Ardını oxu...
İran İsrailə qarşı “qisas” qışqırsa da, müharibədən qorxur: Beş səbəb
İran yeddi SEPAH əməkdaşının həlak olduğu hərbi əməliyyatlara görə İsrailə qarşı qisas vəd edir. Həmin vədlər İranın cari strategiyasının kritik tərkib hissəsi kimi görünür.
Yəni İran bu dəfə regional münaqişələrdə artıq vəkil qüvvələri ilə deyil, daha çox birbaşa iştirak etməyi öhdəlik kimi nümayiş etdirir.
Bir sözlə, İsraillə İranın bir-birinə qarşı çoxdankı strategiyaları dəyişməyib. İranın “qisas əməliyyatları”nı həyata keçirmək çətinləşsə də, o, bunun öhdəsindən gəlmək üçün əlindən gələni edəcək.
Hələlik İranın İsrailin diplomatik korpuslarına qarşı intensivləşə biləcək mümkün aqressiv əməliyyatları Tehranın gündəmində ağırlıq təşkil edir.
Bunu İranın ali dini rəhbəri Seyid Əli Xameneinin hərbi müşaviri general Yəhya Rəhim Səfəvinin dilindən səslənən təhdidlərdə aşkar şəkildə görmək mümkündür.
Bununla belə, İran özü də daxil olmaqla, onun regiondakı proksi qrupları, rejimin daxili tərəfdarları İsrailə qarşı genişmiqyaslı əməliyyatlarda tərəddüd içərisindədirlər.
Hərçənd, SEPAH və onun media orqanları İsrailə qarşı müharibə və çevik reaksiya üçün səslərini ucaldırlar, amma İranda konkret ölçülü bir yanaşmanın tərəfdarı olanlar da az deyil.
Onlar İsrailə qarşı zərbələrin İranı birbaşa münaqişəyə sürükləmək üçün tələ ola biləcəyi barədə xəbərdarlıq edirlər. İranın bu istiqamətdəki ümumi narahatlıqlarını beş izahda göstərə bilərik.
Birincisi, İran İsraillə birbaşa münaqişəyə girməkdən yayınır və regional eskalasiyaya girə bilmək qorxusunu yaşayır.
İkincisi, İran İsrailin kritik infrastrukturlarına qarşı hər hansı effektiv zərbələr endirə bilmir.
Üçüncüsü, İsrail ötən ilin dekabr ayından bəri 18 yüksəkrütbəli SEPAH zabitinin ölümünə səbəb olub ki, bu tendensiya İslam Respublikasını çaşqınlıqlara salır.
Dördüncüsü, İranda daxili vəziyyət stabil deyil, həm saray intriqaları, həm də ölkədə tüğyan edən iqtisadi-sosial problemlər Tehranı ehtiyatlı mövqeyə dəvət edir.
Beşincisi, Tehranın qisası üçün digər mühüm maneə - İranın qeyri-məhsuldar kəşfiyyat məlumatları fonunda İsrailin Yaxın Şərqdəki hərəkətlərinin yüksəlməsidir.
Hərçənd, İran da Yaxın Şərqdə himayəsində olan qeyri-dövlət aktorları vasitəsilə İsrailin hücum və müdafiə qabiliyyətini zəiflətmək əməliyyatlarına başlamağı hədəfləməmiş deyil.
İranın bu məqsədlə Yaxın Şərqdə hər tərəfdən topladığı qüvvələr silsiləsi İsrail üçün ciddi siqnal sayıla bilər.
Lakin məsələ burasındadır ki, İsrail öz müdafiəsini təmin edəcək güclü kəşfiyyat məlumatlarına sahib olmaq bacarığını əlində saxlayır.
Düzdür, HƏMAS-ın İsrailə hücumundan sonra İsrailin kəşfiyyat orqanları ilə əlaqədar bəzi miflər dağılsa da, ümumilikdə Təl-Əvivin rəqibi qarşısında böyük üstünlüklərə malik olduğu şübhəli görünmür.
PROQNOZLAR
İranın Yaxın Şərqdəki maraqları süquta uğramayacaq, amma o, İsrailin nüfuz dairəsində olan arenalarda fəaliyyət göstərməkdə çətinlik çəkməyə davam edəcək.
İran qisas üçün uyğun hədəf tapmaq səylərini davam etdirəcək. İsrailin isə İrana daha böyük zərbələr endirmək üçün yeni qiymətləndirmələri əməli müstəvidə icra oluna bilər.
Aqşin Kərimov
TEREF
 
Ardını oxu...
Suriyanın paytaxtı Dəməşqdə İran Baş konsulluğunun binasının vurulması regiondakı gərginliyi daha da artırıb.

İranın ali rəhbəri ayətullah Seyid

Əli Xamənei və Prezident İbrahim Rəisi İsraili hədələyərək, “onları peşman edəcəklərini” bildiriblər.

Yeri gəlmişkən, ötən gün hadisə nəticəsində ölənlərin cənazələri Tehrana gətirilib. 7 yüksək rütbəli zabitlərin arasında İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Qüds qolunun xaricdə əməliyyatlar üzrə məsul şəxs, briqada generalı Məhəmməd Rza Zahedi də var. Dinc sakinlər deyil, hərbçilərin ölməsi müharibə şəraitinin nəticəsi kimi qəbul edilə bilər. SEPAH Suriya, İraq, Livan, Fələstin və Yəməndəki hərbi hadisələrdə birbaşa və ya dolayısı ilə iştirak edir. Bu baxımdan, hərbçilərin yerləşdiyi binanın hədəfə alınması da müharibə qaydalarına uyğun sayılır. Çünki generallar və başqa zabit heyəti ev tikib, mikrorayon salmaq üçün Suriyaya ezam olunmayıb. Onların hədəfi İsrailə, ABŞ-nin bölgədəki bazalarına zərbə endirməkdir.

Başqa sözlə, onların yerləşdiyi bina vurulmasaydı, o zaman onlar qarşı tərəfi vuracaqdılar. Bu baxımdan, SEPAH zabitlərinin öldürülməsi müharibə qaydalarına uyğun hadisə sayıla bilər.

İran tərəfinin iddiasının əksinə olaraq, həmin binaların səfirliyə və Baş konsulluğa aid olmadığı da bildirilir. Onda həmin hadisənin beynəlxalq hüquqa əsaslanaraq mühakimə edilməsi məntiqi görünmür.

Tehran rəsmilərinin çıxışları İsraillə İran arasında müharibə başlayacağına dair fikirlərin yayılmasına səbəb olub. “Foxnews” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə istinadən bildirib ki, 48 saat ərzində İran bu ölkə ərazisini vuracaq. Teleqram kanallarının yaydığı məlumata görə, Tehran bu qərarını İsveçrənin ölkədəki səfirliyi vasitəsilə açıqlayıb.

Məlumatlara görə, İran ölkənin qərb hissəsində hava məkanını təmizləyir. Bunu İsraillə bağlı əməliyyatlar üçün hazırlıq sayırlar.

Günün əsas mövzusu budur: İran İsraili vuracaqmı?

