Ardını oxu...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı tez-tez Alma-Ata bəyannaməsinə istinad edilməsi barədə danışsa da, Rusiyanın özü bu bəyanata riayət etməyib, 2008-ci ildə Gürcüstanın, 2014-cü və 2022-ci ildə Ukraynanın ərazi bütövlüyünü pozub, torpaqları işğal edib.
TEREF.AZ yazır ki, bunu politoloq Elxan Şahinoğlu deyir. Politoloq fikrini şərh edərək davam edir:
Halbuki, Rusiya Alma-Ata bəyannaməsinə sadiq qalsaydı qonşu dövlətlərin ərazilərini işğal etməməli idi.
Ermənistan da torpaqlarımızı işğal etdiyi 27 ildə Alma-Ata bəyannaməsini xatırlamırdı, baş nazir Nikol Paşinyan yalnız İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra bu barədə danışmağa başladı.

Ardını oxu...
Bu yaxınlarda Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəis müavini, polis general-mayoru Həsən Şirinov mətbuatda Bakının tıxac problemi ilə bağlı “Bitməyən tıxac dərdimiz” adlı yazı ilə çıxış etmişdi.
Bakupost.az -ın dərc etdiyi həmin yazıda o, tıxac probleminin körpülərin düz salınmaması, yol qovşaqlarında hərəkətin düzgün nizamlanmaması və bəzi tikililərlə bağlı olduğundan bəhs edirdi. Mövzu aktual olduğundan yazı geniş müzakirələrə səbəb oldu. Ancaq Həsən müəllim bu müzakirələrin gedişində bir sıra məqamlardan narazı qalıb. Cənab general xüsusən də problemləri müzakirə etmək əvəzinə, dövlətdə böyük xidməti olmuş insanları üz-üzə qoymaq cəhdini yanlış hesab edir.
Bakupost.az bununla bağlı onun qələmə aldığı yeni yazını təqdim edir:
Ümumxalq məsələlərin həllində, bilə-bilə problemlərdən yayınıb şəxsi mövqe sərgiləmək yolverilməzdir. Məncə, bu məsələdə, ictimaiyyəti narahat edən, yol hərəkət iştirakçılarının təhlükəsiz və fasiləsiz hərəkətini təmin etməyən yol qovşaqlarındakı mövcud nöqsanlara bir daha aydınlıq gətirmək, tıxacların yaranma səbəblərini qeyd etmək, onların aradan qaldırılması yollarını göstərmək, tənqid yox, əksinə, aidiyyatı təşkilatlara kömək, xalqa xidmətdir. Bu, alqışlanmalıdır! Burada hər kəs öz fikrini deyə bilər. Amma, gərək şəxsi düşüncəyə yox, ümumxalq rəyinə, həqiqətə, Qanuna söykənəsən.
Allahın, "Qurani-Kərim"də bəşərə, insanlığa aid etdiyi ümumi dəyərlər, haqq, ədalət, dürüstlük, imanlılıq mütləqdir! O, haqq yoludur! Baxış bucağı fərqli olsa da, hədəf bir olmalıdır. O hədəfə gedən yol, insanlıq ölçü vahididir! Kim nə qədər o hədəfə yaxınlaşa bilirsə, bir o qədər də insanlığını nümayiş etdirmiş olur. Ən böyük vəzifə insanlıqdır! Ehtiyac içində yaşayanlar üçün həmişə vicdanlı olmaq çətin olsa da, vicdanlı olmaqdan gözəl peşə, ədaləti qorumaqdan böyük vəzifə yoxdur.
Həqiqətdən kənar hər şey öz dəyərini itirir, “hamı kimi olmaq”, “fərqlənməmək” tələbi, bəzən, qaçılmaz olsa da, baxmayaraq ki, dəli çox olan yerdə, ağıllı dəli hesab olunur, mən həmişə haqqın tərəfində duran azın yanında olmuşam. Çünki Allahın razılığı olaraq, bir kimsəsiz məsumu sevindirməkdən aldığım ləzzəti heç nədən almıram.
Ayrı-ayrı əsrlərdə yaşasalar da, insanları bir-birinə sevdirən, onların fikirlərinin üst-üstə düşməsi, həyata baxışı, düşüncələrinin eyni olmasıdır. Ona görə də çox sevdiyim və öz adını dünya tarixinə qızıl hərflərlə yazdıran Benjamin Franklinin bir tövsiyəsini oxuculara xatırlatmaq istəyirəm:
“...qəzet naşiri kimi mən, həmişə calışmışam ki, şəxsiyyətə qarşı yönəlmiş böhtan və iftiralara yer verməyim. Naşirlərin əksəriyyəti heç bir vicdan əzabı çəkmədən, aramızda olan ləyaqətli insanlara qarşı şər-böhtan yazıları sifariş edənlərin xidmətində dururlar. Bunları yada salmaqla, gənc naşirləri xəbərdar etmək istəyirəm ki, dövri mətbuatlarını zəhərləməsinlər və öz sənətlərini mənfur hərəkətlərlə hörmətdən salmasınlar”.
“Qızıl Qələm” mükafatı laureatı, general
Həsən Şirinov
 //Bakupost.az//

