, lakin onun Ukraynadakı ərazi iddialarını tanımır və Qərbin sanksiyalar rejiminə hörmət edir. Bu mövqe Qazaxıstanın 2014-cü ildən bəri Ukrayna ilə bağlı mövqeyinə uyğun gəlsə də, kontekst kəskin şəkildə dəyişib. Hazırkı müharibəyə Qərblə ekzistensial döyüş kimi baxan Kreml Qazaxıstanın neytrallığına xəyanət kimi baxdı və Astanaya qarşı üstüörtülü təhdidlər etdi (xüsusilə iyul ayında məhkəmənin qərarı ilə, sonradan ləğv edilmiş, əsas təşkilat olan Xəzər Boru Kəməri Konsorsiumunu bağlamaq-Qazaxıstanın neft ixracı üçün marşrutu)…

Müharibəyə cavab olaraq Tokayev Qərb dövlətləri, Türkiyə, Körfəz və Çinlə əlaqələri dərinləşdirməklə Qazaxıstanın çoxvektorlu xarici siyasətini də canlandırdı. Sentyabr ayında Çin rəhbəri Astanaya səfər etdi, bu, COVID-19-dan sonra ilk xarici səfəri idi. Həmçinin Rusiyanı Qazaxıstanda sabitliyi pozmamaq üçün xəbərdar etdi. Bununla belə, Çinin Rusiyanın Qazaxıstana potensial müdaxiləsinə qarşı çıxması o demək deyil ki, Çin və Rusiyanın regionda maraqları ortaq deyil. Əksinə, onlar Qərb güclərini, xüsusən də ABŞ-ı Mərkəzi Asiyadan kənarda saxlamaqda yekdildirlər. Xüsusilə Pekin, çox güman ki, Tokayevin siyasi və iqtisadi islahatlar aparmaq öhdəliyini öz ideologiyasına tamamilə zidd hesab edəcək. O, həmçinin Qərbin Tokayevin islahatlarına siyasi dəstəyini bölgəyə siyasi müdaxilə forması kimi şərh edə bilər…

Tokayev Qazaxıstanın bəlkə də ən təcrübəli siyasətçisidir. Bununla belə, karyerasının böyük hissəsini Nazarbayevin kölgəsində keçirərək, onun necə bir lider olacağını və bütün bu çağırışlara necə cavab verməyi seçəcəyini görmək qalır. Nazarbayevin seçdiyi varisi kimi keçirdiyi illərdə Tokayev ehtiyatlı davrandı və bütün çətinliklərə rəğmən sağ qalmaq qabiliyyətini nümayiş etdirdi. Bu səbəbdən, geosiyasi və daxili təzyiqlərin birləşməsi Tokayevin əhəmiyyətli siyasi və ya iqtisadi islahatlar həyata keçirməsinə mane ola bilər. Tokayevin ikinci müddətində çox güman ki, Qazaxıstanın siyasi iqtisadiyyatında artımlı dəyişikliklər olacaq…

Pərviz Əliyev, çinşünas
 
 
 