Tehranın regionda oynadığı rol bunun indiki şəraitdə mümkünsüz olacağını ehtimal etməyə əsas verir. Bunun aşağıdakı səbəbləri var:

– İsrail rəsmi şəkildə binanı vurduğunu etiraf etməyib;

– Ölənlər hərbçilərdir;

– İsrail öz təhlükəsizliyini təmin etmək üçün bu addımı atıb;

– İran hərbçiləri yəhudi dövlətinin raket atəşinə tutulmasını təşkil edib;

– Tehranın bu addımı atması ona qarşı oxşar aksiyanın daha geniş miqyasda başlamasına əsas verir;

– İran hücumdan sonrakı prosesə hazır deyil;

– Mövcud rejimdən narazı cəmiyyət hakimiyyətə qarşı fəaliyyət göstərə bilər və s.

Ötən gün Tehranda İsrail bayrağının qaldırılması İran vətəndaşlarının bu dövlətə rəğbət bəslədiyini göstərir.

İran hakimiyyəti belə bir mürəkkəb vəziyyətlə üz-üzə qalıb. Məsələn, İsrail İranın mümkün hücumunda vətəndaşları müdafiə etmək üçün sığınacaqlar hazırlayır. Hava Hücumundan Müdafiə sistemini döyüş vəziyyəti halına gətirir. Belə bir şəraitdə SEPAH-ın təbliğatçıları hədəfə İsraili deyil, Azərbaycanı alıb.

Parlamentin deputatı Cəlal Rəşidi Kuci İsrailin müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərini, xüsusi ilə “ən yaxşısı” (ifadə ona məxsusdur – red.) Azərbaycandakı səfirliyinin vurulmasını təklif edib. Bundan başqa, SEPAH-ın teleqram kanalında Azərbaycanın Zəngilan rayonundakı “İsrail mərkəzinin” vurulması da təklif olunub.

İran Azərbaycanı niyə təhdid edir? Qvardiyanın kanalı bunun səbəbini belə açıqlayıb: “Azərbaycan hakimiyyəti hesab edir ki, onları İranın Suriyadakı səfirliyinə hücumda əli olmaqda ittiham etmək yersizdir. Azərbaycan hökumətinin İrana ilk xəyanəti olmadığı üçün bu məsələdə Azərbaycanın adının hallanması təsadüfi deyil”.

SEPAH Azərbaycanı bu kimi məsələlərdə İsraillə əlbir olmaqda ittiham edib. İddiaya əsasən, əks halda, rəsmi Bakı “İranın Suriyadakı səfirliyinə hücumu rəsmən pisləyərdi”.

Çox gülünc və məntiqsiz arqumentdir. İranın bu kimi əsassız fikirlərinin yayanlara bir neçə sual:

Azərbaycan torpaqları uzun illər işğal altında qalanda Tehran niyə Ermənistanı müdafiə edib?

44 günlük müharibə zamanı İran rejimi ölkə ərazisindən Ermənistana silah və hərbi texnikanı niyə ötürüb? (yazı yayıma hazırlanarkən sosial şəbəkələrdə məlumat yayıldı ki, İrandan Ermənistana silah daşıyan təyyarə reysləri intensivləşib – red.)

İşğal dövründə Qarabağda 90-a yaxın İran şirkəti hansı fəaliyyətlə məşğul olub? Torpaqlar işğaldan azad ediləndən sonra Tehran Azərbaycanla sərhədyanı ərazidə niyə 3 dəfə hərbi manevr keçirirdi?

Təxminən 30 il əvvəl, 1994-cü il martın 17-də Xankəndinin Ballıca kəndində İrana məxsus “C-130 Hercules” təyyarəsini erməni silahlıları vurmuşdu. Həmin faciə nəticəsində 19-u sərnişin, 13-ü ekipaj üzvü olmaqla, 32 nəfər ölmüşdü. Tehran niyə bu hadisəni terror olaraq qəbul etmədi və sonradan hadisə niyə araşdırmadı?

Yenə 30 il əvvəl ermənilər Bakıda metroda iki terror hadisəsi törədib. İran bu hadisəyə niyə onda reaksiya vermədi?

2023-cü il yanvarın 27-də Azərbaycanın tehrandakı səfirliyinə terror hücumunu İran hakimiyyəti niyə adi məişət hadisəsi kimi təqdim edir?

Xocalı hadisəsinin İran hakimiyyəti axırıncı dəfə nə vaxt parlamentdə müzakirə edib? Bu məsələyə parlamentdə və ya hər hansı bir qurumda baxılıbmı?

Suallar çoxdur. Belə hadisələrin qurbanları isə silahsız, Ermənistana hücum həyata keçirməyən, yaxud erməni hərbçisini öldürməyən dinc sakinlərdir. Odur ki, İran hakimiyyəti İsrailə qarşı müharibədə zəifliyini Azərbaycanı hədələməklə ört-basdır etməyə səy göstərir. Belə görünür, özünü itirən Tehran atəş açacağı yönü səhv salıb.
Sədrəddin Soltan
pressklub
 
 
 
Ardını oxu...
“Dağlıq Qarabağda münaqişənin kəskinləşdiyi dövrdə Moskva və KTMT-nin Ermənistana kömək etmədiyi barədə verilən bəyanatlar yalandır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Zvezda” telekanalının efirində deyib.

Onun sözlərinə görə, Qərb ölkələri Ermənistanın Dağlıq Qarabağdan rəsmən imtina etməsi mövzusunu təbliğ ediblər. Zaxarova iddia edir ki, NATO-nun diktəsi ilə imzalanmış sənədlərdə qondarma “respublikanın” sakinlərinin hüquqları heç bir şəkildə göstərilməyib və ya təmin olunmayıb.

“Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra verib”, – o bildirib. “İndi əsas məsələ odur ki, İrəvandakı hakimiyyət digər ərazilər, kəndləri idarə edərək qərar verəndə, bundan əvvəlki qərarlarını xatırlasın, məsuliyyət daşısın və günahlı heç kimin üstünə atmasın”, – Zaxarova davam edib.

Başqa sözlə, Moskvanın rəsmi təmsilçisi Paşinyanın Qazax rayonunun kəndlərinin Azərbaycana qaytarılmasının zəruriliyi ilə bağlı dediklərini birmənalı qarşılamadıqlarına işarə edir.

Qarabağa gəlincə, Moskva bir daha təsdiqləyir ki, bu bölgənin Azərbaycanın bir hissəsi kimi tanınmasının tərəfdarı olmayıb və İrəvan bunu Qərbin tövsiyəsi ilə edib.

Bəs bu vəziyyətdə Azərbaycanın dostu və strateji tərəfdaşı kimdir – Rusiya, yoxsa Qərb?

Politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu məsələ ilə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Onun sözlərinə görə, Moskva ilə İrəvan arasında münasibətlərin kəskinləşdiyi bir dövrdə Azərbaycanda geniş ictimaiyyətə məlum olmayan bəzi faktlar üzə çıxır. “Amma indiyədək belə bir fikir geniş yayılmışdı ki, guya Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsinin arxasında Rusiya dayanır.

Amma bu doğru deyil və mən ilk gündən bunu deyirəm. Hesab edirəm ki, bunun arxasında çox güman, Qərb dayanıb. Çünki onun qarşısında bizim regionumuzda hansısa strateji mövqelər qazanmaq vəzifəsi durub. Axı müxtəlif geosiyasi layihələrin kəsişməsi səbəbindən Cənubi Qafqaz əsas regiona çevrilir. Ona görə də, Qərb Azərbaycanı dəstəklədi. Biz bunun bir çox nişanələrini görmüşük.