Ardını oxu...
İran yenə də Azərbaycanı hədələyir. Bu dəfə açıq şantaja keçiblər. Yəni "susun, susmasanız filan şeylər olacaq" kimi...
Əslində burda susmalı olan tərəf İrandır... elə olacaqlardan qorxmalı olan tərəf də İrandır...
Çünki hazırda baş verənlər də tədsdirləyir ki, müşahidə olunanlar sıradan bir proses deyil və İranın şəklinin dəyişdirilməsi hadisəsinin işartılarıdır...
Azərbaycan da bir dövlət olaraq Güney Azərbaycan torpaqlarına və bu torpaqlarda yaşayn 40 milyonluq millətdaşlarına sahiblənmə təşəbbüsü ilə yola çıxıb. Azərbaycanın bu məsələdə susması, bir köşəyə çəkilməsi absurd olardı və ən azından xəyanət kimi anlaşılardı... MİLLİ XƏYANƏT kimi...
Lakin gördüyümüz odur ki, İrandakı fars-molla rejimi susmalı olduğu halda susmur. 44 günlük savaşın nəticələrini həzm etmədiyini aşkar şəkildə ifadə etdiyi kimi indi də Qarabağa burun soxur. Təbii ki Rusiyanın ortaqlığı ilə... Hər halda Qarabağın qapılarını əmanət etdiyimiz ruslardan xəbərsiz hansısa fars gədəsinin Xankəndidə görükməsi imkansızdır...
Beləcə rusun da iştrakı ilə Qarabağda ürəyimizi bulandırmağa çalışan molla rejimi anlamalıdır ki, bunun betər cavabı olacaq...
Düzdür, İran İslam Respublikası adı altında çətirlənən fars-molla rejimi Allaha inanmır... Amma Allahın yaradacağı bir gözəl fürsətin bizi gözlədiyinə inansın... O günü Allah bizə qismət edəcək...
BAX, biz bu yoldayıq... NİYƏ SUSAQ Kİ?
O gün MÜTLƏQ GƏLƏCƏK... İlham Əliyev həqiqətən də 50 milyonluq Azərbaycanın Prezidenti kimi "Təbriz, sən azadsan" deyib "tvit" atacaq, milləti müjdələyəcək... Yəni bu qədər yaxın...

Məhəmməd ƏRSOY
DİA.AZ-ın Baş redaktoru
Ardını oxu...
Mikayıl Cabbarov yenə açıqlama verib ki, kiçik-orta biznes vergilərdən azad ediləcək – xub, əla, çox yaxşı, amma ilk olaraq kiçik-orta biznesin əsas dərdlərindən biri ƏDV ilə bağlı məsələdir.
Hələ devalvasiyadan əvvəl dövriyyə məhdudiyyəti olan illik 200 min manat norması mütləq dəyişdirilməlidir! İldə dövriyyəsi 200 min manatı keçən kimi ƏDV-ni yükləyirlər sahibkarın belinə, ona gərə də, ilk addım kimi dövriyyə məhdudiyyəti illik 200 mindən 1 mln. manata qaldırılmalıdır.
Bir də ki, hökumət kiçik-orta sahibkara kömək etmək istəyirsə, sadəcə mane olmasın yetər...
Natiq Cəfərli
Teref.az
 
 
 