Ardını oxu...
Zəngəzur dəhlizi açılsa, İran 2020-ci il müharibəsində (44 günlük müharibə nəzərdə tutulur) uduzan ikinci ən böyük ölkə olacaq
İran-Azərbaycan münasibətləri Ərəb Dünyasında da yaxından izlənilir. Əlbəttə, bu, təsadüfi deyil. Bəllidir ki, ərəb ölkələrinin əksəriyyətində İrana nifrət hissi var və bu hiss son dərəcə güclüdür. Səudiyyə Ərəbistanı ilə İranın münasibətləri isə müharibə həddinə qədər gedib çıxıb. Əslində bu iki ölkə arasında müharibə gedir. İran Yəməndəki şiə üsyançıların əli ilə (proxy war) Səudiyyə Ərəbistanına qarşı neçə illərdir ki, müharibə aparır. Səudiyyə Ərəbistanının isə Ərəb Dünyasında xüsusi çəkisi var. İslam Dünyasının əsas müqəddəs şəhərləri də bu ölkədə yerləşir...
“The Arab Weekly” nəşri İran-Azərbaycan ilişkilərinin təhlili ilə bağlı “How an Armenia-Azerbaijan peace deal threatens Iran” (Ermənistan-Azərbaycan sülh razılaşması İranı necə təhdid edir) adlı məqalə dərc edib. Məqalənin müəllifi serbiyalı analitik Nikola Mikovic yazır ki, Əhalisinin əksəriyyətinin şiə olmasına baxmayaraq Azərbaycan İranın yağı düşməni olan İsraillə güclü hərbi əlaqələrə malikdir. Bu sirr deyil ki, İsrail hərbçiləri İranla böyük müharibə olacağı təqdirdə Azərbaycan ərazisindən istifadə etməyə çalışacaqlar.
Məqalədə İranın keçirdiyi hərbi təlimə Azərbaycanın sərt reaksiyası, Zəngəzur dəhlizi (məqalədə Naxçıvan dəhlizi kimi keçir) məsələsinə İranın ağrılı münasibətinin səbəbi belə izah olunur: “Həqiqətən də, Naxçıvan dəhlizi tikilərsə, Türkiyəyə Cənubi Qafqaza yeni quru yolu əldə edəcək və bundan Türkiyə rəhbərliyi çox güman ki, enerji ilə zəngin regionda mövcudluğunu gücləndirmək üçün yararlanacaq. Türkiyə hətta Mərkəzi Asiya bazarlarına daha sürətli bir marşrut əldə edəcək, Ankara üçün bu, böyük bir geosiyasi qələbə deməkdir. Türkiyənin sahib olacağı nəqliyyat tramplinini həm də bu ölkənin bəzi iddialı pantürkist məqsədlərinin həyata keçirlməsinə imkan verəcək.”
Müəllif məqaləni belə bir sonluqla bitirir: “Bir şey dəqiqdir: Azərbaycanla İran arasında indiki münasibətlər nə dostluq, nə də qardaşlıq münasibətləridir. Azərbaycan dünyəvi dövlət olsa da, şiəlik iki ölkənin paylaşdığı yeganə dəyər kimi görünür. Bakı və Tehranın fərqli müttəfiqləri, fərqli prioritetləri və fərqli geosiyasi məqsədləri var. Beləliklə, əgər Azərbaycan Rusiyanın dəstəklədiyi Naxçıvan dəhlizinin tikintisinə nail olsa, İran 2020-ci il müharibəsində (44 günlük müharibə nəzərdə tutulur) uduzan ikinci ən böyük ölkə olacaq.”
P.S Ərəb Dünyasına barmaqarası baxmaq olmaz. Unutmayaq ki, bu dünyada yarım milyarda yaxın ərəb yaşayır...
Elbəyi Həsənli
Teref.az
 
 
 
Ardını oxu...
“İstanbulun mərkəzində terror partlayışından sonra Türkiyə ordusunun Suriya və İraqdakı PKK məntəqələrinə həmişəkindən daha dağıdıcı zərbələr endirəcəyi şəksizdir”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Türkiyənin ictimai-siyasi həyatında baş verən son gəlişmələrə diqqət çəkib: “İstanbuldakı terrorun PKK-nın törətdiyi təsdiqləndi. PKK təsis edildiyi 1984-cü ildən bu yana minlərlə insanı qətlə yetirib. Türkiyə ordusu və polisi son illərdə həm ölkə daxilində, həm də kənarda PKK və bu terrorçu təşkilatın uzantılarına öldürücü zərbələr endirib və bu mübarizə tam gücüylə davam edir.

Türkiyə polisi son bir ildə yüzlərlə terror aktının qarşısını alıb. Ancaq terrorla mübarizədə 100 faiz müsbət nəticə əldə etmək çətindir. PKK-nın Türkiyənin müxtəlif şəhərlərində hələ də yatmış hücrələri var, gərəkli bildiyi halda onlara hərəkətə keçmək üçün əmr verirlər.

İstanbulun mərkəzində terror partlayışından sonra Türkiyə ordusunun Suriya və İraqdakı PKK məntəqələrinə həmişəkindən daha dağıdıcı zərbələr endirəcəyi şəksizdir. Çünki İstanbulda terror əmrini böyük ehtimalla PKK-nın Qəndildəki qruplaşması verib. Ancaq onlar da anlamamış deyillər ki, bu terrora görə daha çox itki verəcəklər”.
 
 
 

Dünyapress TV

Xəbər lenti