Məsələn, İsrail ABŞ-ın icazəsi olmadan Azərbaycana Hava Hücumundan Müdafiə (raketdən müdafiə) sistemləri sata bilməzdi. Çox sadə səbəbə görə. Bu sistemin raketləri nəinki Amerika texnologiyasından istifadə edilməklə istehsal olunur, bu raketlər məhz ABŞ-da da istehsal olunur. Birləşmiş Ştatlarda isə Amerika silahlarının satışı ilə bağlı çox ciddi tələblər var. Türkiyənin o vaxt Azərbaycana gətirdiyi “F-16” təyyarəsi barədə də eyni şeyi deyə bilərik.

Amma Bakı son anda Putinin qoşunlarını Qarabağa dəvət edəndə və əməliyyatı başa çatdırmadan dayandıranda, Qərb Azərbaycan həqiqətən də onun tərəfdaşı olub-olmadığı üzərində düşünməyə başladı. Gözlədilər. Onlar regiona başqa formada daxil olmaq üçün sülh prosesini irəli aparmaq istədilər. Lakin Azərbaycan Moskvanın təzyiqi ilə bundan da imtina etdi. Bundan sonra Qərbin seçimi Ermənistanın üzərinə düşdü”, – politoloq deyir.

Onun sözlərinə görə, həqiqət budur ki, 44 günlük müharibə zamanı Rusiya Ermənistanı dəstəkləyib. “O zaman İran vasitəsilə oraya silah tədarük edirdi. Amma Azərbaycanı dəstəkləyən ölkələrin imkanları daha yüksək idi. Və bu gün biz Rusiya ilə Ermənistanın bir-birini necə ifşa etdiyini görürük və eşidirik. Əminəm ki, Zaxarova düz deyir – Moskva heç vaxt sülhün, Qarabağın azadlığının tərəfdarı olmayıb. Onun regionda mövcudluğunun davam etməsini məhz münaqişənin davam etməsi təmin edib. Onu “vəziyyətin sahibi” rolu ilə təmin edib. Və bu günə qədər də Ermənistanın bu müharibədə uduzmasını özlərinə və Paşinyana bağışlaya bilmirlər. İndi Azərbaycan nədənsə Rusiyanı özünə tərəfdaş seçdiyindən, Ermənistan Qərbə doğru üz tutub. Bu da çox qəribədir.

Moskvanın Azərbaycanı heç vaxt dəstəkləməməsi isə aksiomdur. Ermənistan Rusiya imperiyasının 200 illik çox mühüm geosiyasi layihəsidir. Bu siyasət davam edir. İndiki Rusiya imperiya və ya Sovet Rusiyası dövründəkindən heç də az iddialı deyil. Sadəcə, indi onun imkanları daha azdır, hər yerdə mövqelərini itirir. Və “günahkar” axtarışında həqiqətə işıq salan bu cür mübahisələrə girişir. Bu həqiqəti isə uzun müddət gizlədiblər və təhrif ediblər. Azərbaycan müharibədə Türkiyə və Qərbin dəstəyi sayəsində qalib gəldi. Türkiyə Qərbin bir parçasıdır, NATO-nun üzvüdür. Əslində, həqiqət budur”, – deyə Oruclu yekunlaşdırıb.

Rauf Orucov
Ardını oxu...
"İranın cavab addımının dərhal atılmaması onu göstərir ki, bura gözlənilməzlik amili olacaq, yəni İsrailin arxayınlaşdığı, ya da gözləmədiyi bir vaxtda qisas əməliyyatı həyata keçiriləcək".

Bunu Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Kənan Rövşənoğlu İranın yaxın günlərdə Suriyadakı Tehran konsulluğuna edilən hücuma cavab olaraq İsrailə kütləvi hücum planlaşdırdığı barədə məlumatları şərh edərkən deyib.

"Bu barədə bir neçə versiya var. Əsas fikir odur ki, İran etibarını qorumaq üçün İsrail ərazisini, daha konkretləşdirsək, onun nəzarətində olan, amma beynəlxalq birlik tərəfindən işğal ərazisi olaraq tanınan Colan təpələri bölgəsini və ya Livanın İsrail ordusu tərəfindən işğal edilmiş ərazilərindəki hərbi obyektləri vuracaq. Bu halda, birbaşa qanuni İsrail ərazisini vurmadığı üçün beynəlxalq təzyiqə məruz qalmayacaq. İkinci ehtimala görə, qonşu ölkələrdən birindəki İsrail səfirliyi və ya təmsilçiliyi İran ordusu tərəfindən vurulacaq. Üçüncü ehtimal isə qisas əməliyyatınin keçirilməsi, yəni proksi qruplar və ya gizli əməliyyatlar vasitəsilə İsrail ordu zabitlərinə qarşı qəsdlər təşkil etməkdir. Cavab addımının dərhal atılmaması onu göstərir ki, cavab zərbəsində gözlənilməzlik amili olacaq, yəni İsrailin arxayınlaşdığı, ya da gözləmədiyi bir vaxtda qisas əməliyyatı həyata keçiriləcək", deyə siyasi şərhçi bildirib.

Həmsöhbətimizə görə, İranın birbaşa İsrail ərazilərini vuracağı ehtimalı azdır:

"Çünki bu İrana qarşı beynəlxalq təzyiq üçün əsas verəcək. Ən əsası İsrailə qarşı dünyada artan təzyiqlər zəifləyəcək. İran isə indiki halda İsrailin daha çox beynəlxalq təzyiqə məruz qalmasını istəyir. Bu səbəbdən də, açıq qisas əməliyyatının olacağı ehtimalı azdır. Daha çox gizli qisas əməliyyatı və ya proksi qüvvələrdən istifadə olunacağını düşünürəm. Yeri gəlmişkən, bu gün İraqda fəaliyyət göstərən radikal silahlı qruplar İsrailin Hayfa liman şəhərində yerləşən neft terminallarını vurduğunu açıqlayıb".

Qeyd edək ki, "CBS News"un məlumatına görə, İsrail və ABŞ İranın İsrailin Suriya konsulluğunu bombalamasına görə qisas almağa çalışdığını, ballistik və qanadlı raketlərlə birləşən pilotsuz təyyarələr dəstəsini əhatə edəcək cavab hücumu həyata keçirəcəyini düşünür. Qəzetin yazdığına görə, hücum Ramazan ayının sonuna qədər baş verəcək.

"Voxnews” isə xəbər verir ki, daha əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi İsrailə İrandan 48 saat ərzində hərbi cavab gözləməsi barədə xəbərdarlıq edib. İranın yüksək rütbəli rəsmiləri İsrailin Suriyadakı SEPAH-nin baş komandirinin ölümü ilə nəticələnən zərbəsinə cavab olaraq bildiriblər ki, onların ölkələri İsrailin konsulluqlarına hücumuna artıq cavab vermək hüququna malikdir.