Ardını oxu...
10 noyabr bəyanatı imzalanan günün səhərisi yazımda belə bir cümlə işlətmişdim “müharibə hələ indi başlayır”. Eyforiyada olanlar təbii ki, bu cümləni mənasız adlandırdı. Ancaq reallıqlar məna və mənasızlıqdan çox üstədir.
Bizim cəmiyyətdə bir çoxları nədənsə müharibəni ancaq silahların “danışdığı” bir nəsnə hesab edir. Məsələ ondadır ki, müharibə bitdi deyilən gündən psixoloji, hibrid savaşına start verilmişdi.
Nədənsə, Rusiya sülhməramlılarının etdikləri indi daha çox gözə batır. Ancaq ruslar ilk gündən gözə batacaq hərəkətlər edirdi. Ruslar ermənilər üçün evlər tikəndə, qeyri-qanuni erməni silahlı dəstələrinə təlimlər keçəndə, öz dahilərinə abidlər ucaldıb, kilsə inşa edəndə sonu necə olmalı idi? İndi yer adlarını dəyişdirəndə sərt reaksiyalar verilir. Əla! Ancaq həmin Rusiya Müdafiə Nazirliyi qondarma rejimin “polis”i ilə Azərbaycana məxsus maşın karvanını yoxlayıb videosunu yayımlayanda guya qanuni işləyirdilər? Hər həftə ruslar bəyanatın şərtlərini pazacaq cinsdən fəaliyyətlə məşğul olurdu. Ağdərədə rus icması yaradıldı. Yenə reaksiyasızlıq. Bu o qədər təkrarlandı, o qədər adiləşdi ki, Azərbaycan ictimaiyyəti olanlara reaksiya verməkdən bezdi. Media isə mövzu xətrinə bunu işləməkdən o yana keçmədi.
Həmin Rusiya Ukraynada nə qədər çətin vəziyyətdə olsa da, Cənubi Qafqazı əldən vermək niyyətində deyil. Ukraynada hər nə qədər bunu bir çoxları həzm etməsələr də, Rusiya faktiki olaraq ABŞ və Avropa ölkələrinin bir çoxu və NATO ilə üz-üzədir. Ukraynanın yanında bu güclər olmasa, Ukrayna Rusiyanın qarşısında nə qədər dözüm gətirə bilərdi? Başqa bir sual, Cənubi Qafqazda Rusiyanın qarşısında kim dayanacaq? Həmin güclər Ukraynaya olduğu kimi hərbi texnika, silah, raket, kəşfiyyat məlumatları, maliyyə yardımları edəcəklər? Azərbaycan indiki duruşundan geri çəkilməməlidir, eyni zamanda, bəzi qarantiyalar almalıdır.
Niyə bu qədər qaramat düşünürəm?
Hesab edirəm ki, bundan sonra Qafqazda, konkretləşdirsək, Ermənistanla Azərbaycan arasında müharibə alovlansa, bu dəfə mütləq şəkildə bu iki ölkə arasında olmaqdan çıxacaq. Türkiyə Azərbaycanın əlini nə qədər gücləndirsə də, seçki ərəfəsində olmaqları, hazırkı hakimiyyətin daha çox daxilə yönəlik işləyəcəyi anlamına gəlir. Çünki Türkiyədəki seçkilərin nəticəsi türkiyəlilər qədər elə böyük güclərin də marağındadır.
İran “yanır”. Bəli, İrandakı daxili çaxnaşma, üsyanlar bir çoxlarını məst edə bilər. Ancaq onu da düşünmək lazımdır ki, qonşudakı yanğın hər zaman zərər verir. Evə yanğın keçməsə də, tüstüsü boğur. Ona görə də strateji hədəfləri açıqlamaqla yanaşı, təhlükəsizlik qaydalarına da nəzarət etmək lazımdır.
Həmişə Azərbaycanın Rusiya və İranla qonşuluğunu bədii ifadə vasitəsi ilə ifadə edəndə “iki od arasında” adlandırırdılar. Bu əvvəl nə qədər bədii ifadə vasitəsi kimi görünsə də, indi reallıqda iki od arasında qalmışıq. Biri yanır, digəri də yaralı və yanmağa hazırlanmış vəziyyətə yaxınlaşır. Yanğını ya söndürmək lazımdır, ya da kontrol altına alıb yanıb bitməsini gözləmək.
Ardını oxu...
Azərbaycan müstəqilliyini ikinci dəfə bərpa edəndən sonra onun ən vacib xarici tərəfdaşlarından biri Avropa Birliyidir.
Ölkəmizin regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması Azərbaycanı Aİ üçün cəlbedici edən əsas faktorlardır.
1996-cı ildə Lüksemburq şəhərində imzalanmış və 1999-cu ilə kimi qüvvədə olan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə edib.
Sazişin icra müddəti 2009-cu ildə bitsə də, o, yeni saziş imzalanmasına qədər hər il avtomatik olaraq 1 il uzadılıb.
Avropa İttifaqı Azərbaycana1998-ci ildə xüsusi elçisini təyin edib, 2000-ci ildə isə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilib.
2003-cü ildə isə İttifaq Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edib. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib.
Azərbaycanla Avropa Birliyi arasında indiyədək iqtisadi, enerji, məhkəmə və ədliyyə, nəqliyyət-logistika, təhsil, mədəniyyət və digər sahələrdə razılaşmalar mövcuddur.
Birliklə Azərbaycan arasında son illərdə bir neçə təhlükəsizlik dialoqu da baş tutub və bu dialoqun vacib tərəfləri miqrasiya, enerji təhlükəsizliyi, nəqliyyat-logistika sahəsində təhlükəsizlik, insan alveri, çirkli pulların yuyulması, terrorizm, narkotika ticarəti və s. olub.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması prosesinə Avropa İttifaqı da qoşulub.
Avropa İttifaqı ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. İttifaqla strateji tərəfdaşlıq sazişi üzrə məsləhətləşmələr son mərhələdədi.
Razılaşmanın demək olar ki, 90 faizi hazırdır və yekun sənədin 2023-cü ildə imzalanacağını güman edirəm.
Yeganə Hacıyeva
Teref.az
 