Rüfət Sultan
 
 
 
Ardını oxu...
Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne ABŞ Dövlət katibi Antoni Blinkenlə birgə mətbuat konfransı zamanı Parisin Azərbaycana qarşı ənənəvi ritorikasını təkrarlayıb.
Maraqlı məqam bundan ibarətdir ki, Fransanın bu bəyanatına dünya yeddilərindən biri olan, Avropa İttifaqının nüfuzlu üzvü İtaliya da cavab verib.
İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli Stefan Sejurnenin aprelin 2-də Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərin:
- Bölgədə gərginliyi artırdığını deyib,
- Bölgədə davamlı sülh üçün sağlam düşüncə ilə çalışan bir çox insanın səylərinə zərər vermək kimi qiymətləndirib.
Avropa İttifaqının iki ağırçəkili dövləti - İtaliya və Fransa - arasındakı münasibətlər bir neçə illik fırtınalı dövrlərdən keçib. Buna səbəb miqrant böhranına yanaşma və Fransanın İtaliyada 2019-cu ildə “5 Ulduz” hərəkatı və “Şimal liqası”nın iştirakı ilə qurulan koalisiyasını təhqir etməsi olub.
İtaliya isə dəfələrlə Fransanı müstəmləkəçi siyasət aparmaqda ittiham edib. Amma bir müddət sonra iki ölkə bunları arxa planda qoyaraq yeni əməkdaşlıq mühiti yaratmaq məqsədlərini nümayiş etdirib.
Ancaq fikir ayrılıqları arxada qalmayıb və problemlər Rusiya-Ukrayna müharibəsi fonunda Fransanın daha ambisiyalı gündəliyi əsasında yenidən qıcıqlanır.
İndi İtaliya ilə Fransa arasında gərginliyin davam edəcəyinə işarə verən Azərbaycan amili ortaya çıxır və görünür ki, Roma Parisə yerini göstərməyi qərarlaşdırıb.
Buna səbəb odur ki, Azərbaycanla İtaliya arasında dizayn edilən strateji tərəfdaşlıq münasibətləri Bakını Romanın ürəyində mühüm “iqamətgah”a çevirir.
Üstəlik, İtaliya Fransanın Avropa İttifaqındakı mövqeyindən istifadə edərək Cənubi Qafqaz regionuna müdaxilə cəhdlərindən narahatdır.
Çünki Parisin yanaşması Avropa İttifaqı daxilindəki fikir ayrılıqlarını artırır. Üstəlik, Fransa Avropa İttifaqında kollektiv maraqlardan çıxış etmir, ambisiyalarını genişləndirib digər üzv dövlətlərin başı üzərində guya təhlükəsizlik çətiri açmaq istəyir.
İtaliya buna cavab verməlidir və görünür ki, Fransanın Azərbaycana qarşı son bəyanatı bardağı daşıran damla olub.
İtaliya Fransaya görə Azərbaycanla mühüm əlaqələrini itirmək niyyətində deyil və Bakının da Romanın siyasi dəstəklərinə ehtiyacı var. Qarşılıqlı ehtiyaclar, təbii ki, İtaliyanın tərəzisində Bakının çəkisini ağırlaşdırır. Bu o deməkdir ki, İtaliya Azərbaycanla tərəfdaşlıq zonalarına təhlükəsizlik, müdafiə məsələlərini də qatır.
Bu sektorla əlaqəli istiqamətlərdən dolayıdır ki, İtaliya Fransanın Cənubi Qafqazda sabitliyi pozduğunu göstərir. Yəni İtaliya Fransanın Azərbaycana qarşı ritorikasını həm də özünün regiondakı maraqlarına qarşı yönələn akt kimi qiymətləndirir.
NƏTİCƏ
İtaliya Azərbaycanı Fransaya qarşı dəstəkləməklə qarşıdan gələn regional proseslərdə Parisə qarşı siyasət göstərmək öhdəliyini göstərir. Bu, Yelisey sarayı ilə İtaliya arasındakı böhranın “Cənubi Qafqaz” səhnəsini vurğulaya bilər.
Aqşin Kərimov
TEREF
 
Ardını oxu...
Meqapolisdə park yerinin idarə edilməsinin xüsusiyyətləri

Aprelin 1-dən yeraltı dayanacaqlarda tariflərin 2,6 dəfə artırılması, eləcə də Bakı Dəmir Yolu Vağzalının ərazisində dayanacaqların yenilənmiş qiymətləri sakinlərin narazılığına səbəb olub və sosial şəbəkələrdə fəal müzakirə olunur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tariflərin artırılmasını Hökumət Evinin, Qış Parkının və Mərkəzi Parkın yeraltı dayanacaqlarından gələn gəlirin xərcləri tam ödəməməsi ilə izah edib. Bu səbəbdən itkilərin azaldılması, eləcə də əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib.

Bəzi deputatlar da bu yenilikdən hiddətləniblər. Belə ki, Tahir Kərimli yeraltı dayanacaqların həddən artıq baha olduğunu qeyd edərək, tariflərin artırılması qərarına yenidən baxmağa çağırıb. Vüqar İsgəndərov isə hesab edir ki, avtomobil sahiblərinin ödənişli dayanacaqlarda 1-2 saatdan artıq dayanması sərfəli deyil və yeni tariflər əhalinin gəlirlərinə uyğun gəlmir.

Nəqliyyat eksperti Aslan Əsədov mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, Bakı bir neçə parkinq zonasına bölünüb: “Şəhərin mərkəzində çoxlu sayda avtomobil var və bu səbəbdən mövcud vəziyyətə uyğun olaraq yeraltı dayanacaqlar üçün yeni tariflər müəyyən edilib. Nəzərə almaq lazımdır ki, iaşə obyektləri, tarixi abidələr, muzeylər və digər qurumlar şəhərin mərkəzində cəmləşib. Yəni, bura praktiki olaraq yaşayış sahəsi deyil, gəzinti sahəsidir”.

Yol-nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı isə AYNA-ya şərhində bildirib ki, Bakı Dəmir Yolu Vağzalının ərazisində dayanacaqların qiymətləri “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən müəyyən edilib: “İlkin təhlillər göstərir ki, hər gün ora 300-500 avtomobil gəlir. Bu avtomobillərin təqribən 70%-i 15 dəqiqə ərzində ərazini tərk edir, yəni yeni qaydalara əsasən parkinq üçün pul ödəmirlər. Avtomobil sahibləri sərnişinləri gətirir və ya qarşılayır və bu prosesə onlar 15 dəqiqədən çox vaxt sərf etmirlər. Əgər onlar bu pulsuz limiti yarım saata qədər keçsələr, o zaman tarif cəmi 1 manatdır”.

“Bakı dəmir yolu vağzalının ərazisində parkinq 72 avtomobil üçün nəzərdə tutulub. Əgər bu yer dayanacaq kimi istifadə olunarsa, bu vəziyyət onların hərəkətinə mane olan çoxlu sayda avtomobilin olmasından hiddətlənəcək sərnişinlərin narazılığına səbəb ola bilər. Ona görə də “Azərbaycan Dəmir Yolları” QSC-nin parkinq tariflərinin artırılması ilə bağlı qərarını düzgün hesab edirəm. Nəqliyyatın idarə edilməsi baxımından bu, düzgün qərardır. Bu məsələyə sosial nöqteyi-nəzərdən yanaşsaq, o zaman uzunmüddətli parkinqi ödəyə bilməyən avtomobil sahibləri haqlıdırlar. Amma qeyd etdiyim kimi, bu dayanacaq 72 avtomobil üçün nəzərdə tutulub. Bu səbəbdən də bu məsələnin sosial tərəfini vurğulamamalısınız. Bura dəmiryol vağzalının ərazisidir və sərnişinlər üçün nəzərdə tutulub”, - deyə həmsöhbətimiz vurğulayıb.