Ardını oxu...
Fransa ermənipərəst mövqeyindən hələ də əl çəkmək istəmir. Bu ölkə İkinci Qarabağ müharibəsindən sonra tərəfsizliyini tamamilə itirib. Fransa prezidenti Emmanuel Makronun anti-Azərbaycan açıqlamaları, Fransa Senatının faktiki olaraq, Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə imkan vermir ki, Fransa artıq vasitəçi kimi çıxış etsin. Xüsusilə də, 15 noyabr 2022-ci il tarixində Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qərəzli, həqiqətdən kənar, ikili standartlara yönəlik bir kağız parçası olmaqla bərabər Fransa Respublikasında beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqları hüququnun süqut etdiyinin bariz göstəricisidir.
Həmçinin, bu bədnam qətnamə Fransanın Azərbaycana qarşı, qeyri-səmimi, riyakar və qərəzli olduğunu göstərir. Və hər nə qədər vasitəçilik təşəbbüsləri göstərən kimi özünü göstərmək istəsə də, bu ölkə hər zaman Ermənistanı dəstəkləyib. Fransa senatının Azərbaycan əleyhinə qətnaməsində əsassız və məntiqsizdir, həmçinin bu sənəddə reallıqlar tamamilə təhrif olunub.
Belə ki, 44 günlük müharibənin gedişi və sonrakı dövrdə Fransanın Cənubi Qafqazla bağlı siyasətində ikili standartların açıq təzahürünün müşahidə olunduğu xalqımızın yadından çıxmayıb. Həmçinin, Azərbaycana Ermənistan torpaqlarından geri çəkilmək, Laçın dəhlizindən çıxmaq kimi çağırışlar, qondarma "DQR"in tanınması kimi cəfəng fikirlərdən ibarət bu kağız parçası Fransanın həqiqi simasını göstərir. Ancaq tarixi qara ləkələrlə dolu olan bu ölkənin Azərbaycanla bağlı belə absurd ittihamlar irəli sürməsi də ironik və gülüncdür. Fransa öz tarixinə nəzər salsın. Əllidən çox ölkənin ərazisini işğal etmiş bu müstəmləkəçi ölkə işğal etdiyi ölkələrdə yaşayan milyonlarla insanı qətlə yetirmiş, soyqırım törətmiş, həmin əraziləri talan edib. Xüsusilə də, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya unutmamışdır. Eyni zamanda Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmış, soyqırım siyasəti yürütmüş, 1,5 milyon Əlcəzairlinin ölümünə səbəb olmuşdur.
Bütün bu faktlardan sonra Fransa Senatının üzvləri tarixdən dərs götürmələri əvəzinə bu qətnamə ilə milli dini ədavəti qızışdırmaqla yeni münaqişə ocaqları yaratmaq istəyirlər və başqalarına humanizm, demokratiya, hüquq dərsi keçməyə haqqı yoxdur. Və Fransa Senatının məlum qərarı Azərbaycan dövləti və ictimaiyyəti üçün adı kağız parçası mahiyyəti daşıyır. Çünki heç bir hüquqi əsası olmayan, sırf qərəz, kin üzərində əsaslanan bu qərara başqa ad vermək olmaz.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransın açılışındakı çıxışında bildirmişdir ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz və bu, onun günahıdır: «Praqa görüşündən bir həftədən də az sonra Fransa Prezidenti Makron müsahibəsində Azərbaycanı tənqid etdi və bizi törətmədiyimiz işlərdə ittiham etdi. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir. Bunun ardınca Fransanın Frankofoniya Sammiti vasitəsilə bizə qarşı hücum cəhdi oldu. Bu, qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır”.Dövlət başçısı onu da bildirdi ki, Paşinyanın Brüssel görüşündə Makronun iştirak etməsi tələbini irəli sürməsi sülh danışıqlarını pozmaq cəhdidir: “Fransa sülh danışıqlarında iştirak edə bilməz. Bu bizim deyil, onların günahıdır. Çünki heç vaxt nə ABŞ, nə də Rusiya rəsmi səviyyədə tərəfkeşlik etməyib”.“Bu o deməkdir ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən eçirəcəyik. Görək, vasitəçi rolunu kim həyata keçirəcək və bu hansı platformada baş tutacaq?”, - deyə Prezident İlham Əliyev qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, o, Paşinyanın Brüssel görüşündə Makronun iştirak etməsi tələbini irəli sürməsini sülh danışıqlarını pozmaq cəhdi kimi qiymətləndirir.Dövlət başçısı qeyd edib ki, qətnamənin mətninin Fransanın Ermənistanla birgə hazırladığı, ittiham və uydurma dolu ilkin versiyası Azərbaycan tərəfində var. Lakin bizim təkcə Qoşulmama Hərəkatında deyil, Avropada da dostlarımız var. Beləliklə, bu anti-Azərbaycan qətnaməsi formallıqdan başqa bir şey deyil.

Fuad Heydər
YAP Səbail rayon təşkilatının təlimatçısı
Teref.az
 
Ardını oxu...
“Naxçıvan Muxtar Respublikasının büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır. Dəqiq rəqəmlə desək 385 milyon manatın cəmi 85 milyonu yerli gəlirlər hesabınadır”.

Bunu “Yeni Sabah”a açıqlamasında millət vəkili Etibar Əliyev deyib.

O, bildirib ki, Muxtar Respublikanın büdcəsinin qalan hissəsi - 300 milyon manatı Bakıdan dotasiya olunur: “Ölkə başçısı cənab İlham Əliyev bir neçə il bundan öncə Vasif Talıbovu qəbul edəndə tapşırıq verdi ki, bütün ölkədə olduğu kimi bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin olunmalıdır.

Prezident hətta nümunə də gətirdi. Söylədi ki, aparılan islahatlar nəticəsində təkcə bu ilin 10 ayı ərzində büdcə gəlirləri plandan əlavə 850 milyon manat artmışdır: “Bunun yarısı vergi, yarısı gömrük orqanları hesabına formalaşıb.”

Vasif Talıbov bu tövsiyə və tapşırıqlardan nəticə çıxarmadı. Diqqət edin, son epizod üzrə 144 milyon manatlıq korrupsiya faktı Naxçıvanın büdcəsinin 37 faizini təşkil edir. Bu, Vasif Talıbovun iradəsindən kənarda baş verə bilməz. Talıbovun iş üslubu sırf korrupsiyaya köklənib. Bu səbəbdən Vasif Talıbovun istefasını haqlı olaraq irəli sürmüşəm. Heç kəs etimaddan sui-istifadə etməməlidir”.
 