Yeraltı dayanacaqların tariflərinin artırılmasına toxunan ekspert qeyd edib ki, yaxınlıqda yaşayan və ya işləyən şəxsi avtomobil sahibləri üçün güzəştlər sisteminə ehtiyac var: “Məncə, bu məsələdə müəyyən fərdi yanaşmalara ehtiyac var. Müəyyən bir ərazidə yaşayan avtomobil sahibləri üçün parkinq pulsuzdur və bu ərazidə işləyən sürücülər üçün güzəştli endirimlər tələb olunur. Məsələn, iş yerlərinin yaxınlığında yerləşən parkinq üçün abunə ödənişi üçün xüsusi kartlar təqdim edə bilərsiniz. Bu yanaşma tətbiq olunarsa, o zaman əhali sevinər. İstənilən halda bu məsələlər müzakirə olunur, nəzərdən keçirilir, lakin ümumilikdə parkinq mövzusu onun idarə olunması kimi çox mürəkkəb sahədir”.

Yeraltı dayanacaqların tariflərinin artırılmasına gəlincə, Muradlının sözlərinə görə, təklif tələb yaradır: “Yeraltı dayanacaqların saxlanması xərcləri qarşılamnalıdır. Üstəlik, yeraltı dayanacaqların tarifləri yerüstü dayanacaqlardan qat-qat ucuzdur”.

Azərbaycan paytaxtında, xüsusilə şəhərin mərkəzində parkinq yerlərinin idarə olunması sahəsində islahatlara ehtiyac var. Dünya təcrübəsinin göstərdiyi kimi, məhdudlaşdırıcı tədbirlər olmadan şəxsi avtomobillərlə şəhərlərin sıxlığının öhdəsindən gəlmək mümkün deyil. Görünür, Azərbaycan 20-30 il əvvəl tətbiq olunan Seul və Tokio təcrübəsini mənimsəmək qərarına gəlib. Bu şəhərlərdə mərkəzdə parkinq yerləri azaldılmağa başlandı, parklanma qiymətləri qaldırıldı. Bu, mümkün qədər çox sakinin ictimai nəqliyyata köçürülməsi məqsədi ilə edilib.

Bakı timsalında, fəaliyyətini dayandırmış Bakı Nəqliyyat Agentliyi (BNA) yerli sakinləri ictimai nəqliyyatdan istifadə etməyə təşviq edə bilməyib. Üstəlik, bu struktur əks hərəkətə gətirib çıxaran addımlar atdı. Sakinləri şəxsi avtomobillərdən imtina edib ictimai nəqliyyatı seçməyə sövq etməli olan tədbirlər, nəzəri olaraq, ictimai nəqliyyatın inkişafı və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə paralel getməli idi. Amma bu möcüzə indiyə kimi baş verməyib - Bakı sakinləri hələ də şəxsi avtomobillərdən istifadə etməyə üstünlük verirlər.

Bu səbəbdən şəxsi avtomobillərin şəhər mərkəzinə girişinin məhdudlaşdırılması və parkinq haqlarının artırılması fikri hamının xoşuna gəlmədi. Göründüyü kimi, şəxsi avtomobil sahibləri üçün məhdudlaşdırıcı tədbirlərdən sonra hakimiyyət ictimai nəqliyyatın səmərəliliyinin və cəlbediciliyinin artırılmasına diqqət yetirmək niyyətindədir. Hələlik ictimai nəqliyyatda mövcud vəziyyət acınacaqlı olsa da, məhdudlaşdırıcı tədbirlərin nəqliyyat məmurlarının hərəkətindən qıcıq yaratmasına səbəb olsa da, hələlik bu barədə ancaq söhbətlər gedir. İndi isə ən başlıcası BNA-nın acı taleyini təkrarlamamaq üçün bu planları uğurla həyata keçirməkdir...

Müəllif: Asif Aydınlı
ayna.az
 
 
 
Ardını oxu...
ABŞ və Qərb Cənubi Qafqazda hərbi-siyasi situasiyanı son həddə qədər gərginləşdirməyə nail oldu. Ağ Ev regional sülh prosesini dəstəklədiyini vaxtaşırı bəyan etsə də, ABŞ-ın son davranışları bunun tamamilə əksini göstərir. Hər halda, hazırda ABŞ və Avropa Birliyinin ortaq Cənubi Qafqaz siyasəti məhz sülh prosesinin pozularaq, yeni savaşın stimullaşdırılmasına indeksləşib. Və bu səbəbdən də, bundan sonra regionda baş verə biləcək istənilən hərbi toqquşmaya görə Ermənistanla yanaşı, həm ABŞ, həm də Avropa Birliyi birbaşa məsuliyyət daşımalı olacaq.

Təbii ki, rəsmi Bakı ABŞ və Avropa Birliyinin Cənubi Qafqaz siyasətindən ciddi şəkildə narahatdır. Ona görə də, Azərbaycan dövləti ABŞ, Avropa Birliyi və Ermənistan arasında keçiriləcək ortaq konfransa sərt şəkildə etirazını bildirdi. ABŞ və Avropa Birliyini Cənubi Qafqazda sülh prosesini poza biləcək addımlar atmaqda ittiham etdi. Və bu, rəsmi Bakının Ağ Evə Cənubi Qafqazda mövcud olan status-kvonu birtərəfli qaydada Ermənistanın xeyrinə dəyişmək cəhdlərinə imkan verilməyəcəyinin açıq mesajı da hesab oluna bilər.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakının sərt mesajı ünvana artıq çatıb. Əks halda, ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycanın ortaq konfransla bağlı narahatlığını nəzərə alaraq, Prezident İlham Əliyevə telefonla zəng etmək məcburiyyətində qalmazdı. Azərbaycan lideri, Ermənistana hərbi dəstək planlarının yolverilməz olduğunu ABŞ dövlət katibinin diqqətinə çatdırdı. Və Ağ Ev ortaq konfransla bağlı bəzi məqamlara izahat gətirməli oldu.

Məsələ ondadır ki, ABŞ ortaq konfransın Azərbaycana qarşı yönəlmədiyini xüsusi olaraq, vurğulayır. Ancaq Ağ Evin bu məsələ ilə bağlı izahatlarına inanmaq və ya etibar etmək sadəlövhlük olardı. Hər halda, Ağ Evin verdiyi sözləri heç vaxt tutmadığı, yalnız ABŞ-ın maraqlarına uyğun davrandığı heç kəsə sirr deyil. Elə ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Millerin "Ortaq konfransda sülh prosesinin əsas müzakirə mövzusu olmayacağını" vurğulanması da Ağ Evin yenə müəmmalı ssenarilər üzrə hərəkət etdiyini göstərir.

Üstəlik, ABŞ-ın bu müəmmalı ssenarilərinə Avropa Birliyi də ortadadır. Avropa Birliyinin Ermənistandakı səfiri Vasilis Maraqos bildirib ki, təmsil etdiyi qurum "öldürücü olmayan silahlar"la Ermənistan ordusunun potensialını gücləndirmək əsaslı hərbi dəstək vermək niyyətindədir. Avropa Birliyinin "öldürücü olmayan silahlar" dedikdə, nəyi nəzərdə tutduğu isə anlaşılmazdır. Çünki dünyada öldürücü olmayan silah növü hələ kəşf edilməyib və bu qurum sadəcə, söz oyunu ilə məşğuldur.

Məsələ ondadır ki, Avropa Birliyinin davranışlarının arxasında məhz Fransa dayanır. Daha dəqiq desək, Avropa Birliyinin ortaq konfransda Ermənistanla bağlı üzərinə götürəcəyi öhdəliklər rəsmi Paris tərəfindən müəyyən olunur. Fransanın Ermənistandakı səfiri bunu son açıqlamasında etiraf edib. O, bildirib ki, Ermənistanın hərbi problemlərinin həlli ilə bağlı məsələləri Fransa öz üzərinə götürüb və bu proses intensiv şəkildə inkişaf edir.

Göründüyü kimi, ABŞ və Avropa Birliyi Ermənistanı hərtərəfli himayə etmək qərarı veriblər. Üstəlik, nə qədər gizlətməyə çalışsalar da, ortaq konfransın əsas müzakirə mövzuları da artıq deşifrə olunub. Diplomatik mənbələrdən sızan məlumatlara görə, Azərbaycanın da təhlükəsizlik maraqlarını təhdid edən ortaq konfrans həm də Rusiyaya qarşı yönəlib.

Ortaq konfransda müzakirə ediləcək mövzuların sırasına kiberməkanda əməkdaşlıq məsələsi də daxildir. Yəni, ABŞ-Ermənistan və Avropa Birliyi-Ermənistan kiberdialoq formatını işə salınması planlaşdırılır. Bu isə o deməkdir ki, Ermənistanın internet və İT infrastrukturu tamamilə Qərbin nəzarətinə keçmiş olacaq. Və bundan kimə qarşı, hansı məqsədlərlə istifadə olunacağını təxmin etmək o qədər də çətin deyil.

Eyni zamanda, ABŞ və Avropa Birliyi Ermənistana enerji təhlükəsizliyi sahəsində də dəstək vermək niyyətindədir. Belə ki, "Metsamor" AES-in istismarı başa çatdıqdan sonra onun ləğvi və əvəzində yenisinin tikintisinə maliyyə vəsaiti ayrılacaq. Bu vədin yerinə yetirilmə ehtimalı o qədər də inandırıcı görünmür. Böyük ehtimalla bu məsələ gündəliyə hədəf yayındırmaq məqsədilə salınıb. Və rəsmi İrəvan təxminən 10 il sonraya yönəlik bu vədin yerinə yetirilməsinə ümid bəsləməsə, daha doğru olar.

ABŞ və Avropa Birliyi Ermənistana büdcə dəstəyi göstərmək üçün maliyyə vəsaiti ayırmağa da söz verir. Əsas məqsəd isə Rusiya tərəfindən Ermənistana qarşı iqtisadi məhdudiyyətlər tətbiq edilərsə, rəsmi İrəvanın Kremlin addımların nəticələrinə tab gətirməsini təmin etməkdir. ABŞ və Avropa Birliyi indiki mərhələdə iqtisadiyyatı tamamilə Rusiyadan asılı olan Ermənistanın Kreml tərəfindən çökdürülə biləcəyindən narahatdır. Və bu, baş verərsə, Ermənistandan Rusiyaya qarşı faydalanmaq niyyətində olan Qərbin planları pozula bilər.

Hərbi əməkdaşlıq sahəsindəsə, ABŞ və Avropa Birliyi Ermənistana yeni hərbi texnologiyaların və silah sistemlərinin ötürülməsini vəd edir. Buna paralel olaraq, həm də Ermənistan ordusu üçün təlim proqramlarının sayını və birgə təlimləri artırmağı öz üzərinə götürür. ABŞ-ın Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində Ermənistan ordusunun müasir hərbi texnika ilə təmin edilməsi planının razılaşdırılması gözlənilir.

Göründüyü kimi, Brüsseldə Ermənistan üçün kifayət qədər genişmiqyaslı dəstək proqramı hazırlanıb. Halbuki, bütün bunlar əvəzsiz deyil. Rəsmi İrəvan bu proqramın tətbiqinə nail olmaq üçün mütləq ABŞ və Qərbin bütün təlimatlarını və sifarişlərini yerinə yetirməlidir. Məsələnin ən çətin tərəfi də məhz bundan ibarətdir. Çünki rəsmi İrəvan ABŞ və Avropa Birliyini məmnun etmək üçün Rusiya ilə qeyri-bərabər qarşıdurmaya girməli olacaq. Əks halda, ortaq konfransın nəticələri Ermənistanın əleyhinə də çevrilə bilər.

Maraqlıdır ki, Ermənistanın hakim siyasi dairələri ortaq konfransa böyük ümidlər bağlasalar da, həm də Rusiyanın verə biləcəyi aqressiv reaksiyadan da ciddi şəkildə narahatdırlar. "Hraparak" nəşri iddia edir ki, Paşinyan hakimiyyəti ortaq konfransla bağlı ciddi sınaq qarşısında qalıb. Çünki rəsmi İrəvan artıq Rusiya və Qərb arasında kövrək balansı pozmaq barədə qərar vermək mərhələsinə yaxınlaşır. Və bu, o deməkdir ki, Paşinyan hakimiyyəti Ermənistanı auksionda satışa çıxarıb.

Baş nazir Nikol Paşinyanın yaxın ətrafı ona Ermənistan üçün böyük risk doğura biləcək addımlardan və qərarlardan çəkinməyi məsləhət görüb. Əsas qənaət ondan ibarətdir ki, Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır və Kreml "xəyanəti" bağışlamaz. Və nəticələri tam dəqiqliyi ilə hesablanmamış Qərbə inteqrasiya cəhdləri Ermənistana nəinki Zəngəzur dəhlizi, hətta ümumiyyətlə, Sünikin (Zəngəzur) itirilməsi bahasına başa gələ bilər.

Ermənistanın hakim siyasi dairələri ortaq konfransda baş nazir Nikol Paşinyanın ABŞ və Avropa Birliyindən hər il Ermənistan büdcəsinə 3-5 milyard dollarlıq maliyyə vəsaiti ayrılmasına yönəlik təminat qoparmasını vacib satırlar. Onların fikrincə, yalnız belə ciddi məbləğ təxminən 8-10 il ərzində davamlı olaraq, Qərb tərəfindən ayrılarsa, Ermənistan iqtisadiyyatını Rusiyanın asılılığından çıxartmaq mümkün ola bilər. Yəni, Paşinyan hakimiyyəti Ermənistanın Rusiyaya xəyanətini hesablayıb və yeni "sahibkara" satış qiymətini ən azı illik 3 milyard dollar olaraq, müəyyən edib.

Ancaq Paşinyan hakimiyyəti daxilində olan mənbənin dediyinə görə, Qərbdə Ermənistanın dəyərinin rəsmi İrəvanın müəyyənləşdirdiyi rəqəmdən qat-qat ucuz hesab edirlər. Belə ki, baş nazir Nikol Paşinyanın üstüörtülü şəkildə Avropa Birliyi ən yaxşı halda, illik bir milyard dollar ayırmağa razılaşa bilər. Bundan artığına ümid bəsləmək mümkün deyil. Və bu səbəbdən də, Paşinyan hakimiyyətinin bəzi təmsilçiləri cəmisi bir milyard dollar əvəzində Rusiyaya tam xəyanət qərarı olduqca təhlükəlidir.

Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan ortaq konfransa əslində, "rus ruleti" oynamağa gedəcək. Yəni, Brüsseldə planlaşdırılan "üç meymun" tamaşası Ermənistan üçün böyük risk daşıyır. Əgər, ABŞ və Avropa Birliyi Ermənistanı Rusiyadan birmənalı şəkildə qoparmağa yönəlik prosesə rəsmən start verə bilərsə, bu, Kremlin açıq qəzəbinə səbəb ola bilər. Və Rusiyanın hansı radikal addımlarla Ermənistanın Brüssel xəyanətinə cavab verəcəyi isə hələlik müəmmalı xarakter daşıyır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"
 
Ardını oxu...
Ekspert: “Obyektin özü, müqavilənin bağlanma səbəbi mövcud deyilsə, hansı statusdan danışmaq olar”

Rusiyanın Ermənistandakı səfiri Serqey Kopırkin bir sıra bəyanatlara çıxış edib. Cənab səfir Ermənistanın “24 News” saytına açıqlamasında Moskvanın mesajlarını rəsmi İrəvana çatdırıb. Eyni zamanda, Kopırkin rəsmi Bakıya da bəzi mesajlar ünvanlayıb.

Məsələn, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun “Ermənistan rəhbərliyi son üç ilin tarixini təhrif edərək, uydurma bəhanələrlə Rusiya Federasiyası ilə münasibətləri bilərəkdən pozur” bəyanatını şərh edən səfir bildirib ki, ABŞ rəsmiləri Ermənistanla münasibətlərə məhz Rusiya və İranla qarşıdurma kontekstində baxdıqlarını açıq şəkildə bəyan edirlər.

“Bu, çox pis, çox təhlükəlidir. Əgər Ermənistan tərəfində xalqlarımız, həm Ermənistan Respublikası, həm də sadə insanlar, ailələrə vacib olan münasibətlərimizi müdafiə etmək üçün kifayət qədər siyasi iradə yoxdursa, bu, həqiqətən də bizim münasibətlərimizə real zərbə vura biləcək bir haldır”, – Sergey Kopırkin bildirib.

Kopırkin eyni zamanda, rəsmi İrəvanın xarici siyasəti nəticəsində Ermənistanın Rusiya ilə Qərb arasında mübarizə meydançasına çevrilə biləcəyi ilə bağlı narahatlıqlarının olub-olmaması sualını cavablandırıb.

Rusiya səfirinin sözlərinə görə, bununla bağlı vəziyyət çox gərgindir: “Hətta verdiyiniz suallar da göstərir ki, burada həqiqətən də çox ciddi narahatlıq və çox ciddi düşünmək üçün lazım olan məqamlar var”.

O, Ermənistan parlamentinin spikeri Alen Simonyanın “Ermənistanı müdafiə etmək vaxtı gələndə Rusiya bunu etmədi” ittihamına da münasibət bildirib.

Xatırladaq ki, Simonyan “yenə də ümid etdik ki, bizi qoruyacaqlar, amma yenə aldatdılar və sonda gəlib Ermənistanı “xilas etmək” üçün bizi Ermənistan ərazisində yeni müharibəyə sürükləməyə çalışırlar” deyə bəyanat verib.

Kopırkinin deyib ki, bu ittihamları xeyli müddətdir Ermənistanın hökumət komandasına daxil olan və iki ölkə arasında hansı dialoqların getdiyini daxildən bilən ən yüksək vəzifəli şəxslərindən birinin səsləndirməsi onu narahat edir.

“O, çox yaxşı bilir ki, orada vəziyyətin son dərəcə çətin və həqiqətən də mürəkkəb olmasına baxmayaraq, bu qətliamı dayandıran və fəlakətin baş verməməsi üçün bütün mümkün tədbirləri görən yeganə ölkə Rusiya idi. Bu, Ermənistan rəhbərliyinə çox yaxşı məlumdur…

İctimai şəkildə belə bəyanatlar veriləndə sual yaranır: bunu niyə edirlər? Axı bu, açıq-aşkar yalandır və insanlar bunun yalan olduğunu yaxşı bilirlər. Amma xəbər cəmiyyətə atılır, Ermənistan vətəndaşlarına ötürülür və sual yaranır: niyə edilir? Anlayıram, siz Rusiyanın yanaşmasını tənqid edə bilərsiniz, razılaşmaya bilərsiniz, “biz buna ümid edirdik, amma Rusiya lazım olduğunu etmədi” deyə bilərsiniz. Amma açıq-aydın yalanları görəndə mənim üçün sual yaranır: bunun adi insanların real maraqları ilə hansı əlaqəsi var?

Sən hətta ümumi tariximiz, bir yerdə keçdiyimiz yol nəzərə alınmasa belə, əsas iqtisadi donor, əsas satış bazar olan, yüz minlərlə erməninin işlədiyi, ailəsini dolandırdığı, ən böyük erməni diasporunun olduğu ölkə – Rusiyanın mövqeyi haqqında insanlara yalan deyirsən. Ermənistan və Rusiya arasındakı əlaqələr Ermənistanda və Rusiyada da bir çox ailələr üçün həyati məsələdir. Dövlət rəhbərlərindən biri belə ritorika ilə məşğul olanda, məndə “o, kimin maraqlarını güdür” sualı yaranır”, – Rusiyanın Ermənistandakı səfiri bildirib.

Kopırkin 2020-ci il müharibəsinin dayandırılmasında Rusiyanın və şəxsən Putinin oynadığı rolu, sülhməramlıların faktiki mandat imkanlarından çıxış edərək gördükləri işləri xatırladıb. Eləcə də, Rusiya sərhədçilərinin son sərhəd toqquşmasında olduğu kimi eskalasiyanın dayandırılmasına gətirib çıxaran addımlarına toxunub və bir daha vurğulayıb ki, Rusiya hərbçiləri Azərbaycanla sərhədə Ermənistan baş nazirinin şəxsi xahişi ilə yerləşdirilib.

Nəhayət, Kopırkin əsas məsələyə çatıb və Rusiya sülhməramlılarının bölgədə qalması üçün bəhanələrini dilə gətirib.

Onun sözlərinə görə, ermənilərin Qarabağa qayıtması məsələsi Rusiya üçün vacibdir: “Rusiya sülhməramlılarının bölgədə olması bundan xəbər verir, bu, məsələnin gündəmdən çıxmadığını göstərir. Biz həmişə inanmışıq və bu, açıq şəkildə bəyan edilib ki, ermənilərin öz tarixi vətənlərində – Qarabağda yaşaması vacibdir. Qayıtmaq istəyən Qarabağ ermənilərinin buna haqqı var. Mən başa düşdüyüm qədər, Azərbaycan tərəfi də bu hüququ rədd etmir”.