Ardını oxu...
İranla Azərbaycan arasında artan gərginlik xeyli suallar və bununla bərabər, risklər yaradır. Azərbaycan hakimiyyəti uzun illər özündən əvvəlki qısamüddətli iqtidarı qonşularla, xüsusilə İran və Rusiya ilə düzgün siyasət aparmamaqda qınayıb. Zaman-zaman bundan indiki rəqiblərinin də əleyhinə təbliğat vasitəsi kimi istifadə etməyə çalışıb. Bununla belə, hazırkı vəziyyətə nəzər salsaq, görərik ki, indi hər iki ölkə ilə münasibətlər tarixində ən gərgin dövrü yaşayırıq. Rusiya ilə məsələ bir çox kontekstdə mübahisəyə açıq qalsa da İranla bağlı daha çox eyni dini mənşədən olan toplumların münasibətlərini süni gərginləşdirmək ittihamı uzun zamandır keçmişə doğru uzanırdı. Beləliklə, əsas sual budur: nə dəyişdi ki, biz nəinki 90-cı illərin soyuq müharibə dövrünə qayıtdıq, hətta bir az da irəli gedib, açıq ittihamlarda bulunduq, sərhədlərdə qarşılıqlı hərbi təlimlər keçib, güc nümayiş etdirdik?

“Xarici terrorçu” ittihamı

44 günlük müharibə başlar-başlamaz Azərbaycanın cənub sərhədlərində əldə etdiyi hərbi uğurlar və Xudafərin körpüsünün işğaldan azad edilməsi İranda birinci narahatlıq yaratdı. İranın dini lideri bildirdi ki, Azərbaycan İranın Şimal (özünün cənub) sərhədlərinə xaricdən radikal islamçı terrorçuları yerləşdirib və ya bunlardan müharibədə istifadə edir. Azərbaycan cəmiyyətinin bu açıqlamaya reaksiyası çox sərt olsa da dövlət başçısının xarici əlaqələr üzrə köməkçisi İran televiziyalarından birinə müsahibə verərək, İranı ittiham edənləri Ermənistana işləməkdə ittiham etdi. Bundan az sonra İlham Əliyev özü İranı qınadı. Çünki İran sözlə dayanmaq fikrində deyildi və Azərbaycan Cənub istiqamətində torpaqlarını azad etdikcə rəsmi Tehran sərhədlərə zirehli texnika və qoşun yeritməyə başladı. 30 il ərzində dünya tərəfindən tanınmayan işğalçılarla sərhəddə heç bir xidmət təşkil etməyən İranın bu addımı Azərbaycanla nəzəri qardaşlıq kontekstində başadüşülən olmasa da, iki ölkənin tarixi münasibətləri kontekstində başadüşülən idi.

Nədir bu kontekst?

İran Azərbaycan Respublikasının yaranmasını, təbii ki, istəmirdi. Hətta ölkənin “Azərbaycan” adlanmasını belə istəmirdi. Çünki bunu özünün daxili problemlərinin qızışması üçün tətikləyici amil sayırdı. Buna mane ola bilmədikdə isə İranın əsas işi Azərbaycanın zəif, parçalanmış, iddiasız və İrandan daha qaranlıq bir ölkə olmasına çalışmaq idi. Uzun illər bu istiqamətdə çalışdılar və müəyyən nəticələrə də nail oldular. Çox təəssüf ki, Azərbaycan hökuməti bu lal ekspansiyanın genişlənməsinə göz yummaqla İranı ölkənin içində xeyli irəli buraxdı. AXC hökuməti dövründə isə Qarabağda əldə edilmiş uğurlar, siyasi azadlıqlar İranı narahat edirdi. Tehranda narahat idilər ki, Bakı Təbriz üçün cəlbedici nümunə ola bilər. Təbii ki, uzun illər davam edən Heydər Əliyev və İlham Əliyev hakimiyyəti özündən əvvəlkiləri “qonşularla düz davranmamaqda” ittiham etdikləri kimi, İran da AXC hakimiyyətini islama, şiəliyə və bu kontekstdə İrana və qonşulara düz davranmamaqda ittiham edir, özünün ölkədə yaratdığı şəbəkələr vasitəsilə bu fikri genişləndirirdi.

Nə dəyişdi?

Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanın öz torpaqlarını azad etməyə başlaması İranın bütün planlarını pozdu. Tehran yenidən uğurlu Azərbaycanı özü üçün təhlükə görməyə başladı. Azərbaycan hökuməti bu dəfə məcbur qalıb, ritorikasını vəziyyətə uyğunlaşdırmağa başladı. Belə göründü ki, İlham Əliyev İrana qarşı Qərb ölkələrinin və İsrailin münasibətindən yararlanmaq istəyir. Amma burada hələ ki, hansısa anti-İran koalisiyasından və ya Qərb ölkələrinin Azərbaycanı bu məsələdə müttəfiq kimi görməsindən söhbət getmir. Bunun iki mühüm səbəbi var. Birincisi, obyektiv səbəbdir. Qərbdə başa düşürlər ki, Azərbaycan belə bir yükün altına girərsə, bu, infrastruktur və təhlükəsizlik baxımından ciddi problemə çevrilə bilər. Ona görə də Azərbaycan İranla ixtiyari hərbi qarşıdurmadan maksimum kənarda qalmalıdır. Əlbəttə, hər hansı müdaxilədən özünü müdafiə etməyə də daimi hazır olmaqla. Amma ikinci səbəb Qərb dairələri üçün daha önəmlidir ki, Azərbaycan hökuməti ilə bu məsələdə müttəfiqliyə isti yanaşmasınlar. Rusiya-Ukrayna məsələsi də göstərdi ki, Azərbaycan hökuməti imperialist diktatorların tamam güclənib, bölgədə hegemon olmasını istəmədiyi kimi, məğlub olub, sıradan çıxmalarını da istəmir. Təbii ki, bunun səbəbi ölkədəki siyasi sistemi qorumaq marağıdır. Buna görə də Azərbaycan bu məsələdə qısamüddətli, amma sona kimi etibar edilməyən tərəfdaş sayıla bilər. Biz bu tezisin təsdiqi üçün Azərbaycanın BMT Baş Assambleyasında İrana, Rusiyaya və İsrailə münasibətdə keçirilən səsvermələrdə iştirak tərzlərinə baxa bilərik.

Nəhayət, nə etməli?

Əlbəttə, biz on milyonlarla Güney azərbaycanlılarının əvəzinə onlara dövlət qura və ya onların kiminlə yaşayacağına qərar verə bilmərik. Ancaq onların İran hökumətindən tələb etdikləri fundamental hüquq və azadlıqları əldə etmələri üçün onlara əlimizdən gələn dəstəyi verməliyik. Necə ki, bütün Azərbaycan cəmiyyəti Rusiya imperiyasına qarşı Ukraynalıların azadlıq və demokratiyanı qorumaq savaşına dəstək verir.
Seymur Həzi
 
 
 
Ardını oxu...
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından əli üzülən Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronsuz addım ata bilməyəcək duruma düşüb. Paşinyan dekabrın 7-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Emmanuel Makronun iştirakını tələb edib. Azərbaycan dövlət başçısı ermənipərəst mövqeyinə görə Makronun vasitəçiliyini qəbul etmir. Paşinyanın tələbi Avropa İttifaqının rəhbəri Şarl Mişeli pis vəziyyətə qoyub.
Bu il İlham Əliyevlə Nikol Paşinyan arasında Brüsseldə 4 görüş olub, heç birində Makron iştirak etməyib, vasitəçi Şarl Mişel olub. Makron sadəcə, Praqadakı konfrans çərçivəsində keçirilən görüşdə liderlərin görüşünə qatılıb. Paşinyanın Makrondan ikiəlli yapışmasının səbəbi bəllidir. Şarl Mişel tərəfsiz vasitəçidir, bölgədə sülh və əməkdaşlıq istəyir, Qarabağ məsələsinə qarışmır. Makron isə Mişelə tam tərs mövqedən çıxış edir. Ona görə də Paşinyan Makronu Mişelin yanında oturması tələbini irəli sürür. Şarl Mişel Paşinyana rədd cavabı verməsə, liderlərin görüşü alınmayacaq və Avropa İttifaqının rəhbərinin buna qədərki bütün zəhməti hədər gedəcək. Görüş alınmayacaqsa belə çıxacaq ki, Paşinyanın Makronu tələb etməsi Kremlin maraqlarına cavab verəcək.
Elxan Şahinoğlu
Teref.az
 

Dünyapress TV

Xəbər lenti