Beləliklə, Rusiyanın İrəvandakı səfiri bu fikirləri irəli sürür: birincisi, ermənilər Qarabağa qayıtmalıdırlar, ikincisi, Rusiya sülhməramlılarına rəsmi status verilməlidir. Görünür, Bakı bunlarla maraqlanmır və çox güman ki, 2025-ci ildə sülhməramlıların Qarabağdan çıxarılması məsələsini gündəmə gətirəcək. Bəs, Moskva sülhməramlıların Azərbaycan ərazisində qalmasına nail ola biləcəkmi? Və əgər nail ola bilməsə, o zaman onlar hara gedəcəklər? Hər şeydən görünür ki, Moskva sülhməramlıları regiondan çıxarmaq istəmir. Beləliklə, Kopırkin İrəvana eyham vurur ki, bu hərbçiləri Ermənistan qəbul etməlidir. Bu planın həyata keçirilməsi nə dərəcədə mümkündür?

“Düzünü desəm, Rusiya səfirinin bu sözləri o demək deyil ki, Qarabağ erməniləri geri qayıtmalıdır”. Bunu Pressklub.az-a açıqlamasında Hankuk Xarici Tədqiqatlar Universitetinin (Cənubi Koreya) professoru, politoloq Rövşən İbrahimov bildirib.

“O deyir ki, Qarabağ ermənilərinin öz torpaqlarında yaşaması vacibdir. Bunlar iki fərqli şeydir. Bundan başqa, Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin statusundan birbaşa bəhs edilmir. Həm də ki, obyektin özü, müqavilənin bağlanma səbəbi hazırda mövcud deyilsə, hansı statusdan danışmaq olar”, – professor qeyd edir.

“Rəsmi Bakıya əvvəllər də qeyd edib və indi də bildirir ki, Qarabağda yaşamaq istəyən ermənilər vətəndaşlıq üçün Azərbaycan hakimiyyətinə müraciət edə və bütün prosedurlardan keçdikdən sonra (əgər silah götürərək müharibədə iştirak etməyiblərsə) bütün hüquq və vəzifələri ilə birlikdə respublikanın vətəndaşı ola bilərlər”, – o, xatırladıb.

“Və şübhəsiz ki, 2025-ci ildə sülhməramlılar Azərbaycanı tərk edəcəklər. Moskva niyə bu kontingenti orada saxlamağa çalışmalıdır? Bunu necə etmək olar? Rusiya güc yolu ilə heç nə etməyəcək, razılaşmalara zidd getməyəcək. Qeyd etmək lazımdır ki, həmin hərbi qulluqçuların çıxarılması proseduru var. Yəni, Bakı Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində qalmasına artıq ehtiyac olmadığı barədə bəyanat verməlidir. Bu mənada başqa variant görmürəm.

Digər bir sual odur ki, onlar hara getməlidirlər? Amma bu, bizim işimiz deyil. Rusiyanın gələcəkdə onları harada yerləşdirməsi Azərbaycan üçün tamamilə əhəmiyyətsizdir. Həm də, Kopırkinin sözlərindən belə çıxmır ki, Moskva qoşunlarını bölgədən çıxarmaq istəmir. Burada daha çox vəziyyəti Ermənistan üçün izah etməyə çalışan səfirin şəxsi fikairləri səslənir. Prinsipcə, bu müsahibə, vəziyyətin pik nöqtəyə çatdığı, Ermənistan və onun vətəndaşları üçün çox ağır nəticələr ola biləcəyi ilə bağlı İrəvana ultimatumdur. Ümumiyyətlə, qeyd etmək yerinə düşər ki, birincisi, Ermənistanın özü qeyri-rasional addımlar atır. İkincisi, İrəvan bilir ki, ərköyün uşaq kimi, hələ də Rusiyada da, Qərbdə də müəyyən qədər bağışlanmaq güzəştinə malikdir. O da bundan istifadə edir”, – deyə İbrahimov yekunlaşdırıb.

Rauf Orucov
pressklub
 
Ardını oxu...
Vaşinqton Ermənistan-Avropa İttifaqı-ABŞ formatında keçiriləcək Brüssel görüşün təhlükəsizlik və siyasi yox, iqtisadi gündəmlə bağlı olduğunu bəyan edib. Bu, görüşlə bağlı digər tərəflərin, xüsusilə rəsmi Bakının mövqeyinə cavab xarakteri daşıyır.
“İqtisadi gündəm”in iki tərəfi var: bu, həm diqqəti əsas hədəfdən yayındırmaq, həm də əsas hədəfə çatmaq məqsədi daşıyır.
Görüşün birbaşa Ermənistanın “ticarət əlaqələrini şaxələndirmək” məqsədi daşımadığı bəllidir.
Birincisi, görüş Paşinyan, Ursula von der Leyen və Blinken arasında keçirilir: məsələ sırf iqtisadiyyatla bağlı olsaydı, siyasətçilər yox, bu sahənin nümayəndələri müzakirə aparmalıydı;
İkincisi, təhlükəsizlik şurasının katibi Armen Qriqoryan da “görüşün Ermənistanın müqavimətini gücləndirmək məqsədi daşıdığını” açıqlamışdı;
Qərbin – ABŞ və Avropa İttifaqının əsas hədəfi Ermənistanın təhlükəsizlik vektorunu dəyişmək, Rusiyanın boşalan yerini doldurmaq və bölgədə möhkəmlənməkdir. Lakin Ermənistanın siyasi bə hərbi müstəvidə alternativi olsa da, iqtisadi müstəvidə Rusiyadan və onun nəzarətində olan bazarlardan asılıdır. Ermənistan iqtisadi alternativ tapmadığı müddətdə, təhlükəsizlik vektorunu – rus hərbçilərin ölkədən çıxarılması, KTMT-dən çıxmaq və s. – dəyişməkdə tərəddüd edir. Brüssel görüşünün “iqtisadi gündəmi” də Ermənistana belə bir alternativin yaradılmasına hesablanıb. Və iqtisadi dəstəyə paralel olaraq, siyasi və hərbi yardımlar da davam edəcək.
Qərb iqtisadi yardımı təmin edəcəyi təqdirdə, Ermənistan Rusiyaya qarşı indiyə qədər daha çox ritorik müstəvidə görünən addımlarını praktiki müstəvidə atmağa başlayacaq.
Asif Nerimanli
TEREF
 
 
 
Ardını oxu...
"Təbii axına buraxsalar, ölkədə idman, futbol, çempionatlar olmaz, çünki idmanın təbii inkişafı üçün biznes azad olmalıdır, rəqabətli mühit olmalıdır ki, sponsorlar vəsait yatırmağa maraqlı olsunlar"

"AFFA-ya (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası-red.) yeni rəhbər "seçirlər". Futbolçu-neftçi Rövnəq müəllim gedir, amma yeni rəhbər yenə SOCAR prezidenti olacaq. Niyəsi çox sadədir, pul SOCAR-dadır". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

REAL-ın icra katibi iddia edir ki, Azərbaycan futbolu, idmanı "qara pullarla" ayaqdadır: "İllər öncə yazmışdım ki, ölkədə korrupsiya pulları olmasa futbol/idman çökər. Məhz buna görə bütün idman federasiyalarına məmurlar rəhbərlik edirlər, təbii axına buraxsalar, ölkədə idman, futbol, çempionatlar olmaz. Çünki idmanın təbii inkişafı üçün biznes azad olmalıdır, rəqabətli mühit olmalıdır ki, sponsorlar vəsait yatırmağa maraqlı olsunlar. Belə, futbolda neft dövrü davam edir".

Vazeh BƏHRAMOĞLU,
 

Dünyapress TV

Xəbər lenti